Modern.az

“Hüseyn Cavid, Mikayıl Müşfiqin atası, Əliağa Vahidin müəllimi bəhai olublar” - MÜSAHİBƏ

“Hüseyn Cavid, Mikayıl Müşfiqin atası, Əliağa Vahidin müəllimi bəhai olublar” - MÜSAHİBƏ

Müsahibə

18 Aprel 2017, 14:14

Azərbaycan bəhailəri: “Həzrət Bəhaullah bütün dinlərin vəd etdiyi şəxsdir”

“Hər gün namaz qılırıq, hər il oruc tuturuq”

 

Azərbaycan Bəhai Dini icmasının İctimai Əlaqələr ofisinin koordinatoru Azər Cəfərov və icmanın əməkdaşı Ramazan Əsgərli Modern.az saytının suallarını cavablandırıb.

 

-Azər müəllim, Bəhai dini XIX əsrin ortalarında İranın ictimai-siyasi həyatında zühur edən bir dindir. Belə məlum olur ki, onun öz peyğəmbəri də vardır: Həzrəti Bəhaullah. Gəlin, söhbətə bu dinin tarixi haqqında qısa məlumat verməklə başlayaq.

 

-Qeyd etdiyiniz kimi, Bəhai dini XIX əsrin ortalarında İranda nazil olub. Kiçik düzəlişim var: o  bir yox, iki zühurun – iki peyğəmbərin gətirdiyi dindir: həzrəti Bab və Həzrəti Bəhaullah. Bəhailik bəşər tarixində yeganə dindir ki, iki zühur tərəfindən nazil olub. Bu ərəfədə İranın şiə əhli həsrətlə İmam Əli və Fatimənin nəslindən olan on ikinci imam – Mehdi Sahibi əz-Zamanın gəlişini gözləyirdilər.  

1844-cü ilin may ayının 22-də günbatandan 2 saat 11 dəqiqə sonra Seyid Əli Məhəmməd- Həzrət Bab ilk dəfə molla Hüseyn adlı şəxsə özü haqqında məlumatı çatdırır. Və bununla da Molla Hüseyn Həzrət Baba iman gətirmiş ilk şəxs olur. Sonra daha 17 nəfər şəxs bir-birindən xəbərsiz müxtəlif yollarla Həzrət Babı tanıyırlar. 18 şagirddən biri qadın idi. O, Tahirə adı ilə tanınırdı, əsl adı Fatimə idi. Bu adı ona Həzrət Bab vermişdi, yəni “Pak”. Tahirə əslən Qəzvindən idi, azərbaycanlı idi. Həzrət Babın əvvəlcə imamlıq, sonra isə peyğəmbərlik iddiaları İranda babilər hərəkatının başlanmasına səbəb olur. Bu hərəkat 1852-ci ilə qədər davam edir. 1850-ci ilin iyul ayının 9-da isə həzrəti Bab Təbriz şəhərində edam olunur. Amma hərəkat onun edamından sonra daha 2 il də davam edir. Bu hərəkatda fəal iştirak edən şəxslərdən biri də Mirzə Hüseyn Əli - Bəhaullah idi. Bəhaullah 1852-ci ildə həbs olunur və Tehran həbsxanasına salınır. Sonradan həbs sürgünlə əvəz olunur. Həzrəti Bəhaullah Osmanlı imperiyasının ərazisinə sürgün olunur. 1863-cü ildə Bağdadda sürgündə olarkən o, özünü Həzrət Babın öncədə dediyi ilahi zühur elan edir. Xatırladım ki, Həzrət Bab dəfələrlə öz ardıcıllarına bildirirdi ki, o, ilahi zühur olamaqla yanaşı, özündən daha qüdrətli olan və yaxın zamanlarda zühur edəcək kəsin müjdəçisidir.  Həzrət Bəhaullah isə 1863-cü ildə bəyan edir ki, Babın dediyi şəxs odur və bəşəriyyət yeni bir eraya qədəm qoyur. 1868-ci ildə isə Ədirnədə sürgündə və Əkkada (indiki İsrail ərazisində) həbsdə olarkən Bəhaullah dünya hökmdarlarına məktub yazır və öz missiyasını bəyan edir. Bununla da bəhai dini rəsmi surətdə dünya tarixinə daxil olur.

 

-Ramazan müəllim, bu sualımı siz cavablandırın. Azər müəllim dedi ki, həzrəti Bəhaullah Babın dediyi şəxsin özü olduğunu bəyan etmişdi. Mənə maraqlı gəldi. Bəhaullah deyil, başqa biri bunu desəydi, belə çıxır ki, bəhailiyin peyğəmbəri o olacaqdı? Bəhaullah insanları necə inandıra bildi ki, Babın nəzərdə tutduğu şəxs odur?

 

-Maraqlı sualdır. Həzrəti Babı edam etdikdən sonra, başsız qalmış Babi icmasının faktiki rəhbəri həzrəti Bəhaullah idi. Həzrət Bəhaullah Bağdadda sürgündə olarkən şəhəri tərk edib,  Kürdüstan dağlarına çəkilir. Və bu dövrdə Babi icmasının vəziyyəti çox ağırlaşır. Əslində, həzrəti Babın özü də uzun müddət zindanda olmuşdu. O zindanda olduğu müddətdə də və edam olunandan sonra da əslində icmanın faktiki rəhbəri, lideri həzrəti Bəhaullah idi. İkincisi, birinci dəfə vəhy 1853-cü ildə məhz həzrəti Bəhaullaha Tehran həbsxanasında olarkən gəlmişdi. O, vəhyin daşıyıcısı olsa da, ona nazil olanları qələmə alsa da,  Bəhaullah öz ilahi məqamını rəsmi şəkildə bəyan etməmişdi. Lakin gördüyü işlər, hərəkətləri, yazdıqları ilə Babilik icmasının lideri idi. O, təbii ki, zamanı gələndə özünün peyğəmbər olduğunu elan etdi. Elan ediləndən dərhal sonra babilər onu qəbul etdi.

 

-Mənim üçün paradoksal bir məqam üzə çıxdı.  Bab 1844-cü ildə öz zühurunu elan etmişdisə, ikinci peyğəmbərə nə ehtiyac var idi?

-Həzrəti Bab da özü müstəqil peyğəmbər idi. Bəhailik bəşəriyyətin tarixində yeganə dindir ki, onun iki peyğəmbəri var. Əvvəlki dinlərdə müjdəçilər və peyğəmbər var idi. Bizdə isə Bab həm müjdəçi, həm də müstəqil dinin bir peyğəmbəri idi. Çünki həzrəti Babın özü vəhy almışdı və onun zühuru var idi. Üstəgəl, o, qanunlar kitabını nazil etmişdi – onun özünün qanunları var idi. Həzrəti Babın qanunlarının müddəti 19 il oldu. Həzrəti Bab həzrəti Bəhaullahın müjdəçisi idi. Həzrəti Bəhaullahın necə böyük məzhər olduğu buradan da anlaşılır ki, ondan bir neçə il əvvəl bir peyğəmbər gəlib və onun zühuru üçün yol hazırlayıb. Görün bəşəriyyət necə böyük bir dövrə daxil olub... 2 peyğəmbər birdən-birə yeni bir dövr açıblar.

 

-Bəhailiyin ideya və mesajları çox cəlbedicidir, yəni, insanları pisliyə çağırmır və Yaradana bağlı olmağa dəvət edir. Bunlar öz yerində. Amma bəhai dini birmənalı qarşılanmır, çünki sonuncu səmavi din islam hesab olunur. Və islam inancına görə, sonuncu peyğəmbər də Məhəmməddir. Bunu bilə-bilə həzrəti Bəhaullah, risk baryerlərini aşıb özünü peyğəmbər elan edir. Nə qədər islam dininin yaxşı olduğunu desəniz də, müsəlmanlar sizin barədə heç də xoş düşüncədə deyillər. Çünki təliminiz islama və Qurana ziddir. Azər müəllim, buyurun.

 

-Müasir dövrdə dində olub-olmamaq problem deyil. Hər bir insan inancını sərbəst ifadə edə və ya heç bir dinə, hətta Allaha inanmadığını deyə bilər. İnsanlar müasir dövrdə bunu normal qəbul edirlər. XIX ərin ortalarında Avropa maarifçilik dövründə olsa da, İran hələ də orta əsrlərdə yaşayırdı. İslam təkcə din deyildi, o insanların həyat tərzi idi. Təsəvvür edin ki, o dövrdə İran əhalisinin böyük bir hissəsi islamdan çıxır və Allahdan gəlmiş yeni bir dini qəbul edir. Bunun özü də heyrətlədirici və düşündürücüdür. 1848-ci ilə qədər babilər düşünürdülər ki, onlar islamın çərçivəsində fəaliyyət göstərirlər, çünki Mehdi, o dövrün təsəvvürlərinə görə mövcud sistemin içindən gəlməli idi və ona bağlı olmalı idi. Lakin Bədəşt konfransında babilər yığılır və bu prosesləri analiz edirlər. Babın yazılarına diqqət edirlər. Onlar bundan sonra Allahdan yeni vəhyin, peyğəmbərin gəldiyini elan edir və ona iman gətirdiklərini bildirirlər.

-(Ramazan Əsgərli) Yəni babilərə aydın olur ki,  bu, yeni qanun, yeni vəhy və yeni zühurdur. Yəni, bunun ənənəvi inanca bağlı olmayan bir ilahi sistem olduğunu anlayırlar. Və bundan sonra özlərinin kimliklərini müəyyən edirlər. Sizin dediyiniz risk amilinə gəlincə. Hərənin bir inancı var və bu,vicdan məsələsidir. Bəhailərin inandığı budur ki, Allah insanlarla əbədi əhd bağlayıb və o, heç zaman insanları rəhbərsiz buraxmayacaq. Yəni, Allah insanları daim istiqamətləndirəcək, yönləndirəcək. Allahın insanları hidayət etməsi üçün, Onun yeganə sistemi dindir.  Peyğəmlərin gəlişi əbədidir. O heç vaxt kəsilməyəcək. Bizim inancımıza görə, həzrəti Məhəmməd bir tərəfdən doğurdan da sonuncu peyğəmbərdir. Həzrəti Məhəmməddən sonra peyğəmbər olmayacağı barədə ayə bizə məlumdur. Amma məsələ bundan ibarətdir ki, bütün dini kitablarda “Zamanın sonu” deyilən bir anlayış var. Hər bir peyğəmbər “Axır zaman Peyğəmbəridir”, çünki onunla müəyyən dövr üçün vəhy tsikli başa çatır, bitir.  

Yeni peyğəmbərin gəlişi ilə “Yeni Zaman”, yeni vəhy tsikli başlayır. Bu, bütün zamanların sonu deyil – bir zühur dövrünün sonu deməkdir. Bütün dinlərdə vəd var. Həzrət Bəhaullah bütün dinlərin vəd etdiyi şəxsdir. Bu konsepsiya Quranda olan ayələrə yeni bir işıq salır.

 

-Bəhailikdə buyurulur ki, təkamül təlimini araşdırmaq alimlərin işidir və biloqların fikirlərini dəstəkləyir. Həm də deyilir ki, Allah dərkolunmazdır.. Necə ki, dülgər bir taxta düzəldir və taxta onu yaradanın mahiyyətini heç zaman başa düşməz. Bəhailiyin teologiyasından daha bilmədiklərimiz nələr var?

 

-(Azər Cəfərov) Çox düz buyurdunuz, Allah dərkolunmazdır. Təsəvvür edin ki, sonsuz kainatı yaradan, bəşəriyyəti öz planı ilə irəliyə aparan Varlıq bütün insanın qəlbini oxuyur və taleyini müəyyən edir. Bu mənada Allah dərkedilməzdir. Bizim Allah haqqında təsəvvürlərimiz, daha doğrusu onun bəzən insan obrazında təqdim edilməsi yalnız insan fantaziyasıdır. Halbuki, insan Yaradanı dərk edə bilməz. Ancaq zühurların – peyğəmbərlərin timsalında Allah haqqında informasiya almaq mümkündür. Zühur nə deməkdir? Zühur və ya peyğəmbər Allahın güzgüdə bir əksidir, inikasıdır. Bu nöqteyi-nəzərdən biz Peyğəmbəri eşitməklə, Allahın göstərdiyi yolu müəyyən edə bilirik. Bəhai dinində teoloji mənada ən böyük fərq bundan ibarətdir ki, burada vəhy prosesinin sonsuzluğu konsepsiyasından çıxış edilir. Yəni, heç bir din sonuncu deyil. Kimsə deyə bilər ki, bu ilahi kitab sonuncudur, bu peyğəmbər sonuncudur. Amma bu, əslində belə deyil. Ramazan müəllim demişkən, bu, həmin dövr üçün sonuncudur. Həmin vəhy dövründə sonuncudur. Bəhaullah “Kitabi-Əqdəsdə” yazır ki, növbəti zühur, yəni yenipPeyğəmbərin gəlişi 1000 ildən tez baş verməyəcək. Yəni, 1000 ilə qədər kim iddia etsə ki, peyğəmbərdir, o, səhv yoldadır. Azı 1000 il lazımdır ki, bəşəriyyətdə köklü, fundamental dəyişikliklər olsun və bəhai dininin konsepsiyası tükənsin ki, növbəti zühur gəlsin. Bu zühur da gələcək. Yeni dinin gəlməsi prosesi heç zaman qurtarmayacaq.

 

-Ramazan müəllim, vəhy prosesi islam teologiyasında da metodoloji baxımdan mübahisələrə səbəb olur. İslam inancına görə, Cəbrail Məhəmməd peyğəmbərə vəhyləri çatdırıb. Bəs bəhailikdə bu vəhyi hansı mələk çatdırıb?


-Vəhy prosesi müxtəlif dinlərdə müxtəlif cür ifadə olunur. Əslində vəhyin gəlməsi özü bir rəmzdir. Cəbrailin özü bir rəmzdir. Həzrəti Bəhaullah ona gələn ilk vəhyi belə təsvir edir: “Qarşımda havada bir hurinin asıldığını gördüm. Və o mənə bütün bilikləri öyrətdi”. Bu biliyin açılışı birbaşa peyğəmbərin özünə bəllidir. İslamda Cəbrail obrazı var, amma Bəhaullahda havadan asılmış bir huri. Bunların hamısı bir dildir, obrazdır. Əslində isə vəhy prosesinin necə baş verdiyini biz bilmirik. Açılışın necə baş verməsini yalnız peyğəmbərlər bilir.

 

-İslam inancında İsa peyğəmbər və imam Mehdi axirətdə zühur edəcək. Bəhaullahın da axirətdə zühur edəcəyi gözələnilirmi?

 

-Əslində hər peyğəmbər gəldikcə, qiyamət baş verir. Yəni insanlar köhnə adət-ənənələrə, köhnə düşüncəyə qarşı qiyam edirlər və yeni olanı qəbul edirlər. Qiyamətin bir əlaməti “dirilmədir”, “ölülərin qəbirlərdən qalxmasıdır”. Qiyamət, dirilmə anlayışları özləri də obrazlardır. Bunların hamısı rəmzi anlamdadır. Məsələn, “ölülərin dirilməsi”, “ulduzların yerə tökülməsi”, “qiyamətin qopması” ifadələrinin hamısı bir rəmzdir. Yəni ki, yeni bir həyat başlayır, insanlar “cəhalət qəbirlərindən”, “inamsızlıq məzarlarından” ayağa qalxırlar və yeni zühuru və növbəti peyğəmbəri qəbul edirlər. “Günəş qaralır”, yəni xurafatlarla və mövhumatlarla yüklənmiş din öz əhəmiyyətini itirir, insanlara yol göstərə bilmir. Bu zaman yeni peyğəmbər gəlir və hər şey təzələnir. Qiyamət o demək deyil ki, Yer kürəsi dağılacaq və məhv olacaq. Qiyamət anlayışını fiziki mənada qəbul etmək lazım deyil.

 

-Azər müəllim, Bəhaullaha qədər 124 min peyğəmbər olub və onların hamısına kitab verilməyib. Bəhaullaha da səmavi bir kitab verilməyib, onun kodeksləri özünün yazdıqlarıdır.

 

-Həzrət Bəhaullah Allahın zühuru – peyğəmbər kimi ən müqəddəs kitabı - “Kitabı-Əqdəsi” nazil edib.. Həzrət Babın da vəhy kitabı -  “ Bəyan”ı vardır.  Bəhaullahın “Kitabi-Əqdəs”dən başqa  100 cild həcmində yazıları var. Həzrəti Bəhaullah “Kitabi İqan”ında da müqəddəs kitablardakı anlayışların – “Qiyamət”, “Zamanın sonu”, “dirilmə” və s. izahını verir. Məsələn, Günəşin sönməsi. Bəhaullah deyir ki, söhbət fiziki olaraq Günəşin sönməsindən getmir. Əslində, burada Həqiqət Günəşinin, Allahın dininin sönməsindən, işığını itirməsindən söhbət gedir. Günəş istilik və işıq mənbəyidir. Din gələndə də o insanları hidayət edir, yol göstərir. İnsanların həyatı, nikahı və digər ictimai münasibətləri müəyyən edir. İnsanlar dinin ruhani hissəsini unudub, onun zahiri əlaətlərindən yapışanda bu din işıq vermir. Rəmzi mənada desək, Günəş qaralır. Ya da Ayın parçalanması da ayrıca bir rəmzdir. Ulduzlar keçmiş zamanlarda naviqasiya olub, səyahət edənlərə yol göstərərdi. Həzrəti Bəhaullah göstərir ki, ulduz ruhanilərdir, din xadimləridir. Mollalar, keşişlər, kahinlər Allahın qaydaları ilə insanlara yol göstərirlər. Din öz işığını verməyəndə və hidayət etməyəndə ulduzlar da öz işıqlarını itirirlər. Yəni din xadimləri maddiyyatı üstün tutur, siyasətə qoşulur, fanatizmə yuvarlanırlar. Bu zaman insanlar bu dinlərdən daha işıq ala bilmirlər. Dirilmə nədir? Dirilmə mövhumat, cəhalət qəbrindən, materializm qəbrindən qalxmaqdır.

 

-Yəni, materializm sizə görə qəbirdir, cəhalətdir?

 

-Söhbət maddiyyatdan gedir. Yəni insanlar ruhaniliyi unudub, maddiyyata bağlanırlar.

 

-Bayaq da dedim, bəhailik elmi yanaşmaları dəstəkləyir. Əslində bu, yaxşıdır, çünki din ayrı, elm ayrı bir xətdir.

 

-(Ramazan Əsgərli) Elm və din əslində bir-birinə mane olmurlar. Bunların bir ahəngdə yaşaması və insanlara xidmət etməsi mümkündür. Bunları bir-birinə qarşı qoymaq olmaz. Din hədəfləri göstərir, elm isə o hədəflərə çatmağın yollarını tapmaqda kömək edir. İkisi birlikdə sivilizasiyanı irəli aparır.

 

-Belə deyək ki, hansısa elmi yanaşma və nəzəriyyə bəhailiyin hökmünə ziddir. Düzdür, alimin məqsədi o olmur ki, müşahidə etdikləri sırf dinin əleyhinə yönəlsin. Amma nəticədə görürsən ki, hansısa elmi fakt dini qaydalara ziddir.

 

-Dinin öz kateqoriyaları var. Elmin isə öz kateqoriyaları var. Bunları necə bir-birinə qarşı qoymaq olar?! Digər tərəfdən elm adında bir şey fiziki dünyanı öyrənir. Elm mənəvi dünyanı öyrənə bilməz ki! Elmin bunun üçün gücü yoxdur – bu məsələdə nə predmet qoya bilir, nə də metodologiya işlədə bilir. Dində də hansısa fiziki varlıq haqqında müəyyən informasiyalar ola bilər. Amma bunu da mütləq qəbul edə bilmərik. Dinin məqsədi insanın mənəviyyatını yönəltməkdir, insanı mənəvi cəhətdən inkişaf etdirməkdir, cəmiyyətin münasibətlərini tənzimləməkdir. İnanc vicdan məsələsidir.

 

-Çoxları elə düşünür ki, bəhailikdə spirtli içkiyə, eyş-işrətə icazə verilir. Lakin həzrəti Bəhaullah buyurur ki, narkotik və içki qəbul olunmazdır. Bilirik ki, din qidalanmaq məsələlərini də tənzimləyir. İslam qida rasionumuzu da tənzimləyir, məsələn donuz əti haram buyurulur.  Mən istəyirəm ki, bəhailiyin də qidalanmaqla bağlı şərtlərindən danışasınız.

 

-(Azər Cəfərov) Bəhaullahın bir kəlamı var. Deyir ki, rəngini, iyini, dadını dəyişən qidaları insan  yeməməlidir. Biz nəyi yeyiriksə, o, təmiz olmalıdır. Əlbəttə, bəhailikdə belə kəskin qaydalar yoxdur ki, donuz əti ya da başqa şey yemək olmaz. Elə xalqlar var ki, onların qida rasionunda ekzotik şeylər var. Məsələn, eskimoslara necə morj ətini qadağan etmək olar?! Onlar neçə min illərdir morj yeyirlər.  Əbdül Bəhanın belə bir sözü var ki, gələcəkdə qida elmləri inkişaf etdikdən sonra, insanlar torpağın yetişdirdiyinin daha faydalı olacağını görəcəklər. Yəni, sivilizasiya buna çatmalıdır. Əbdül-Bəha üstüörtülü göstərir ki, insanlar gələcəkdə ət yeməyəcəklər. Gələcəkdə qida elmləri hər bir insan üçün fərdi qidalanma rasionunu müəyyən edəcək. Ola bilsin ki, sizə xeyirli olan sitrus bitkiləri, mənə ziyanlı olsun.

 

-Əbdül-Bəha həzrət Bəhaullahın oğludur. Bəhaullah isə bildirib ki, onun varisi Əbdül Bəhadır. Bu, bəhailiyin müqəddəsliyinə dair kimdəsə müəyyən şübhələr yaradır. Çünki burada sırf varislik prinsipi var – sələf və xələf. Olmazdı ki, Bəhaullah oğlunu yox, başqa birini öz varisi elan edəydi? Hələ, nəzərə alın ki, Əbdül Bəha öz nəvəsi Şövqi Əfəndini də özünün xələfi elan edir. İrsilik prinsipi çox adamda şübhəyə yol aça bilər.

 

-Bəhai dinində irsi keçidlər müvəqqəti bir xarakter daşıyırdı. Son nəticədə proses beynəlxalq bir qurumun yaradılmasına doğru gedirdi. Həzrət Bəhaullah yazırdı ki, bəşəriyyət və bəhai icması yetişəndə dünya üzrə bütün bəhailər yığılıb beynəlxalq bir qurum – Ümumdünya Ədalət Evini yaratmalı idilər.

 

Əbdül Bəha peyğəmbər deyildi. Əbdül Bəha özü deyir ki, həzrəti Bab Allahın məzhəri, həzrəti Bəhaullah isə Allahın cəlallılarının cəlallılısıdır. Əbdül Bəha nə deməkdir? “Əbdül” qul, bəndə deməkdir. Əbdül Bəha isə Bəhanın qulu, bəndəsi deməkdir. Əbdül Bəha özünü sadə bəndə hesab edirdi. Həzrəti Bəhaullah Əbdül Bəhanı əhdin mərkəzi elan etmişdi. Əbdül Bəha bəhai yazılarının səhvsiz şərhçisi idi. Əbdül Bəha eyni zamanda həzrət Bəhaullahın katibi olub. Əbdül Bəha həmişə Bəhaullahın yanında olub. Əbdül Bəhadan gözəl Bəhaullahın ideyalarını kim bilə bilərdi?! Bəhaullahın yazılarının çoxunda metafora var, onun izahlarının hamısını Əbdül Bəha verə bilərdi.

-Ramazan müəllim, bəhai duaları deyilən bir kitab var. Bəs bəhailərin ibadət metodologiyası necədir?

 

-Bəhai dinində aydın ifadə olunmuş ruhani qaydalar sistemi var. Bunların da ən mühümü namaz, oruc, ziyarət, dualardır. Bunlar bəhai dininin ruhani əsaslarıdır.

 

-Namaz qıldıqlarını bilirdim. Amma islamdakından nə ilə fərqləndiyi haqda məlumatsızam.

 

-Bəli, bəhailər də namaz qılır. Bəhailərin 3 cür namazları var. Bəhailər hər gün namaz qılırlar.  Bəhailər də hər il oruc tuturlar. Oruc mahiyyətinə görə islamdakı ilə fərqlənmir. Gün çıxandan Gün batana qədər pəhriz saxlamaq, özünün yeməkdən, içməkdən saxlamaqdır. Amma biz bunu 19 gün ərzində edirik. Çünki bəhailərin təqvimi fərqlidir – 1 ay 19 gündür.

 

-Bəs namaz niyə 3 cürdür?

 

-Bəhaullah insanlara lütf edib ki, kim hansı namazı istəsə qılsın. Yəni belə bir seçim var – kiçik namaz, orta namaz, böyük namaz. Biz bunun əsl hikmətini bilmirik. Amma bugünkü həyatla biz düşünəndə hesab edirik ki, kiçik namaz gündə bir dəfə qılınır və 2 ayədən ibarətdir. Bununla da gün ərzindəki namaz borcunu yerinə yetirirsən.

 

-Bəs namaz prosesi necədir?

 

-Bəhailikdə namazların hərəsinin özünü müşayiət edən ayinləri var. Kiçik namazda yalnız dəstəmaz alırsan, üzünü qibləyə tutub duanı oxuyursan bununla da bitir. Qiblə isə həzrəti Bəhaullahın dəfn olunduğu yerdir – Əkka şəhəri. Orta namazda rüku var, öz ayrı sözləri var. Böyük namaz 24 saatda bir dəfə, ruhun nə zaman istəsə qılarsan.  Bəhalikdə ibadət geniş anlayışdır. Bəhaullah da tibbi, müəllimliyi böyük bir ibadət hesab edir.  

Əbdül Bəha isə yazır ki, bəşəriyyət xidmət, məhəbbət ruhunda görülmüş istənilən iş ibadətdir.

 

-Azər müəllim, icmanızda gördüm ki, xanımlarda sərbəstlik var, yəni geyim mənasında. Mənə maraqlıdır, bəhai şəriətində qadına münasibət necədir?

 

-Bəhai prinsiplərindən biri qadın-kişi bərabərliyidir. Qadınların seçimini, geyimini özləri müəyyən etməlidir. Bəhailər geyiminə görə, insanlardan seçilmirlər. Çalışırlar ki, geyimdə də ləyaqəti gözləsinlər. Hər bir insan geyimini sərbəst seçir. Kiminsə ona müdaxilə etməyə ixtiyarı yoxdur.

 

-Bəhailiklə bağlı bir kitaba nəzər salmışam, orada cənnət və cəhənnəmə verilən tərif belədir: cənnət kamillik, cəhənnəm isə qeyri-kamillik vəziyyətidir. Yəni, bəhailiyə görə cəhənnəm bizim düşüncələrimizdəki kimi dəhşətli isti, insanların əbədi əzab çəkdiyi, qır qazanları ilə dolu bir yer deyil. Hər şeyə belə mənəvi-fəlsəfi libas geydirməklə dini öz reallığından uzaqlaşdırmırsınız?

 

-Əslində bütün dinlərdə cənnət və cəhənnəm anlayışları bizdəki kimidir. Sadəcə bəziləri öz yanlış interpretasiyalarını veriblər. Allah kainatı bir mərhəmət qüvvəsi ilə idarə edir. Cənnət Allaha yaxınlıqdır, cəhənnəm isə Ondan uzaqlıqdır. Bu, bu dünyada da belədir, o biri dünyada ruhun vəziyyətinə aiddir. Biz o biri dünyanın varlığına maddi olaraq inanmırıq. Belə bir misal çəkim. Biri var ki, qaranlıq mağaranın dibində daş olsan, biri də var ki, sonsuz səmada uçan bir quş. Görün bunların vəziyyəti necə də fərqlidir. Günahkar insanla Allaha yaxın insanın o dünyada vəziyyəti də bu cür fərqlidir.

 

-“Azəri-Türk” Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı mənə müsahibəsində demişdi ki, bəhailərlə vəhabilər 1996-cı ildə Azərbaycana hücum etmişdilər. Ümumiyyətlə ilahiyyatçıları dindirirsən, bəhailik haqqında neqativ bir şey deyir, ictimai-siyasi xadimlər də həmçinin. Bu, düşüncə nədən qaynaqlanır? Vaxtında bəhailər nəsə bir pis əməl edib ki, insanlar belə düşünür?

 

-Bütün bunlar məlumatsızlıqdan irəli gəlir. Cəmiyyətdə bəhailərə belə reaksiya ancaq bilgisizliyin nəticəsidir. İnsan üçün naməlum olan şey həmişə qorxuncdur. Elə insanlar var ki, bizimlə ünsiyyətə girəndən sonra fikrini dəyişir, radikal mövqedən uzaqlaşır. Ya da bizim dostumuz olur. Biz də çalışırıq ki, insanlara məhəbbətlə cavab verək. Heç zaman bizi təhqir edən insana adekvat cavab verməmişik. Bəlkə də bizim səhvimizdir ki, vaxtında məlumatlandırma işləri aparmamışıq. Ən azından ziyalılara məlumat verməli idik. Gedib qapılarını döyməli “baxın biz bəhaiyik, məqsəd və məramımız, kitabımız budur” deməli idik.

 

-Hazırda dünyada nə qədər bəhai var?

 

-Təqribən 7 milyon. Azərbaycanda isə təxminən 1000 nəfərə qədər bəhai var.

 

-Ramazan müəllim, dini inancınız milli kimliyiniz haqqında fikirlərə təsir etmir ki? Özünüzü azərbaycanlı-türk hesab edirsinizmi?

 

-Mən təmiz Azərbaycan türküyəm və bununla da fəxr edirəm. Bəhailik mənim dinimdir, milliyyətim isə Azərbaycan türküdür. İnanc etnik kimlikdən sonra gəlir. İnancım məni azərbaycanlı olmaqdan çıxarmır. Bura mənim ölkəm, vətənimdir. İkincisi, bəşəriyyəti sevmək milləti sevməyə zidd deyil. Millətçilik isə heç kimə fayda gətirmir. Bir bəhai öz millətini və bəşəriyyəti də sevə bilər. Bu sevgi bir-birinə qarşı deyil. Çünki, bu, Allah vergisidir. Bu müxtəlifliyi də elə Allah yaradıb. Ona görə də, bəhailərin prinsipi müxtəliflərin birliyidir. Hamını bir rəngə çevirmək, hamını bir rəngə boyamaq deyil.

 

-Azərbaycanda tanınmış adamlardan – müğənni, siyasətçi - bəhailiyi qəbul edən var?

 

-Belə bir adam mən tanımıram. Biz insanların qəlbinə girmirik. Bizim icma açıqdır. Proqramlarımızda bəhailər və qeyri-bəhailər də iştirak edirlər. Biz hamını dəvət edirik ki, tədbirlərimizdə iştirak etsinlər. Bizim sosial proqramlarımız var. Vətənə xidmət, yaxşı ailə başçısı, yaxşı övlad və yaxşı vətəndaş olmaq istiqamətində maarifləndirici tədbirlər həyata keçiririk. Hətta xüsusi ailələr üçün bizim yay məktəblərimiz də var. Cəmiyyətdə ailə institutları möhkəm olmalıdır. Boşanma nə qədər çox olarsa, cəmiyyətdə deqradasiya bir o qədər dərinləşər. Bizim fəaliyyətimizin bir istiqaməti ailələrin möhkəmlənməsinə xidmət edir. Çalışırıq ki, hamı bizim belə tədbirlərdə iştirak etsin. Bunların heç biri dini dərslər də deyil, sosial proqramlardır.

 

-Bayaq bəhailiyin şəriətindən danışdıq. Bəhai şəriətində cinsi münasibətlərin ehkamla dolu tənzimlənməsi varmı?


-Bəhailikdə nikahdan əvvəl möhkəm ismətlilik, bakirəlik qanunu var. Bu, həm kişilərə, həm də qadınlara aiddir. Qadın və kişi həm intellektual, həm fikri, həm də fiziki baxımdan bir-birinə çox yaxın olmalıdırlar, yəni ailəni dərin sevgi və dostluq əsasında qurmalıdırlar. Bəhaullah təşviq edir ki, qadın və kişi bir-birini yaxşı tanıdıqdan sonra ailə həyatı qursun. Biz çalışırıq ki, bəhai ailələri möhkəm prinsip əsasında qurulsun. Bu, ailənin möhkəmliyində əsas rol valideynlərin üzərinə düşür. Həzrəti Bəhaullah valideynlərin icazəsi olmadan nikah bağlanmasına icazə vermir – istər oğlan, istərsə də qız tərəfi. Valideyn icazə vermirsə, bu nikah bağlana bilməz.

 

-Bəhai kəbini deyilən bir şey də mövcuddur?

 

-Bəli, var. O, cəmisi bir ayədən ibarətdir. Gənclərin dediyi bir sözdən ibarətdir. Evlənən gənclər “Biz Allah naminə bu işi görürük” deyirlər.

 

(Ramazan Əsgərli davam edir). Təkrar edirik, Bəhai dinində bakirəlik qanunu var. Yəni, ailə qurana qədər qız da, oğlan da bakirəliyini saxlamalıdır. Bəhailik tək nikahlılığı buyurur.

 

-Bir bəhai başqa bir dinin nümayəndəsi ilə evlənə bilər?

 

-Bəli. Bəhai, qadın və kişi, irqindən, dinindən, millətindən asılı olmayaraq, hər kəslə ailə qura bilər. Ailə qurmağın yeganə şərti qarşılıqlı məhəbbət və valideynlərin razılığıdır.

 

-Ramazan müəllim, Bəhai icmasının maliyyə qaynaqları hardandır?

 

-Bizim bütün maliyyəmizin mənbəyi bəhailərin könüllü ianələrindən formalaşır. Bu hər bir inananın öz ixtiyarına buraxılmış bir əməldir ki, bunu  hər kəs ancaq öz baxışı və düşüncəsi əsasında yerinə yetirir. Bəhai fonduna ianə vermək yalnız bəhailərə aid olan imtiyazdır və qeyri-bəhailərdən ianə və digər hər hansı formada maliyyə yardımı qəbul edilmir. Dövlət də buraya daxildir. Yəni biz dövlətdən də maddi yardım qəbul etmirik.

 

-Müsahibələrin birində Hüseyn Cavidin bəhai olduğunu demişdiniz. Azərbaycanda başqa hansı dahilər, şairlər bəhai olub?

 

-Dediyimiz kimi, Hüseyn Cavidin bəhai olması elə də qeyri-adi bir məsələ deyil. Din və inanc insanın məşhurluğu ilə ölçülmür. İstər bəhai dininin erkən tarixində, istərsə də sonralar cəmiyyətin savadlı zümrəsi arasında bəhai dini və onun prinsipləri geniş müzakirələr predmeti olub. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bəhailər Azərbaycanda maarifçilik hərəkatında əhəmiyyətli rol oynayıblar. Məktəblər tikdirib, qızları oxudub, nəinki bəhai, hətta müsəlman gənclərin təhsil almaları üçün ianələr veriblər.  Cavidin müəllimi olmuş türk maarifçisi Abdulla Cövdət, Mikayıl Müşfiqin atası Əbdülqədir İsmayılzadə, Əliağa Vahidin müəllimi Əbdülxaliq Yusifzadə, Gəncədən olan şair Əli Şövqi bəhai idilər. Əbdülqədir İsmayılzadə Bakıda yoxsul  uşaqlarına pulsuz dərslər keçirdi.

 

-Bəhailər bu gün nə işlə məşğul olurlar?

 

-Təbii ki, Bəhai icması bu gün də o maarifçilik ənənəsini davam etdirir. Bildiyiniz kimi, bəhailər siyasətə qarışmırlar, onların fəaliyyətləri əsas etibarilə təlim-tərbiyə proqramlarından ibarətdir. Uşaqların və gənclərin potensialının açılması, onlarda möhkəm mənəvi-əxlaqi strukturun yaradılması, insanlığa təmənnasız xidmət hissinin bəslənməsi bu proqramların əsas mövzusudur.  Bəhailər inanclarına görə Allahın bu gün üçün elçisi olan həzrət Bəhaullahın gətirdiyi təlimləri öz həyatlarına və cəmiyyətin yaxşılaşdırılması üçün necə tətbiq oluna biləcəyini öyrənirlər. 

Burda bir məqamı da qeyd etmək istərdim ki, bu il həzrət Bəhaullahın anadan olmasının 200 illik yubileyidir. Bütün dünya bəhailəri bu Mövludu təntənə ilə qeyd edəcəklər. Və biz də həmvətənlərimizi insanlığın bundan sonrakı inkişafına işıq salan təlimlər gətirmiş Həzrət Bəhaullahın Mövludunda bir yerdə sevinməyə dəvət edirik.

 

 Aqşin KƏRİMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!