Modern.az

Jurnalistikaya qəbulla bağlı baş redaktorların fikirləri HAÇALANDI

Jurnalistikaya qəbulla bağlı baş redaktorların fikirləri HAÇALANDI

Media

20 Aprel 2017, 15:20

Son illər Jurnalistika fakültəsinə qəbul qaydasında dəyişiklik həyata keçirildi. Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanı verməli olurlar.

Nəticələr isə gözlənilməz oldu. Jurnalist olmaq istəyənlər qabiliyyət imtahanından keçə bilmədi.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli Modern.az saytına müsahibəsində fakültəyə qəbul olmaq üçün qabiliyyət imtahanının tətbiq edilməsinin effektiv olmadığına diqqət çəkib.

 

“Mən əvvəllər müsabiqəni bəyənirdim və təbliğ edirdim. İndi mənə çatır ki, müsabiqə yolu ilə tələbə olanların balları aşağıdır. Bəzən də onların səviyyəsi elə də yüksək olmur. Bu mənada narahatlıq var. Biz indi yenidən qayıdıb deyə bilmirik ki, əvvəlki qaydanı tətbiq edək”. 

Artıq ali məktəblərə qəbul olunmaq üçün keçiriləcək imtahanların vaxtına az qalıb. Bu il jurnalistika fakültəsinə qəbul olmaq üçün yenidən qabiliyyət imtahanlarının keçirilməsinin əhəmiyyəti varmı?

 

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

 

“525-ci qəzet” in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin sözlərinə görə, jurnalist olmaq üçün heç də Jurnalistika fakültəsini bitirmək indiki şəraitdə önəmli deyil.

 

“Bir müddət əvvəl təkid edirdik ki, jurnalist olmaq istəyənlər üçün qabiliyyət imtahanları keçirilsin. Bu da ondan irəli gəlirdi ki, çox vaxt jurnalistikaya meylli olmayan tələbələrlə rastlaşırdıq. Onlar da təsadüfən  jurnalistikaya gəlmələrini hüquq və digər fakültələrə qəbul ola bilməmələri ilə əsaslandırırdılar. Biz də jurnalistikaya marağı olan tələbələrin bu sahəyə cəlb olunması üçün təkid edirdik ki, yaradıcılıq qabiliyyəti yoxlanılsın.

Cahangir müəllim də o fikirdədir ki, jurnalistika üçün yaradıcılıq qabiliyyətinin, istedadın olması vacib şərtdir. Görünür, abituriyentlərin qabiliyyət imtahanı tətbiq edilən kimi geri çəkilmələrinin kökündə qorxu dayanır. Hətta, jurnalist olmaq arzusunda olanlar da yaza bilməyib kəsiləcəklərindən çəkinirlər.

 

Bəlkə də müəyyən kriteriyalar onlara çətin gəldi. Bəzi jurnalistlərin yaza bilmədiyini abituriyentdən tələb etdik. Bu da jurnalistika fakültəsinə marağı azaltdı. Bir məqam da var ki, jurnalistika fakültəsini bitirmədən yaxşı jurnalist olmaq da mümkündür. Jurnalist olmaq üçün mütləq jurnalistika fakültəsini bitirmək önəmli deyil”.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə Jurnalistika fakültəsinə qəbul olmaq üçün qabiliyyət imtahanının keçirilməsini zəruri sayır.

 

“Jurnalistika fakultəsinə qəbul olmaq üçün qabiliyyət imtahanlarının keçirilməsi jurnalistlər tərəfindən qəbul olunan və prezidentin yanında səslənən bir təklif idi. Prezident də bu təklifi  dəyərləndirdi və Jurnalistika fakültəsində  qabiliyyət imtahanlarının keçirilməsini təsdiq etdi.

 

Bakı Dövlət Universitetində bir neçə ildir ki, dərs deyirəm. 3-5 il bundan əvvəlki vəziyyəti də bilirəm, bugünkü vəziyyəti də. Keçən il jurnalistika fakültəsinə qəbul olunan birinci kurs tələbələrinə mühazirə oxuyan zaman əmin oldum ki, bunlar  qabiliyyət imtahanı tələb olunmayan tələbələrdən qat-qat üstündürlər. Yaradıcılığa meylli olmaqla yanaşı, həvəslidirlər. 2 saat müddətində onların verdiyi suallardan müəyyənləşdirdim ki, bu tələbələr jurnalistikaya meyllidirlər.

Qabiliyyət imtahanı tələb olunmayanda isə vəziyyət çox fərqli idi. O zaman bal sisteminə əsasən yerləşdirmə aparılırdı. Ən yüksək balla jurnalistika fakültəsinə qəbul olunurdular. Sonrakı prosesdə müşahidə edirdik ki, 30 nəfərdən ibarət qrupda cəmi 3-5 nəfər istedadlı, jurnalist olmağa həvəsli uşaqlar var.

 

Çox zaman Hüquq fakültəsinə daxil ola bilməyən uşaqlar Jurnalistika fakültəsinə qəbul olunurdu. Hesab edirəm ki, qabiliyyət imtahanları saxlanılmalıdır. Sadəcə, qabiliyyət imtahanlarının keyfiyyətində dəyişiklik etmək lazımdır”.

 

Namidə BİNGÖL 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi