Modern.az

Kitablar haqqında nə bilirik? - MARAQLI

Kitablar haqqında nə bilirik? - MARAQLI

23 Aprel 2017, 11:36

“Kitabları yandırmaqdan daha böyük cinayətlər var, məsələn, onları oxumamaq” 

Rey Bredberi

1995-ci ildə Barselonada toplanan Dünya Nəşriyyatlar Birliyi 23 aprelin hər il Kitab Günü kimi qeyd edilməsi təklifini irəli sürüb. Elə həmin ildə UNESCO 23 aprel tarixini Dünya Kitab Günü kimi rəsmən qəbul etdb. 

Maraqlıdır, dünyada nə qədər kitab var?

Statistik göstəricilərə görə dünyada 130 milyon adda kitab mövcuddur.

Çəkisinə görə dünyanın ən ağır kitabı Londonda muzeydə saxlanılır. “Dünyanın coğrafi atlası” adlı bu kitabın hündürlüyü 1 metrdən artıqdır, çəkisi isə 320 kiloqramdır.

Dünyanın ən böyük kitabı isə “Dəniz qaydalarının toplusu” adlanır. Onun hündürlüyü insan boyundan uzundur, eni 1 metrdir, qalınlığı isə yarım metrdən çoxdur. Bu kitab Amsterdamda muzeydə saxlanılır.

Dünyada ölçüsünün kiçikliyinə görə 12 kitab mövcuddur. Onları birlikdə bir xörək qaşığına yerləşdirmək mümkündür. Bu kitabların sırasında müqəddəs kitabımız “Quran” da var.

Dünyanın ən kiçik kitablarından biri də 1899-cu ildə Varşava şəhərində hazırlanıb. Puşkinin 100 illik yubileyi şərəfinə hazırlanan “Yevgeni Onegin” kitabının ölçüləri 28x18 millimetrdir. Bu kiçik kitabın hər səhifəsinə 30 sətir yerləşdirilib. Kitab üçün xüsusi medalyon da hazırlayıblar. Medalyonun içərisinə kitabla yanaşı onu oxumaq üçün kiçik linza da qoyulub.

Dünyanın ən böyük tirajlı kitabı “Bibliya” sayılır. Bibliyanın bu günə kimi 6 milyard nüsxəsi çap olunub.

Dünyanın ən bahalı kitabı Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti 30 milyondan bir az artıq dəyərləndirən bu kitab Bill Qeytsə məxsusdur.

Ən böyük lüğət kitabı sayılan “Alman lüğəti”nin hazırlanması 1854-cü ildən başlanıb, 1971-ci ildə tamamlanıb. Kitab 33 cilddən, 33519 səhifədən ibarətdir.

Ən böyük ensiklopediya kitabı isə “Universal Avro-Amerika ensiklopediyası”dır. 104 cilddən ibarət 105 min səhifəsi olan ensiklopediyada 165 milyon sözün izahı yerləşdirilib.

Qeyri-adi kitablardan biri Braziliyada saxlanılır. Rio de Janeiro şəhərinin 400 illik yubileyi münasibətilə buraxılan 200 səhifəlik xatirə kitabı paslanmayan poladdan hazırlanıb.

Haqqında ən çox kitab yazılan qəhrəmanlardan biri Napoleondur. Bu günə qədər görkəmli sərkərdə haqqında 10 mindən artıq müxtəlif kitablar yazılıb. Napoleon isə sürətli oxu tərzi ilə kitablara böyük maraq göstərib və o bir dəqiqə ərzində iki min söz oxuyurmuş.

Ən uzun adı olan kitab 1633-cü ildə Londonda nəşr olunub. Kitabın adı 45 sətirdən ibarət olub.

Kitab oğruları bibliokleptoman adlanır. Stiven Blumberq ən məşhur bibliokleptaman sayılır. O, 268 kitabxanadan 23 min kitab oğurlayıb. Stivenin şəxsi kitabxanasının dəyəri 20 milyondan artıq qiymətləndirilir.

Kitab oxumağa alışmaq, oxumağı daha yaxşı öyrənmək üçün ən yaxşı yaş dövrü 4-6 yaşdır.

Kitab oxuyanların 90 faizdən çoxu bir dəqiqəyə 210 söz oxuyur.

Sürətli oxu yavaş oxudan gözləri daha az yorur.

Kitab oxuyanlar əsasən 17-18-ci səhifədə onun maraqlı olub olmamasını müəyyənlədirirlər.

Hazırkı dövrdə dünyada əsas kitab alıcıları 45 yaşdan yuxarı olan insanlardır. Statistik göstəricilərə görə qadınlar kişilərə nisbətdə daha çox kitab alırlar.

Yazdığı kitaba görə ən yüksək qonorarı yunan şairi Oppian alıb. Həmin kitabda onun balıqçılıq və ovçuluq haqqında iki poeması çap olunub. Roma imperatoru Mark Avreli hər sətir üçün müəllifə bir qızıl sikkə mükafat verib. Kitabdakı sətirlərin sayı isə iki mindən artıq olub.

Dünyanın ən böyük kitabxanası Vaşinqtonda yerləşən Amerika Birləşmiş Ştatları Konqresinin kitabxanasıdır. Bu kitabxanada 470 dildə 30 milyondan artıq kitab, milyondan artıq dünyanın müxtəlif ölkələrinin mətbu orqanları, 6 milyon əlyazması, 5 milyona yaxın xəritələr, 12 milyon şəkil və s. saxlanılır. İl ərzində kitabxanadan istifadə edənlərin sayı 2 milyona yaxındır. Kitabxanada 3600 nəfər çalışır.

 

İlham Cəmiloğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir