Modern.az

Tənhalıq yükü ağır olurmuş - Rafiq Əliyev mərhum xanımına 7-ci MƏKTUBU

Tənhalıq yükü ağır olurmuş - Rafiq Əliyev mərhum xanımına 7-ci MƏKTUBU

18 Aprel 2017, 15:03

(esse)


Ömür-gün yoldaşım Aidə Əliyevanın əziz xatirəsinə

(7-ci məktub)

Bu vaxtsız sevginin əcəli yetdi
Buydu qismətimiz ya tez ya da gec.
Hərə öz dərdini apardı getdi
Bəs niyə dərdimiz azalmadı heç?
Ramiz Rövşən

        

Əzizim Aidə, bilmirəm bu dünyanın qəsdi nəymiş, dərdimiz heç azalmadı, sənsizlik dərdim azalmadı, Qarabağ dərdim azalmadı. Bu dərdlər dünyanın özündən də ağır imiş. Səndən ayrı qalmaq və bu ayrılıq yükünü çəkmək çox çətindir, əzizim Aidə. Həsrət yağışı içimdə, həsrət dumanı sənə aparan yollarımda. Səsinə həsrət qalmışam, xoş nəvazişinə həsrət qalmışam. Tənhalıq yükü nə ağır olurmuş.

Gecələr daha çox hiss edirəm bunu. Qaranlıq otaq və dörd divar üzümə vurur tənhalıq rüzgarını. Otaq buz kimi, duyğularım da buza dönüb, özüm də, çünki məni isindirən o baxışların indi yoxdur. Heç bilmədim hardan yol alıb gəldi bu ayrılıq. Niyə məni isindirən, yaşadan o gözləri itirdim. Bu dünyada insanı tənhalıq qədər əzən ikinci bir şey varmı.

Yeməyə otururam, boğazımda ilişib qalan tikənin təkliyidir tənhalıq.

Səfərə çıxıram, arxamca atılmayan su, quru pilləkənlər, budu tənhalıq. Ovucumda əllərinin istiliyinin yoxluğudur tənhalıq. Minlərlə insan içində də tənhayam. Mənim tənhalığımı sonlaşdıran o izdihamlar deyil, sənin nəfəsin, sənin səsin olardı.

Yeganə təsəllim budur ki, səni tez-tez yuxularımda görürəm. Dünən gəlmişdin, dedin ki, çox üzülmüsən, özünə fikir ver, soyuqdur isti geyin. Əllərindən tutmaq istədim, uzaqlaşdın, gedirəm dedin. Su səpdim arxanca ki, qayıdasan. Ayıldım, gördüm ki, arxanca atdığım su gözümdən süzülən damlalar imiş.

Eybi yoxdur, sevgisi son nəfəsilə canından çıxanların qismətidir tənhalıq. Sən sevgini ürəyimdə keşikçi kimi qoyub getmisən. Sənin sevginin qoruduğu ürəyə yad nəfəs yaxın düşə bilməz. İçimdəki bu tənhalıq boşluğunu yalnız sən, o yerin sahibi doldura bilər.

 

Əzizim Aidə, əvvəlki məktublarımda da yazdığım kimi səndən sonra mən heç bir şənlik tədbiri keçirmirəm. Sevimli dostlarım bu günlərdə mənim ad günüm üçün bir yığcam tədbir keçirdilər. O gün səhər sənin məzarın üstünə gəldim. Qızıl gül çələngi gətirmişdim sənə. Bilirsənmi o gün ən böyük hədiyyəm nə oldu. Məzar daşındakı gözlərindən axan damcılar. Qulağıma pıçıltılar gəldi: axı niyə sənin çiyninə bu qədər ağır ayrılıq yükü qoydum.

Bir də hörmətli ağsaqqalımız, layiqli ziyalımız Sadıq Murtuzayevin yüzlərlə şəkillərimiz içərisində sənin və mənim ən çox xoşladığımız qoşa şəkilimiz olan hədiyyəsi.

Sevimli dostum Fərhadın (yadındamı, bizim toyumuzun tar ifaçısı o olmuşdu) hədiyyəsi isə özünün ifa etdiyi “Zəminxarə” (axı o muğamın nisgilli sədaları həmişə məni sənin yanına aparır), bir də sənə ithaf olunmuş “Həkim qız” şərqisi oldu.

O şəkil, bir də nəvələrinin hədiyyə etdiyi boşqab üzərində həkk olunmuş həmin qoşa şəkilimiz hər bir otağımızın divarından asılıb. Öncə sənə yazmışdım ki, o şəkilin başqa bir böyüdülmüş forması qapısını 6 ildir aça bilmədiyim sənin otağının divarından asılıb.

Əzizim Aidə, gözlərinə, sözlərinə, nəvazişinə həsrət qalandan yoxa çıxdı səadətim, çiyinlərmə ağır tənhalıq yükü düşdü.

Bu tənhalığın sonu sənə qovuşana qədərdir.

Hələlik isə gücüm bir məzarın üstündə solmağa qoymadığım güllərə çatır, bir də dualara. Bir də ona çatır ki, hər yazdığım yeni kitabı sənin solmaz, sönməz xatirənə həsr edirəm, indicə sonladığım və ABŞ-da cap olunan “Qeyri-müəyyənlık hesabı” kitabı kimi. Görən bu yeni hesab çiynimdəki tənhalıq yükünün nə qədər olduğunu hesablaya bilərmi. Düşünmürəm əzizim, bu qeyri-müəyyən dünyanın hesab kitabı yalnız Tanrı tərəfindən yazılıb.

Görüşənədək

Sənin Rafiqin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi