Modern.az

Araz müəllimin həmkarları da “avaradır”?

Araz müəllimin həmkarları da “avaradır”?

17 Aprel 2017, 21:23

Milli Məclisimizin bir deputatı da var - Araz Əlizadə. Xırda, çox balaca bir təşkilatın - Azərbaycan Sosial Demokrat Partiyasının sədridir. Millət vəkili olmasına baxmayaraq, cəmiyyətdə millət vəkili kimi yox, qardaşı Zərdüşt Əlizadə ilə düşmənçiliyinə, (hərçənd qardaşı ilə bir bezin qırağıdırlar – eyni ailədən tərbiyə götürdüklərindəndir çox güman ki) bir vaxtlar sabiq prezident Ayaz Mütəllibovun adamı olmasına, türk millətinə düşmənçilik mövqeyində dayanan kiçik siyasi fiqur olmasına və vaxtaşırı sərsəm açıqlamalarına görə tanınır. Məsələn bir müsahibəsində Dövlət Himninin sözlərinə sataşmışdı. Başqa bir müsahibəsində Bakının xilaskarı olan böyük türk generalı Nuru Paşa haqqında hərzə-hədyan danışmışdı, necə ki son müsahibəsində də bir daha general haqqında sərsəmləyib.

Axırıncı müsahibəsində isə bu cırtdan partiya sədri necə deyərlər lap “gül” vurub.

Deputat feysbuk sosial şəbəkəsindən istifadə edən insanların hamısını avara, işsiz-gücsüz küçə adamları adlandırıb. Hansı ki, bu gün bütün dünya siyasətçiləri sosial şəbəkələrdə aktivlik göstərirlər, tərəfdarlarını orda toplayırlar, müzakirələr aparırlar, hətta bəzən partiya iclaslarını virtual şəkildə feysbukda keçirirlər. Bizim cırtdan partiya sədri olan Araz müəllim isə deyir ki, sosial şəbəkədə olanlar şüursuz küçə adamlarıdırlar.

Bu sözü yadıma bir il bundan qabaq baş verən bir hadisəni saldı.

Deməli, mənim bir tanışım xırda sahibkarlıqla məşğul olurdu. Mən məsləhət gördüm ki, rayonunuzun deputatına müraciət et, bəlkə köməyi dəydi. Nə cavab versə yaxşıdır? “Bizim rayonun əvvəlki deputatını tanıyırdım, indi bilmirəm kimdi”. Mən maraqlandım, tapdım bunların deputatını, millət vəkillərinə necə müraciət etməyin yolunu dedim – hətta həmin deputatın mobil telefon nömrəsini də verdim ki, problemini danışsın, vəkilindən kömək istəsin. Dostum qəbula düşməyə də cəhd edib, kömək də istəyib, amma bir nəticəsi olmayıb. Dediyinə görə, deputatına dəfələrlə zəng edib – telefonu götürməyib. Sonra gedib Milli Məclisin iclası günü binanın qarşısında, vəkili ona “tələsirəm-tələsirəm” – söyləyərək,  necə deyərlər sahibkarı yola verib.

Son əlac kimi, götürüb feysbuk hesabımda sahibkarın icra tərəfindən incidilməsi ilə bağlı, ona qarşı qanunsuzluq edildiyi haqqında bir status yazdım. Saytlardan biri götürüb bu statusumu xəbər şəklində dərc etdikdən bir gün sonra icradan reaksiya gəlib, dostumun “obyekt”i ilə bağlı problem həllini tapmışdı.

İndi millət vəkili, özünə sosial-demokrat deyən Araz müəllimə bir sualım var – millət vəkilinin maraqlanmadığı seçicisinin probleminin həllinə sosial şəbəkədə yazılan status yardımçı olursa, feysbukdan istifadə etmək avaraçılıqdır yoxsa...?

 

P.S Bu gün sosial şəbəkələrdən, xüsusən də feysbukdan aktiv şəkildə istifadə edən, fikirlərini ictimaiyyətlə bölüşən, parlamentdə vaxt azlığından deyə bilmədiklərini, status şəklində yazan bir neçə deputat var ki, onların fəaliyyəti təqdirəlaiq sayılır. Maraqlıdır, Araz Əlizadə həmin həmkarlarına Milli Məclisin foyesində rastlaşarkən deyə bilərmi ki, “niyə feysbukda avaraçılıqla məşğulsan?!”. Görən belə desə, nə cavab alar?

 

 

Anar Bayramoğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı