Modern.az

Atalar və oğullar - “Atam ömrünün son günündə üzümə belə, baxmadı, çünki...”

Atalar və oğullar - “Atam ömrünün son günündə üzümə belə, baxmadı, çünki...”

Ədəbi̇yyat

24 Aprel 2017, 13:14

Modern.az saytının “Atalar və oğullar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyasını dəyişən məşhur atalar barəsində də övladları danışır, onların portretini gözümüz önündə canlandırır.

Bu dəfə ömrünü çağdaş Azərbaycan ədəbiyyatına həsr edən şair, maarifçi Fikrət Sadıq haqqında qızı Aysel Fikrət danışacaq. O, atası haqqında xatirələrini, düşüncələrini danışıb, ürək sözlərini sizinlə bölüşəcək. 

Yeri gəlmişkən, layihəmizin adı “Atalar və oğullar” olsa da, bu, ümumi övladları ehtiva edir. Yəni qızlar da bu layihədə ataları haqqında danışa bilirlər. Aysel  xanım kimi. Gəlin, onu dinləyək:

 

Maarifçi Fikrət Sadıq

 

-Düşünürəm ki, hələ atam haqqında məndən çox soruşacaqlar. Önümdə duran uzun illər boyu onu yaşatmalıyam. Bunu düşünən zaman ömür mənə o qədər uzun  və cansıxıcı gəlir ki... Söz ilə ifadə edə bilmirəm. Atam Fikrət Sadıq ömrünün bütün mərhələlərində həyatını ədəbiyyata, bir də bizə, yəni övladlarına həsr edən mərhəmətli, müdrik, gözəl insan idi. Elə indi də elədir. Atamı hər zaman duyuram.

Hələ uşaq ikən, 9 yaşı olar-olmaz, atası repressiya qurbanı olub. O da 10-11 yaşlarından tək yaşayıb, peşə məktəbində oxuyub. Öz əzmi, çalışqanlığı ilə ağır çətinliklərə baxmayaraq, həyatda bütün arzuladıqlarına nail olub. Bu mənada onu həmişə örnək, nümunə göstərmək olar. Nəyə görə bizi bu qədər çox sevərdi? Əlbəttə ki, həyatda üzləşdiyi itkilərə görə. O, hər şeyini, itirdiklərini də ailəsində tapmışdı. Ta uşaq yaşlarımdan bu günə qədər onun yanında olub, atamı müşahidə etmişəm. Evin kiçiyi olduğumdan mənə xüsusi vaxt ayırardı. Tez-tez birgə gəzintiyə çıxardıq. Ətrafda olan insanların ona qarşı gözəl münasibətini görərdim. O zaman  uşaq ağlımla belə anlardım ki, atam gözəl insandır ki, onu bu qədər çox sevirlər. Davranışları, hərəkətləri tam fərqli idi. Saatlarla çalışa, yaza bilərdi. Xüsusi iş otağı olsa da, bunu  bizim yanımızda edərdi. Səbəbini soruşanda bircə kəlmə ilə cavab verərdi: “Siz mənə mane olmursuz”.

Bir əsrlik gecikmə

-Gözümü açandan evimizdə atamın timsalında maarifçilik ənənəsinin yaşandığını görmüşəm. Atam XIX – XX əsrin maarifçilik ənənəsini, realizmini  özündə yaşadan tək-tük  adamlardan idi. Mən hər zaman onun bu mövzudakı narahatlığının şahidi olmuşam:

Yaxşı kitabın sorağın eşit, get, axtar, tap, oxu
Deməkdən yoruldum, oğul, kitab oxu, kitab oxu!

 

Daş daşımaq ağır işdir, baş işlətmək daha ağır,
Vur dizini, yor gözünü, gətir bu zülmə tab, oxu!

 

Gəl tarixi varaqla gör, dünya çox inqilab görüb,
Kitabdır, kitabdır, kitab ən böyük inqilab, oxu!


Və yaxud da:

 

Nə bilir Sarı Kazım
Nə olan şeydi sarkazm –deyərdi və Sarı Kazımlara sarkazm sözünü xatırladardı.

Fikrimcə, atam bir əsr gec doğuldu. O, əqidəcə Sabirdən sonra Şirvan şeir   məktəbinin ən layiqli davamçısıdır.      
                                                         

Öylə bilirdim ki,dəxi sübh olub
Mürqü-Səhər tək bir ağız banladım,-deyən Sabirə Fikrət Sadıq  cavab olaraq sanki deyirdi:

 

Fikrət Sadıq bəsdir öyüd

Qupquruca sözdür öyüd

Dəyişərmi bir adamı .

Bununla belə, son nəfəsinə qədər milləti maarifləndirməyə çalışdı. Xalqına təmannasız xidmət etdi. Xalqının imzasını imzalar içində görmək istəyirdi atam... Xalqını çox sevər, həmişə uğurları ilə fəxr edərdi.                                                                             Ömrünün sonuna qədər dörd nəsil gənclik gördü. Bütün şeirlərindən maarifçilik duyuldu, öyüd-nəsihət əskilmədi.


Ailədəki mirzə

-Atam  bizi hansısa konkret bir çərçivəyə salmazdı. Bizə yalnız Vətən sevgisi deyil, dilimizə vurğunluğu da,  kitaba həvəsi də o, yaratmışdı. Evimizdə hər zaman kitab oxunub, müzakirələr aparılıb. Çünki anamız Sevil xanım da ədəbiyyatçı olub. Biz bu mühitdə böyüyüb, boya- başa çatmışıq.

Fikrət Sadıq ömrünün yarısından çoxunu ədəbiyyata həsr etmiş adamdır. Bununla yanaşı, ensiklopedik biliyə malik idi. Elə bir sahə yox idi ki, Fikrət Sadıq ondan məlumatsız olaydı. Mirzə  Ələkbər Sabir atamın ustad bildiyi və ən çox sevdiyi şairlərdən  olub. O, həmişə Sabirin torpağından, yurdundan olduğu üçün sevinirdi. İş otağında böyük Sabirin şəkli divardan asılı olardı. Evimizdə isə Hadi ilə birlikdə olan şəklini öz iş otağından asmışdı .          
                                        

Həmişə Sabirdən şeirlər deyər, onun haqqında danışmağı sevərdi. Təsadüfi deyil ki, atam Mirzə Ələkbər Sabirlə elə bir gündə anadan olub - Mayın 30-da. O, hər il ad gününü Şamaxıda, böyük Sabirin ad günü ilə birgə qeyd edərdi. Sabirə ithafən yazdığı şeirlər və “Sabir” poeması onun ustad şairə nə qədər doğmalığının, sevgisinin nümunəsidir.

Atam hər şeydən çox kitab alardı, otaqlarımızın dörd divarı da kitabla dolu idi. Yaş dövrümüzə, maraq dairəmizə uyğun kitabları alar, bizdə  mütaliəyə çox böyük həvəs yaradardı. Bunu bizə aşılamırdı, dolayı yolla başa salardı. Onun kitab sevgisi bizə də sirayət etmişdi və bu cür də davam etdi.   
                                          

“Mənim elim, mənim dilim”

-Ana dilinə qarşı olan sevgi onun bütün yaradıcılığını əvvəldən sona qədər izləyir. Dilmizə gələn kobud yeni sözlərə-neologizmlərə qarşı çıxardı. Bu mövzuda bir çox yazıları var. Soyadların sonunda gələn “-ov”, “-yev” şəkilçilərinə qarşı idi. Bu barədə çox danışardı. Demək olar ki, yaralı məqamardan biri kimi bunu qiymətləndirərdi.                                                    Xüsusən də, evində rusca danışanları anlamazdı. Körpələrin ana dilini get-gedə unutmasından qorxardı. Nəvələrin rusca yox, öz ana dilində oxumaqlarının tərəfdarı idi. Amma həmişə başqa dillərdə kitablar alar, nəvələrinin  yad dilləri bilməyinə qarşı  çıxmazdı .

Ana dilinin keşiyində çox durardı. Özü də elə o dil kimi saf, təvazökar insan idi. Özünəməxsus həqiqətpərəstliyi əlbəttə, bizim üçün müəyyən çətinliklər törədirdi. Amma biz övladlar da ürəyimizin dərinliyində bu cür düzgünlüyü sevən, həyatla uzlaşmayan müdrik işıqlı atamızın olması ilə fəxr edərdik. Çətinlikləri görməzdik, hiss etməzdik.


“Bizim Fikrət Sadıq”

-Fikrət Sadıq ömrün yarısından çoxunu Azərbaycan Yazıçılar Birliyində  işləyib. Mən onun yalnız ittifaqla bağı xatirələrini danışa bilərəm. Çünki ömrünün yarısı, acılı-fərəhli illəri burayla bağlıdı. Uzun illər Azərbaycan Yazıçılar İttifaqında Ədəbiyyatın Təbliği Bürosunun direktoru olub. Ömrünün sonuna yaxın poeziya üzrə məsləhətçi işləyib. Evdə nə qədər ciddi idisə, iş yerində çox baməzə adam olduğunu deyirlər. Elə oradaca  başına gələn bir neçə  baməzə əhvalatlardan danışım: Yazıçılar İttifaqına əlbəttə ki, hərdən  təsadüfi adamlar da gələrdi, yöndəmsiz, söz yığını olan şeirləri ilə onu narahat edərdilər.

Bir gün bir şair də  yeni çapdan çıxan kitabını  gətirir.  Atam kitabı vərəqləyir. Şeirlərdən baş çıxarmır. Baxır görür ki, hələ bir alim də necə olubsa, bu kitaba ön söz belə yazıb . O zaman deyir:

Yerindən duran hər tip,                                                    

Eyləyir kitab tərtib.                                                                

Alimin də yönsüzü,                                                             

Yazır ona ön sözü!       
                                                                 

Bir gün də bir bağban şeir yazmaq arzusuna düşür .Almalardan şeir yazır və onun “Şeir almanaxı”nda çapını istəyir. Atam yenə də bədahətən cavab verir:

Ləzzətlidir “bumajnı”

Şirvan gözəli şafran

Şeyrin oldu “nevajno”

Çıxarıldı kitabdan

 

Bir gün də iki gənc şair onun yanına gəlir. Yazdıqları bir şey olmasa da,

bir-birlərnə tez-tez “ok” deyə müraciət edirlər.

Atam baxır, baxır... və deyir:          
                                        

O key bu keyə deyir “okey”,
Bu key o keyə deyir “okey”

Bu cür  əhvalatlar çox olub. Yadımda qalanları dedim. Atam işini çox sevərdi. Ölümündən sonra onun kitablarını götürmək üçün Yazıçılar Birliyinə  getdim, amma  yuxarı  qalxa bilmədim. Çox ağrılı idi. Son dəfə Natəvan klubunda onun üçün keçirilən şeir gecəsi üçün ora getmişdi. Hamı atamın başına toplaşıb şəkil çəkdirirdilər. Atamı böyükdən-kiçiyə hamı sevərdi .

Ən çox ölümündən sonra Fikrət Qocanın yazdığı şeir bir də Ülviyyə Heydərovanın ona yazdığı “İşıq Əmi” adlı yazısını unuda bilmirəm. Yoxluğundan bəri o qədər şairlərə, yazarlara rast gəldim  ki, hamı onun adını çəkəndə   gözlərində qəribə bir işıq yaranardı. Anlardım ki, bu işıq onlarda atamın özünəməxsus həlim xasiyyətinin qoyduğu nişanədir.

 

Köhnə kişi və "Köhnə Azərbaycanlı"-

 

-Orxan Fikrətoğlu, mənim böyük qardaşım 1980-cı illərdən ədəbiyyata gəlib, özünəməxsus yazı üslubu və fərqliliyi ilə seçilib. Ona verilən bu ad-“köhnə azərbaycanlı”- evimizdə heç bir tərzdə ifadə olunmurdu. Evimizdə həmişə çox demokratik, modern ab-hava olub. Qardaşımla atam arasında hər şeydən əvvəl çox gözəl ata-oğul münasibətlərini görmüşəm. Orxan gözəl övlad olub, atam isə gözəl ata...                                                                                         Atamın onun haqqında dediklərindən nümunə çəkim:


“Eşidən deyər ki, oğlunu tərifləyir. Burada mən bir oxucu kimi deyirəm. Orxan o adamlardan yazır ki, onlar heç kəsin yadına düşmür. Bu, onun qəlbinə düşən ilk Haqq işığındadır. İlk oxuduğu öyrəndiyi kitablardan, Dədə Qorquddan, nağıllardan, Mirzə Cəlildən, Sabirdəndir”.

Onların bir polemik dialoqu da var. Orxan Fikrətoğlu Fikrət Sadıqdan müsahibə alır. Çox gözəldir. Gəlin, sizin üçün də bir parçasını deyim:

Deməli, müsahibənin bir yerində Orxan soruşur:

-Mən səni çox yaxşı tanıyıram, bu düzlükdən nə qazanmısan?

-Bizim nəslimiz belədir, sən də beləsən. Məgər görunmür?! Düzlük mənə hər şeydən əvvəl azadlığı verib. Mən heç kəsin qarşısında başı aşağı deyiləm .

-Bəs şeir sənə nə verib?

-Şeir məndən hər şeyi alıb. Çünki mənim şeir yazmağım içimə daş daşımağım kimidir, yəni, ağır fiziki işdir .

-Yormadım səni?

-Yox, məni vaxt yordu ...

Gözəl bir müsahibədir, çox səmimidir. Bilinir ki, onlar ata-oğuldan başqa da bir birlərinə dost -dayaq ola biliblər.


“Yarpaq tökümü”

-Fikrət Sadıq həmişə öz şair dostlarını çox sevərdi. Ömrünün sonuna yaxın ona rəhmətlik İlyas Tapdıq zəng etdi. Atam elə sevindi ki, hətta səsi də açıldı. Mən narahat oldum ki, yorular.

Atam üçün yarpaq tökümü Əli Kərimdən başladı. Atam heç zaman onu unutmazdı, evimizdə həmişə Əli Kərimdən söhbətlər gedib. Onun insanlığı və dost keyfiyyətləri barədə danışılıb.  Sonra ardı-arası kəsilməyən yarpaq tökümü atama çox pis təsir edirdi. İsi Məlikzadə,Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Qabil.... 
                               

Atam heç ağlamazdı, yalnız Qabil dünyasını dəyişəndə onun göz yaşlarını heç unuda bilmirəm.

Desəm, inanmazsınız, ancaq hərdən onların hamısını birgə yuxuda görürəm, özü də şad-xürrəm. Ürəyimdə qəribə bir ümid doğulur.

 

Gizli qalan Fikrət Sadıq

-Evdə atam tam fərqli idi. Ciddi, susan, çox az danışan hər bir işə həssaslıqla yanaşan, uğurumuza sevinən, səhvimizə sadəcə, susaraq başını bulayan ciddi bir ata obrazı idi.                                                                                       

Ona qarşı olan böyük sevgi bizə anamızdan gəlib. Mən ta gözümü açdığım gündən evimizdə sevgi görmüşəm. Hər bir ailə kimi bizim də çətinliklərimiz olub, yalnız heç zaman bir-birimizi itirməmişik. Bizi bir-birimizə gözə görünməz bağlar birləşdirib. Atam hər birimizə ayrı-ayrılıqda diqqət yetirib. Təhsilimizdə, həyatda atdığımız hər addımda yanımızda olub. Anamı çox sevər, onun dediyini iki etməz, nazını çəkərdi Anam da onu bəlkə də oxuduğumuz romanlarda olan obrazlar kimi saf, təmiz, gözəl məhəbbətlə sevərdi. Mənə qaldıqda isə bütün qızlar atalarını çox sevər deyirlər .

Yalnız mən bilmirəm nədən bu qədər çox bağlıyam atama. Bu sevgi məni ucaltdığı, yaşatdığı kimi onun yoxluğundan sonra göydən yerə də vura bildi .

Atam hər dəfə mənə ürək verər, “qorxma” deyərdi. Yalnız son gün heç üzümə belə, baxmadı. Çünki mənim baxışlarımdakı suala cavab verə bilməyəcəyindən qorxurdu.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir