Modern.az

Tanrıçılıq fəlsəfəsi – II YAZI

Tanrıçılıq fəlsəfəsi – II YAZI

22 Aprel 2017, 13:08

Dos., Dr. Faiq Qəzənfəroğlu


İndi “şamanizm” kimi qələmə verilən dini təlimi qədim dövrlərdə “şaman” deyil Kam//Qam təbliğ edirdi ki, onların adıyla bu dini-fəlsəfi təlimi Kamlıq adlandırmaq da doğru deyildir. Məhz bunu doğru anlayaraq İbrahim Qəfəsoğlu da H.Tanyunun fikirlərinə qatılaraq hesab edir ki, qədim türklərin dini inancı Tanrıçılıqla  “şamanlıq” arasında heyrət ediləcək dərəcədə yaxınlıq olsa da, bütün hallarda türklər təbiət qüvvələrinə, atalara və tək Tanrıya sitayiş ediblər. Başqa sözlə, qədim türklərdə bütlərə sitayiş olmadığına görə, onlar arasında “şamanizm” və “totemizmə” yer olmamışdır. Qəfəsoğluya görə, əski türklərin qədim dini Göy Tanrı dini olmuş və ehtimala görə “şamanizm” türklər arasında moğollar tərəfindən yayılmışdır. Türk bilgələrindən Rəfik Özdək də İ.Qəfəsoğlunun bu mövqeyindən çıxış edərək yazırdı ki, qədim türklər heç vaxt nə totemçi, nə bütpərəst, nə də şamançı olmayıblar; şamanizm moğol inancı olmuş, türklər ara­sında geniş yayılmamış və daha çox sehr, cadu kimi başa düşülmüşdür.

Biz də, qədim Türklərin Tanrıçılıq fəlsəfəsini “şamanizm” adı altında verilməsini tamamilə yanlış hesab edirik. Çünki hazırda “şamanizm” kimi verilən dini-fəlsəfi görüşlərin çoxu Göy Tanrı fəlsəfəsinə aid olmuşdur. Sadəcə, avropalılar tərəfindən “şamanizm” adlandırılan qamlıq təlimi əski türklərin Göy Tanrıyla bağlı təsəvvürlərinin ilkin mərhələsidir. Milli bilgəmiz Əli bəy Hüseynzadənin təbrincə desək, türklərin qədim zamanlarda əsasən təbiətə, təbiət sirlərinə pərəstişdən ibarət bulunan “şamanizm”i bəzi qamların/“şaman”ların şarlatanlığı sayəsində sonralar bütpərəstlik dərəcəsinə düşmüş, ancaq bu bütpərəstlik, həmin dövrlərdə bir o qədər qaba olmayıb Misir, yaxud da Yunan qədim məzhəbləri kimi xurafat səviyyəsinə enməmişdir. Eyni zamanda Hüseynzadə türklərin ilkin inanclarında olan oda sitayişilərni “şaman”larla qamlarla bağlayıb, Arilərin gəlişindən sonra ortaya çıxan zərdüştilərin atəşpərəstliyə aid olmamasına diqqət çəkmişdir. O yazırdı: «Nura pərəstiş guya İyzədə (Hörmüzə – F.Q.) pərəstiş demək olduğundan Zərdüşt məz­hə­binin başçıları tərəfindən axırda qaba bir atəşpərəstliyə çevrildi. Atəşpərəstlik isə zatən yuxarıda qeyd olunan şaman(əslində Qamların Tanrıçılıq fəlsəfəsində – F.Q.) məzhəbində də var idi. Bir çox adətimiz bu dövrlərdən qalmadır. Məsələn, axır çər­şənbə­lərdə atəş yandırıb üzərindən atılmamız və sairə».

O qeyd edirdi ki, “şamanizm”dən sonra türklərin əsas dini-fəlsəfi təlimi Göy Tanrıçılıq olmuşdur. Başqa sözlə, bəzi “şaman”ların/qamların yanlış əməlləri nəticəsində “şamanizm” bütpərəstliyə çevrilsə də, ancaq “şaman” bütpərəstliyi uzun sürməmiş və Tanrıçılıq dini yaranmışdır. O yazır: «Fəqət şu təəddüd ilahə ilə bəra­bər türk oğuzlarda vəhdaniyyəti-rəbbaniyyə fikrinə bir me­yil bulunduğuna sahibüssəma mənasına gələn və ilahülilahə olması möhtəmil olan «tanrı», yəni gög tanrı və yaxud sadə «gög» denilən allah dəlalət ediyor. Qədim türklərin ruha etiqadları var idi. Orxon abidəsinə görə ruh bir quş şəklində təsəvvür olunuyordu. Movtayı dəfn etmək adəti dəxi talibi-diqqətdir». Maraqlıdır ki, digər milli bilgəmiz Əhməd bəy Ağaoğlu da Türklərin ilkin dünyagörüşünün formalaşmasında “şamanizm”i görmüş, sonradan onu Tanrıçılıqla eyniləşdirmişdir. «Tanrı dağında» he­kayə-məqaləsində Ə.Ağaoğlu yazırdı ki, qədim türkləri Tanrıya doğru aparanlar Şamanlar Şamanı/Qamlar Qamı Qara­qumlu Göyçə həm də Tanrı qulu, Tanrı elçisi olmuşdur. Eyni zamanda Ə.Ağaoğlu bu hekayəsində göstərməyə çalışır ki, Şaman/Qam insanı Tanrı ilə qovuşduran bir məbud, Tanrıya aparan yolun bələdçisidir: «Özümü Tanrı dağının təpəsində, Şamanı öndə, özümü arxada yeriyən gördüm. Dağın təpəsi geniş və uzun bir meydandı. Minlərcə insanlar toplanmışdı. Diqqət etdim: şamanlar və şamanlara qoşulmuş mənim kimi Tanrı aşiqləri idi! Hər elin şamanları başda Şamanlar Şa­manı olmaq üzrə ayrı bir səf təşkil edirdi. Odur, sarı rəngli tuğun altında Cunqariya şamanları, bax qırmızı rəng­li tuğun yanında Qırğız şamanları, o biri tərəfdə göy rəngli Orxon şamanları, daha o biri yanda yaşıl rəngli Qaşqar şamanları, onların sol tərəfində Qobi şamanları, sağ tərəfdə pənbə rəngli Altay şamanları! Bu da bizim qara rəngli Qaraqum şamanları» (4, s.85). Yusif Vəzir Çəmənzəminli isə turanlıların ya da iskitlərin bilgələrini, fəlsəfə-din bilicilərini birmənalı şəkildə qam adlandırmış, qamların nüfuzunun Türk-Turan xaqanından daha böyük olmasını yazmışdır.


Bu baxımdan “türklər hələ Turanda yaşayarkən onların ilk dini şaman dini olmuşdur”, ya da türk soylu iskitlərin, yəni turanlıların dini əqidələri “şamanlıq” olub fikirləri, bizim üçün Turanlıların əski dövrlərdə Tanrıçılığa tapınması anlamındadır. Çünki dini-fəlsəfi təlimləri təbliğ edənləri indiki anlamda “şaman” ya da əski adıyla “qam” adlandırıb bu dini fəlsəfi təlimi də uyğun olaraq “şamanizm”, “qamlıq” adlandırmaq qətiyyən doğru deyildir. Əksinə, avropalılar tərəfindən “şaman” adlandırılan, əslində isə doğma adı qam olan bilgələrimizin düşüncələrinin əsasında Tanrı ideyası dayanmışdır. Qamlar məhz Tanrıya, Göy Tanrıya istinad edərək öz öncəgörmələrini, düşüncələrini ifadə etmişlər. Ona görə də, Avropa alimləri tərəfindən bilərəkdən ya bilməyərərkdən “şamanizm” kimi qələmə verilən, bizim bir çox alimlərimiz tərəfindən də təkrarlanan bu fəlsəfənin əsasında Tanrı ya da Göy Tanrı ideyası dayanır.


Bizcə, Türklərin ən əski dini-fəlsəfi inancı olan Tanrıçılığın “şamanizm” adlandırılaraq Orta Asiya və Altayda göstərilməsi təsadüfi olmamışdır. Bununla da, Avropa alimləri bir tərəfdən qədim dövrlərdə Türklərin bütpərəst olmasına, digər tərəfdən isə Ön Asiyadan uzaq tutulmasına çalışmışlar. Ona görə də, V.Radlovun, L.Qumilyovun heç bir əsas olmadan türklərin qədim fəlsəfəsini “şamanizm” adı altında Altay və Orta Asiyayla məhdudlaşdıraraq  “gənc”ləşdirmələrini, üstəlik monqollarla bir sıra qoymalarını tamamilə cəfəngiyyat hesab edirik. Digər tərəfdən də Avropa alimləri qamlığı mənfi anlamda sehirbazlıq, cadugərlik kimi də qiymətləndirməklə fəlsəfi yükünü azaltmağa çalışmışlar. Halbuki onların sehirbazlığı, cadugərliyi elmi fikrin inkişafına səbəb olmuşdur. Başqa sözlə, qamların/”şaman”ların sehirbazlığıyla digər xalqların sehirbazlığı arasında xeyli dərəcədə fərqliliklər vardır. Türk filosofu Ülken doğru yazır ki: “Türklərdə sehir daima dinin yanında bir mövqe almış və bu iki təfəkkür birbiriylə mücadilə edəcək yerdə biləkis birbirini tamamlamışdır. Halbuki Sami qövmlərdə - eskeriya – dinlə sehir, “rahib” ilə “kahin” mücadilə etmişlər və bu növü millətlərdə dini inqilablar bundan doğmuşdur. İslamiyyətdən sonra əski Türk dini mütəkəllimlər və fiqihləri yetişdirdiyi kimi, əski Türk sehri də Xorasan ərənlərini, dərvişlərini, yəni Türk mistiklərini yetişdirmişdir. Həqiqətdir ki, İslamiyyətdən sonra da Türk təriqətləri daima çiftçilik, mədənçilik, çobanlıq, dəbbağlıq, empirik təbabət kimi texnik işlərini mühafizə etmişlər və adətən təriqəti ona mərbut dini bir vəzifə halına gətirmişdilər”.


Bununla da belə bir nəticəyə gəlirik ki, Tanrıçılıq fəlsəfəsinin “şamanizm”, qamlıq, adları altında verilməsi, üstəlik onun mənfi anlamda “sehirbazlığa” yozulması qəsdli xarakter daşımış, Göy Tanrı ideyasının əsil mahiyyətinin açılmasına əngəllər yaratmışdır. Bu anlamda çoxcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin 1-ci cildin­də doğru yazılır ki, “şamanizm”lə Tanrıçılığa eyni statusdan baxmaq doğru deyildir. “Şamanizm” türk xalq­la­rının mənəvi həyatında böyük yer tutsa da, türk mentaliteti Tanrıçılıq üzərində qurulmuşdur: «Bu durumda şamanizm müstəqil dini-mifoloji sistem kimi formalaşa bilməzdi. Sa­də­cə olaraq, tanrıçılıq ideologiyası çərçivəsində toplumun prak­tik ehtiyaclarına cavab verməkdə, məişət səviyyəsində fərdi və gündəlik məsələləri həll etməkdə idi. Bu baxımdan şa­manizmin tanrıçılıq sistemindəki yeri, təsəvvüfün (xüsusilə də xalq təsəvvüfünün) İslam dini içindəki statusu ilə eynidir».


Bizcə, türklərin, o cümlədən Azər­bay­can türklərinin ilk dini olan qamlıq, əslində qamların təbliğ etdiyi Tanrıçılığın kö­kün­də təbiət­dən asılılıq durur ki, bu aslı­lıqa qarşı insanların apardığı mübarizə onun yaranmasında mühüm rol oynamışdır. Təbiətdən aslılığa qarşı mübarizə aparan Qamlar soyun-qəbilə­birləşmə­sinin fikir aləminin başçısı, ictimaiyyətin fikri və düşüncə dünyası idi. Tanrıçılıq dininin xadimi qam, yaxud da qamğan-qamxan olmuş, kağan termini də qam və qan sözlərinin birləşməsidir. Eyni zamanda qamın sinonimi ata, baba, qaqa, dədədir. Burada bir məsələyə də toxunaq ki, Türklərə aid “Qut” sözü də sonralar şamanizmə aid edilmişdir.Halbuki göydən Tanrının işıq vasitəsilə insanlar göndərdiyi uğurlu ruha inanan qədim türklər bu olayı qut adlandırmışlar. Başqa sözlə, Qutlu soydan birinin başçı seçilməsi ilə gerçəkləşən seçimi xalq etsə də, bu, toyda seçilən xaqanın tanrı qutu alması kimi dəyərləndirilmişdir. Eyni zamanda, “qut” sözünün ilahiliyi ilə bağlı Türk xalqları arasında onlarla (“ye, ürəyində qutun olsun”, “Bu ad bu igidə qutlu olsun” və s.) ifadələr vardır.


Hesab edirik ki, Tanrıçılığı təbliğ edənin Qam/Qamxan adlanması doğru olduğu halda, “şaman” sözü çox sonralar meydana çıxmış və Tanrıçılıqla ciddi bir bağlılığı yoxdur. Belə ki, “şaman” anlayışı Orta əsrlərdə Sibir Elində və digər ona yaxın bölgələrdəki xalqlarla türklərin dini inanclarının qarışmasının nəticəsidir. Bu nümunə kimi, qədim “şaman” inancları hesab olunan Altay rəvayətlərində ruslardan, moğollardan bəhs olunmasıdır. Altay əfsanələrinə görə, şaman Berqeselex qamlıq edərək onlardan vergi almaq istəyən ruslara deyir ki, Uluu Toyon (Ülgen) göydə yaşayır. Ruslar şamandan tələb edirlər ki, bunu sübut etsin. Şaman isə qamlıq edə-edə göyə uçaraq Uluu Toyonla görüşür və ruslardan-şüşəgözlülərdən, büzgözlülər­dən ona şikayət edib yardım istəyir.Digər tərəfdən Tanrıçılığı təbliğ edən Qamlar Göy Tanrını bir­mənalı şəkildə gözə görünməz ilahi qüvvə hesab etdikləri halda, Altay əfsanlərinə görə, qışda göy donur və buzla örtülü olur, beləliklə şamanların əli göyə çatmır.


Bu anlamda qədim dövrdə yaşamış Qamların, yəni Türk bilgələrin Tanrıçılıq fəlsəfəsini çox sonralar meydana çıxan “şamanizm” anlayışı içində vermək  doğru deyildir. Ancaq onu da başa düşürük ki, hazırda qədim türklərin Tanrıçılığı təbliğ edən Qamların fəaliyyətiylə indi Şamanizm adlanan inancları biri-birindən ayırmaq çox çətindir. Ən azı ona görə ki, Tanrıçılığı təbliğ edən Qamların dini işləriylə indiki “şamanlar”ın gördüyü işlər arasında ziddiyyətlərlə yanaşı, oxşarlıqlar da çoxdur. Məhz bundan yol alaraq hesab edirik ki, vaxtilə Qamların təbliğ etdiyi Tanrıçılıq dini-fəlsəfi təlimi ilə orta əsrlərdə Tanrıçılığın təsiri altında Sibir Elində və onun çevrəsində formalaşan Şamanizm arasındakı oxşarlıqları və fərqlilikləri doğru anlamaq lazmdırldir. Beləliklə, birmənalı şəkildə iddia edirik ki, Türklərin qədim dini-fəlsəfi təlimi “şamanizm” deyil, Tanrıçılıq olmuş, onu təbliğ edənlər isə qamlar, ozanlar, bilgələr olmuşlar. Bu həmin Qamlardır ki, Sumerlər, Aratta, Qut Eli, Subar Eli, Turan-Saka İmperiyaları, Manna, Midiya, Parfiya dövründə Tanrıçılığı təbliğ etməyə davam etmişlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?