Modern.az

Bakının məşhur qonaqları: Tofiq Tağızadəni Məlik Dadaşovla düşmən edən Yılmaz Duru - VİDEO

Bakının məşhur qonaqları: Tofiq Tağızadəni Məlik Dadaşovla düşmən edən Yılmaz Duru - VİDEO

20 Aprel 2017, 16:13

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.


“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Bu dəfə haqqında danışacağımız şəxs  Türkiyə kino tarixinin tanınmış simalarından olan aktyor, rejissor, ssenarist  və studiya rəhbəri Yılmaz Durudur. Azərbaycan tamaşaçısı Yılmaz Durunu ən çox Mirzə Cəlilin “Ölülər” pyesi əsasında 1992-ci ildə lentə alınan “O dünyadan salam” filmi ilə tanıyır.

 

Yılmaz Duru 1929-cu ildə Türkiyənin Adana şəhərində anadan olub. Universiteti bitirdikdən sonra təhsilini artırmaq və xüsusi kurlarda iştirak etmək üçün  ABŞ-a gedib. Qayıtdıqdan sonra isə “Tura Film” adlı  şirkətin əsasını qoyub. Elə o şirkətin xəttiylə Türkiyə və keçmiş sovet respublikalarında filmlər çəkib. İlk dəfə olaraq Çingiz Aytmatovun əsərlərinə müraciət edib.

 

Bakıya səfər

 

Yılmaz Durunun Bakıya səfərinin də əsas məqsədi filmlə bağlı olub. “Ölülər” pyesinin əsasında çəkiləcək filmin ssenarisini 16 il əvvəl yazan rejissor Tofiq Tağızadə bu ekran əsərini ilk dəfə olaraq, ölkədə, həmçinin ondan kənardakı kinoteatrlara çıxarmaq istəyib. Bunun üçün də hələ sovet illərindən tanıdığı türkiyəli kino adamı Yılmaz Duruya müraciət edib. Hələ Yılmaz Duru Bakıya gəlməzdən əvvəl filmin yaradıcı heyəti və aktyorlar onun baş rolda çəkiləcəyini eşidib, rejissora narazılıqlarını bildirirlər. Amma rejissor onların sözünə əhəmiyyət vermir. Onun nə üçün bu addımı atdığını, Mikayıl Mirzə qala-qala, Azərbaycanda tanınmayan və Kefli İsgəndərin ruhuna bir o qədər də yaxın olmayan Yılmaz Durunu baş rola dəvət etdiyini sonradan anlayacaqdılar. (Hamı filmdə Mikayıl Mirzənin baş rolda çəkiləcəyini düşünürdü).

 

Amma bu sonra olacaqdı. Tofiq Tağızadə onu baş rola təsdiqləyəndə də, Bakıya dəvət edəndə də aktyorladan heç birinə heç nə demir.


Türkiyədə ssenarini oxuyan Y.Duru həmən razılığını verir. O, həm də rejissor idi. Ssenariyə əsasənŞ İsgəndəri necə görürsə, o cür də geyim hazırlatdırıb Bakıya özü ilə gətirir.

 

Həmin geyim İsgəndərin (əsl Kefli İsgəndərin) ovqatına uyğun olmayan bahalı frak olur. Yılmazın çəkiliş meydançasına frakla və üzü, saçı-saqqalı tər-təmiz halda girməsi onsuz da səbir kasası daşmaqda olan yerli aktyorları hiddətləndirir. “Heç belə də İsgəndər olar” deyib, hərə bir ağızdan rejissora etiraz edir. Lakin rejissor başda Məlik Dadaşov olmaqla  (Şeyx Nəsrullahın ifaçısı) etirazçı aktyor kütləsinin tənələri qarşısında birtəhər tab gətirir.

 

Amma bir gün...

 

Amma bir gün hamının səbri daşır. Kefli İsgəndəri oynayan Yılmaz Duruya qəbiristanlıq səhnəsinə görə qonorar həddindən artıq çox yazılır. Deyilənə görə, çətin səhnələrdən hesab olunan qəbiristanlıq epizodunun əvvəlindən ta axırına qədər xeyli əziyyət çəkən Siyavuş Aslan, Məlik Dadaşov, Yaşar Nuri, Hamlet Qurbanov və  başqları həmin səhnənin yalnız axırında görünən Yılmaz Durudan iki dəfə az qonorar alırlar. Filmə baxanlar da yəqin ki, həmin səhnəni çox gözəl xatırlayar: səhnənin yalnız sonunda kadrda görünən İsgəndər bayaqdan kəndliləri dolayan Şeyx Nəsrullahla mübahisə edir, onu ələ salır.


Onsuz da çətin vaxtlar idi. Müharibənin, keçid dövrünün gətirdiyi maddi sıxıntılar xüsusən də aktyorları qəliz duruma salmışdı. Odur ki, türkiyəli aktyora bu qədər pulun verilməsi bizimkiləri narazı salır. Başda Mirzə Babayev olmaqla, bir neçə aktyor rejissorla buna görə mübahisə edir. Amma aranı birtəhər sakitləşdirirlər. Elə bu dəm, bayaqdan əsəblərini cilovlayan Məlik Dadaşov sərt şəkildə mübahisəni yenidən qızışdırır. Rejissor da əsəbləşərək ona çəkilişi tərk etmək əmri verir. Məlik Dadaşov da ağına-bozuna baxmadan pavilyondan uzaqlaşır. Hadisə filmi az qala şikəst edir. Düz 38 aktyor və yaradıcı heyət üzvü filmdən inciyərək Dadaşovun arxasınca gedir. 

 

Amma bir neçə aydan sonra Tofiq Tağızadə ilə Məlik Dadaşov barışırlar. Filmi bu barışıq xilas edir.

 


İndi keçək əsas səbəbə

 

Əslində Yılmazın filmə dəvət olunmağının tam başqa bir səbəbi var idi. İxtisasca rejissor olan Yılmaz Duru yuxarıda dediyimiz kimi, həm də Türkiyədə studiya rəhbəri idi. Rejissor T.Tağızadə onunla şərt kəsir ki, əsas obraz olan Kefli İsgəndəri oynayacaq və mütləq öz studiyasında filmi dublyaj edib Türkiyədə yayacaq. Bu gizli sövdələşmədən çoxlarının xəbəri yox idi. Ona görə də yaradıcı heyətin az qala hamısı türk aktyora görə rejissorla mübahisə edirdi. Ona qonorarın ikiqat verilməsi isə səbri daşıdırdı. 

Sınaq çəkilişlərində əsas rol üçün iştirak edən Mikayıl Mirzəni hamı Kefli İsgəndər kimi görürdü. Onun səs imkanları da buna imkan verirdi. Amma Yılmaz Duruya uduzmasını aktyor heç cür qəbul edə bilmirdi. Tağızadə isə onu işsiz qoymadı. Yılmaz Durunu məhz o səsləndirdi. Mikayıl Mirzə sonradan mətbuata verdiyi açıqlamasında həmin obrazı böyük qəzəb hiss altında səsləndirdiyini bəyan edirdi.

 

(Mikayıl Mirzə sonradan  mətbuata verdiyi açıqlamada Yılmaz Durunun ifasının zəifliyinə dəfələrlə toxundu, gileyləndi. Yalnız onunla təsəlli tapdı ki, İsgəndər heç olmasa, onun dili ilə danışdı).

 

Amma rejissor Tofiq Tağızadənin bu hiyləsi alınmadı. Film nəinki Türkiyə, heç Azərbaycanda da məşhurlaşa bilmədi. Əvvəlcə kinoteatrlar filmi qəbul etmədilər. Xaraktercə çox sərt olan Tofiq Tağızadə sonradan sanki hamıdan küsdü. Rəhmətə gedəndə də bircə televiziya kanalı və radio belə, onun ölümünü işıqlandırmadı.

Yılmaz Duru isə o zaman çoxdan Türkiyədə idi. Bir aktyor kimi yüksək qonrarını alıb, “Ölülər” səhifəsini tamamilə qapamışdı. O, 2010-cu ildə 80 yaşında dünyasını dəyişdi.

 


Ey, gidi dünya


Bəli, yarımbaşlığımızın adını gərək elə bu cür də qoyaq. Vaxtilə böyük aktyor, Yılmaz Duru ilə birlikdə həmin filmdə çəkilən və Məşədi Oruc obrazını yaradan Yaşar Nuri filmdən bir neçə il sonra “Yılmaz Durunun nə qədər böyük ətrafı olsa da, film üçün heç nə etmədi, əksinə İsgəndəri də lazımınca doğrultmadı” sözləri türk rejissorun “Ölülər”  macərasının əsas sifətini özündə əks etdirir.

 

Lakin Bakı ilə ara-sıra əlaqə saxlayır. Yəlmaz Duru sözügedən filmdə kiçik obraz yaradan əməkdar artist Füzuli Hüseynovu öz kino şirkətinin çəkmək istədiyi ekran işinə dəvət edir. Aktyorı dinləyək:

 

““Ölülər” filmində İsgəndər roluna çəkilən Yılmaz Durunun adamları bir dəfə yanıma gəldilər. Mən "Ölülər" filmində bir epizodik rola çəkilmişəm. Oradan Yılmaz Duru ilə tanışlığımız vardı. Əvvəlcə öyrəndim ki, qonorarımız nə olacaq. Dedilər, "Azərbaycanda nə alırdınızsa, burada da onu alacaqsınız". Dedim ki, çəkilmirəm. Yəni, yerli aktyorlarla bizim aramızda fərq qoymaları mənə pis təsir etdi. Amma bu illərdə Azərbaycanda çəkilən bütün filmlərə təklif alırdım. Hətta filmlər vardı ki, baş rola çəkilməli idim. Amma nədənsə, çəkilmirdim...”.

Yılmaz Duru hələ o vaxt Azərbaycanda aktyora nə qədər pul verildiyini çox əla bilirdi. Ona görə də bizim Füzuli Hüseynova bilərəkdən bu cür aşağı məbləği demişdi.

Lakin vəziyyətin çox qəliz olduğu dönəmdə belə, mərhum Tofiq Tağızadə hamı ilə üz-göz olmaq hesabına ona yüksək qonarar vermişdi.

“Ey, gidi dünya” ifadəsi də bu məqamda deyilir..

 

“Qalxmaq, yoxsa enmək”

Yılmaz Durunun Bakı səfərindən danışmışkən bir xatirəni də qeyd edək:

 

Yılmaz Duru xanımıyla Bakı­da  mehmanxanada qalır. Yanlarında kiçik yaş­larında uşaqları da olur. Bir gün uşaq onlardan əvvəl otaqdan çıxır. Ardınca çölə çıxan Yılmaz Durunun xanımı uşağı gör­məyib mehmanxana əməkdaşından onun haraya getdiyini so­ruşur. O, isə "aşağıya düşdü" deyir. Duruların qaldığı otaq mehmanxananın yeddinci mərtəbəsində, həm də pəncərələri açıq olduğundan xanım Duru bu sözləri eşidən kimi həyəcan içində qışqırmağa başlayır və ərini çağırır: "Yılmaz koş! Kı­zımız aşağıya düşmüş!". Bu vay-şivəni görən mehmanxana əmək­daşı baş verənləri təəccüblə seyr edir. Sonra məsələ ay­dınlaşır. Uşaq aşağı "düşməyib", "enibmiş". 


 

E.Nazimoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?