Modern.az

İslam oyunlarında asayişi 12 min polis qoruyacaq

İslam oyunlarında asayişi 12 min polis qoruyacaq

21 Aprel 2017, 20:29

“İslam oyunlarına 12 min polis cəlb olunacaq. Onlardan da 252-si qadın əməkdaşlardır. Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd X-RAY və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1.800 əməkdaş praktiki məşğələlərə cəlb edilib. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200-ə yaxın əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobildə təmin ediləcək”. Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Oqtay Kərimov nazirlikdə keçirilən geniş kollegoya iclasında bildirib.

Bildirilib ki, bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyalı 267 kamera quraşdırılacaq. Ümumilikdə, bu gün respublika üzrə “Təhlükəsiz şəhər” sisteminin 3.270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.

 

İclasda qeyd olunub ki, I Avropa Oyunları ərəfəsində alınmış minlərlə radiostansiya, metal detektor, planşet, bort-kompyuter, videoqeydiyyat qurğusu və “İPatrol” mayaklar, habelə “BMW” və “Mercedes” markalı 837 ədəd xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək.

Kollegiya iclasında bildirilib ki, davamlı surətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq 2016-cı ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz yaxşılaşaraq 74,3 faiz təşkil edib.

Qeyd edilib ki, bu müsbət təmayül cari ilin birinci rübündə də davam edib və sözügedən cinayətlərin açılması 2,8 faiz yaxşılaşıb. Göstərilən müddətdə 6173 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 2428 nəfərdən ibarət 921 qrup zərərsizləşdirilib, axtarışı elan olunmuş 2122 təqsirləndirilən şəxs tutulub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir