Modern.az

Azad İqtisadi Zona yaradılır – Rusiya, Çin və ərəb ölkələri ilə danışıqlar aparılır

Azad İqtisadi Zona yaradılır – Rusiya, Çin və ərəb ölkələri ilə danışıqlar aparılır

19 Aprel 2017, 12:18

Azərbaycan prezidenti İlham Əliyev 2007-ci il martın 6-da “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” fərman imzalayıb.

Yeni Azad İqtisadi Zonanın isə Ələt qəsəbəsində inşa olunan Bakı limanı ətrafında tikilməsi nəzərdə tutulur.

 

Bununla bağlı hansı işlər görülür?

 

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Modern.az-a açıqlama verib.

 

Komitə sədri bildirib ki, Ələtdə Azad İqtisadi Zonanın yaradılması heç də təsadüfi deyil.

 

“Azərbaycanın bu günkü inkişafı, ölkədə aparılan islahat, əldə etdiyimiz uğurlar imkan verir ki, biz öz potensialımızdan daha səmərəli istifadə edək.

 

İqtisadiyyatın və qeyri-neft sektorunun inkişafını təmin edən əsas amillərdən biri də Azad İqtisadi Zonaların yaradılmasıdır. Belə zonaların yaradılması Azərbaycanın əlverişli coğrafi və nəqliyyat mövqeyinin üstünlüklərindən istifadə etməklə xarici iqtisadi əlaqələrin daha da genişləndirilməsinə təkan verəcək”.

 

Z.Səmədzadə deyib ki, Azad İqtisadi Zonaların yaradılması bir sıra xüsusiyyətlərlə fərqlənir.

 

“Azərbaycanda Azad İqtisadi Zonaların yaradılması ötən əsrin 90-cı illərində irəli atılıb. Ancaq yaranmış şərait, iqtisadiyyatın getdikcə tənəzzülə uğraması bu layihənin həyata keçirilməsinə mane olmuşdu. Amma 2007-ci il martın 6-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” fərman imzalayıb.

 

Bu fərmanda göstərilib ki, Nazirlər Kabineti “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” qanun hazırlamalıdır. Bu qanun layihəsi hazırlanarkən iqtisadi zonalara hansı güzəştlər edilməli, imtiyazların verilməsi, gömrükdən azad olunması məsələləri ortaya qoyuldu. Bundan sonra biz “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” qanun qəbul etdik. Bu qanun dünya təcrübəsinə əsaslanaraq hazırlanıb”.

 

Deputat qeyd edib ki, Azərbaycanda Azad iqtisadi zonaların yaradılması zamanın tələbidir.

 

“Azad İqtisadi Zonaların yaradılması dövlətin dünya iqtisadiyyatına inteqrasiyası, qlobal əmək bölgüsündə daha fəal iştirakı üçün geniş perspektivlər açır. İnkişafın yeni mərhələsində artımın sabit yüksək sürətini saxlamaq çox vacibdir. Və bu, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. İnanırıq ki, Azad İqtisadi Zonaların yaradılması iqtisadiyyatımızın strukturca yenilənməsinə əhəmiyyətli dərəcədə köməklik edəcək. O cümlədən qeyri-neft sektorunun inkişafına, habelə xarici ticarət əlaqələrinin genişlənməsinə, respublikanın rəqabət qabiliyyəti səviyyəsinin yüksəlməsinə, onun Dünya Ticarət Təşkilatına daxil olması üçün hazırlığına və digər məsələlərin həllinə təkan verəcək.

 

Z.Səmədzadə Azad İqtisadi Zonaların yaradılmasının olduqca mürəkkəb, bir neçə mərhələdən ibarət proses olduğunu diqqətə çatdırıb.

 

“İlkin mərhələdə ixtisaslı ekspertlərin iştirakı ilə zonanın yaradılmasının məqsədə uyğunluğu diqqətlə araşdırılıb. Daha sonra onun sahə strukturu, habelə bir sıra digər parametrləri müəyyən edilib. Bu nəticələrə əsasən, Azad İqtisadi Zonaların layihələşdirilməsi və rəsmiləşdirilməsi üçün müvafiq sənədlər hazırlanıb. Hazırda Ələtdə Azad İqtisadi Zonaların yaradılması üçün çox böyük işlər görülür”.

 

Komitə sədri qeyd edib ki, Ələtdə Azad İqtisadi Zonalara qonşu ölkələrin investorlarını cəlb etməklə həmçinin böyük emal müəssisələri yaradılacaq.

 

“Artıq bununla bağlı ərəb ölkələri, Rusiya, Çinlə danışıqlar aparılır. Yaxın zamanlarda isə Ələtdə Azad İqtisadi Zonalar yaradılacaq. Bununla da Qaradağ rayonu böyük sənaye şəhərciyinə çevriləcək”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu