Modern.az

“İnsanlara sevdikləri işləri tapmalarında yardımçı oluram” -  MÜSAHİBƏ

“İnsanlara sevdikləri işləri tapmalarında yardımçı oluram” -  MÜSAHİBƏ

İqtisadiyyat

24 Aprel 2017, 10:57

Fidan Əzimli: “Yoldaşım həyatımdakı ən böyük qazancımdır”

 

"Uğur sənin ovcuna yetişmiş gilənar dənəsi kimi düşmür". Müsahibimiz - ALPHA COACHİNG & CONSULTİNG şirkətinin direktoru Fidan Əzimlinin müsahibəsini oxuyub bir daha əmin olacaqsınız ki, bu sözləri elə-belə deməyiblər. Yəni uğur öz-özünə yaranmır, onu insan yaradır...

Modern.az saytı gənc yaşlarında uğurlu karyera yüksəlişinə nail olmağın yollarını izah edən şəxslərlə silsilə müsahibələrdən daha birini təqdim edir.
 

-Fidan xanım, istəyirəm biraz əvvəllərə səyahət edək , məktəb illərinizə. Şübhəsiz ki, əlaçı şagird olmusunuz?!

 

-Maraqlı sualdır. Məktəb illərində hansısa fənnə yaxşı hazırlaşmaq üçün həvəsli olmalı idim. Bəzi fənnlər var idi ki, onları çox sevirdim və onlara hər dərs hazırlaşırdım. Bu marağın iki əsas səbəbi var idi. Birincisi, onlar məndə araşdırma aparmaq hissini təşviq edirdi, ikincisi isə  bu fənni tədris edən müəllim faktoru idi. İndiyənədək yadımdadır ki, tarix fənnini onu tədris edən Esmira Əliağayeva adlı müəllimimi peşəkarlığına görə sevmişdim. Digər sevdiyim fənn riyaziyyat idi, çünki riyazi tapşırıqlar mənim üçün sirr qapısını açmaq kimi idi. Üçüncü sevdiyim fənn isə ədəbiyyat olub – uşaqlıqdan mütaliəni çox sevirdim. Bəzən axşamlar yorğanın altında kiçik fənərimi yandırıb uzun-uzadı  Valter Skotu, Viktor Hüqonu və ya Con Steynbeki oxuyurdum.

- Repetitorsuz da ali məktəbə daxil olmaq mümkündür? Həyatınızın abituriyent vaxtları nə ilə xatirənizdə qalıb?


- Yaxşı repetitor bilikləri yığcam və aydın şəkildə təqdim edir. Mənim fərdi repetitorlarım olmayıb. 1992-ci il test sisteminin ilk tətbiq ili idi. Həmin vaxt universitetdə hazırlıq qrupları yığılırdı. Bəxtimdən birinci il bu layihəyə Bakının ən yaxşı müəllimləri cəlb olundu. Baxmayaraq ki, dərslər individual deyildi və 30 nəfərlik qruplarla keçirilirdi, dərs materiallarını alıb, evdə çalışmaq üçün hər hansı maneə yox idi. Beləliklə, gərgin hazırlaşmağımın nəticəsində yüksək balla Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinə daxil oldum.


-
Niyə bu gün iş imkanları yaratmaq üçün ali məktəb bilikləri yetərsizdir? Cəmiyyətin hər gün inkişafa doğru getməsindən, yoxsa təhsil səviyyəsinin ürəkaçan olmamasından?


-Bütün dünyada belə bir tendensiya müşahidə olunur ki, iş yerlərində ali təhsilin qazandırdığı biliklərinin yalnız 20 %-i tətbiq olunur. İş həyatı üçün tələb olunan bilik və səriştələrin yerdə qalan 80 %-i iş yerində öyrədilir. Bu, normal vəziyyətdir. Son illərdə yüksək templi inkişaf nəzərə alınaraq artıq yeni statistika da ortaya çıxır – ali təhsil müəssisələrində tədris olunan biliklərin əksəriyyəti yalnız 3 il ərzində aktuallığını qoruyur. Bu səbəbdən öz laboratoriyaları, araşdırma və tətbiq imkanları olan universitetlərin verdiyi təhsil daha uzun ömürlüdür.



- İlk ali təhsilinizi psixologiya sahəsi üzrə almısınız. Bu da sizə insanları xarakterik olaraq daha yaxşı tanımağa imkan yaradıb. Təlimlərin təşkili və idarəedilməsində necə, psixologiya nə qədər önəmli rol oynayır?


-Psixologiya sahəsi o qədər gözəl və universal sahədir ki, çalışdığınız sahədən asılı olmayaraq onu hər yerdə tətbiq edə bilərsiniz. Çünki, hər yerdə ən əsas resurs – insandır. İnsan faktoru istədiyiniz məkanı gözəlləşdirə də bilər, eybəcərləşdirə də bilər. Şirkətimizdə təlimlər planlaşdırılarkən iştirakçıların bilik səviyyəsi, yaş fərqləri, sosial status və s. faktorlara görə təsnifat aparılır. Beləliklə, biz həm təlim mövzusunun, həm də təlim prosesinin iştirakçi üçün tam müvafiqliyini təmin edirik.


- Təlim mərkəzi açmaq və tədrisedici təlimlər keçirmək... Bu ideya hardan qaynaqlandı?


-İlk müəllimlik təcrübəm 3-cü kursda praktikam zamanı baş verdi. Həmin praktikada əsas aldığım dərs bu oldu ki, peşəkar müəllim olmaq üçün insan daim öz üzərində çalışmalıdır. O zaman bu peşəyə o qədər vuruldum ki,  ali təhsilimi tamamladıqdan sonra 14 il ərzində müxtəlif univesitetlərdə psixologiya fənni üzrə dərslər verdim və eyni zamanda, paralel olaraq şirkətlərdə də bines təlimləri keçirdim. Bu sahəni çox sevirəm, onda mənəvi rahatlıq tapıram və axırda Konfutsinin “Sevdiyiniz işi tapın və bir gün də işləməyə məcbur olmayacaqsınız” sözlərini rəhbər götürərək, “ALPHA Coaching & Consulting” şirkətini təsis etdim. Beləliklə, indi həm sevdiyim işlə məşğul oluram, həm də digər insanlara sevdikləri işləri tapmalarında yardımçı oluram.

 

-Kouçinq nədir? Onun təlimdən fərqli və üstün tərəfləri nələrdir ?  


-Kouçinq insanı hal-hazırda olduğu və bəyənmədiyi yerdən arzuladığı, xəyal etdiyi daha üstün bir yerə aparmaq üçün istifadə olunan effektiv inkişaf metodudur. İnsanları hərəkətə keçirmək və arzu hədəflərinə qovuşmalarını təmin etmək üçün onlarda üç sahəyə xitab etməlisiniz: beyinlərinə, bədənlərinə və ruhlarına. Təlimlər vasitəsi ilə siz intellektinizi yüksəldə bilərsiniz (beyin), sağlam həyat tərzi ilə bədəninizi qorumuş olacaqsınız. Həyata baxış və hadisələrə qarşı mövqeyinizdə fərqli baxış bucaqları ilə müsbət yöndə dəyişikliklər etsəniz, siz xoşbəxtlik hissini dada biləcəksiniz (ruh).

 

-Təlimləriniz daha çox hansı mövzuları əhatə edir?


- “ALPHA Coaching & Consulting” şirkətinin 4 əsas qolu var. Birincisi Kouçinq üzrə Beynəlxalq sertifikasiya təlimləridir. Bunun üçün biz 2016-ci ildə Azərbaycan, Gürcüstan və Qazaxıstan ölkələri üzrə baş ofisi Kanadada yerləşən “Adler İnternational Learning” institutu ilə regional təmsilçilik barədə saziş imzaladıq və artıq həmvətənlərimiz xaricə getmədən öz ölkəmizdə beynəlxalq sertifikatlı kouç təlimləri ala bilərlər. İkinci qolumuz qısa müddətli biznes təlimlərdir -  bu sahədə biz artıq 75 fərqli adda təlimlər həyata keçirdirik. Üçüncü qolumuz kouçinq üzrə fərdi və ya korporativ konsultasiyalardır – bu konsultasiyalar rəhbər vəzifələrdə çalışan insanların məhsuldarlığının artırılması üçün və eyni zamanda, həyatında müsbət dəyişikliklər etmək istəyən hər bir şəxs üçün nəzərdə tutulmuşdur. Sonuncu qolumuz – psixoloji konsultasiyalardır. Onlar həm fərdi müraciət edənlər üçün, həm də korporativ mühitinin psixoloji xarakteristikası üçün nəzərdə tutulmuşdur.


-Azərbaycan gəncliyinin  bu gün ən çox ehtiyac duyduğu şey nədir ? Sizcə, gəncliyimizi hansı sahədə daha çox maarrifləndirmək lazımdır?


-Birincisi, onlar öz güclü və zəif tərəflərini kəşf etməli, həyatdan nə istədiklərini və gələcək məqsədlərini düzgün müəyyən etməlidirlər. Sonra isə davamlı inkişaf yolunu tutmalıdırlar. Buna nail olsalar, artıq onları həyatda heç nə məhdudlaşdıra bilməz: istidikləri  sahəni seçməklə bu sahədə uğur qazanacaqlar.

 

-Təlim mərkəzinizi təsis edənə qədər yəqin ki, bir çox şirkətlərdə işçi kimi çalışmısınız. Necə düşünürsünüz, işçi olmaq daha çətindir, yoxsa işçiləri idarə etmək?


-Başqasına işçi olmağın çətinliyi daha çox işlədiyin qurumun daxili siyasəti və korporativ mühiti ilə bağlıdır. İşi düzgün qurulmuş təşkilatlarda işçinin inkişafı və motivasiyası, proseslərin asanlaşdırılması və avtomatlaşdırılması, kollektivdə sağlam mühitin təmin olunması kimi vacib faktorlar daim aktualdır. Sadaladığım faktorlar olmasa, işçi nailiyyət qazanmaq yerinə, ancaq bu iş mühitində “sağ qalmaq” barədə düşünür. Bu səbəbdən iş həyatında olanlara məsləhətimiz budur ki, davamlı olaraq özlərini təkmilləşdirsinlər – iş həyatı inkşafı sevir və tələb edir. İnkişafda olan insan rəqabətə davamlıdır, iş yerini itirməkdən qorxmur, əksinə, belə işçinin ayrılması şirkətə ziyan gətirir. Öz şirkətinin sahibi olmaq isə daha məsuliyyətli işdir. Başqasına işçi olaraq çalışdığınız iş yerində nəsə xoşunuza gəlməsə, siz uzağı iş yerinizi dəyişə bilərsiniz. Ancaq, öz işinizdə hər problemlə üz-üzə dayanıb, onları həll etməlisiniz.  Bunu etməsəniz, gələcəkdə daha böyük problemlərlə üzləşə bilər və nəhayətdə, çətinliklə qurduğunuz şirkətin qapısına öz əlinizlə qıfıl vurmalı olarsınız.



-Ailəlisiniz və Allah saxlasın, iki məktəbli qızınız var. Həm evdar qadın, həm də işgüzar xanım olmağı necə çatdırırsınız?


-İş və ailə həyatımı balansda saxlamqla. Bunu mən öz valideyinlərdən öyrəndim. Atam ailədə həm demokratik mühitin təminatçısı idi, həm də mənim ən böyük tənqidçim. Ailə qurandan sonra bu dəyəri öz evimdə də əsas tutdum və indi ən böyük qüvvəm - mənim ailəmdir. Bunu dərk etdikdən sonra ailəmlə olan münasibətlərimin keyfiyyətinə daha çox diqqət ayırıram. Evdə hər şey düzgün və qaydasında olduqda, iş yerimdə də sərbəst işləyib, yeni layihələr üzərində rahat çalışa bilirəm.  


- İlk karyera qurmağa başladığınız vaxtlardan, özünüzü peşəkar hiss etdiyiniz günə qədər nə kimi çətinlikləriniz olub və siz onların öhdəsindən necə gəlmisiz?


-Vaxtı ilə mənə ən böyük çətinlik gətirən mənim öz barəmdə olan düşüncələrim olub. İlk karyera illərimdə öz gücümə, biliklərimə, seçimlərimə inanmamışam. İllər keçdikcə, kiçik uğurlar qazandıqca, sahib olduğum biliklərə, bacarıqlara və dəyərlərimə daha çox etibar etməyə başladım. Bu isə məni daha böyük uğurlara və özümə güvənməyə həvəsləndirdi. Bu düşüncə tərzi eyni zamanda məsuliyyət yükünü öz üzərimə daha çox götürməyimə gətirib çıxardı. Nələrəsə nail olmaq üçün daha çətin yollar seçirdim, bununla özümə meydan oxuyurdum və nəticədə daha çox qazanırdım.


-Uğurlu karyeranızda həyat yoldaşınızın dəstəyini necə qiymətləndirirsiz? Təkbaşına da bu uğurları əldə edə bilərdiz?


-Yoldaşım həyatımdakı ən böyük qazanclarımdandır. Qarşılaşdığım bütün problemləri və şübhələrimi onunla bölüşürəm, çünki bilirəm ki, məni çox diqqətlə dinləyəcək və mövqeyini sərbəst, qərəzsiz və aydın şəkildə bildirəcək. Bəlkə də təkbaşına uğur əldə edə bilərdim, amma nəticədə bu artıq arzu etdiyim xoşbəxtlik hissi olmazdı.

 

- Övladlarınızın gələcəyini bir ana kimi peşə- karyera baxımından necə görmək istəyirsiz?


-Ən vacib olan budur ki, onlar getmək istədikləri limanları yaxşı tanısınlar. Övladlarımın azad düşüncəli və sevdikləri işlə məşğul olmasını arzu edirəm.Böyük sərvət qazanmaya da bilərlər, amma həyatda xoşbəxtl olmağa çalışmalıdırlar.


- Gənclərin qulağına sırğa olacaq tövsiyyələriniz?


-
Rəqib kimi özünüzü seçin. Daim inkişafda olun. Həyatınızda səhvlər edə bilərsiniz, amma ertəsi gün bu səhvləri düzəldib daha uğurlu nəticələrə gəlirsinizsə, demək ki, səhvlərinizdən nəticə çıxarmağı bacarmısınız. Bu o mənaya gəlir ki, özünüzlə yarışda özünüzə qalib gəlmisiniz. “Nələrisə daha da yaxşı necə edə bilərəm?” sualını özünüzə tez-tez verirsinizsə, demək ki, canlısınız,  yaşayırsınız və dəyişikliklərə, təkmilləşməyə açıqsınız.


- Xüsusilə öz biznes karyerasını qurmaq istəyən gənc xanımlara özəl olaraq deyəcəkləriniz varmı?


-Gözəl xanımlar, qadın olmaqdan qürur duyun. Beyninizdə olan stereotipləri azad buraxın, onlar sizin seçimlərinizi məhdudlaşdırırlar. Öz gücünüzə inanın və yeni yollara addımlamaqdan çəkinməyin. Ya bu yol uğurlu olacaq, ya da ki, siz yeni təcrübə əldə edib, sizi uğura istiqamətləndirəcək fərqli yola daha əmin addımlarla keçid alacaqsınız. 



Dünya Muradova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar