Modern.az

Qəbələ yazarlarının bir kitablıq görüşü                                        

Qəbələ yazarlarının bir kitablıq görüşü                                        

25 Aprel 2017, 13:50

Emin Baratoğlu: - “Bu cür toplular əslində hər bir qəbələlinin kitabıdır”

 Gözəlliklər diyarı Qəbələ həm də ölkəmizdən çox-çox uzaqlarda belə tanınan bir çox görkəmli şəxsiyyətlərin, söz-sənət adamlarının vətəni kimi də ad çıxarıb. Bu yurdun ziyalıları Azərbaycanın hərb sənətinə, elminə, ədəbiyyatına böyük töhfələr verib. Molla Gülü Zalami – Qələmi (Vəsfi), İsmayıl bəy Qutqaşınlı, Abdulla Qutqaşınlı, İbrahim bəy Musabəyov, Ümnisə xanım Musabəyova, Vahid və Cahangir Qəhrəmanovlar və digərləri Qəbələnin məşhur simaları kimi Azərbaycanın ictimai-siyasi və mədəni həyatında şərəfli yer tuturlar.

 Qəbələ gündən-günə inkişaf edir, təbiətin bəxş etdiyi gözəlliklər yeni naxışlarla zənginləşir. Bu füsunkar diyarda dünyaya göz açan qələm sahibləri də bu yerlərdən zövq alır, ecazkar diyarı bədii sözün qüdrəti ilə vəsf edirlər. AYB və AJB –nin üzvü, 13 kitabın müəllifi Emin Baratoğlu “Qəbələ - könül dünyamız” adlı nəşrdə yurdun tanınmış qələm sahiblərini bir araya toplamış, ədəbiyyatsevərlərə qiymətli hədiyyə bağışlamışdır. Topluda Tacəddin Şahdağlı, Ləzgi Baba, Qərənfil Dünyaminqızı, Mirhəsən Ağayev, Fəxrəddin Babayev, Akif Cabbarlı, Emin Baratoğlu, Nargilə Qafarova, Əlihüseyn Şərifov, Laçın Yanardağ, Füzuli Yavər, Qoşqar Qaraçaylı və digər yazarların şeir və hekayələri daxil edilmişdir.

Emin Baratoğlu hazırda növbəti toplu üzərində çalışır. O, deyir ki, bu cür toplular təkcə mənim yox, əslində hər bir qəbələlinin kitabıdır.

Bu günlərdə Qəbələ şəhər Mədəniyyət Mərkəzində yeni toplumum təqdimat mərasimi keçirilib. Çıxış edənlər Qəbələ yazarlarına yeni yaradıcılıq uğurları arzulayıblar. Kitabda təmsil olunan müəlliflər öz yaradıcılıq planlarından danışıb, tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!