Modern.az

Deputatlar “Valyuta tənzimi haqqında” qanuna irad tutdular

Deputatlar “Valyuta tənzimi haqqında” qanuna irad tutdular

25 Aprel 2017, 13:48

Milli Məclisdə “Valyuta tənzimi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb. Modern.az xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkili Elmira Axundova deyib ki,valyuta dəyişmə məntəqələrinin ləğvi barədə deputatlar dəfələrlə qeyd ediblər belə bir addımın atılması bir sıra mənfi hallara səbəb olub.

“Belə ki, ilk əvvəl valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə çoxlu sayda təcrübəli və ixtisaslı insan işsiz qalıb. Bunun əvəzinə Azərbaycanda qara bazar yaranıb və qanunsuz valyuta əməliyyatları kütləvi hal alıb. Yaxşı ki, hökumətimiz vaxtında bunun qarşısını alıb.

İkincisi, bu məntəqələrin ləğvi ölkəmizə gələn xarici turistlər üçün böyük çətinliklər yaradır. Çünki istirahət günləri bir çox banklar işləmədiyi üçün xaricilər özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər, əsasən dollar olan həmin vəsait istifadə olunmadan yenidən ölkəmizdən çıxır. Bu isə ölkəyə valyuta axınına çox mənfi təsir göstərir.

Bunları nəzərə alaraq “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyi mühüm addım hesab edirəm. Yeni dəyişikliklər valyuta dəyişmə məntəqələrinin qanuni şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Həmin şəxslər artıq vergi ödəyicisinə çevriləcəklər”.


E.Axundova müsbət məqamlarla yanaşı, bəzi fikir və iradlarımı da bölüşüb:

“Əvvəla, ilk sualım rezident fiziki şəxsin fəaliyyət ünvanı ilə bağlıdır. Məncə fəaliyyət ünvanı mütləq tələb olmamalıdır. Bu, vətəndaşlar üçün əlavə çətinliklər yaradacaq. Çünki hər dəfə ünvan dəyişəndə gərək lisenziya yenidən rəsmiləşdirilsin.

Qanunun 13-5-ci maddəsi ilə bağlı sual vermək istərdim. Lisenziya yenidən rəsmiləşdirilərkən hər hansı rüsum tələb olunacaqmı? Bununla bağlı məsələyə qanunda aydınlıq gətirilməlidir.

Qanunun 13-8-ci maddəsində Lisenziyanın ləğvi halları sadalanır. 13-8.1.7-ci maddəyə görə lisenziya sahibi lisenziya aldıqdan sonra 3 ay ərzində bu fəaliyyətə başlamadıqda lisenziya ləğv edilir. Düşünürəm ki, bu müddəti uzatmaq da olar, çünki lisenziya alandan sonra müəyyən səbəblər ola bilər ki, şəxs dərhal işə başlaya bilməsin. Mən Qüdrət müəllimlə tamamilə razıyam ki, girov məsələsinə yenidən baxmaq lazımdır, çünki bu məsələ o qədər də məntiqli deyil. Ona görə ki, bu insanlar dövlət köməyi olmadan öz vəsaiti hesabına valyuta dəyişmə məntəqələrini yaradırlar və bu fəaliyyətdən dövlətə vergi ödəyəcəklər. Nəyə görə onlar üstəlik girov da qoymalıdırlar?

Digər tərəfdən, hesab edirəm ki, lisenziya alınması proseduru çox da asan olmamalıdır. Məncə 500 manat lisenziya rüsumu azdır, onu ən azı iki dəfə qaldırmaq lazımdır. Çünki lisenziya onsuz da müddətsiz verilir. Digər tərəfdən lisenziya alan hüquqi və fiziki şəxslərin sənədləri ciddi yoxlanılmalıdır, söhbət təkcə vergi cinayətlərinin olub-olmamasından getməməlidir, həm də bu sahədə işləmək istəyənlərin təcrübəsindən, professional biliklərindən getməlidir, yəni valyuta dəyişmə məntəqəsini açan şəxs ən azından ali maliyyə ixtisasına malik olmalıdır.

Xahiş edirəm qeyd etdiyim məsələlərə aydınlıq gətirilsin. Ümumilikdə isə qanuna təklif edilən dəyişiklikləri labüd hesab edirəm”.


Deputat Vahid Əhmədov qanuna edilən dəyişiklikdə əksini tapan girov qoyulması məsələsinə narazılığını bildirib. O qeyd edib ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum verib lisenziya almalıdır.

 “Belə olan halda bəs girov məsələsi niyə lazımdır? Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Məsələn, biz “Nağd hesablaşmalar haqqında” qanuna dəyişdirdik. Amma bu, real iqtisadiyyatada çətinlik yaradır. Ola bilsin ki, cənab prezidentə məlumat vermirlər. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən biz komitədə daşınar əmlakla bağlı məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək. Mən ümumiyyətlə bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət şura yaradılsın. Çünki qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik.  Müzakirələrə ehtiyac var”.


Deputat Qüdrət Həsənquliyev isə deyib ki, valyutadəyişmə məntəqələrinin ləğvi həm turistlər, həm də vətəndaşlar arasında narahatlıqlara səbəb olmuşdu, müəyyən çətinliklər yaratmışdı.

“Əlbəttə, çox müsbət haldır ki, bu gün sözügedən qanuna dəyişiklik parlamentə təqdim olunur və yenidən valyutadəyişmə məntəqələrinin açılmasına şərait yaradır”.


 Deputat bildirib ki, burada təqdirəlayiq hal vətəndaşlara bu qanundan yararlanmaq imkanlarının tanınması ilə bağlıdır.

“Ancaq qanunda lisenziyanın alınması üçün müraciət bəndi var. Əgər burada fiziki şəxslərə lisenziya verilməsi məsələsindən söhbət gedir. Burada dövlət qeydiyyatına alınması üçün şəhadətnamənin sürəti əvvəlcədən fiziki şəxsdən tələb olunur. Bəlkə buna lisenziya verilməyəcək. O zaman nə üçün bu adam vergi ödəyicisi kimi qeydiyyata durmalıdır? Mən çox istərdim ki, bu məsələyə aydınlıq gətirilsin. Digər təklifim qanunun 13-1.2.3 bəndi ilə bağlıdır. Burada deyilir ki, ərizədə qeyd olunan obyektlərin hər birinin üzərində ərizəçinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədin natarioat qaydada təsdiq olunmuş sürəti. Əgər bir adam lisenziya ala bilməyəcəksə, valyutadəyişmə məntəqəsi kimi istifadə edə biləcəyi obyekti yoxdursa, o zaman gedib nə üçün kiminləsə müqavilə bağlamalıdır, pul ödəməlidir? Hesab edirəm ki, bunun əvvəlcədən tələb olunması da doğru deyil. Ən azından lisenziyanın verilməsi ya iki mərhələdə həyata keçirilməlidir, ya da bunun tələb kimi qoyulması doğru sayılmır”.


Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir