Modern.az

Atalar və oğullar - “Qardaşımın arxasınca gedən atamı elə onun yas çadırı qarşıladı” - FOTOLAR

Atalar və oğullar - “Qardaşımın arxasınca gedən atamı elə onun yas çadırı qarşıladı” - FOTOLAR

17 Aprel 2017, 12:35

Modern.az saytının “Atalar və oğullar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...


Layihəmizin növbəti qonağı mərhum Xalq yazıçısı Sabir Əhmədlinin oğlu Etibar Əhmədlidir. O, möhtəşəm romanların müəllifi, əsl şəxsiyyət olan atası haqqında xatirələrini danışıb, ürək sözlərini sizinlə bölüşəcək.

Qeyd edək ki, bu gün - 17 aprel tarixi mərhum Sabir Əhmədlinin anım günüdür. Onun ölümündən 8 il ötür.

1930-cu ildə Cəbrayıl rayonunda anadan olmuş yazıçı 2009-cu ilin 17 aprelində 79 yaşında dünyasını dəyişib:

Sizi Etibar Əhmədli və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

Elə bəlkə, sondan başlayaq? Nə qədər ağır olsa da, bəzən, bir yazını qəhrəmanın həyat sonluğu ilə başlamaq da lazım gəlir. Çünki düz 8 il əvvəlin bu günündə Xalq yazıçısı ağır xəstəlikdən sonra dünyasını dəyişmişdi.

Oğlu Etibar müəllimin danışdığı bir əhvalat şəxsiyyət kimi Sabir Əhmədlinin də şəxsi faciəsini özündə əks etdirir. Aprel ayının oğlan çağını (indiki kimi tozlu-küləkli vaxtını yox) və o ərəfədə oğlu ilə söhbətləşən qoca yazıçını təsvir edin. O, pəncərədən boylanaraq, aprelin oğlan çağında çiçəkləri ilə gəl-gəl deyən ağacı qurumuş bar adlandırır. Hər zaman insandan təbiətə qaçan və onun bir parçasına çevrilmək istəyən yazıçı bununla əslində, ağacla birlikdə özünün də sonunu oğluna bildirmişdi:

 

“Qovuşma”

 

-Atamın son günləri indiki kimi yadımdadı. Onda çox ləng yazırdı. Əsasən, köhnə yazılarını sahmana salırdı. Bu otaqda atamla etdiyim son söhbətlərdən birini yaxşı xatırlayıram. Mən əvvəl ayrı evdə yaşayırdım. Bir də görürdün, zəng vurub deyirdi ki, bu gün gəlirsən də... Artıq bilirdim ki, mütləq getmək lazımdır. Onun iş otağında və yazı masasının ətrafında demək olar ki, hər mövzuda söhbətimiz olub. Amma təbii ki, əsas sözümüz Qarabağ problemindən  olardı. Yadıma gəlir, atamla sonuncu dəfə o qədər xoş olmayan bir söhbətimiz alındı. Çox kövrəkləşmişdi və bədbin danışırdı. Özü də yaz ayları idi. Onu pəncərənin kənarına gətirdim və dedim ki, bu gözəlliyə, çiçəkləyən ağaclara bax. Dedi, sən onlara baxanda gözlərin işıqlanır, ruhun riqqətə gəlir, amma mən artıq onları duya bilmirəm. Bu bizim son söhbətlərimizdən biri oldu. Onda atam çiçəkləri görə bilməmişdi. Onun gözlərində yaz çiçəkləri də qupquru idi...

 

Bir nəsihətlik ömür

 


Amma həmin yaşlı yazıçı sonunda olduğu ömrü əslində, bir nəsihət kimi yaşamışdı. Əsərləri də həmin ömrün yazılı variasiyasıdır - övladlarına, ailəsinə, gənc nəslə öyüd olaraq yaşanan şərəfli ömrün yazı versiyası... Etibar müəllim də bu detala çox gözəl toxunur. Ən böyük nəsihəti atasının  yaşadığı həyatdan aldığını deyir. Çətinliklərə sinə gərən bir həyatdan...

 

-Atamın mən və ailəmizə ən böyük öyüdü elə onun yaşadığı həyat olub. Hər yaxşı valideyn övladına şərəfli yaşama öyüdünü verir. Atam isə o şərəfli həyatı gözümüzün qabağında yaşadı. Bu yaşanmış həyat da  mənim üçün ən böyük  nəsihət oldu.


Son günlərində çox xəstə idi. Özünü heç yaxşı hiss etmirdi. İndi də o barədə danışmaq çox ağırdı. Amma yenə də sonluğun belə olacağını gözləmirdik. Çünki bir neçə dəfə o ağır vəziyyətə düşsə də, sonradan  yaxşılaşmışdı. Bu dəfə isə alınmadı...

Hər məqamda, hər yerdə atamın yoxluğunu hiss edirik. Bu gün evdə kreslosunu görəndə, şəklinə baxanda o yoxluq gözə dirənir. Özünü hər zaman hiss etdirir. Bir təsəllimiz var ki, o da kitablarıdı. Kitablarını oxuyanda sanki atamın səsini eşidirəm. Elə bil özü mənimlə danışır. Bu, bizim üçün böyük təsəllidir. Özü də son müsahibələrində demişdi ki, özüm bəzi əsərlərimi çap etmirəm.  Məndən sonra övladlarım çap etsinlər və elə bilsinlər ki, yaşayıram.

 

... Və... yenə də “danışacaq”

 

-Atamdan qalan əlyazmalarla anam məşğul olurdu, onları göz bəbəyi kimi qoruyur, özü redaktə edirdi. Atam yazılarını makina və son dönəmlərdə kompüterdə yazsa da, qələmlə redaktə edirdi. Onun xəttini də rəhmətlik anam hamıdan yaxşı  oxuyardı. Çox çətin xətti vardı, ancaq anam oxuya bilirdi. Amma bu gün bəzi işlər yarımçıq qalıb, nə qədər çətin olsa da, biz bu işlə məşğul olacağıq.


Cəbrayıla “batırılan” qələm

 

Sabir Əhmədovun iş otağında alt hissəsi Cəbrayıl mərmərindən olan qələmqabı var.  Yazıçı hər zaman yazı yazanda qələmi o mərmərin üzərindən götürər və işə başlarmış. Yazıçı bir növ bununla təsəlli taparmış: qələmi doğma torpağın bir parçasından ayırmaq və yenidən ora qaytarmaqla...Yəni, özü gedə bilməsə də, heç olmasa qələm Cəbrayıl “torpağı”na baş çəksin:

 

-Masanın üstündəki bu qələmqabına xüsusi rəğbəti var idi. Çünki bu Cəbrayıl mərmərindən hazırlanmışdı və ona hədiyyə edilmişdi. Elə kompüteri də pay vermişdilər.  Onda işləməyi çox sevirdi. Yazı makinasına da o cür sevgisi var idi. Amma hər ikisində yazandan sonra kağız üzərində olan versiyaya bu qələmlə düzəlişlər edirdi. Bizim torpağın bir parçasından ayrılan qələmlə...

 

HAŞİYƏ: Etibar Əhmədli deyir ki, atası 1988-ci ilin xalq hərəkatları zamanı hamının toplaşdığı meydana gedirdi. Orada Sabir Rüstəmxanlı, Xəlil Rza Ulutürk, Siruz Təbrizli və digər ziyalıların kütləyə necə xitab etmələri haqqında danışırdı. Deyirdi ki, “şəxsən mən bu qədər insan qarşıında çıxış edə bilməzdim. Bu, böyük məsuliyyətdir”. Qələm onun onun üçün bir növ tribunanı əvəzləyib. Xalqa onunla xitab edib. “Dünyanın arşın”ının nə boyda olduğunu göstərib, “Ömür ura”sını yaradan səbəbləri nişan verib, dünyanı “Yaşıl teatr” kimi görə-görə, “Axirət sevdası”ndan  heç vaxt əl çəkməyib.

Həyatındakı hər uğursuzluq və faciə onu bu qələmlə bir az da simsar edib.


Cəbrayıl əldən gedəndən sonra, oğlu Məhəmməd də 24 yaşında torpaqlar uğrunda şəhid olanda, haqsızlıqlarla üzləşəndə elə qələmə pənah gətirib. Müharibə vaxtı oğlunun arxasınca gedib əliboş qayıdıb. Evə gələndə isə atanı oğlunun yas çadırı qarşılayıb. Özünü ələ ala bilib. Amma sonradan onun yerinə elə bu qələm fəryad edib.

Haqsızlıqla üzləşib. Yazıçının işdən uzaqlaşmasına səbəb olan məşhur iclasdan sonra Famil Mehdi və Yaşar Qarayev qoluna girərək onu evə gətiriblər. Onu bir çoxlarından ən azı bir pillə irəli aparan qələmə baxaraq, kimdənsə nəsə xahiş edə bilməyib.

Bəlkə də bu qələmdən utanıb... Tez-tez Cəbrayıla “gedib-qayıdan”  qələmdən...

 


İtkinin səsi- yaxud, bizim “Əsgər atası”

 

Yuxarıda da  yazdıq, oğul itkisi ilə üzləşəndə də Sabir Əhmədlinin yerinə elə o qələm fəryad edib. “Axirət sevdası” və “Yazılmayan yazı” əsərləri bu qələmin fəryad səsindən yaranıb. Amma indi o qələm də yoxdu. Ümid qalır, Etibar müəllimə ki, o da ucundan-qulağından danışır. Həmin qələmdən sonra nəsə deməkdə çətinlik çəkir:

 

-“Yazılmayan yazı” adlı əsərində Qarabağda şəhid olan qardaşım Məhəmmədin itkisini, hər şeyi ətraflı yazıb. Səhərə yaxın evə gəlib çıxdı. Yas çadırını görəndən sonra məsələni tam anladı. Bu, çox ağır mənzərə idi. Atam üçün də, bizim üçün də...  Amma sabahısı gün başsağlığında gələnlərin yanında özünü çox toxtaq tutdu.

Mən buna çox təəccübləndim. Sanki soyuqqanlı idi. Amma əlbəttə ki, ağır itkiydi və bu, atama da çox pis təsir etmişdi. Amma onun bir təsəllisi var idi ki, oğlu Vətən uğrunda şəhid olub.

“Axirət sevdası” adlı romanında qardaşımın ölüm-qalım xəbərini dəqiqləşdirmək üçün burdan Murova qədər getdiyi yolu da, orada qarşılaşdığı mənzərələri də oradan qayıtmağını da ətraflı təsvir edib. Kimə maraqlıdırsa, romanı oxuya bilər.  Bu yol çox ağır yol idi. Həmçinin, hava da çox şaxtalı, qarlı-boranlıydı. O cür çovğunda Murovun ətəklərinə qədər gedib çıxmışdı. Hər şey məşhur “Əsgər atası” filmindəki hadisələri xatırladırdı. Orada çox ağır səhnələri, yaralı əsgərləri görmüşdü. Hospitala da getmişdi. Çünki demişdilər ki, yaralanıb. Bu məqsədlə, Hacıkənddəki hərbi hospitala da gedib çıxmışdı. Bütün bunların hamısı “Yazılmayan yazı” və “Axirət sevdası” əsərində verilib. Mən və ailəmizə isə qardaşımın itkisi haqda Hərbi Komissarlıqdan məlumat verdilər. Düzü, inanmırdım. Amma Bakıya gətiriləndən sonra ora getdik, ancaq  görəndən sonra inana bildik. Qardaşım Məhəmməd Yasamal taborunun ilk şəhidi idi. Murovdağda - Kəlbəcərin Yanşaq kəndi ətrafında gedən döyüşlərdə snayperlə vurulmuşdu. Orada da bir xəyanət olmuşdu. Bizimkilər qardaşımın da olduğu gənc taboru demək olar ki, birbaşa mühasirənin içinə atmışdılar. Düşmən onlara qarşı ən son silahlarını sınaqdan çıxarmışdı. Manqa komandirləri sinif yoldaşım idi, o, mənimlə söhbətdə bəzi detallar dedi.

 


Cəbrayıl həsrəti

 

Yenidən Cəbrayıla qayıdaq. Nə məsələdirsə, istər şifahi söhbət zamanı,  istərsə də yazı yazarkən Sabir Əhmədlidən danışan kimi, adamın gözü önünə görmədiyi (şəxsən öz adımdan danışıram) Cəbrayıl gəlir:

 

-O, Cəbrayıl və Cəbrayılla bağlı nə vardısa, hər şey üçün darıxırdı. Cəbrayılda bir ev tikmişdi, heç bircə gün də orada yaşaya bilmədi. Bir sözü var idi, heç zaman yadımdan çıxmır. Tez-tez deyərdi ki, ürəyim Cəbrayıl üçün nanə yarpağı kimi əsir. Bu söz onun Cəbrayıl niskilini bütünlüklə əks etdirir.

Cəbrayılının itkisi Sabir Əhmədlidən Vətənini aldı. İnsan vətənsiz necə olar ki? Özü də bilirsən ki, o Vətənə  heç cür gedə bilmirsən. Nə qədər istəsən də, bu, mümkün deyil. Bax,  bu hissi təsəvvür etmək belə, çətindir. İraq olsun, bir övlad, bir də Vətən itkisini yaşayanlar bilər. Əks halda, bu itkini təsvir etmək belə ağırdı.

Atam torpağa hər zaman bağlı olub. Cavan vaxtlarından əsl təbiət vurğunu idi. Təbiəti həm də çox gözəl bilirdi. Otları, quşları, bitki və heyvanlar aləmini gözəl tanıyırdı. Əsl təbiət adamıydı. Yazıçılığındakı təbiilik də elə oradan qaynaqlanırdı.

 

“Bizim Sabir müəllim”

 

-Atamın müəllimlik dövrü məndən qabaq olub. İnstitutu bitirəndən sonra rayona təyinat alıb. Əvvəlcə rayon mərkəzində müəllim, daha sonra isə kənd məktəbində direktor işləyib. Rəhmətlik anama da dərs deyib. Rəfiqələri atamla ailə quran zaman anama deyiblər ki, sən o adama necə getdin? Çünki atam  cavan olmasına baxmayaraq, müəllim kimi çox ciddi, zəhmli olub. Bununla belə, şagirdləri ədəbiyyata, yaradıcılığa sevdirib. Toyda, el məclislərində tez-tez olardı ki, kimsə atama yaxınlaşıb “Sabir müəllim, siz mənim müəllimim olmusunuz”, deyərdi.

Şagirdlərə  yaradıcılıq və təbiətə vurğunluğu aşılayıb.  İlk dəfə olaraq o, yuxarı sinif şagirdlərini Cəbrayıldan Şuşaya aparıb. Özü də uzun illər gedilməyən, unudulan,dədə-babaların istifadə etdiyi dağ yolu ilə aparmışdı. Mənimlə söhbətdə bu haqda tez-tez danışardı.

Amma atamın əsas və sevimli peşəsi müəllimlik deyil, yazıçılıq olub. Universiteti fərqlənmə ilə bitirmişdi, orada müəllim kimi qala da bilərdi. Amma rayona, kəndə müəllim kimi yollanmağının da əsas səbəbi həyatı öyrənmək idi. Sonradan bütünlüklə öz sevimli peşəsi ilə-yazıçılıqla məşğul oldu.

Həmişə deyərdi ki, yazıçı ümumiyyətlə, işləməməlidir. Özünün iş yeri  “Ədəbiyyat qəzeti” idi ki, həftənin 4 gününü işə gedər, cümə günü yaradıcı gün olduğundan şənbə-bazarla birgə evdə qalıb, işləyərdi. Yəni, yaradıcılıqla mütəmadi məşğul olmaq üçün əlində imkanı vardı.

 


Epiloq əvəzi, yaxud, dəyişməyən yol

 

-Atamsovet cəmiyyətinin bəzi hasqızlıqlarını gördü. 10 il çap olunmadı. Bunların hamısını, cəmiyyətin haqsızlıqlarını “Yazılmayan yazı”da göstərdi. Düz yolla gedən insan haqsızlılara daha çox rast gəlir. Dünyanın arşını” romanından sonra 10 il çap olunmadı. Bu 10 il müddətində çox çətinliklər yaşadı: həm maddi, həm mənəvi cəhətdən. Hər bir çətinliyə də bayaq dediyim şərəfli ömür yolu ilə üstün gəldi. Kiməsə baş əymədi. 10 il çap olunmamağına baxmayaraq, sonrakı əsərlərini daha sərt yazdı. Həyatın özünü qələmə aldı. Heç nədən çəkinmirdi. O, artıq bu yolu  seçmişdi, ora ilə də gedirdi.  Çətin olsa da, əsas o idi ki, düz yolda olduğunu bilirdi.

 

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi