Modern.az

Aprel şəhidləri barədə kitabların təqdimatı olub - FOTOLAR

Aprel şəhidləri barədə kitabların təqdimatı olub - FOTOLAR

22 Aprel 2017, 14:01

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin  və Əli Kərim adına Poeziya klubunun təşəbbüsü ilə Sumqayıt Poeziya Evində tanınmış jurnalist Aida Eyvazlı Göytürkün aprel şəhidlərinə həsr edilmiş “QALIBIYYƏT – şəhidlər və şahidlər”, həmçinin “Samir, Nazim, Elşən" kitablarının təqdimatı keçirilib.


Azərbaycan Milli Ordusu tərəfindən ötən ilin aprelində doğma torpaqlarımiz düşmən tapdağından azad edilərkən şəhid olanların şərəfli döyüşçü həyatından bəhs edən kitabların təqdimat mərasimində şəhid ailələrinin üzvləri , tanınmış yazıçılar, şəhər ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.


Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı. Daha sonra Azərbaycan torpaqları uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Əli Kərim adına Sumqayıt Poeziya Klubunun direktoru şair İbrahim İlyaslı “QALIBIYYƏT – şəhidlər və şahidlər” və “Samir, Nazim, Elşən" kitablarının təqdimatını Poeziya Evininin fəaliyyət göstərdiyi dövr ərzində keçirilən ən mühüm tədbir adlandıraraq qeyd etdi ki, Aida Eyvazlı Göytürkün cəmi 11 aya yazıb, ərsəyə gətirdiyi kitablar vətən torpaqlarını mənfur düşməndən azad edən igid Azərbaycan oğullarının şücaətindən bəhs etməklə onların tarixdə qəhrəman kimi qalması, yaşaması üçün mühüm bir salnamədir.


Azərbaycanın Əməkdar jurnalisti Rəhman Orxan kitabın tarixi əhəmiyyət daşıdığını qeyd edərək, bildirdi ki, həmkarı Aida Eyvazlı öz şəxsi təşəbbüsü ilə, heç bir təmənna güdmədən respublikamıszın şəhər və kəndlərini dolaşaraq, apreldə şəhid olan döyüşçülərimizin ailələri ilə görüşmüş, igid Vətən oğullarının həyatlarını xalqı qələbəyə səsləyən haray dolu nağıl, dastan kimi qələmə alıb, şəhid ailələrinin bütün dərdini-qəmini qələminin süzgəcindən və qəlbinin ağrılarından keçirərək, igid Azərbaycan oğullarının silsilə qəhrəmanlıq oçerklərini yaradıb.

 
Vətən şəhidlərinə ehtiram göstərərək, tədbirə gəlmiş millət vəkili, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri  Muxtar Babayev şəhid ruhunun, qazi adının hər zaman müqəddəs tutulduğunu bildirməklə, Vətən torpaqlarını qoruyaraq, azad edən, döyüş meydanlarında qəhrəmancasına vuruşaraq, şəhidliyə ucalan igid, cəsur oğullarımızın şərəfli adlarının, xatirəsinin Azərbaycan xalqı üçün hər zaman əziz, unudulmaz olacağını vurğuladı. O, qeyd etdi ki, tarixi mübarizəmizin aprel günlərini özündə əks etdirən, ensiklopedik nümunə xarakteri daşıyan “Qalibiyyət – şəhidlər və şahidlər” kitabı hər bir məktəblinin stolüstü kitabı olmalı, hər bir azərbaycanlı ailəsində nəzildən-nəsilə ötürülməlidir.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinin rəisi polkovnik Natiq Qarayev də Vətən şəhidlərinin adının belə bir nəfis kitabda əbədiləşdirilməsinin, zəfər tariximizə yazılmasının yetişməkdə olan nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların sabahın mərd və cəsur Vətən müdafiəçiləri olması üçün böyük əhəmiyyəti olduğunu qeyd etdi .


Tanınmış yazıçı, beynəlxalq mükafatlar laureatı Varis Yolçuyev öz çıxışında Vətənimizin haqq savaşına başladığı ilk gündən sumqayıtlı yazarların hər zaman fərqləndiyini, görkəmli kinorejissor Davud İmanovun, tanınmış jurnalistlər Eyruz Məmmədovun və Rəhman Orxanın da Qarabağ hadisələrini öz yaradıcılıqlarının əsas mövzusuna çevirərək, daim diqqət mərkəzində saxladıqlarını, onların sırasında olduqları  bu qızıl pleyadaya artıq Aida Eyvazlının da öz sanballı əsərləri ilə qoşulduğunu söylədi.


Sumqayıtın ağsaqqal ziyalısı, müdrik söz ustası, respublikanın Əməkdar Mədəniyyət işçisi şair Əşrəf Veysəlli tədbirdə iştirak edən şəhid analarının və ailələrinin hər zaman Azərbaycan xalqı üçün əziz olduğundan, şəhidlik məqamının müqəddəsliyindən danışaraq, özünün “Şəhid anası gəlir” şerini oxudu və bildirdi ki, şəhid haqqında yazmaq qələm sahiblərinin mənəvi borcu kimi çox mühümdür, ancaq hər şəhid haqqında yazdıqca müəllif özü də sanki hər gün şəhid olur.


Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday 2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış vətən oğullarının ömür yolundan bəhs edən “Qalibiyyət – şəhidlər və şahidlər” kitabını bir qəhrəmanlıq əsəri kimi yüksək dəyərləndirərək, Aida Eyvazlı Göytürkü tədbir iştirakçılarının alqışları altında “Müqəddəs Qələm” media mükafatı ilə təltif etdi.


Sumqayıt şəhər İcra hakimiyyətinin nümayəndəsi Şüşə Aslanova aprel şəhidlərimizin həyatından bəhs edən kitabı sadəcə bir oxucu kimi yox, bir ana kimi oxuduğunu və müəllifin bütün şəhid analarının, ərlərini, ər oğulları itirmiş gəlinlərin ağrılarını həyəcanla, qəlbən duyaraq qələmə aldığını bildirdi.


Tədbirdə aprel şəhidlərimiz Şulan Bayramov, Fəxrəddin Qurbanlı, Elvin Mirzəyev, Mühit Orucov, Vüqar Yusifov, Elnur Əliyev, Seymir Baxışov, Murad Məmmədov və digərlərinin ailə üzvləri də iştirak edirdi. Şəhid ailələri adından çıxış edən Əbdülməcid Axundovun anası Ceyran xanım Axundova Vətən şəhidlərinin adını əbədiləşdirdiyi üçün müəllif Aida Eyvazlıya minnətdarlığını bildirərək, qeyd etdi ki, Vətən öz şəhidləri ilə fəxr etdiyi kimi, o da bir ana kimi oğlu ilə qürur duyur və Azərbaycanın bütün torpaqlarının işğaldan tezliklə azad olunmasını arzulayır. O, şəhid anası kimi çıxışını “Azərbaycanın üçrəngli bayrağı Şuşada ucalıb-dalğalanarsa, şəhidlərimizin də ruhu Tanrı dərgahında rahat olar” sözləri ilə bitirdi.


Qarabağ qazisi Usta Fəxrəddin söz alaraq bildirdi ki, onun qardaşı 1992-ci ildə Lələtəpə uğrunda döyüşlərdə həlak olub. Ötən il şəhid qardaşının doğum günündə - 2 apreldə Azərbaycan Ordusunun qələbəsini qardaşının intiqamı kimi dəyərləndirdi və buna görə bütün aprel döyüşçülərinə minnətdar olduğunu bildirərək, şəhidlərə Uca Yaradandan rəhmət dilədi.


Tədbrin sonunda İbrahim İlyaslı sözü şəhidlır haqqında kitabların müəllifi Aida Eyvazlı Göytürkə verdi. A.Eyvazlı şəhid ailələrinin, onların ana və bacılarının  qarşısında ehtiramla baş əyərək, Vətənimizə Qalibiyyət şərbətini dadızdırmış qəhrəmanlarımızın həyatını onlara sevgi ilə qələmə aldığından qürür duyduğunu bildiri. O, “QALIBIYYƏT – şəhidlər və şahidlər” kitabının ərsəyə gəlməsinə ilk gündən maddi və mənəvi yardım göstərmiş millət vəkili Cavanşir Feyziyevə, onun nəfis şəkildə və qısa müddətdə çapını təmin etmiş "Çap Art" Nəşriyyat Evinin kollektivinə dərin minnətdarlığını bildirərək qeyd etdi ki, kitabın 2-ci cildi də bu ilin sonuna kimi işıq üzü görəcək. 


Tədbirin sonunda hər iki kitab qonaqlara, təhsil idarələrinə, şəhərin kitabxanalarına və oxuculara müəllifin imzası ilə hədiyyə olaraq təqdim edildi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır