Modern.az

Radikalizm müasir gəncliyi dünyəvilikdən uzaqlaşdırır

Radikalizm müasir gəncliyi dünyəvilikdən uzaqlaşdırır

21 Aprel 2017, 20:15

Qobustanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,

Gənclər mərkəzində keçirilən konfransda vurğulanıb ki, xurafat, cahillik, dini radikalizm, müəyyən dairələrin İslamı siyasiləşdirmək cəhdlərinin yaratdığı fəsadlar bunun əsas səbəbləridir.

Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov konfransı açaraq bu gün dini radikalizmlə mübarizənin aktuallığından, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlıq, multikulturalizm ənənələrinin təbliği sahəsində görülən işlərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinin zəruriliyindən danışıb. Bu baxımdan konfransın xüsusi önəm daşıdığını qeyd edilib.

Bildirilib ki, İslam dünyasının bu gün həmrəyliyə, birliyə, sabitliyə çox böyük ehtiyacı olduğu bir vaxtda belə bəşəri ideyanın irəli sürülməsi tarixən dünyanın mədəni mərkəzlərindən biri olan Azərbaycanın İslam dünyasına verdiyi töhfədir. Artıq dünyada “İslam Həmrəyliyi İli”nin Azərbaycan nümunəsi modeli formalaşmaqdadır.

Konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı diqqəti İslam dininin ümumbəşəri dəyərlərinə cəlb edərək, İslam daxilindəki qrupların, cərəyanların onun inkişafına yaratdığı ciddi maneələrdən bəhs edib. Vurğulayıb ki, radikalizm bu gün İslamdakı elmlik, dünyəvilik prinsiplərinə qarşı bir təxribatdır. Radikalizm müasir gəncliyi dünyəvilikdən, elmi düşüncə və axtarışlardan uzaqlaşdırır. Nəticədə isə fanatizmin acı təzahürləri üzə çıxır.

Komitə sədri dünya əhalisinin 25 faizini müsəlmanların təşkil etdiyini vurğulayaraq, dünya neft ehtiyatının 62 faizinin, təbii qazın 60 faizinin, digər yeraltı sərvətlərin böyük bir hissəsinin bu ölkələrdə olduğuna diqqəti cəlb edib və təəssüflə bildirib ki, müsəlman ölkələri elmi-texniki cəhətdən hələ də geridə qalır, bu sahədə başqalarından asılıdır.

Təsadüfi deyil ki, bugünkü münaqişələrin 70-80 faizi müsəlman ölkələrinin ərazilərində baş verir.

Belə bir şəraitdə, xüsusən din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə tolerantlığın, multikultural dəyərlərin Azərbaycan modelinin öyrənilməsinin və bundan yararlanmağın, habelə İslam həmrəyliyinin bəşəriyyət üçün həyati əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Sonra rayon icra hakimiyyətinin iclas zalında konfransın “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda ikinci mərhələsi olub. Rayonun fəal gənclərinin iştirakı ilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, rayon gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov çıxış ediblər.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizənin, dindarlar, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviq olunmasıdır. G.İsmayılov gənclər arasında dini maarifləndirmənin gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.

Gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayan G.İsmayılov bu istiqamətdə ardıcıl işlərin həyata keçirildiyini, milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruriliyini bildirib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir