Modern.az

Bədbəxt taleli Azərbaycan filmləri - IV Yazı

Bədbəxt taleli Azərbaycan filmləri - IV Yazı

26 Aprel 2017, 11:41

Azərbaycan kino tarixində uğursuz tale, acı aqibətlə üzləşmiş xeyli filmlər var ki, bu gün onlardan tamamilə xəbərsizik. Ən yaxşı halda adlarını eşitmiş, “üzünü” isə ekranda görməmişik. Həmin filmlərdə  yaradıcı kollektivin ağır əməyi, əziyyətinin  qalmasına baxmayaraq, televiziyalar onları qətiyyən nümayiş etdirmir. Bəzən, heç telekanalların özündə də günah olmur. 

Çünki Modern.az-ın haqqında bəhs edəcəyi “bədbəxt filmlər”dən bəziləri ümumiyyətlə kinoteatr və televiziyalara təqdim olunmayıb.

                                  

“Hacı Qara”- Azərbaycan kino tarixinin ən bəxtsiz filmlərindən biri, bəlkə də birincisi elə “Hacı Qara”dır. Böyük maarifçi Mirzə Fətəli Axundzadənin eyniadlı komediyasının motivləri əsasında ayrı-ayrı vaxtlarda iki film çəkilib. Doğrudur, həmin filmlərin çəkildiyi illər arasında xeyli zaman fərqli var: biri uzaq 1928-ci ildə, o biri isə yaxın 2002-ci ildə ekranlaşdırılıb. Amma tale baxımından hər ikisinin bəxti eyni olub. Hər iki versiya talesiz film kimi kino tariximizə düşüb. Bunu biz yox, ikinci versiyanı ərsəyə gətirmək istəyən (çəkən yox ha, istəyən) rejirro Cahangir Mehdiyev deyib. Fikirlərində də haqlıdır. Çünki birinci versiya böyük Abbas Mirzə Şərifzadə tərəfindən çox pis vaxtlarda-repressiya ərəfəsində çəkilməyə başlanıldı. Vəziyyət ağır, maddi durum sıfır səviyyədə... Amma buna baxmayaraq, Mirzağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli kimi aktyorlar böyük məmnuniyyətlə çəkilişə qatılırdılar. Lakin rəngsiz və səssiz film olan “Hacı qara”nın dramaturji xətaları da yox deyildi. Bu səbəbdən böyük dramaturq Cəfər Cabbarlı ilə rejissor Abbas Mirzə arasında gərginlik yaranır. İş o yerə çatır ki, film yarımçıq saxlanılır. Çəkilən hissələr isə sonradan it-bata düşür. Bəzi qeydlərə əsasən, guya, hazır lentlər bilərəkdən yoxa çıxarılıb. Amma bir parçası indiki dövrə qədər gəlib çatıb ki, o da mütəxəssislərdə xoş fikir yaratmayıb.

İkinci versiya isə 1993-cü idlə çəkilməyə başlanılır. Maarifçilik xəttinə sadiqliyi ilə seçilən yazıçı İsi Məlikzadə ilə rejissor Cahangir Mehdi ssenarini hazırlayırlar. “Aydın” İstehsalat Birliyi çəkilişlərə maddi yardım ayırır, filmə sponsorluq edir. Lakin sonradan həmin korporasiyanın işlərində əngəl yaranır. “Aydın” həm “Hacı Qara”, həm də “Güllələnmə təxirə salınır” filmlərinin çəkiminə maliyyə ayıra bilmir. Nəticədə “Hacı Qara”nın çəkilişləri yarımçıq qalır. Aktyorlar və texniki heyət təmənnasız çəkilişlərə razı olsa da, rejissor Cahangir Mehdi bunu qəbul edə bilmir. Yalnız 10 il sonra, sabiq nazir Polad Bülbüloğlunun işə qarışması ilə film çətinlik hesabına başa gəlir. Amma “Hacı Qara” artıq öz taleyi ilə barışmışdı. Rejissor Cahangir Mehdi də işindən soyumuşdu. Nəticədə filmə quruluşu rejissorun Heydər bəyi oynayan oğlu Elnur Mehdi tamamlayır. Film isə televiziyanın da qara zolağına düşdü...

 

Sevil”- eynən “Hacı Qara” kimi “Sevil” filmi də iki fərqli  zamanda çəkilsə də, hər iki versiyanı oxşar tale birləşdirib- bəxtsizlik! İlk versiya 1929-cu ildə lentə alınıb. Dahi Cəfər Cabbarlının ssenari müəllifi olduğu və rejissorluq etdiyi film əslində, Azərbaycan kino tarixinin məhək daşı olmalı idi. Lakin olmadı. İlk azərbaycanlı aktrisanın-İzzət Orucovanın çəkildiyi film həqiqətən də böyük tarixdir. Təsəvvür edin, elm xadimi olan Sevil xanımı (o, həm də Azərbaycanın ilk qadın akademiklərindən olub) şəxsən Cəfər Cabbarlının özü bu rol üçün seçib, zor-bəla ilə onu razı salıb. Çünki ona qədər kinoda heç bir müsəlman aktrisası çəkilməmişdi. Çəkilişlərdə təcrübəsiz xanımla çox zəhmət çəkib, onu çox danlayıb. Lakin heyhat, film sonradan kimsənin yadında düşmədi. Repressiyadan sonra Cəfər Cabbarlıya da münasibət dəyişmişdi. Yalnız 1963-cü ildə, nisbi yumşalma dövründə filmi ikinci dəfə ekranlaşdırmaq üçün plana saldılar. Yenə də baş tutmadı. Sən demə, köhnə xatirələr unudulmurdu. Plan Komissiyasının üzvləri əvvəlcə filmi qəbul etsələr də, ən son anda siyahıdan çıxarmağa nail olurlar. İzzət Orucova, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov kimi aktyorların əmanəti olan film təxirə salınır.

Amma bu da hələ son deyildi. Filmin üçüncü uğursuzluğu qarşıda idi. 1970-ci ildə Leninin ölümünün 40-cı ildönümü münasibətilə film plana salınır. Lakin bütün diktə mərkəzdən edilir. Peşəkar aktyorların əvəzinə Fikrət Əmirovun “Sevil” operasında çıxış edən opera müğənniləri filmə dəvət alır. Bircə Həsən Məmmədov Balaşı canlandırır. Təkcə bu fakt filmin nə dərəcədə uğursuz olmasına kifayət idi. Nəticədə, “üçüncü Sevil” də uğur qazana bilmir. Dahi Cəfər Cabbarlının böyük arzusu- “Sevil”i ölkə xaricindən o tərəfdə tanıtmaq istəyi- bu dəfə də baş tutmur.

Mən mahnı qoşuram” - Filmin adını oxuyan hörmətli oxucu bəlkə də, bizimlə razılaşmayacaq. Öz-özünə soruşacaq ki, çoxlarına tanış olan və televiziyada da mütəmadi göstərilən bu filmin nə kimi bədbəxt taleyi var ki? Hətta Azərbaycan dilinə dublyaj da olunub, təzələndi də. Yox, tələsməyək. Bu filmi uğursuz taleli edən tam fərqli detallar var ki, bundan sonra min dəfə də göstərilsə yenə də karı olmaz. Bəlkə də inanmayacaqsıznız, amma film yəhudi həyat tərzini, rus düşüncəsini milli koloritdən üstün tutan, birincinin ikinci üçün nümunə olduğunu göstərən ilk ekran əsərlərindəndir. Filmə bu məqsədlə edilən müdaxilələr onu bəxtsiz ekran əsərləri sırasına gətirir.

Xatırlayırsınızsa, filmdə kamança çalan Bəhmən dayını “Mimino” dan hamının yaxşı tanıdığı gürcü aktyor Konstantin Dauşvili canlandırır. Lakin rejissor Tofiq İsmayılov sonradan gürcü aktyoru məcburiyyət qarşısında qaldığı üçün filmə dəvət etdiyini vurğulayıb. Bəhmən obrazı üçün əvvəlcə Ağasadıq Gəraybəyli, daha sonra isə kaman ustası Habil Əliyev sınaq müddətində etimadı doğrulda bilmir. Ustad aktyor A.Gəraybəylinin  sınaqlara səhhəti səbəbindən rejimsiz gəlməsi, əksər hallarda isə ümumiyyətlə, çəkilişlərdə iştirak etməməsi rejissoru qəti addım atmağa vadar edir və o, Bəhmən rolu üçün Habil Əliyevi dəvət edir.
Habil Əliyev onsuz da filmdə kamança ifalarını səsləndirirdi. Lakin rejissor həm də Bəhmən dayı rolu üçün onu düşünür. Lakin sınaq çəkilişlərində məlum olur ki, Habil Əliyevin aktyorluq bacarığı o qədər də yüksək səviyyədə deyil. Odur ki, Habil Əliyev bu filmə ancaq kaman ifası ilə öz töhfəsini verə bilir. Habil Əliyevin Bəhmən obrazının sınaq çəkilişləri zamanı lentə alınan fotoları bu gün də kinostudiyanın arxivindədir.


1979-cu ildə Moskva “Azərbaycanfilm” Kinostusiyasından üç filmin çəkiləməsini istəyir. Filmlərdən ikisinin istehsalı nədənsə baş tutmur. Üçüncüsünwn isə ssenarisi isə arxivdə yatıb qalır. Lakin Moskva o iki filmdə güzəştə getsə də, üçüncüdə daha israrlı olur. Bu səbəbdən də, kinostudiyanın direktoru Cəmil Əlibəyov rejissor Tofiq İsmayılovu yanına çağırır. Vəziyyətin çıxılmaz olduğunu başa salır və arxivdə yatıb qalan ssenarini ona göstərir. Ssenaridə yəhudi qızının taleyi əks olunub.

Elmin Nuri

Qeyd: Modern.az bu mövzunu davam etdirəcək

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir