Modern.az

Azərbaycanda Hepatit C xəstəliyi niyə artıb...

Azərbaycanda Hepatit C xəstəliyi niyə artıb...

21 Aprel 2017, 11:07

Son vaxtlar  Hepatit C xəstəliyi geniş yayılıb. El arasında “sarılıq” adı ilə tanınan bu xəstəlik yoluxucu olduğu üçün insanlarda qorxu hissi yaradır. Hətta həkim müayinəsindən çəkinənlər də var. Terapevt-hepatoloq Rauf Qurbanlı Modern.az-a  Hepatit C xəstəliyinin artma səbəblərindən, müalicə qiymətlərindən danışıb.

“Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır”

“Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. C hepatitinə qarşı heç bir vaksin yoxdur. Erkən tibbi müdaxilə faydalıdır, HCV infeksiyası ilə adamlar tez-tez mülayim simptomları yaşayır və buna görə də müalicə haqqında fikirləşmir. 
Virus qaraciyərdə və qanda tapılar. Əsas bulaşma yolu qanladır. Məsələn, iki adam eyni iynəni istifadə etsə, yoluxma ola bilər. Bunun ən məşhur şəkli narkotik istifadəsidir. Digər bir yoluxma yolu qan nəqlidir. Bir adama Hepatit C virusu daşıyan başqa adamın qanının verilməsi kimi. Virus tüpürcək, sidik, semen kimi bədən mayelərində tapılmaz. Bu səbəblə cinsi əlaqə əsnasında bulaşma nadirdir. Eyni iynə ilə edilən peyvəndlər, döymə və s. kimi əməliyyatlar yoluxucu ola bilər. Eyni təraş bıçağı və diş fırçasını istifadə etmək, bunların qan ilə təmas etməsi ehtimalı səbəbi ilə yoluxucu ola bilər”.

“İştahanın azalması, yorğunluq, qarın boşluğunda ağrılar....”

“Xəstəliyin klinikası hər insanda müxtəlif cür olur. 60 – 70% xəstələrdə heç bir simptom müşahidə olunmur. Ümumi simptomlara isə yorğunluğu, çəkinin azalmasını, qripə bənzər simptomları, əzələ ağrısını, oynaq ağrısını, dayanıqsız aşağı hərarəti, qaşınmanı, həyəcanlanmanı, qarın ağrısını xüsusilə yuxarı sektorda, iştaha dəyişikliklərini, ürək bulanmasını, diareya, mədə pozğunluğu, idrak dəyişiklikləri, depressiya, başağrıları və əhval-ruhiyyənin pozulmasını misal göstərmək olar. Hepatit C virusu adətən ilk 1-3 həftə ərzində qanda tapılır”.

“Gənclərdə tatuajlara meylin artması...”

“Hepatit C virusuna yoluxanların sayının artmasının səbəbləri müxtəlifdir. Bəzi tibb müəssələrində sterilizasiya (dezinfeksiya qaydaları) olmaması və ya düzgün aparılmaması, gənclərdə tatuajlara meylin artması kimi hallar bu virusun çoxalmasına səbəb ola bilər. Hepatit C virusunun müalicəsi üçün konkret qiymət demək çətindir. Çünki genotipdən, müalicənin müddətindən və istifadə edəcəyi dərmandan asılı olaraq ümumi xərc fərqli olur. Eyni tərkibdə olan dərmanların müxtəlif ölkələrin istehsal etdiyi variantları var və qiymətlər fərqlidir”.

“Dərmanlar çox bahadır və çətin tapılır

“Xəstəlik aşkar edilənlərin böyük əksəriyyətinin maddi durumu xəstəliyin müalicəsində istifadə edilən beynəlxalq protokollara uyğun dərmanları almağa imkan vermir. Həmçinin laborator analizlərin qiymətləri digər xəstəliklərə nisbətən bahalıdır və  müalicə müddətində də bu analizlər təkrar yoxlandığı üçün xəstələr çətinlik çəkir. Bu dərmanların rəsmi qiyməti yoxdur. Çünki xəstə yaxınları və ya özü xarici ölkələrdən alır. Bizdə  apteklərdə yalnız Misir istehsalı olan dövlət tərəfindən təsdiqlənmiş dərman var idi. Həmin dərmanlar çox bahadır və çətin tapılır”.

“Xəstələr pulsuz dərmanlarla təmin edilir”


Səhiyyə Nazirliyində Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov isə Modern.az-a açıqlamasında Azərbaycanda Hepatit C virusuna yoluxanların statistikasının eyni qaldığını deyib.

“Azərbaycanda Hepatit C virusunun artması ilə bağlı xəbərlər düzgün deyil. Statistika necədirsə, elə də qalıb. Bu virusun cinsi yolla keçmə ehtimalı azdır. Daha çox qan vasitəsilə keçir. İnsanlar ayıq olmalıdır. Ən azı ildə bir dəfə  qan analizi verməldirlər.  Bildiyiniz kimi, Azərbaycanda hazırda Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya fəaliyyət göstərir. Komissiyaya müraciət edən  xəstələr pulsuz dərmanlarla təmin edilir”.

Günay Rəsulqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi