Modern.az

Azərbaycanlıların qida rasionu - Ətdən imtina edib, şora keçənlər...

Azərbaycanlıların qida rasionu - Ətdən imtina edib, şora keçənlər...

26 Aprel 2017, 11:18

Gün ərzində orta hesabla ən azı 150 qram, ildə təхminən 60-65 kq ət və ət məhsullarının istehlak edilməsi fizioloji qida norması hesab edilir. Orqanizmdə maddələr mübadiləsi üçün ən zəruri olan elementlər ət хörəklərinin tərkibində hazır şəkildə olur. Ona görə də daha tez və asan mənimsənilərək, hüceyrələrdə enerji mənbəyinə çevrilir. Ətlə bərabər, çörək və un məmulatları, meyvə-tərəvəz, yumurta, ağartı məhsulları-qatıq, süd, pendir, kəsmik və s. də əsas qida rasionun tərkib hissəsidir.

Birləşmiş Millətlər Təşkilatının açıqladığı statistikaya əsasən, dünyada ən çox ətyeyən ölkələr Luksemburq, Honq Konq və ABŞ-dır.

Avropa, Latın Amerikası və Şimali Amerika qitələr arasında adambaşına ən çox ət yeyilən ərazilərdir. Afrika və Cənub-Şərqi Asiya adambaşına ən az ətin düşdüyü bölgələrdir.

Azərbaycanda isə hər il adambaşına 19.4 kiloqram ət yeyilir. Qonşu Gürcüstanda bu rəqəm 31.2 , Ermənistanda isə 29 kiloqramdır. Türkiyədə isə bu rəqəm 21.2-dir. Ən az ət yeyilən ölkələr isə Banqladeş, Burundi və Konqodur. Banqaldeşdə adambaşına illik 3 kiloqram ət düşür. Hindistanda isə ilə 5 kiloqram ət istehlak olunur.

 

Nə qədər təəccüblü olsa da, Qafqaz ölkələri arasında ən az ət yeyən məhz azərbaycanlılardır. Xüsusilə 2015-ci ilin 21 fevral və 21 dekabar devalvasiyalarından sonra azərbaycanlıların ətdən imtina etdiyi, qidalanma zamanı daha çox çörək, kartof, makaron, şor-pendirə üstünlük verdiyi fikirləri formalaşıb.

 

“Bakıda kolbasa-sosiska, bölgələrdə tərəvəz yeyirlər”

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov azərbaycanlıların qidalanması ilə bağlı problemlərin mövcud olduğunu deyib:

 

“Ümumiyyətlə, ölkəmizdə qidalanma mədəniyyətində problem var. Xüsusilə ağ unun çörəyi arzuolunmaz qida hesab edilir. Şəkər xəstəliyinin faizinin yüksək olmasına baxmayaraq, ağ undan hazırlanmış çörəyə tələbat yüksəkdir. Azərbaycanlıların qida rasionuna fikir versək, ümumdünya göstəricisindən ət üzrə 30 faiz, balıq üzrə 40 faiz geri qalırıq.

Eləcə də paytaxtdakı insanların qida rasionu ilə bölgələrdəkilərin qida rasionu fərqlidir. Regionlarda əsasən, kənd təsərrüfatı, bitkiçilik məhsullarına meyl olduğu halda, şəhərdə qida rasionun təxminən 10 faizə qədərini kolbasa-sosiska tutur. Əhalinin qida rasionunun öyrənilməsi, idarə olunması və maarifləndirmə sahəsində çox böyük çatışmazlıqlar var. Müvafiq dövlət qurumaları buna dırnaqarası yanaşırlar”.

 

“Əhali apteklərdə qidalanır”

 

AİB sədri qeyd edir ki, azərbaycanlıların qida rasionunu bilmək üçün apteklərə baxmaq lazımdır:

“Bu gün əksəriyyət dərmanı qida kimi alır, bütün apteklərdə növbələr var. Azərbaycan istehlakçıları həm də çox israfçıdırlar. Bu, bizi narahat edən məsələdir. Azərbaycan istehlakçısı hər şeyi yeyərkən onun tükənməsinə çalışır. Əvvəlcə israf dərəcədə çox mal-məhsul alır, istifadə edə bilməyəndə ya sonuna qədər yeyir, ya da ətraf mühitə atır. Ona görə də qanunlara ciddi dəyişikliklər edilməlidir. Təsadüfi deyil ki, prezident İlham Əliyev bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Gələn ildən fəaliyyətə başlayacaq Agentlik istehlakçıların qidalanması ilə bağlı problemlərin həll edilməsində mühüm rol oynayacaq”.

 

Devalvasiya əti “vurub”...

E.Hüseynov bildirir ki, sosial vəziyyətin pisləşməsi əhalinin alıcılıq qabiliyyətinə təsir göstərib:

“Bu gün vətəndaşlar zəngin qida rasionuna malik deyillər. Necə ki, mən 10 ildir qara kürü yeyə bilmirəm. Sosial durum pisləşdikcə, dünya və yerli bazarda qida məhsullarının qiyməti artıdıqca, əhali aşağı standartlı, aşağı keyfiyyətli məhsullarla qidalanmağa məhkumdur. Azərbaycan əhalisi qazancının 60-70 faizini qidaya xərcləyir. Bu o deməkdir ki, əhalinin qida rasionu düzgün bölünməyib. İnsanların nəyə əlçatanlığı varsa, onu da istehlak edir.

Ümumilikdə, 2016-cı ildə Azərbaycan əhalisinin ət istehlakı kəskin olaraq aşağı düşüb. Buna adekvat olaraq da qiymətlər yüksəlib. Bu isə bazarda çox böyük defisit olmasından, inflyasiya səviyyəsinin yüksəlməsindən xəbər verir. Əlbəttə, ümumilikdə kalorili qidaların, ət və ət məhsullarının, balıqların qiymətində artım olduğundan vətəndaşlar bu məhsullara daha az müraciət edir. Bu gün əhali daha çox yerli kənd təsərrüfatı məhsullarına, yerli quş ətlərinə üstünlük verirlər. Azərbaycan vətəndaşı balıqdan, ətdən könüllü yox, məcburi qaydada imtina edir”.

 

AİB sədri deyib ki, vətəndaşların qida rasionu ilə bağlı Səhiyyə Nazirliyi ciddi araşdırmalar aparmalıdır: “Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi bazarda bolluq yaradılmasına çalışmalıdır”.

 

“Hamı ət yeyir”

Milli Kulinariya Mərkəzinin (MKM) rəhbəri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov isə fərqli düşünür.Baş kulinar Modern.az-a bildirib ki, azərbaycanlıların qida rasionu olduqca zəngindir:

“Qida rasionumuzda müxtəlif növ ətlər, ov quşları, xəmir xörəkləri, yumurta, tərəvəzlər və s. - hər şey var. Əsas odur ki, donuz əti, qurd-quş yemirik, it əti, at əti, eşşək əti yemirik. Maşallah mağazalar doludur, bişirə bilənlər hamısından alıb yeyirlər”.

 

“Jurnalistlər “o zərəlidir, bu zərəlidir” yazır”

T.Əmiarslanov 2015-ci il devalvasiyalarından sonra ölkədə əhalinin ətdən imtina etməsi fikrilə razılaşmır:

“Kimlərsə çətinliyə düşüb: 1nəfər-5 nəfər. Bu o demək deyil ki, hamı ətdən imtina edib. Kapitalizmi özümüz seçmişik. Mağazalar ətlə doludur. Gücü çatanlar alıb yeyir. Məncə “insanlar ətdən imtina edir” xəbərlərinin tirajlanması doğru deyil. O qədər yazdılar ki, “piy, quyruq yağı, kərə yağı zərərlidir”, indi heç kim bunları yemir. Bu həm xırdaçılığa, həm də müəyyən problemlərə gətirib çıxarır. Kişi və qadın orqanizmində hormonlar əmələ gəlmir. Jurnalistlər bəzi həkimlərin təsiri altında bu cür xəbərləri tirajlayırlar. Nəticə ürəkaçan deyil. Elm deyir ki, orqanizmdə piy, xolesterin yoxdursa, testosteron əmələ gəlmir. İnsan bədənində hormonlar formalaşmır, onların hisləri ölür. Ona görə də kənardan gələn xolesterinə ehtiyac var. Qoy insanlar quyruq da yesin, kərə yağı da. Sağlam adam bunları yeyə bilər. Xəstələr üçün isə pəhriz təyin olunur”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir