Modern.az

"Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar!"

"Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar!"

25 Aprel 2017, 09:32

“Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” .  “Füyuzat”da dərc olunmuş Əli bəy Hüseynzadənin məqaləsindəki bu fikri Azərbaycan jurnalistikasında yeni təkan yaratdı, “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək”  şəklində formalaşdı və təbliğ olundu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

        
Azadlıq fədaisi Əli bəy Hüseynzadə Türkiyədəki təqiblərdən sonra  Azərbaycana qayıdır və “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını burada dərc etdirir və “Gənc türkçülük” nədir?” adlı məqaləsi ilə Türk tənzimat hərəkatının mahiyyətini şərh edir. Sonra o, dövrünün məşhur ilahiyyatçı-alimi, ictimai xadim və publisist Əhməd bəy Ağaoğlu ilə birlikdə və milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayır. 

        
Ə.Hüseynzadənin Azərbaycanın ictimai-mədəni həyatı və milli jurnalistika tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edən onun ardıcıl olan söz və mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. Ədəbi-tənqidi və publisistik məqalələri, şeirləri, bədii nəsri və siyasi-fəlsəfi pamfletində Ə.Hüseynzadə azadlığı, hürriyyəti obrazlı şəkildə təqdim edir, azad sözü “pəruyi-hürriyyət” (azadlıq pərisi) adlandırır və onu “Kuhi-Qaf və Suimurq quşu” məqaləsində Qaf dağlarına zəncirlə bağlanmış məşhur “od oğrusu” Prometeyə bənzədir. Azad sözün cəmiyyətdə varlığını Prometeyin odu, işığı ilə müqayisə edən Əli bəy 1905-1907-ci illərdə Azərbaycanda mətbuat və fikir azadlığının cəfakeşlərindən biri, milli ziyalılıq simvolu idi. O, azadlığın mahiyyətini anladır və deyirdi:

        
“Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin, nə də bir fərdin etiqad və əfkarındən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə, hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib-yazmaqda muxtardır”. (Mövlude-Nəbi. “Füyuzat” jurnalı, 1907-ci il). 

        
“Türk” kəlməsinin hətta dilə belə gətirilmədiyi bir tarixi məqamda Əli bəy Hüseynzadə "Həyat" qəzetinin səhifələrində çap etdirdiyi "Türklər kimdir və kimlərdən ibarətdir?" adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq "Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi və ulusuyuq", - deyə müraciət edir, bəzi mətbuat orqanlarında Çingiz xanın və Əmir Teymurun monqol kimi göstərilməsini tənqid edir, onların türk olduqlarını və nəsillərindən olan şəxsiyyətlərin də adlarını çəkərək onların hər zaman türkcə danışdıqlarını və türkcə yazdıqlarını bildirirdi.

        
Əli bəy Hüseynzadə Azərbaycan jurnalistikasının özüdür, xalqı uğrunda hər şey edən vətən fədaisidir. Onun bu sözləri hələ uzun illər Azərbaycan jurnalistikasında deyiləcək: “Çirkablara daş atmalıdır, həm də doluncaya, edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır. Qayalar yuvarlamalıdır... Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai!



Elnurə Şakirqızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi