Modern.az

Məşhur modelyer azərbaycanlı xanımların və kişilərin geyim dəbindən DANIŞDI

Məşhur modelyer azərbaycanlı xanımların və kişilərin geyim dəbindən DANIŞDI

Hadisə

22 Aprel 2017, 15:49

Əksəriyyət gözəl görünmək, tərz sahibi olmaq istəyir. Bunun üçün hər ilin mövsümi dəblərini  izləyir və tətbiq etməyə çalışır.

Hazırda isə yaz mövsümünü yaşayırıq. Bəs bu fəsildə hansı geyimlərə və rənglərə üstünlük verməliyik?

Modelyer Gülnarə Xəlilova Modern.az-a açıqlamasında yaz fəslində hansı  geyimlərin dəbdə olacağından söz açıb.

“Təbiət mövzusu aktuallığını qoruyur”

“Ötən illərdə olduğu kimi bu il də rəngarənglik dəbdə olacaq və təbiətin müxtəlif rənglərindən istifadə ediləcək. Geyimlərdə çoxqatlılıq üslubu artıq bir neçə ildir ki, gündəmdədir. Lakin bu il onların tikiliş və biçim prosesində fərqliliklər var. Təbiət mövzusu aktuallığını qoruyur. Geyimlərdə çiçək, heyvan rəsimləri öz əksini tapacaq. Binanın tikiliş prosesini xatırladan paltarlar xanımların qarderobunu bəzəyəcək.  Onlar bir çox hissələrin, rənglərin bir-birinə calanması yolu ilə hazırlanır. Qeyd etməliyəm ki,  modellərin fiziki göstəricilərini nəzərə alsaq, podiumda nümayiş etdirilən hər  geyimdən istifadə etmək mümkün deyil. Dəb yaraşdırmağı bacarmaqdır.  Bu ilin yaz-yay dəbində geyimdə bir neçə rənglər, dördbucaq və bu kimi həndəsi naxışlardan istifadə  qabarıq şəkildə özünü göstərəcək”.

“Bozumtul, qəhvəyi, sarımtıl, xardal...”

“Eyni zamanda “quraqlıq”  adlanan üslub dəbdədir. Yəni  bozumtul, qəhvəyi, sarımtıl, xardal kimi tonlar gündəmdə olacaq.  Belə geyimlərin təqdimatında yenə də assimetriya özünü biruzə verir. Ətəklər, koftalar və bunların birlikdə təqdimatı dəbdə olacaq. Şəffaf parçadan hazırlanmış geyim üslubu, Latın Amerikan geyim tərzi ətəklərdə özünü göstərəcək. Köynəklərdə həcmli qollar, kişi geyim üslubu, açıq çiyinlər xanımların üstünlük verdiyi geyim tərzinə çevriləcək”.

“Rahat geyim formaları hər zaman dəbdədir”


G. Xəlilova həmçinin yaz fəsli üçün kişi geyim üslubundan və aksesuarlardan da danışıb.

“Kişilər üçün də rəngarənglik, o cümlədən fərqli çalarlar ön plandadır. Klassikanı sevən bəylər üçün klassika hər zaman dəbdədir. Xanımlar üçün sadalanan rənglərin çoxu bəylərin qarderobunda da öz sözünü deyəcək. Əlbəttə ki, ciddiliyə üstünlük verən bəylər yenə də qəhvəyi, qara, tünd yaşıl tonlarında olan geyimlərdən istifadə edəcəklər. Aksesuarların isə dəbdə yeri fərqlidir. Gündəlik həyatımızın ayrılmaz hissəsidir deyə bilərəm. Buna eynəklər, şərflər, bəzək əşyaları, sancaqlar, eyni zamanda kəmərlər daxildir. Bunlarsız  nə xanımları, nə də bəyləri təsəvvür etmək mümkün deyil. Çünki sadə geyim formasına  bir çox aksesuar əlavə edərək, onları fərqli şəkildə təqdim edə bilirik. Aksesuarlara çantalar və ayaqqabılar da aiddir. Onların bir çox formalarında yeniliklər olsa da,  ötən il  dəbdə olanlar öz yerini qoruyub saxlayır. Ümumiyyətlə isə rahat geyim formaları hər zaman dəbdədir”.


Günay Rəsulqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi