Modern.az

Üzümüzdə qırışan arzular...

Üzümüzdə qırışan arzular...

19 Aprel 2017, 09:03

Qatil!

 “İnsan özünə qatil ola bilməz, əgər o intihar etməyibsə” - deyilsə, sən qulaq seyvanını bağla. Yaxud da digər qulaq seyvanını aç və elə anındaca eşitdiklərini səpələ ayaqların altına. Sonra yerə çırpılanları yaxşıca tapdala, əz, şil-şüt elə və keç üzərindən. İnan ki, bu da azdır! İnsan özünə qatil ola bilməzmi, dediniz?!

Bəs qurumuş dodağı kəsən çatlarda gizlənmiş arzular? Onları o gözəgörünməzə sıxışdıran qatil ən böyük qatil deyilmi? Onun qatillik dərəcəsi hansı arşınla ölçüyə gələ bilər ki?

Qaşlararası o körpü var ha, bax bəs onun altında dayanan arzular? Qaşları cübbələyən o dərin xətt ki var, ona nə deyirsiniz? Onlar da mı başqalarının çəkdiyi yollardır? Yox. Bu stansiyaya gələnlər sonradan gedəcək olanlardı.

 Elə də oldu.

Gəldilər də, gəldikləri kimi getdilər də.

 Gedənlərsə bir daha dönməyəcəklərdi.

Dönmədilər də.

Pas atmış dəmir relslər dolanbac yollarla üzündə nələr çizmədi ki! Gözlərinə çilənən yaşların kirpiklərində asılı qalmasına səbəb sənsən. Yanağını döyəcləyən damlaların qurumaması ürəyinin hələ də yanması deyilmi? Demək ki, buna da səbəb sənsən, sən.

Sən qatilsən! Marionetka həyatı sürənlər, yalnız qatillərdir! O qatillər ki, istəkləri dalana ilişib və başqa küçəyə keçməyə ümidi yoxdur. Bu zaman geriyə baxma. Çünki, etməli olduqlarını etməməklə əvəzləyən bir insanı görməyə cəsarətin çatmaz. Cəsarətin səsin batıncaya qədər qışqırmağa çatar ancaq. Bəs bu, nəyi dəyişə bilər ki?! O səsin var və yox olması arasındakı fərq, səs tellərinin titrəməsi deyil, sadəcə hökmləri icra edərkən ehmalca xəfif səslə razılığını bildirməyindi.

Ürəyində yanan arzuların bacaya çıxmayan tüstüsü səni boğar. Qırtlağının sıxılması ürəyinin sıxılması varkən bir məna kəsb eləməz daha. Beləcə, hər aldığın nəfəs cavabında qaytara bilmədiyin arzular ki var, onlar düyünlənər nəfəs tellərinə. Elə düyünlənər ki, o bağı heç kəs aça bilməz. Məyərsə, indi titrəyən qırtlağın yox, can verən arzularının iniltisi olar, naləsi olar. Daha ağrıların danışar sənin yerinə; dodağını kəsən çatlar və üzündə qırışan arzular fonunda...


Azadə Bayramova

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi