Modern.az

DİM: “Bəzi abituriyentlər, valideynlər imtahan təlimatını oxumurlar” - MÜSAHİBƏ

DİM: “Bəzi abituriyentlər, valideynlər imtahan təlimatını oxumurlar” - MÜSAHİBƏ

Təhsil

18 Aprel 2017, 09:19

Aprelin 30-da ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün II-III ixtisas qrupları üzrə keçiriləcək birinci (yaz) qəbul imtahanları keçiriləcək. Mayın 7-də isə I-IV ixtisas qruplarının abituriyentləri ilk qəbul imtahanı verəcəklər. 

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il birinci qəbul imtahanında 65653 abituriyent iştirak edəcək. Onlardan 59425-i Azərbaycan, 6228-si Rus bölməsinin məzunudur.  

Aprelin 30-da keçiriləcək II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanında 35 429 abituriyent iştirak edəcək ki, onlardan da 18677-si II (16609-u Azərbaycan, 2067-si Rus bölməsi), 16752-si isə III  (15478-i Azərbaycan, 1274-ü Rus bölməsi) ixtisas qrupu üzrə sənəd verib. 

Mayın 7-də keçiriləcək I və IV ixtisas qrupları üzrə ilk qəbul imtahanında isə 30224 abituriyentin iştirakı nəzərdə tutulub.

Onlardan 25602-si I (23257-si Azərbaycan, 2346-sı Rus bölməsi), 4622-i isə IV (4081-i Azərbaycan, 540-ı Rus bölməsi) ixtisas qrupunu seçib.



Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə  Modern.az-ın qəbul imtahanları ilə bağlı suallarını cavablandırıb.

 

-Aprelin 30-da ilk qəbul imtahanı keçiriləcək. Öncə, imtahanlarla bağlı iş prosesinin necə getməsi barədə öyrənmək istərdik. İkincisi, abituriyentlər imtahana buraxılış vərəqəsini nə zaman əldə edə biləcəklər?

 

-Hal-hazırda ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb. II və III ixtisas qrupları üzrə ilk imtahan aprel ayının 30-u baş tutacaq. I-IV ixtisas qrupları üzrə isə ilk imtahan may ayının 7-də keçiriləcək. İmtahana buraxılış vərəqəsinin əldə olunmasına gəlincə, deyə bilərəm ki, imtahanın keçirilməsinə  5 gün qalmış abituriyentlər Dövlət İmtahan Mərkəzinin rəsmi saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməklə  imtahana gedəcəklər. Abituriyent imtahana gələrkən üzərində şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir. Mütləq şəkildə bu sənədlərlə imtahana gəlmək zəruridir. Əks halda, abituriyent imtahana buraxılmayacaq. Qeyd edim ki, buraxılış vərəqəsində abituriyentin imtahanda iştirak edəcəyi yer və digər zəruri məlumatlar öz əksini tapır.

 

-Aprelin 16-da keçirilən imtahanların nəticələrini nə zaman öyrənmək mümkün olacaq?

 

-Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, o cümlədən, eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində iştirak edə bilməyən şəxslər üçün aprelin 16-da imtahanlar keçirilib. Onların nəticələri buraxılış imtahanları ilə birgə imtahanın ikinci mərhələsi keçirilənədək elan olunacaq. Çünki yazı işlərinin yoxlanılması vaxt aparır. 9-cu siniflərin buraxılış imtahanlarının ikinci mərhələsi iyun ayında keçiriləcək.

 

-Builki sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlər nələrə diqqət yetirməlidir?

 

-Hal-hazırda may ayının 27-si keçiriləcək sınaq imtahanına yazılış davam edir. Bu sınaq imtahanı I, II, III və  IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirilir. Sınaq imtahanına yazılış davam edir və mayın 23-ü saat 10:00-dək aparılacaq. Sınaq imtahanında iştirak etmək istəyən abituriyent şəxsi kabinetə daxil olur. Həmin şəxsi kabinetdə sınaq imtahanı üçün ödəmə kartlarının alınması bölməsinə daxil olur və sınaq imtahanı ödəmə kartını əldə edib sınaq imtahanına yazıla bilər.

 

-Dünənə qədər orta ümumtəhsil məktəblərinin 9-cu sinfini başa vuran şagird şəhadətnamə alırdı. Bu il isə ilk dəfə olaraq yenilik tətbiq edilib. 9-cu sinfi bitirən şagird şəhadətnamə deyil, attestat alacaq. Bu, nəyi dəyişəcək?

 

-Qeyd etdiyiniz kimi builki 9-cu sinfi başa vuran şagirdə attestat veriləcək. Həmin attestatda qiymətin yazılması üçün 2 xana mövcuddur.  Bir xanada  şagirdin məktəbdə aldığı qiymət, digər xanada isə  şagirdin buraxılış imtahanından aldığı qiymət yazılacaq. Buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilir və 100 ballıq şkala ilə qiymətləndirilir. Şagird birinci mərhələdə maksimal 30 bal, ikinci mərhələdə isə 70 bal toplaya bilər. Hər iki mərhələnin nəticəsinə görə şagirdin topladığı bal yekun olaraq attestasiya sənədinə yazılacaq.

 


-İlk dəfə 9-cu sinif şagirdlərinə də tətbiq olunan attestat məsələsinin 11-ci sinif şagirdlərinə yenidən şamil olunmasının önəmi varmı? Onsuz 9-cu sinfi bitirən də attestat alacaq. Yenidən 11-ci sinfi bitirən şagirdin attestat alması nəyi dəyişəcək ki?

 

-9-cu sinfi bitirib attestat alan şagird orta ixtisas müəssisələrinə, kolleclərə daxil ola bilər. Digər tərəfdən icbari təhsil 9 illikdir. 9 ildən sonra şagird oxumaya da bilər. Bu baxımdan da attestatda şagirdin  biliyi qiymətləndirilmiş formada olur. Gələcəkdə orta ixtisas müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edə bilər.

 

-Digər bir məsələ də valideynlərin narahatlığı ilə bağlıdır. Builki qəbul imtahanları ödənişli olduğundan abituriyentin şəxsi kabinetdəki hesabına pul köçürmə prosesi qəlizliyi ilə diqqət çəkir. Sanki bu dəfə daha çətin bir sistem qurulub. Olmazdımı daha asan sistem qurulaydı?

 

-Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən istifadə etmək istəyən hər bir şəxs şəxsi kabinet yaratmalıdır. Şəxsi kabinetin müvafiq bölmələri var. Qeyd etdiyiniz kimi, müəyyən imtahanlar ödənişlidir. Ödənişi etmək üçün şəxsi kabinetdə hesab bölməsi yaradılıb. Şəxsi kabinetdə hesab bölməsinə daxil olduqda müxtəlif ödəniş üsulları açılır. Ən rahat ödəniş üsulu bank kartı (pensiya, ya da, əmək haqqı kartının olmasının fərqi yoxdur) vasitəsilə şəxsi hesaba vəsaiti çox rahat köçürmək olur. Düşünürəm ki, prinsipcə narahatlıq yoxdur. Həmçinin, bank kartı olmayanlar müxtəlif üsullarlardan yararlana bilər. Məsələn, müəyyən poçt şöbələri var ki, ora getməklə şəxsi kabinetə vəsaiti yükləyə bilərlər. Sadəcə olaraq, bu sistem bu il tətbiq olunduğuna görə müəyyən qisim abituriyentlər və valideynlər var ki, çətinlik çəkir. İnanırıq ki, növbəti illərdə bu proses davam etdikcə, təcrübə artdıqca hər hansı çətinlik müşahidə olunmayacaq.

 

-Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinə bu sistemin çətinliyi barədə müraciətlər daxil olubmu?

 

-Təbii ki, müraciət edənlər olur. Bununla bağlı edilən müraciətlər daha geniş şəkildə izah edilir. Ödəniş üsulları ilə bağlı şəxsi kabinetin  necə yaradılması, ödənişin necə həyata keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin saytında təlimatlar var ki, onlarla tanış olmaq lazımdır. Tanış olsalar, heç bir çətinlik çəkmədən ödənişi şəxsi kabinetləri hesabına köçürə bilərlər. Müəyyən abituriyentlər, valideynlər var ki, o təlimatı oxumurlar. Təlimatı oxusalar, hər bir şeyin aydın yazıldığını  görə bilərlər.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür