Modern.az

Ucqar kəndin gənc müəllimi: Beş bacının bir qardaşı niyə uzaq iş yerini seçdi... - FOTOLAR

Ucqar kəndin gənc müəllimi: Beş bacının bir qardaşı niyə uzaq iş yerini seçdi... - FOTOLAR

Hadisə

18 Aprel 2017, 15:49

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

 

Budəfəki müsahibimiz Ağsu rayon Qaraqoyunlu  kənd məktəbinin fiziki tərbiyə müəllimi Nuray Mehrəliyevdi.  

Layihəmizdə başqa fənlərdən fərqli, fiziki tərbiyə müəlliminin  olmaması yəqin, sizin də diqqətinizi çəkib. Bu gün ucqar kənd məktəblərində ən çox ehtiyac duyulan kadrlardan biri də peşəkar fiziki tərbiyə müəllimləridir. İstər paytaxt, istərsə də bölgələrdə biz bəzən, bu fənnə “idman” deyərək, yalnız uşaqların top arxasınca qaçması kimi bilmişik. Təbii ki, elə deyil. Fiziki tərbiyə hər bir orta məktəbdə çox vacib olan sahədir. Bu fənn nəzəri və praktik cəhətdən düzgün tədris olunsa, öz effektini çox gözlətməz. Zehni inkişafdan tutmuş, fiziki güc və psixoloji müvazimata qədər hər şey bu fənnin sayəsində gerçəkləşə bilər.

Çox uzatmayıb, ucqar kənddə bu fənni tədris edən  Nuray müəllimi dinləyək: 

-Mən Mehrəliyev Nuray Nuğay oğlu 1991-ci ildə Ağsu rayonunun Hinqar kəndində dünyaya gəlmişəm. Ailəm ziyalılardan ibarətdir: atam rayonun tanınmış kimya müəllimidir. Mən özüm də onun sənətinə olan sevgisini görüb, müəllimliyi seçmişəm. Anam Mehrəliyeva Sudabə, bacım Mehrəliyeva Gülşən ibtidai sinif müəlliməsi işləyirlər. Atam həkim olmağımı çox istəyirdi. Lakin uşaqlıq arzum olan müəllimlik məni hər gün özünə daha da cəlb edirdi. Bu gün o arzum reallaşıb.

2009-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş fakültəsinə qəbul olundum. 2014-cü ildə Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu imtahanlarından uğurla keçərək Ağsu kənd Dilman orta məktəbində işləməyə başladım. Hər bir gənc müəllim kimi ilk dərs gününün həyəcan və məsuliyyəti çox böyük oldu. Hələ də o həyəcanı xatırlayıram. Mən valideynlərimə baxaraq, müəllimliyin sirlərini, uşaqlarla necə davranmağı, şagird psixologiyasına bələdləndiyim üçün onlarla tanışlıq və ünsiyyət çox da çətin olmadı.


Nuray müəllim hazırda Ağsunun ucqar Qaraqoyunlu kəndində çalışır. Lakin onun ilk iş yeri qonşu Dilman kəndi olub. Dilman, onun insanları və məktəbini heç zaman unutmur. Odur ki, indiki çalışdığı məktəbdən öncə o kəndə xəyali səfər edir. Müəllimliyin birinci gününü xatırlayır:


-Dilman ucqar dağ kəndidir. İşləməyə getməzdən əvvəl ora haqqında bildiyim tək şey kəndin ərazisindəki şəlalənin, gur bulaqların olması idi. Dilman kəndi haqqında kitablarda oxumuşdum. Oranı görməyi çox istəyirdim və tale elə gətirdi ki, Dilman  müəllimliklə bağlı ilk xatirələrimin məskəni oldu. Məktəbinə isə söz ola bilməz. Elə mən ora qəbul olunduğum il tikilib istifadəyə verilmişdi. Müasir məktəb binası, savadlı uşaqlar... Bir sözlə, gənc müəllim üçün hər şərait var idi.

İlk dərsim 8-ci sinif şagirdlərinə oldu. İlk dərs günü, yeni istifadəyə verilən məktəb binası, yeni müəllim-bunların hamısı uşaqlarda sevinc yaratmışdı və məni də öncə o sevincin özü  qarşıladı. Uşaqlarla ətraflı tanışlıqdan sonra onların hansı sənət-peşə sahibi olacaqları, uşaqlıq arzuları ilə maraqlandım. Əksəriyyəti müəllim olmaq istədiklərini dedilər. Bu tanışlıq zamanı diqqətimi çəkən uşaqlardan birinin beyin cərrahı olmaq arzusu idi. Həmin şagird istəyini bildirəndə uşaqlarda haradasa “gülüş” yarandı, amma insanların hər zaman əlçatmaz arzularla yaşamalı olduğunu onlara dedim. Maraqlı söhbətimizi zəngin səsi kəsdi. Mən həqiqətən, çox xoşbəxt idim. Çünki uşaqlıq arzum bu gün gerçəkləşmişdi. Sinifə girib ilk dərsimi uğurla keçmişdim.

İlk dərs günlərində məktəbə, kollektivə, “müəllim” müraciətlərinə uyğunlaşmaq, hər uşağın fərqli dünyası, arzusu ilə tanışlıq çox zövqverici idi. Amma həmin ilk günlərin maraqlı xatirələri də çox olurdu. Şagirdlərin əvvəllər müasir məktəb binaları olmadıqları üçün idman haqqında çox az məlumatları vardı. Hətta idman topundan qorxan şagirdlərimiz də olurdu.

Məktəbə, müəllimlik peşəsinə vurğunluq öz yerində,  amma kəndin özü qonağını yaxşı qarşılamalıdır. Özünün təbiəti, saflığı və insanları ilə... Müsahib ilk günlərdə bundan da narazı qalmayıb. Deyir, Təhsil şöbəsi sağ olsun, düz məktəbin yanında onu evlə təmin etmişdi:

 

– Təhsil şöbəsinin diqqət və qayğısı ilk günlərdən hiss edilirdi. Məktəbə yaxın yerdə evlə təmin edildim- kənd yeri üçün şəraitli ev idi. Amma günümün çox hissəsi evdə deyil, məktəbdə keçirdi. Çünki idman müəllimi olmağıma baxmayaraq, incəsənətə marağım çox böyük olub. Dərsdən sonra uşaqlarla məktəbin müxtəlif tədbirlərinə hazırlıq keçirdik. Kənd camaatı da çox mehriban və qayğıkeş insanlardı. Demək olar, hər kəs ilk günlərdə mənimlə maraqlanırdı.

Gözəl danışdı. İstər təhsildən, istərsə də o təhsilin tətbiq olunduğu kənddən. Amma gəlin, bəzi sosial, eləcə də təhsillə bağlı problemləri də müəllimdən soruşaq. Görək, gənc kadr kimi o, əsas problem olaraq nəyi görür:

 

-Ucqar dağ kəndlərindəki əsas problem qızların təhsildən yayındırılması, erkən yaşda ailə qurmalarıdır. İşlədiyim kənddə də eyni problem yaşanmaqda idi. Valideyn iclaslarında dəfələrlə bu məsələlər  haqqında ətraflı söhbətlər, maarifləndirmə tədbirləri keçirmişdik. Məktəbyaşlı insanın ailə məsuliyyətini dərk etmədiyini, şagirdlərin, xüsusilə də qız uşaqlarının təhsil almasının vacibliyini bu iclaslarda hər zaman vurğulamışıq.


Gənc müsahib hazırda Dilman yox, qonşu Qaraqoyunlu kəndində çalışır. Elə o kəndə də dövlət imtanahını qazandıqdan sonra təyinat alıb. Görək, rayon mərkəzindən çox uzaqda olan bu iki yaşayış məskənində şəxsən özü nə kimi sosial problemlərlə üzləşib? Məsələn, maaşın azlığı onun qarşısını hansı məqamlarda kəsib?

- Elə bir çətinliyim yoxdu. Sadəcə, rayon mərkəzindən çox uzaqda olan məktəbdə işləmək nə qədər asan görünsə də, bir o qədər də çətindi. Kəndin qış ayları hədsiz sərt olur. Ucqar kənd olmasına baxmayaraq, Dilman fasiləsiz qazla təmin edilir. Bu səbəbdən, istiliklə bağlı ciddi problemimiz olmadı.  Mən orada iki il çalışdım. Sonradan, ailə vəziyyətimlə əlaqədar, 2016-cı ildə yenidən imtahan verərək, Ağsu rayonu Qaraqoyunlu kənd orta məktəbinə işə qəbul olundum. Müəllimlərin yüksək əmək haqqı almadıqlarını əvvəldən bildiyim üçün heç zaman maddiyyatı düşünməmişəm. İmtahanla qəbul olunduğum üçün, həmçinin, rayon mərkəzindən uzaqdakı məktəbdə çalışdığıma görə maaşa müəyyən əlavələr edilir. Az da olsa, kənd yerlərində yaşamaq üçün kifayət edir.

-Nuray müəllim, iki ucqar kənddə çalışmısınız. Təcürübəniz ikiqat çoxdu. Ucqar məktəblərdə şagirdlərdin təhsilə marağını azaldan  əsas amillər hansılardı?

-İşlədiyim hər iki kənd məktəbində şagirdlərin dərsə hədsiz marağını gördüm. Onlar hər gün nəsə öyrənməyə çalışdırdılar. Təbii ki, problemlər hər zaman olub və olacaq da. Problemsiz yerdə inkişaf olmaz. Amma bu gün məktəblərimiz müasir, gənc, savadlı kadrlar baxımından çox inkişaf edib.

-Nə deyirik ki, lap yaxşı, təki elə olsun. Yaxşı, madam ki elədir, gəlin, yenidən siz müəllimlərə qayıdaq. Bölgələrdə müəllimlər üçü vahid forma biz bilən, yoxdur. Onun  tətbiqini istəyərdiniz?

-Məktəblərdə vahid forma tələb edilmir. Amma mən bunun tərəfdarıyam. Müəllim müəllim kimi geyinməlidir. Bəzən, geyim məsələsində hədlər aşılır və bu, uşaqların diqqətini dərsdən yayındırır. Bu səbəbdən, vahid müəllim forması tətbiq edilsə, çox gözəl olar. Müəllim olaraq, hər şeydən əvvəl vətənimizi, cəmiyyətimizi, gələcəyimiz olan şagirdlər üçün məsuliyyət daşıdığımızı unutmamalıyıq. Şəxsən, mən gənc müəllim olaraq hər gün nəsə öyrətməyə çalışıram. İşlədiyimiz hər iki məktəbdə Təhsil şöbəsi və müdiriyyət tərəfindən fəxri fərmanla təltif olunmuşam. Bu, insanı daha da ruhlandırır.  

-Sizin tədris etdiyiniz fənnə şagirdlərin münasibəti necədir?

-Ümumiyyətlə, uşaqlar həmişə idman dərslərinə xüsusi sevgi ilə yanaşıblar. Bu gün də elədir. Yetər ki, onların bu sevgisindən düzgün istifadə edib, uğur qazanacaqları sahəyə yönəldəsən və idmana olan sevgilərinə sevgi qatasan.  Hər il davamlı idman yarışları təşkil etməklə  şagirdlərin həm əqli, həm də fiziki inkişafını sürətləndirməyə çalışdım. Uğur qazanan şagirdləri mükafatlandırmaqla idman dərslərinə həm maraq, həm də məsuliyyətlə yanaşmalarını təmin edə bilmişəm.

 


-Müəllim, inciməyin, amma mən bunu deməyə məcburam: istər şəhərdə, istər bölgələrdə idman, fiziki tərbiyə fənninə çox zaman qeyri-ciddi münasibət göstərilib. Onu bir fənn kimi ciddiyə almayıblar. Belə münasibəti alt-üst etmək üçün nə etmək lazımdır?

 

-Düzdü, cəmiyyətdə “fiziki tərbiyə müəllimləri qolu güclü və savadsızdı”, deyə düşünənlər var. Bacardığım qədər, bu fikirlərin hər kəsə aid olmadığını sübut etməyə çalışıram. Şagirdlərimin rayondaxili və ondan xaric yarışlarda qazandığı uğurları görən istənilən insan işimdəki məsuliyyətə şübhə etməz. Kurrikulum sistemi bizə fiziki tərbiyə dərslərini maraqlı etməyə köməklik göstərir. Özüm iki il sərbəst güləşlə məşğul olmuşam. Müxtəlif nəticələrim də var. Lakin sol ayağımdan ağır zədə aldığım üçün ixtisasımı dəyişərək, voleybolu seçdim. Bu idman növü üzrə birinci dərəcəli hakim adına layiq görüldüm. Heç təsadüfi deyil ki, Ağsu raon Qaraqoyunlu kənd orta məktəbinin “Turan” voleybol komandası rayon birinciliyini qazanaraq, kuboku məktəbimizə gətirdi.

-Fiziki tərbiyə dərslərini daha da maraqlı etmək üçün hansı metodlardan yararlanırsınız?

-Dərsləri müasir üsulların tətbiqini həyata keçirməklə həm nəzəri, həm də praktiki metodlarla keçməyə çalışıram. Bildiyiniz kimi, kurrikulim olan  siniflərdə fiziki tərbiyə dərsləri həm də əyani vəsaitlərlə keçirilir. Bu bizə uşaqları daha mükəmməl öyrətməyə imkan verir. Uşaqlar başqa fənlər kimi, fiziki tərbiyə nəzəriyyəsini də kitabdan oxuyur və hərəsi ayrıca qeyd dəftərləri tuturlar. Summativ qiymətləndirmədə həm nəzəri, həm də praktiki qiymətləri nəzərə alaraq, şagirdləri qiymətləndiririk.

 

HAŞİYƏ-1-

Valideynlərim tez-tez ərzaq göndərirlər. Biz ailədə beş bacı və mən - altı övlad olmuşuq. Atam bizi müəllim qazancı ilə saxlayıb. Bu, mənim hər zaman qürur mənbəyimdi. Ailəni bu pulla dolandırmaq heç də asan deyil. Bacılarım yaşca məndən böyük olduqları üçün istəsəm də, istməsəm də demək olar, bütün ev işlərini mənə öyrədiblər. Odur ki, mənim üçün yemək bişirmək, ev işlərini görmək heç də çətin deyil. Hələ ki subayam, öz tələbatlarımı özüm qarşılamaq məcburiyyətindəyəm.  Başda rəhbərlik olmaqla,  müəllim yoldaşlar hər zaman mənimlə maraqlanar, nə kömək lazım olub-olmadığını soruşarlar.


Haşiyə -2- Yaxud, son söz əvəzi

“Uşaqlarla dərs keçirdik. Qəfildən voleybol topu üzümə möhkəm dəydi və  ciddi zədə aldım. İndiyədək o zədənin xatirəsi məndə qalmaqdadır.

Sinif rəhbəri olduğum 5-ci sinif şagirdləri Yeni illə bağlı məndən xəbərsiz şirniyyat süfrəsi hazırlamışdılar. Özlərini böyüklər kimi aparıb nələrisə hazırlamaları, təşəbbüs göstərmələri, birlik göstəricisi olan davranışları  çox zövqvericidir. Onları sözlə təsvir etmək belə, çətindi.

Bu gün də məndə qalan iki xatirəni bölüşdüm: Biri acı, biri şirin.... Amma sevdiyim məktəblə, işlə, şagirdlərlə bağlı olduqları üçün onların hər ikisi mənə doğmadır.
Lap o sifətimə zərblə dəyən top da...

 

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir