Modern.az

“23 nisan”ı olmayan uşaqlar, təqvimin mənasız qırmızı haşiyəsi  

“23 nisan”ı olmayan uşaqlar, təqvimin mənasız qırmızı haşiyəsi  

Aktual

24 Aprel 2017, 13:30

Vəfa Allahverdiyeva

 

Hər 23 nisan Çocuq bayramının ildən-ilə bir damla əskilməyən, artan təntənəsini Türkiyə televiziyalarından izlərkən, bir millətin uşaq gününə bu qədər təşkilati  güc,  tükənməz enerji, bitməyən həvəs verməsinə heyran qalmaya bilmirsən.

Ən əsası da dövlətin səfərbərliyinə, rəsmi çevrələrin artan ciddiyyətinə. Bir günlük iş qrafikinin bütünlüklə uşaqlara həsr edilməsinə.

Kiçik uşaqlara böyük yerində, sanki bir qəhrəman, fədakar, hər hansı peşə statusu daşıyan qocaman insan timsalında hörmət qoymaq...

Onların ruhunu vətən eşqi, yurd əmanəti, millət sevgisi ilə yoğurub, gələcək üçün mükəmməl nəsil hazırlamaq...

Bir neçə saatlıq görəv, kreslo verib, rəsmi çıxış, idarəçilik metodikası öyrədərək, hakimiyyət dəhlizlərinin möhtəşəmlik və məsuliyyətini yaşatmaq, beləliklə, bu rəsmi pillələri, yüksək dövlət mərtəbəsini qazanmağın tək yolunun elm məbədindən keçdiyini dərk etdirmək...   

Ənənəvi uşaq bayramının hədəfi nə qədər əhatəli, nə qədər  mənəvi-siyasi çəkiyə malikdir.

İzlərkən, hafizəmiz sovet vaxtlarının böyüklü-kiçikli hamını bir arada toplayan bir neçə mühüm dövlət bayramlarının parad formatındakı əzəmətini geri gətirir. Onun içərisində əlahiddə uşaq bayramı günü olmasa da.  

Sovet erası başa çatdığı kimi, ovqat yüksəldən izdihamlı bayramlar təntənəsi də bitdi; Çağdaş zamanın uşaqlarını coşğu içində sevincli edən, üzünü güldürən, nəşəsini artıran, milli simvollarına, dövləti dəyərlərinə daimi bağlılıq öyrədən geniş meydan bayramları, beləcə əskik qaldı.         

Lap sonralar meydanlarda elə siyasi həngamələr açıldı, elə oyunlar quruldu, hakimiyyət hərisliyi, çevriliş planları görünməyə başladı ki, bizdə meydan anlayışı çirkinləşdi, təhdidə çevrildi və uşaqların məhz geniş yollarda reallaşa bilən izdihamlı bayram haqqına, həvəsinə qapılar, bəlkə elə meydan fobiyasının  təsiri ilə  biryolluq bağlandı. Miqyası kiçilən izdihamlar dar çərçivəli, böyük mesajlar gücünə sahib olmayan  tədbirlər formatına keçdi.

Uşaqlar və onların böyükləri bizlər,  beləcə Türkiyədəki balacaların bayram nəşəsinə, onları millətsevər, öz bayrağına düşkün böyüdən bayram əzəmətinə  həsrətli baxışlar zilləməli oluruq.     

Bəzən bir ölkənin yaxşı ənənəsi, gözəl xüsusiyyətləri ürəyə elə yatır ki, onun sahib olduqlarına qeyri-ixtiyari can atır, həsrətli arzular qurur,-təqlid deməyək, kobud və eybəcər alınar- örnək alma hissinə düşürsən. 

Amma nə fayda. Bizim uşaqlar bu cəhətdən şanslı deyillər.

Baş aldadan, üzərində beynəlxalq etiketli, quruca bir 1 iyunumuz var; guya uşaqların hüquqlarını müdafiə günüdür, amma nə təntənəsi var, nə mənası, nə əhəmiyyəti; necə gəlib-keçdiyini hiss edə də bilmirsən! Elə həmin gün də uşaqlar ağır dərs yükünün altına çəkilir, dörd-divar arasında dinc dayanması üçün təpə-qapaz edilir; bu günün başqa günlərdən heç bir fərqi olmadan!

“23 nisan”ı olan uşaqlar bol-bol nəşə içində, vətənpərvərlik ruhunda, “görəv” başında ikən...     
 

Bitib-tükənməyən uşaq enerjisi atraksionlarda, bağ-bağçalarda, dərs fasiləsində məktəb həyətlərində atılır; kütləvi coşğuya təslim edilməyən hisslər, geniş auditoriyaya təqdim edilməyən şəxsi yaradıcı qabiliyyətlərsə  bizim uşaqları mənən, ruhən yetişməkdə axsadır.  

Təqvimin qırmızı haşiyəli mənasız bayramı. Kiçicik bir tortla, ucuz-baha bir libasla 1 iyun bayram ənənəsi yaratmağa çalışan çox məhdud ailələrin bu diqqəti isə uşaqları xırda sevinclərdən böyük, yaddaqalan, daha əhəmiyyətli, dərin mənalı  sevinclərə daşıya bilmir.

Çünki əhəmiyyət kütləvi coşğuda, təntənədə, xoş emosiyalarda, böyük adamların güclü əlləri kiçiklərin zəif barmaqlarından yapışanda   qazanılır.  

Sanki kimsədə bir cəsarət yoxdur, bir proyekt olaraq uşaqlara bir neçə saatlıq baş nazir, nazir, spiker kreslosunun alınıb verilməsini təşəbbüs etsin, bu yolla gələcək nəslin beyninə idarəçilik anlayışını, özgüvəni, elm arxasınca qaçmanın faydasını gətirsin. Onlara böyük işlərin simvolik təcrübəsini öyrətsin. Örnək başqa müəlliflər olsa da...

Gülər Əhmədovanın başına gələn olaylardan sonra yoxa çıxan Respublika Uşaq Təşkilatı Uşaq Parlamenti ideyasına uyğun şəkildə balacaları Milli Məclis  auditoriyasına aparıb çıxarmaq , millətin vəkili kreslosuna simvolik oturtmaqla mümkünsüz görünənləri mümkün etdi. Amma bir güllə bahar olmadığı kimi, bir cəhdlə də, ənənəvilik yaranmır. Ənənəvilik olmayan yerdə isə  gələcək nəslin tərbiyəsi, ruhən yetişməsi  baxımından pozitiv nəticələr ortaya gəlmir.   

Nə vaxta qədər ki, bizim uşaqlar ağır məna yükü daşıyan “23 nisan”ı yox, quruca 1 iyunu olan uşaqlar kimi yekələcək, bizim onları böyük hədəflər, böyük məslək arxasınca göndərməyimiz əməlli müşkülə çevriləcək.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir