Modern.az

Xaricdəki tələbəmiz: “Yaponiyada yeni məzunlardan Azərbaycandakı kimi iş təcrübəsi tələb olunmur” - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz: “Yaponiyada yeni məzunlardan Azərbaycandakı kimi iş təcrübəsi tələb olunmur” - MÜSAHİBƏ

Təhsil

19 Aprel 2017, 14:08

Heç kimə sirr deyil ki, Yaponiyanın təhsil sistemi Amerika və Avropadakı bir çox nüfuzlu universitetləri kölgədə qoymağı bacarır. Bu və digər səbəblərdən  günümüzdə Yaponiya təhsilinə meyl artmaqdadır. Biz də Yaponiyada təhsil almaq istəyən gənclərə faydalı olsun deyə, həmçinin “digər səbəblər” dediyimiz məqamları aydınlaşdırmaq üçün növbəti müsahibimizi bu ölkəyə bələd olan soydaşımızı seçdik.  

Beləliklə, Modern.az saytı xaricdə təhsil alan azərbaycanlı tələbələrlə silsilə müsahibələrdən daha birini təqdim edir. Yaponiyada magistr təhsilini yenicə bitirmiş Məhəmməd Əliyevlə söhbətimizdə bir sıra məqamlardan bəhs etmişik.

-İkinci magistr təhsilin üçünYaponiyanı seçməyinizin ən böyük səbəbi nələrdir?

-Ən birinci səbəbim Yaponiyanın  təhsil alacağım ixtisas ( İnnovasiya və dəyişikliklər idarəçiliyi) üzrə dünyada lider olmağı idi. Başqa səbəblər də göstərə bilərəm. Məsələn, bundan əvvəlki təhsilimi Avropada aldığım üçün yenilik axtarışındaydım. Həm dəYaponiya mədəniyyəti ilə də uzun zaman idi ki, maraqlanırdım. Uzun araşdırmalarımın və əziyyətimin nəticəsindəYaponiyanın ən güclü üç universitetindən biri olan- Osaka Dövlət Universitetinə daxil oldum.

-Yaponiyada magistr təhsili almaq üçün əsas göstəricilər necə olmalıdır?

-Şərtlər universitetlərə görə dəyişə bilər. Ancaq bir şeyi qeyd eliyim ki, müəyyən səviyyədə yapon dili şərtdir. Məndən tələb olunanları ümumiləşdirib belə qeyd eliyə bilərəm.

1) IELTS 7-nin üzəri

2) Yapon dili səviyyəsi

3) GMAT 600-ün üzəri

4) Bundan əvvəlki universitet bal ortalaması 10 üzərindən 8+



-Bizə təhsiliniz üçün verdiyiniz müsahibədən danışın. Müsahibə necə keçdi? Sizi ən çox hansı sual çətinə saldı?

-Müsahibə zamanı əsasən tələbənin motivasiyasını öyrənmək istəyirlər. Bu istiqamətdə suallar verilir. Ümumən, demək olar ki, hər təhsil proqramında olan suallarla başlayırlar. “Niyə Yaponiya?”, “Niyə filan ixtisasda təhsil almaq istəyirsən?”, “Yaponiyanın filan universitetini, şəhərini seçməkdə səbəbin?”  Daha sonra ixtisasla bağlı biliyini yoxlayırlar. Suallar standart, sadə görünə bilər.  Əsas verəcəyin cavabın dolğun və inandırıcı olmağıdır. Müsahibə həm yaponca, həm də ingilis dilində olur. Mənə verilən suallardan biri belə idi: “Yaponiya təhsil sistemi Avropa təhsil sistemindən olduqca fərqlidir. Bu fərqliliyə hazırsanmı?” bu suala verəcəyin cavabdan artıq sənin Yaponiya haqqında məlumatlılığını ölçmək mümkündür. Buna görə də bu suala ciddi hazırlaşmaq lazımdır.

-Yaponiyanın təhsilində ən güclü tərəflər sizcə, nələrdir?

-Yaponiya təhsilinin ən güclü tərəfi sistemli olmağıdır. Həmçinin öyrəndiyin hər nə varsa elə yerindəcə praktikada tətbiq edilir. Bundan əlavə, öyrənəcəyin sahə ilə əlaqədar bir çox proyektlər həyata keçirilir. Və bir də çox oxumaq təbii ki.

-Yaponiya və Azərbaycandakı təhsil sistemi arasındakı ən əsas fərqlər nələrdir?

-Yaponiya təhsil sistemi oxumayan tələbənin mövcudluğuna imkan vermir. Bundan başqa, iqtisadi mühitin və texnologiyanın sərhədsiz imkanları yapon təhsilini daha da güclü edir. Burada böyük şirkətlər belə, təcrübəsiz tələbələr üçün iş imkanı yaradırlar. Çünki bilirlər ki, bu tələbə onsuz da universitetdə öyrəndiyi nəzəriyyəni çoxdan elə universitetin layihələrində tətbiq edib. Həm də universitetlərin özü də tələbələrə iş tapmaqda kömək edir.

-Yaponiyada həyat şəraiti çox bahalıdır. Xərclərinizi necə ödəyirdiniz? Aldığınız təqaüd kifayət edirdimi?

-Onu qeyd edim ki, bu ölkədə təqaüd almaq asan deyil.  Universitetlər xarici tələbələrə təqaüd vermir. Təqaüdü ancaq dövlət özü müəyyən proqramlar əsasında verə bilər. Aldığım təqaüd xərclərimi qarşılayırdı. Yaponiyada həyat çox bahalıdır, yəni yataqxana,  ev xərcləri ilə bərabər təxminən 2000 avro aylıq xərc olur. Yəni getməzdən əvvəl hər bir tələbə bunu nəzərə almalıdır.



-Tələbələrin işləmək imkanı varmı? Varsa harada və necə?


-Yapon dili səviyyəsi yaxşıdırsa, iş imkanı var. Tələbə öz ixtisasına uyğun iş tapa bilər.

-Yaponiya sizdə nələri dəyişdi? Bu ölkənin fərqliyi və qəribəlikləri haqqında nə deyə bilərsiniz?

-Çox şeyi dəyişdi Yaponiya həyatımda. Əsas da professional prioritetlərimi müəyyənləşdirməyə və onları reallaşdırmağa başlamağa yardımcı oldu. İdeal cəmiyyətin mövcudluğunun mümkünlüyünü öyrəndim. İxtisasında peşəkar olmaq nədir, onun şahidi oldum yapon cəmiyyətində.

-Sonda əlavə etmək istədikləriniz…


-Yaponiya dedikdə ağlınıza, ancaq çətin təhsil, iş sistemi və konservativ cəmiyyət gəlməsin.Bu ölkə gözəlliklər və əyləncələrlə doludur. Və Yaponiya təhsilinin qazandırdığı  peşəkarlıq qarşısında o əziyyətə dözməyə dəyər. İlk zamanlar mühitə öyrəşmək də çətinlik çəkirdim. Hətta geri qayıtmağı belə düşündüyüm olub. Ancaq indi yaxşı ki, belə düşünməyə davam etməmişəm. Hal-hazırda Yaponiyada işləmək və həyatıma burada davam etmək istəyirəm. Bilirəm, çox insana burada təhsil imkanı qazanmaq çox çətin və bəlkə də əlçatmaz görünür. Amma inanın, heç də elə deyil. Burada təhsil alanlar heç də qeyri-adi insanlar deyillər. Sadəcə məqsəd qoyublar və çox çalışıblar bu qədər. Əldə edə bilməcəyimiz heç nə yoxdur əslində. Sadəcə tənbəl olmayaq. Müsahibə üçün də təşəkkür edirəm. Uğurlar hər kəsə!.




Ülviyyə Alıxanova

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür