Modern.az

Dostları Əflatun Amaşovun yubileyini belə TƏBRİK ETDİLƏR

Dostları Əflatun Amaşovun yubileyini belə TƏBRİK ETDİLƏR

Ədəbi̇yyat

26 Aprel 2017, 09:17

Bu gün Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşovun 60 yaşı tamam olur.

Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı  kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1979-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

1985 -1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.

Əflatun Amaşov jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir.

Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.

Azərbaycan Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü  təyin edilib.

Ötən gün isə Ə.Amaşov Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.


Modern.az
 saytı Əflatun Amaşovun ən yaxın dostlarının ona ünvanlanan təbriklərini təqdim edir.
 

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekan əvəzi, professor  Cahangir Məmmədli yubilyarın doğum gününü təbrik edərkən, onun belə cavan qalmasının detallarını açıqlayıb.

“Dostlarıma, tanışlarıma bəyan edəndə  ki, Əflatun Amaşovun 60 yaşı tamam olur, inanmırlar. Çünki Əflatun Amaşov həm görkəmcə, həm də savadına, dünyaya baxışına görə cavan görünür. Hər zaman da cavanların içindədir. Tez-tez sual olunur ki, niyə görə Əflatun Amaşov bu qədər hörmət qazanıb?!. Sualın cavabı budur. Çünki Əflatun Amaşov nurlu adamdır. Bunu xüsusi qeyd etmək istəyirəm. Onun üzündəki nur həm də onun içindədir. Onu tanıyanların heç birinin ondan incidiyini görməmişəm. Hətta Əflatun Amaşovu bəyənməyənləri də o, görəndə bağrına basıb. Bu o deməkdir ki, bu adamın içində insana, Azərbaycana, azərbaycançılığa, klassikamıza sevgi var. Əflatun Amaşov  bütün gözəl dəyərləri özündə əks elətdirən bir insandır.  Ona görə də Əflatun Amaşovu həm mətbuat tarixçiləri, həm də  müasir jurnalistlər  çox istəyir.

Həmçinin, onun çox dəyərli dostları var ki, onların arasına mən də daxiləm. O dostların içində Rəşad Məcid, Umud Rəhimoğlu, Akif Aşırlı, Aqil Abbas var. Bu insanlar həm həmkarı kimi, həm də dostu kimi onu  qoruyurlar.  Ona görə ki, Əflatun Amaşov hər tərəfdən qorunmağa layiq adamdır. Çünki o, Azərbaycan jurnalistikası üçün çox gərəkli bir insandır”.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Əflatun Amaşovun həssaslığını xüsusi önə çəkib.

“Əflatun Amaşovun 60 yaşı olması xəbəri məndə həzin bir kədər yaradır. Bəlkə bu bizim yaşıdların artıq cavanlıqdan uzaqlaşmasından xəbər verən informasiyanı beynimizə gətirdiyinə görədi! Yəni ömür keçir. Sürətli, qaynar, hiss olunmadan… Amma bir az sakit məqamda arxaya çevrilib baxanda, bu surətli keçən ömrün heç də hədər olmadığını düşünüb sakitləşirsən.

Bu günlərdə “525-ci qəzet”in yazarı Pərvin xanımın Əflatun Amaşovun 60 yaşına həsr olunan yazısı “Sülh adamı” adlanırdı. Bu, Əflatunun xarakterini xeyli əhatə edir. Mən onun barəsində fikirləşəndə həm də həssas adam olmasını önə çəkirəm. Həm də o, bu həssaslığı oynamır, görüntü üçün etmir. O təbiətən belədir! Həm ailəsinə, həm dostlarına, həm  dəyər verdiyi adamlara, həm də  jurnalistlərə qarşı. Hamıya dəstək vermək, həmdəm olmaq, dərdini dinləmək istəyi onun içdən gələn xarakteridir. Əgər kiməsə əli çatmırsa  deməli, səbəb olub ortada. Uzaqda  olub gücü çatmayıb. İndiki dövrdə insanın “Sülh adamı” olması, aşırı həssaslığı çətin bir işdir. Amma o yetərincə bacarır. Buna görə də media əhlini, Saatlı rayonundakı seçiciləri bir sözlə, ona üz tutanların hamısını bəxti gətirmişlər siyahısına aid edirəm.

Əziz dostumuzu təbrik edirəm və hələ də uzun illər bu xarakterini canında yaşada biləcək güc, enerji və sağlamlıq arzulayıram”.
 

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camal da Əflatun Amaşovun xidmətlərini yüksək qiymətləndirib.

“Mətbuat Şurasının yaranması, Əflatun Amaşovun ora sədrliyə başlamasından sonra mediamızdakı aydınlaşma və durulmanı hər kəs hiss edir. Media-cəmiyyət, media-məmur münasibətlərinin tənzimlənməsində və medianın inkişafında Əflatun Amaşovun göstərdiyi peşəkar xidməti isə media mənsubları daha yaxşı hiss edirlər. Əflatun Amaşovun jurnalistin və jurnalistikanın əvvəlki nüfuzunun qaytarılmasında xidmətləri yetərincədir. “Reket” jurnalistikaya qarşı mübarizənin il deyil, hətta gün fərqilə gücləndirilməsi, jurnalistikanı cəmiyyətin gözündən salan hallara, daha doğrusu, şəxslərə qarşı aparılan mübarizə Əflatun Amaşovu hər birimizin dəyər verdiyimiz şəxsə çevirib.

Mətbuat Şurasının uğuru təkcə baş verən yanlışlıqlardan sonra məsələyə qarışmasında deyil. Əksinə, son illərdə informasiya manipulyasiyasının dövriyyəyə daxil olması ehtimalı yarananda artıq biz Mətbuat Şurasının dərhal reaksiya verdiyini müşahidə edirik. Bu, artıq Əflatun müəllimin və Mətbuat Şurasındakı peşəkarların media işçilərini sığortalayan, bir növ, peşəkar dəstəyidir. Səmimiyyəti, insani keyfiyyətləri ilə xüsusilə seçilən Əflatun Amaşov həm də bizim qanunverici orqandakı təmsilçimizdir. Yeni medianı hiss etməsi, dövlət dəstəyinin həm də bu sahəyə yönəldilməsi istiqamətində çalışmaları və bu ildən ona nail olması da Əflatun Amaşovun həm peşəkarlığını, həm də qayğısını təsdiqləyən məqamlardan az bir hissədir.

Əflatun müəllim haqqında uzun-uzadı danışmaq mümkündür. Yalnız onu deyə bilərəm ki, o, nəinki üzdə olan, tanınan jurnalistlər, həm də tanınmayan və şəxsən tanımadığı gənc jurnalistlər üçün də əlçatan, onların belə sözünü eşidən şəxsdir. Qısacası, Əflatun Amaşov sözün hər mənasında “Bizim Adamdır”. Onu səmimi qəlbdən təbrik edirəm, uzun ömür və ətrafındakılara ağsaqqallığını nümayiş etdirən incə təbəssümünün üzündən əskik olmamasını arzulayıram”.

 “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da Əflatun Amaşovun media sahəsində gördüyü xidmətlərin çox olduğunu vurğulayıb.

“Əflatun müəllimin 60 illik yubileyini təbrik edirəm. Hesab edirəm ki, Əflatun müəllim Azərbaycan mətbuatı, jurnalistikası üçün kifayət qədər uğurla xidmət etmiş, müəyyən nümunələr göstərmiş insandır. Əflatun Amaşov Azərbaycan mətbuatının, jurnalistikasının çox çətin dönəmlərində jurnalistlərin bir araya gəlməsində xüsusi xidmətlər göstərib. Klassik mətbuatımızın ənənələrinin yaşanmasında, çap mətbuatının ayaqda durmasında onun xüsusi rolu var. Əflatun Amaşov insani baxımdan müsbət keyfiyyətləri özündə cəmləşdirən şəxsiyyətdir. Eyni zamanda, onun müsbət tərəfləri ondan ibarətdir ki, vaxtilə Azərbaycan jurnalistikası siyasiləşəndə, qütbləşəndə o qütbləşməyə qarşı çıxan, sərt mövqeyi ilə seçilən jurnalist olub.

Müxtəlif təbəqədən olan jurnalistləri bir araya gətirməklə Azərbaycanda normal jurnalistikanın inkişafına çalışıb. Bu, çox müsbət keyfiyyətdir. Əflatun Amaşov çox güclü insandır. Çalışqan olmaqla yanaşı, müasir jurnalistikanın prinsiplərini Azərbaycanda tətbiq etməyə  səy göstərib. O, həm də millət vəkilidir. Millət vəkili olaraq seçiciləri ilə müntəzəm olaraq görüşlər keçirir. Eyni zamanda, parlamentdə Azərbaycan mətbuatının, yeni medianın problemlərini qaldırır. Kifayət qədər cəsarətli mövqe ortaya qoyur. Onu alqışlayıram və bir daha təbrik edirəm”

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar