Modern.az

Dədə, atımı birinci mindir

Dədə, atımı birinci mindir

22 Aprel 2017, 09:57

Abid Tahirli


Çox güman ki, yazdıqlarımdan  soyadını da  bilmədiyim  Əhədin xəbəri olmayacaq. Fərq etməz. İstədim ki, onun duyğu və düşüncələrini oxucularla bölüşüm. Əvvəla, Əhəd haqqında. Əhəd Laçının Minkənd qəsəbəsindəndir. Söhbətlərinə əsasən deyə bilərəm ki,  zəhmətkeş, sadə və böyük bir ailənin nümayəndəsidir. Laçının işğalından sonra Yeni Yasamalda  qaçqın həyatı yaşayır, əlinin zəhməti, alnının təri ilə çörəyini qazanır. Hər kəlməbaşı qüssə ilə doğma torpaqları xatırlayır, tezliklə işğal altındakı ərazilərin azad olunacağına, ata ocağına qayıdacağına bütün varlığı ilə inandığını söyləyir, kədər və qəm-qüssə ilə “Biçənəklərimizi, çaylarımızı, dağ-dərələrimizi, allı-güllü yamaclarımızı xatırlamadığım gün olmur”-deyir.


Bir dəfə söhbət atın kəsilməsindən, ətinin insanlara satılmasından düşdü. Deyəsən, Əhədin yaralı yerinə toxunulmuşdu. Az qala vulkan  püskürdü:- And olsun Allaha ki, acından-susuzluqdan ölməyi atın boğazına bıçaq vurmaqdan üstün tutaram. Kişi at kəsməz, Azərbaycanlı kişi heç kəsməz. Ata qıymaq olar!? At qədər sədaqətli, insana yaxın bir heyvan var? At muratdır, insanın qanadıdır, qeyrətidir. At qədər təmiz ikinci heyvan tanımıram. At igidin dostudur. Atı kəsən düşməndir. Bəzən çirkin əməllərinə bəraət qazandırmaq üçün “Dinimizdə at əti haram sayılmır”- deyənlər də olur. Onlardan soruşmaq istəyirəm ki, sən dinin bütün tələblərinə, qaydalarına əməl etmisən, bir qalıb atı kəsməyin və ətini yeməyin!? Digər tərəfdən sənə buyurulur ki, at əti haram deyil, amma tələb olunmur ki, ye, yaxud yeməlisən!


 Sakitləşmək bilməyən Əhəd  atlarla bağlı atalar sözlərdən də danışdı və sonda  qəhərlənərək dedi:- Qaçqınlıq zamanı köçümüzü yük maşınlarına yığmağa hazırlaşırdıq. Atımla maşına yaxınlaşdım, atama dedim: Dədə, birinci atı mindir!- Əhədi qəhər boğdu, danışa bilmədi. Bir azdan  özünü güclə toplayıb :- Qardaş, atı kəsən düşməndir!- deyəbir daha təkrar etdi.

Elə  bilirəm ki, qüdrətli söz ustası Bəxtiyar Vahabzadənin atlara həsr etdiyi şeir Əhədin ürəyincə olacaq.

Qarabağ atı

Cıdır düzü…
Sinəsində at oynaqlar,
Cıdır düzü –
İgidliyin arayışı –
Üstündə də nal ləpiri möhür bağlar.
Qarabağın cins atları –
hünərimin kişnərtisi,
Toppuzların gurultusu,
Qılıncların parıltısı,
Neştər səsi!
Qarabağın kürən atı –
Döyüşlərdə arxasıdır
Koroğlunun,
Bayandurun.
Cilovunu gəmirdimi,
hünəriniz varsa əgər o qızmamış,
Qamçıların hədəsinə dayandırın!
Kişnədimi o uçacaq.
Kişnərtisi – qanadları!
Qamçı vurma!
Qamçı yola gətirənni cins atları?
Zaman keçdi,
Zəmanəmdə “Qırat”, “Dürat”, “Zaman” oldu
İgidliyi kitablara köçürüldü.
Yaddaşlarda unuduldu.
“Zaman” atım, aman atım!
Keçmişimdən bu günümə amanatım!
Avtomobil zamanında
Niyə, axı, sənin adın “Zaman” oldu?
Geriyəmi döndü zaman,
Məgər raket-kaman oldu?
“Qırat”, “Dürat”
İndi nədir?
Ekzotika, eksponat!
Dövrümüzdə nə deməkdir
Kral, ya da kraliça?
Öz əvvəlki hökmündəmi
bu gün yenə
Britaniyada kraliça?
Kraliça Yelizaveta
Yelləndikcə
Arasında göyün, yerin,
Nəfəs alır havasıyla
Ötüb keçən təmtəraqlı əsrlərin.
O bəyənmir
Asfalt üstə quş tək süzən maşınları,
Göydə gəzən maşınları.
İstəyir ki,
Əsrin dəli sürətini unuda o,
Keçən əsrin duyğulara sığal çəkən
Ahənginə dəm tuta o.
Karetada seyrə çıxır,
At saxlayır.
O, dünənin ölüsünü
kəfənləmək əvəzinə
Sabahının körpəsi tək qundaqlayır.
Öz kökünə qayıtmaqla
güman edir
Öz əsrini qabaqlayır.
Ekzotika vurğunudur
Kraliça Yelizaveta.
Səyahətə çıxan zaman
qamçı vurmaz o hər ata!
Meyl salıb Qarabağdan
Töhfə kimi gətirilən
Kəhər ata!
“Zaman” yatmır ipə, sapa,
Dirək olub kişnərtisi yerə, göyə.
Nə qamçıya boyun əyir, nə hədəyə.
O gəmirir cilovunu,
Kraliça seyr eləyir gendən onu,
Ayaqları eşir yeri,
Yaxın qoymur həndəvərə mehtərləri.
Nə etməli?
Gəlir bir-bir
Cıdırlarda ad qazanan,
Rekord vuran minicilər.
Nə faydası,
O ram olmur.
Kraliça aram olmur,
Qəzəblənir:
-Britaniyada yoxmu məgər
bircə kişi, –
Ram eyləyə bu qızmışı?
Kraliça yana-yana
baxır ona –
Ceyran kimi duruşuna,
Hirslə yeri eşməsinə,
Heyran qalır
Kişnəyəndə gur səsinə.
At duyur ki,
Gözəlliyi heyran qoyub
Maddım-maddım baxanlan,
Neçə-neçə yarışlardan
Qələbəylə çıxanları.
Belə heyran baxışlardan
O iyrənir,
İstəyir ki,
belindəki
Onun ceyran hüsnünə yox,
Qaçışına,
Yürüşünə heyran qala.
İstəyir ki,
ayağının altındakı
Böyüdüyü torpaq olsun –
İstəyir ki,
belindəki
Yarışlarda nəmər alan jokey deyil,
Vuruşlarda zəfər çalan
igid olsun!
İstəyir ki,
yüyənini gəmirəndə
Cilovunu çəkib yığan
igid olsun.
İstəyir ki,
sahibi də
Atılmaya beldən-belə.
Kişnəyəndə
sahibi də
Kişnərtiyə cavab verə
Koroğlunun nərəsilə.
O, belində kraliça qəbzəsi yox,
Vuruş istər, hünər istər.
O, belində
aynalılı Həcər istər.
Günlər keçdi, aylar ötdü,
Qarabağın köhləninə
Qışda kişmiş,
Yazda yaşıl ot verdilər.
Səhər-səhər
Çəmənlərdə gəzdirdilər,
O yemədi, o içmədi.
Qızıl yüyən laqqıldadı çənəsində,
Dolandıqca yad torpağm sinəsində
Arıqladı o günbəgün.
Xiffətini çəkirdi at Şahbulağın,
Cıdır düzün.
Ürəyində
Sarı dağdan enən daşın
səsi dindi,
Gözlərində Daşaltının ağ sulan gilələndi.
O dözmədi,
yox, dözmədi,
Bu xiffətdə çox hikmət var.
Yad iqlimə dözə bilməz
Öz-özünü tanıyanlar!

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı