Modern.az

İlham Əliyev: “Biz bazarlar uğrunda mübarizə aparmalıyıq”

İlham Əliyev: “Biz bazarlar uğrunda mübarizə aparmalıyıq”

17 Aprel 2017, 16:41

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib. Modern.az saytı prezidentin yekun nitqinin tam mətnini təqdim edir:

-Əminəm ki, bugünkü müşavirədən sonra ixrac potensialımız daha da artacaq və biz daxili tələbatı daha çox yerli məhsullarla təmin edəcəyik. Əminəm ki, 2017-ci ilə yekun vurarkən biz yaxşı dinamikanı görəcəyik. Əlbəttə, qeyd etdiyim kimi, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir - həm ərzaq məhsulları, həm də inşaat materialları ilə. Bu istiqamətdə konkret addımlar atılır və atılacaqdır. 

Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir. Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir. Çünki ixracyönümlü məhsullar, eyni zamanda, daxili bazarlarda da asanlıqla öz yerini tapacaq. Bu məsələlərin həllində yerli icra orqanları da fəal iştirak etməlidirlər. Əlbəttə ki, burada əsas yük dövlət qurumlarının üzərinə düşür.

Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə, Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Mötəbər beynəlxalq qurumlar bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görübdür. İl ərzində biz 3 pillə qabağa getmişik. Yəni, bütövlükdə iqtisadi liberallaşma, dərin islahatlar, gözəl investisiya iqlimi və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda olmağımız, əlbəttə ki, xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər.

Təbii ki, ixrac ediləcək məhsullar beynəlxalq standartlara cavab verməlidir. Əks təqdirdə, onların ixrac perspektivləri olmayacaq. Ölkəmizdə fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələr tərəfindən tanınmalıdır.

Kadr hazırlığına xüsusi diqqət göstərilməlidir. Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq. Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdən biridir. Çünki ölkə inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən kadrlar hazırlıqlı olmalıdır. Xüsusilə ixracyönümlü müəssisələrdə hazırlıqlı kadrların təlimi mühüm məna daşıyır və dövlət orqanları bu işlərdə fəal olmalıdırlar.

İxrac prosedurlarını sadələşdirmək lazımdır. Bu istiqamətdə də addımlar atılır. Əvvəlki illərdə olduğu kimi, indi ixrac qarşısında süni əngəllər yoxdur. Ancaq, eyni zamanda, həm institusional tədbirlər görülməlidir, həm də real həyatda bütün müvafiq dövlət qurumları ixracı stimullaşdırmaq və asanlaşdırmaq üçün əlavə səylər göstərməlidirlər.

Mən giriş sözümdə qeyd etdim ki, Azərbaycan bir çox ölkələrdə ticarət evləri yaradacaq. Birinci ticarət evi yaxın həftələrdə Belarusda yaradılacaqdır. Digər postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda belə evlərin yaradılması gündəlikdədir. Bu, həm ölkəmizi təbliğ edəcək, həm də ixracatçılar üçün yeni imkanlar yaradacaqdır. Bununla bərabər, Asiya qitəsinin böyük ölkələrində mütləq ticarət evlərimiz olmalıdır. İndi Körfəz ölkələrində bizim məhsullarımıza böyük maraq göstərilir. Əslində, bu marağın da mənbəyi bizim fəaliyyətimizdir. Çünki son vaxtlar biz Körfəz ölkələri ilə, o cümlədən bu istiqamətdə çox işgüzar əməkdaşlıq qura bilmişik və oraya Azərbaycan məhsullarının çıxarılmasına nail olmuşuq. Bizim xüsusilə kənd təsərrüfatı məhsullarımıza o ölkələrdə böyük maraq var və Körfəz ölkələrinin istehlak bazarı kifayət qədər böyükdür. Onlar bizdə istehsal edilən və ixrac olunan malların bir çoxunu xaricdən, başqa ölkələrdən gətirirlər, idxal edirlər. Ona görə, biz bu bazarlara fəal girməliyik. Bunun üçün də Körfəz ölkələrində mütləq ticarət evləri yaradılmalıdır.

Biz əlbəttə ki, bizim üçün prioritet olan ixrac bazarlarında böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurmalıyıq. Onların adları bəllidir. Onları Azərbaycana dəvət etmək, imkanlarımızı göstərmək, bizim əsas, qabaqcıl müəssisələrə səfərlərini təşkil etmək lazımdır. Gəlib öz gözləri ilə görsünlər ki, burada həm böyük potensial var, həm də bizim məhsullarımız rəqabətqabiliyyətlidir. Əlbəttə, mən öz həmkarlarımla, başqa ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər zamanı daim bu məsələni qaldırıram. Çünki bizim ticarət dövriyyəmiz artmalıdır və mallarımız o ölkələrin bazarlarına çıxmalıdır. Əlbəttə ki, siyasi dəstək göstərilir, ancaq biz müxtəlif səviyyələrlə işləməliyik və ən yaxşı yol, yenə də deyirəm, böyük satış şəbəkələri ilə münasibətlər qurmaq və onları Azərbaycana dəvət etməkdir.

İxrac missiyalarımız artıq öz səmərəsini göstərir. Bu missiyaların çox böyük faydası var və il boyu bu missiyalar təşkil edilməlidir. Bu, avtomatik rejimdə olmalıdır, yəni, artıq mənim göstərişimlə yox. Hər il müxtəlif dövlət qurumları öz iş planına salmalıdırlar ki, bu il neçə ixrac missiyası hansı ölkələrə ezam ediləcəkdir. Bizim üçün ən yaxşı potensial bazar olan ölkələrə hər il missiyalar getməlidir. Böyük ölkələrin müxtəlif bölgələrinə xüsusi missiyalar təşkil edilməlidir. O ölkələrin təkcə paytaxt şəhərlərinə yox, bütün bölgələrinə, bütün regionlarına müntəzəm olaraq bizim qruplarımız getməlidir.

Biz keçən il sahibkarlarımızın aparıcı beynəlxalq sərgilərdə iştirakını mütəşəkkil qaydada təmin etmişik. Əvvəlki illərdə bu, o qədər də geniş vüsət almamışdır və bəzi hallarda bizim beynəlxalq sərgilərdə iştirakımız formal xarakter daşıyırdı. Bir qrup insan ezam edilirdi. Onlar orada bir neçə gün vaxt keçirirdilər və demək olar ki, bu iştirakın o qədər də böyük əhəmiyyəti olmurdu. Bizim beynəlxalq sərgilərdə iştirakımızın əsas vəzifəsi məhsulumuzu orada təbliğ etməkdir. Ən gözəl nəticə ondan ibarət ola bilər ki, o sərgi zamanı hansısa bir kontrakt da imzalansın. Artıq birinci təcrübə var və bu, burada da səsləndi. Çində böyük partiya şərabımızla bağlı artıq kontrakt imzalanıb və ixrac ediləcək. Ona görə, sərgilərdə iştirakımız praktiki məna daşımalıdır. Biz dünyanın bütün aparıcı sərgilərində iştirak etməliyik. Dövlət qurumları və sahibkarlar bunu öz iş qrafiklərinə salmalıdırlar. Əlbəttə ki, dövlət orqanları, xüsusilə İqtisadiyyat Nazirliyi bu işləri təşkil edir, təşkil edəcək və sahibkarlar da fəal olsunlar. Çünki əvvəlki illərdə bizim problemlərimizdən biri də ondan ibarət olmuşdur ki, sahibkarlar tərəfindən də ixrac məsələlərinə lazımi diqqət göstərilmirdi. Bunun müxtəlif səbəbləri var. Onu da deməliyik ki, dövlət orqanları da buna o qədər də böyük fikir vermirdilər. Belə olan halda, işlər daha çox öz axarı ilə, kortəbii gedirdi. Ancaq bundan sonra biz ixrac məsələlərini mütəşəkkil qaydada, kompleks şəkildə həll etməliyik. Bugünkü müşavirənin məqsədi məhz bundan ibarətdir.

“Azexport” portalı yaradıldı. Bu barədə mən giriş sözümdə dedim. İndi biz “Azexport” portalını müfəssəl məlumatlarla təmin etməliyik. Sahibkarlar bu portala öz fəaliyyətləri haqqında məlumat yerləşdirsinlər və mütəmadi olaraq bu portalla maraqlansınlar, görsünlər ki, nəyə tələbat var, hansı sifarişlər yerləşdirilir. Çünki biz artıq bunun ilkin nəticələrini görürük. Portalın fəaliyyəti nəticəsində artıq bir çox kontraktlar imzalanıb. Ancaq, eyni zamanda, nəyi görürük? Bəzən sifariş gəlir, ancaq ixrac ediləcək məhsulumuz olmur. Ona görə, bu portalın mənası təkcə ondan ibarət deyil ki, biz öz məhsulumuzu ixrac edək, halbuki birinci vəzifə bundan ibarətdir. Eyni zamanda, bu portal bizə tələbat haqqında, regionlar haqqında məlumat verəcək, hansı regiondan, hansı ölkədən hansı məhsula tələbat var və bunu dövlət qurumları da, sahibkarlar da görəcək. Görəcək ki, misal üçün filan məhsula tələbat var, ancaq Azərbaycanda bunun istehsalı lazımi səviyyədə deyil. Deməli, dövlət də Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə o sahəyə kreditlər verəcək. Sahibkar da görəcək ki, əgər o məhsulu istehsal etsə, yetişdirsə, bunun bazarı olacaqdır. Ona görə, buna nail olmaq üçün birinci növbədə, bütün Azərbaycan şirkətləri öz məhsulları, ixracyönümlü məhsulları haqqında “Azexport” portalına məlumatlar yerləşdirsinlər və bu portalı izləsinlər. Əlbəttə ki, dövlət qurumları da daim monitorinq aparmalıdırlar. Tələbat əslində təklifi də stimullaşdıracaq.

Qeyd etdiyim kimi, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir. Biz, eyni zamanda, böyük dövlət və özəl şirkətlərini də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etsinlər. Xüsusilə burada dövlət qurumlarından söhbət gedir. O şirkətlər ki, onların xaricdə geniş fəaliyyət dairəsi var, ilk növbədə, Dövlət Neft şirkəti - SOCAR, Azərbaycan Hava Yolları - AZAL, Dəmir Yolu və digər böyük dövlət şirkətlərimiz xarici tərəfdaşlarla təmasdadırlar, xarici ölkələrdə fəaliyyət göstərirlər. Onlar “Made in Azerbaijan” brendinin təbliğində fəal iştirak etməlidirlər və müntəzəm olaraq dövlət qurumlarına məlumat verməlidirlər ki, bu brendin təbliğində hansı işləri görüblər. Ola bilər İqtisadiyyat Nazirliyi onlar üçün xüsusi bir tövsiyə, necə deyərlər, metodiki kitabça da hazırlasın ki, onlar bu işi planlı şəkildə aparsınlar. Çünki bunu hamı yaxşı bilir ki, reklam, əlbəttə, ticarətin ayrılmaz hissəsidir.

Biz xarici bazarları da geniş təhlil etməliyik, araşdırmalıyıq. Çünki indi bazarlar uğrunda mübarizə gedir. Bizə elə gəlməməlidir ki, biz burada istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və ondan sonra bütün məsələlər öz həllini tapacaq. Yox, biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq. Bunun üçün, ilk növbədə, xarici bazarlar dəqiq təhlil edilməlidir, həm onların indiki vəziyyəti, həm də perspektivləri. Biz də bunu yaxşı bilirik ki, indi bir çox ölkələr daxili tələbatını daxili istehsal hesabına təmin etmək istəyirlər və təkcə biz bu işlə məşğul olmuruq. Ona görə, bizim üçün bilmək vacibdir ki, məsələn, ənənəvi bazarlarda hansı tendensiyalar gedir, hansı dövlət proqramları icra edilir və bu proqramların nəticəsində hansı məhsulun yetişdirilməsi, istehsalı gözlənilir və öz işimizi buna uyğun şəkildə planlaşdırmalıyıq. Bizim üçün indi ənənəvi bazarlar var və o bazarlara ənənəvi məhsulumuz ixrac edilir. Ancaq bir gün o bazarlarda, o ölkələrdə onlar daxili tələbatı təmin edəcəklər, bizim məhsulumuza ehtiyac olmaya bilər, onda biz nə edəcəyik? Ona görə, bax, burada çox ciddi analiz aparılmalıdır ki, mövcud vəziyyət və potensial vəziyyət nədən ibarətdir.

Bununla paralel olaraq biz yeni bazarlara çıxmalıyıq. Elə fikirləşməməliyik ki, bizim burada ənənəvi qonşuluqda bazarlarımız var və nə istehsal ediriksə, onu da oraya göndəririk. Biz bu sahədə də çox dəqiq siyasət aparmalıyıq. İxracın şaxələndirilməsi məsələləri təkcə çeşidlərlə ölçülmür. Biz coğrafiyanın şaxələndirilməsinə və bütövlükdə yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi daha da möhkəmləndirməliyik. Bunun, əlbəttə ki, müxtəlif yolları var. İlk növbədə və ən başlıcası hesab edirəm ki, burada əsas məsələ yaxşı siyasi əlaqələrin mövcudluğudur. Azərbaycanın demək olar ki, bütün ölkələrlə, o cümlədən, ilk növbədə, qonşu ölkələrlə çox yaxşı işgüzar dostluq münasibətləri var. Bu, bu gün dünya miqyasında o qədər də tez-tez rast gəlinən mənzərə deyil. Daha çox qonşular arasında mübahisələr olur, problemlər yaranır. Ermənistan istisna olmaqla bizim heç bir qonşu ilə heç bir problemimiz yoxdur. Əksinə, son illər ərzində apardığımız siyasət nəticəsində dörd qonşu ölkə ilə bizim münasibətimiz sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Ona görə, bu imkanlardan sahibkarlar da istifadə etməlidirlər. Onlar üçün qonşu bazarlara və hər hansı bir bazara çıxış əldə etmək üçün heç bir siyasi əngəl yoxdur. Amma biz görürük ki, harada siyasi problemlər var, bu, sahibkarlara da dərhal təsir edir, müxtəlif bəhanələrlə məhdudedici tədbirlər görülür, ixrac üçün problemlər yaranır. Bizim sahibkarlar bundan azaddırlar. Bizim siyasətimizin sayəsində bu, yoxdur.

Ancaq bir daha demək istəyirəm ki, biz bazarları, indiki durumu və perspektivləri çox dəqiq təhlil etməliyik və yeni bazarlara çıxış əldə etməliyik. Biz xarici bazarlarda öz mövqelərimizi möhkəmləndirməliyik və bunun üçün logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Birinci belə təcrübə var. Artıq burada çıxışlarda da səsləndi. Qazaxıstanın Aktau vilayətində Azərbaycanın xaricdə birinci logistika mərkəzi yaradıldı. Bu mərkəzin çox böyük əhəmiyyəti var. Bu, bizə imkan verəcək ki, öz məhsullarımızı rahatlıqla Orta Asiya, Qazaxıstan bazarlarına ixrac edək. Başqa ölkələrdə də bu mərkəzlər yaradılmalıdır. Bu işlərdə xaricdə yaşayan azərbaycanlılar da öz rolunu oynamalıdırlar.

Bilirsiniz ki, biz xaricdə yaşayan azərbaycanlıların problemlərinin həlli üçün böyük işlər görürük. Azərbaycan nadir ölkələrdəndir ki, artıq bizdə ənənəvi olaraq xaricdə yaşayan azərbaycanlıların qurultayı keçirilir. Biz onlara həm siyasi dəstək göstəririk, eyni zamanda, onlar üçün biznes imkanları yaradırıq. Onlar da bu işlərdə fəal iştirak etməlidirlər. Bildiyimə görə, onlar bizim yeni təşəbbüslərimizə fəal qoşulurlar. Xaricdə yaşayan azərbaycanlılar, xüsusilə MDB məkanında yaşayan soydaşlarımız, o cümlədən bizneslə məşğuldurlar, onların böyük imkanları var. Onlar da öz biznes imkanlarını genişləndirmək, eyni zamanda, öz Vətəninə kömək etmək üçün orada fəal işləməlidirlər. Bu işlər başlayıb və bizim dövlət qurumlarımız bu işlərlə məşğuldur. Mən onları da bu işlərə dəvət edirəm, onların da böyük ticarət şəbəkələri var. Onlar dünyanın müxtəlif yerlərindən məhsul idxal edirlər. Xüsusilə nəzərə alsaq ki, indi bizim imkanlarımız genişlənir, daha çox Azərbaycandan idxal etsinlər.

Biz məhsulun qablaşdırılmasına diqqət göstərməliyik. Mən şadam ki, son vaxtlar buna diqqət göstərilir. Bu Regional İnkişaf Mərkəzinin foyesində kiçik bir sərgi də nümayiş etdirilir. Mən bu sərgidə yeni qablaşdırılmış məhsulları, malları görürəm. Buna çox böyük diqqət göstərilməlidir. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, çalışmalıyıq ki, Azərbaycanda qablaşdırma sənayesi inkişaf etsin. Biz hələ ki, bir çox qabları, həmçinin yardımçı materialları xaricdən idxal edirik. Bunu Azərbaycanda istehsal etmək üçün heç bir problem yoxdur. Bizim indi şüşə zavodumuz fəaliyyət göstərir. Onun da işi təkmilləşdirilməlidir, istənilən növ şüşə qablar, bankalar istehsal olunmalıdır. Karton zavodumuz var. Ümumiyyətlə, qablaşdırma bizim idxaldan asılılığımızı azaldar. Çünki istehsal etdiyimiz məhsulların maya dəyərində biz həmişə xarici komponenti axtaranda görürük ki, qablaşdırma burada xüsusi rol oynayır. Ona görə, Azərbaycanda qablaşdırma tam təşkil edilməlidir və buna böyük diqqət göstərilməlidir. Əlbəttə ki, bizim təqdim etdiyimiz bu mallar göz oxşamalıdır.

Biz keçən ildən xarici kütləvi informasiya vasitələrində reklam kampaniyalarına başlamışıq. Bunu turizmə, eyni zamanda, Azərbaycanda istehsal olunan mallara aid etmək olar. Bu iş də müntəzəm olaraq aparılmalıdır. Bunun üçün müvafiq büdcə ayrılmalıdır və hesab edirəm ki, dövlət burada da sahibkarlara kömək göstərməlidir. Çünki sahibkar o əlavə vəsaiti xərcləmək üçün, əlbəttə, yüz dəfə fikirləşər ki, bu reklamı yerləşdirsin, yoxsa yox. Ona görə, bizdə hələ ki, reklamla bağlı o qədər də böyük anlayış yoxdur. Yəqin ona görə ki, indi ixrac ediləcək məhsulların həcmi böyük deyil. Biz bunu etiraf etməliyik. Odur ki, dövlət öz hesabına bizim əsas ixracyönümlü malların təbliği üçün xarici kütləvi informasiya vasitələrində, televiziyalarda, qəzetlərdə reklam kampaniyaları təşkil etməlidir.

Qoy, sahibkarlar istehsal etdikləri və hansı ölkələrə ixrac etdikləri məhsullar haqqında İqtisadiyyat Nazirliyinə öz təkliflərini versinlər. Biz buna başlamalıyıq. Əlbəttə ki, birinci mərhələdə buna qonşu ölkələrdə, MDB məkanında başlamalıyıq. Bu, bizim sahibkarlara növbəti çox gözəl dəstəyimiz olacaqdır.

Sənaye istehsalı ilə bağlı. İndi Azərbaycanda bir neçə böyük sənaye müəssisəsi yaradılır. Mən bu barədə demişəm, sahibkarlara tövsiyələrimi vermişəm, bir daha demək istəyirəm ki, onlar bu böyük müəssisələrin istehsal edəcəyi xammaldan səmərəli şəkildə istifadə etsinlər, yeni fabriklər, zavodlar qursunlar ki, biz hazır məhsulu Azərbaycanda istehsal edək, idxaldan asılılıq azalsın və hazır məhsul ixrac edək. Mən Sumqayıt Kimya Sənaye Parkındakı zavodları xüsusi qeyd etmək istəyirəm. Orada biznes üçün, kiçik və orta sahibkarlıq, ixrac üçün çox böyük potensial var. Sumqayıt polimer və gübrə zavodlar, Mingəçevir Sənaye Parkı. Bu il birinci zavodlar istifadəyə veriləcəkdir. Neftçala, Balaxanı, Pirallahı sənaye zonaları. Bu, artıq geniş vüsət alır və elə etməliyik ki, hər rayonda müasir sənaye zonası olsun. Biz bunu dəstəkləyirik, dəstəkləyəcəyik.

Ölkəmizdə yüksək texnologiyalar inkişaf edir. Biz indi kosmik sənayeni inkişaf etdiririk. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür. Bizim iki peykimiz var, üçüncü peyk hazırlanır və biz bu xidmətləri artıq xaricə satırıq. Bu da ixracın bir növüdür. Biz birinci və ikinci peykləri orbitə buraxanda əlbəttə ki, bir neçə məqsədi güdürdük. Bu, yenilikdir, texnologiyadır. Kadr hazırlığı baxımından bunun böyük əhəmiyyəti var. Azərbaycanın imici artacaq və eyni zamanda, biz buna bir biznes layihə kimi baxırıq və artıq ora qoyulan vəsaiti bu peyklər qaytarmağa başlayır. Bildiyimə görə, artıq üçüncü peykin xidmətlərinin bir hissəsi barədə kontraktlar imzalanıb. Ona görə, bu da ölkəmizə gəlir, valyuta gətirən bir sahədir. Biz bunu dövlət xətti ilə etmişik. Ancaq inkişaf etmiş ölkələrdə biznes qurumları özləri peykləri sifariş edirlər, özləri orbitə buraxırlar və özləri də pul qazanırlar. Bilirəm ki, elə ölkələr var ki, o qədər də böyük deyil, amma o ölkələrdə bəlkə də onlarla peyk var. Nəyə görə? Çünki bu, biznes üçün əlverişlidir. Biz artıq kosmik sənayenin biznes imkanlarını da genişləndirməliyik və qeyd etdiyim kimi, bu, bizim üçün valyuta mənbəyidir.

Eyni zamanda, bizim yeni bir ixrac istiqamətimiz yaradılıbdır. Bu da hərbi texnikanın ixracıdır. Bu da yenilikdir. On il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi ki, Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda, bunu ixrac edəcək. Bu gün bu, reallıqdır, biz buna nail olmuşuq. On ildən çox bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yarananda biz artıq bilirdik ki, bu gün gələcək və gəldi. Bu gün nəinki biz ordumuzun əsas tələbatını özümüz ödəyirik, biz ixrac da edirik. Biz beynəlxalq sərgilərdə iştirak etmişik. Bax, bu, bir daha göstərir ki, sərgilərdə iştirak etmək nə qədər əhəmiyyətlidir. Bakıda iki dəfə beynəlxalq silah sərgisi təşkil edilib. Bizim silah ticarətimiz artır. Bu da ölkəyə böyük valyuta gətirir. Hazırda Azərbaycanda mindən çox adda, o cümlədən ən son texnologiyalara əsaslanan hərbi təyinatlı məhsullar istehsal olunur. Ona görə, bu sahə də daim diqqət mərkəzində olmalıdır və burada ixrac potensialı artır.

Biz təbii ki öz resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. Bu istiqamətdə də işlər ardıcıl gedir. Azərbaycanın zəngin təbii ehtiyatları var. Bizim təbii ehtiyatlarımız təkcə neftlə, qazla məhdudlaşmır. Bizim qızıl yataqlarımız var və bir müddət bundan əvvəl “AzerGold” dövlət qurumu, səhmdar cəmiyyəti yaradılmışdır. Artıq o, həm qızıl yataqlarının işlənilməsi, həm də ixracı ilə məşğuldur. Təkcə qızıl yataqları deyil, bizdə gümüş yataqları, digər qiymətli metalların ehtiyatları var. Bu sahə dövlətə çox böyük gəlir gətirəcək. Milyonlarla, on milyonlarla dollar ixrac potensialı yaranır və artıq bu işlər müasir əsaslar üzərində qurulub. Bu da böyük ixrac potensialımızdır. Dövlət əlbəttə ki, öz dəstəyini göstərir, göstərəcək ki, “AzerGold” dünya səviyyəli bir mədənçilik şirkətinə çevrilsin.

Bizim böyük bir sərvətimiz də var, ancaq ondan səmərəli şəkildə istifadə edə bilmirik. Bu da dəmir filizidir. Hələ Çar Rusiyası dövründə, həmçinin sovet vaxtında bizim dəmir filizimizə çox böyük maraq var idi. Hələ Çar Rusiyası zamanı Avropadan buraya gəlmiş insanlar, o vaxtın biznesmenləri buna çox böyük maraq göstərirdilər və işləri də təşkil etməyə çalışırdılar. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməmişdir. Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsini yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Hətta dövlət qurumu da yaradılmışdır, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır, filizdən başlamış son ixrac məhsuluna qədər. Həm bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və getdikcə daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi və vahid istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir