Modern.az

Sabiq deputatlar: onlardan nə xəbər var..? (II yazı)

Sabiq deputatlar: onlardan nə xəbər var..? (II yazı)

18 Aprel 2011, 17:02

Dördüncü çağırış Milli Məclisin fəaliyyətə başlamasından artıq 5 ay keçir. Son parlament seçkisindən sonra deputat mandatı ilə vidalaşan sabiq millət vəkilləri – üçüncü çağırış Milli Məclisin üzvləri olmuş şəxslər indi hansı işlə məşğuldurlar?
Modern.az saytının əməkdaşı 2005-2010-cu illərdə deputat olmuş sabiqləri arayıb-axtarıb, hal-əhval tutub.

“Azərbaycanda vaxtı ilə seçilən sahibklarlardan biri olmuşam”

Milli Məclisin İqtisadi siyasət komitəsinin sabiq üzvü Nazim Məmmədov bildirib ki, o, deputat fəaliyyətini başa vurduqdan sonra hər hansı bir dövlət orqanında, qeyri-hökumət təşkilatlarında işləmir: “Mən heç bir dövlət işində və QHT-də çalışmıram. Deputat seçilənə qədər də mən belə demək olsa, hər hansı bizneslə məşğul deyildim. Sadəcə olaraq, yenə qeyd edim ki, məni böyük bir biznes adamı kimi təqdim edirdilər. Azərbaycanda vaxtı ilə fəaliyyət göstərən sahibkarlardan biri olmuşam. İndi hal-hazırda bir neçə QHT-yə dəstək oluram. Hələlik heç bir dövlət işində və digər işlərdə çalışmıram”.

Sabiq millət vəkili bildirib ki, o, deputat fəaliyyətini başa vurduqdan sonra yenə də insanlara xidmət etməkdən şərəf duyur: “Deputat fəaliyyətimi başa vurduqdan sonra da həmin işlərlə məşğulam. Bir tək deputat statusum olmadan mən öz işlərimi davam etdirirəm. Qeyd edim ki, daha çox ictimaiyyəti maraqlandıran, iqtisadi vəziyyətlərlə bağlı müxtəlif KİV orqanlarına müsahibə və şərh verməklə məşğulam. Hesab edirəm ki, bununla ölkəmizə, daha çox fayda vermiş olaram”-deyə N.Məmmədov qeyd edib.

Parlamentin iclaslarını mütəmadi izlədiyini deyən eks-deputat keçmiş həmkarları ilə də əlaqə saxladığını bildirib:

“Keçmiş həmkarlarımla Gültəkin Hacıbəyli, İlyas İsmayılovla mütəmadi olaraq əlaqə saxlayıram. Bundan başqa, bir neçə dəfə Cəmil Həsənli ilə əlaqə saxlamışam. Ümumiyyətlə, tədbirlərdə, mərasimlərdə daha çox imkan yaranır ki, biz görüşək. Onlardan başqa, Rövşən Rzayev, Ülvi Quliyev, Adil Əliyev və digərləri ilə də müəyyən işlərlə bağlı əlaqə saxlayırıq”.

“İşim çoxdur, lap çox...”

III çağırış Milli Məclisdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil edən eks-deputat Baba Tağıyevlə əlaqə saxlayaraq onun hazırda harada və nə işlə məşğul olduğunu öyrənməyə çalışdıq. Baba müəllim dedi ki, ciddi işlərlə məşğuldur. Sabiq millət vəkili boş vaxtının çox az olduğunu vurğuladı.
Millət vəkili olanadək “Tağıyev” Şirkətlər Qrupunun təsisçisi olan Baba Tağıyev deputatlıq fəaliyyətini başa vurduqdan sonra ictimai fəaliyyətini genişləndirib. O, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü olan 17 nəfərdən biridir. 
B.Tağıyev deyir ki, o, həm də “İrəli, Azərbaycan” İctimai Birliyinin sədri kimi də ictimai fəaliyyətlə məşğuldur. 
Qeyd etdiyimiz kimi “Tağıyev” Şirkətlər Qrupunun "Avropa qapıları" biznes şəbəkəsi də var.

"Nə bizneslə, nə də digər işlərlə məşğulam”

Keçmiş millət vəkili, üçüncü çağırış Milli Məclisdə 80 saylı İmişli-Beyləqan seçki dairəsini təmsil etmiş Əhəd Əhmədov sualımıza cavabında bildirib ki, o, hazırda heç bir yerdə işləmir.
“Qeyd edim ki, heç bir yerdə işləmirəm. Nə bizneslə, nə də digər işlərlə məşğulam”-deyə qeyd edən Ə.Əhmədov vurğulayıb ki, deputat mandatını itirdikdən sonra ona heç bir iş təklifi edilməyib.
Eks-deputat dördüncü çağırış parlamentin fəaliyyətini izlədiyini və onun işini normal qiymətləndirdiyini bildirib.
Bununla yanaşı, müsahibimiz keçmiş həmkarları ilə də əlaqə saxladığını deyib.

“Ümid edirəm ki, mənə iş təklifi edəcəklər”

Son seçkidə namizədliyini 67 saylı Cəlilabad şəhər seçki dairəsindən müstəqil olaraq irəli sürən, sonradan geri çəkilən eks-deputat Aydın Həsənov digər sabiqlər kimi parlamentdəki fəaliyyətini başa vurduqdan sonra heç yerdə işləmir: “Uzun illər aktiv fəaliyyətdə olmuşam, odur ki, hazırda daha çox ailəmlə, yaxınlarımla vaxtımı keçirirəm, onların qayğıları ilə maraqlanıram, dincəlirəm”.
Amma yenidən çalışmaq istədiyini deyən A.Həsənov yaxın zamanlarda işlə bağlı təklif alacağına ümid etdiyini bildirib.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir