Modern.az

Təhsildə mənəviyyatın prioritetliyi

Təhsildə mənəviyyatın prioritetliyi

26 Aprel 2017, 11:57

Leyla RƏŞİD,
BDU-nun doktorantı
                                                           

Bütün canlılardan fərqli olaraq yalnız insan inkişafa açıqdır. Bioloji varlığına paralel bəşər övladında mənlik, xarakter, şəxsiyyət, vicdan, insani və mənəvi dəyərlər inkişaf və təkamül edir. İnsanın varlığını, mənəvi dünyasını xarakteri, hiss və duyğuları, mədəniyyəti, aldığı tərbiyə, təhsil, dünyagörüşü müəyyən edir. Gen daşıyıcıları, mühit, təhsil, əxlaq yaradılanların ən kamilini mənalandıran, mahiyyətini açan, eyni zamanda şəxsiyyətə çevirən amillərdir.

Bu sırada mənəviyyat və əxlaq xüsusi önəm daşıyır. Çünki insanı insan edən mənəvi aləminin zənginliyi, əxlaqi saflığıdır. Mənəviyyatsız sosial mühitdə xaos, özbaşınalıq hökm sürər, maddi aləmə olan hədsiz ehtiras, hərislik fəziləti məhv edər. Ən sivil dövlətlərdə, demokratik rejimlərdə belə hakimiyyəti insaf, mərhəmət hissindən uzaq, mənəviyyatı, vicdanı, nəfsi qüsurlu insanlar idarə edərsə, heç bir ədalətdən, humanizmdən, demokratiyadan söhbət gedə bilməz! Bu aspektən insan şəxsiyyətinin təhlili göstərir ki, sivil dünyanın intellektli və mədəni insanlardan öncə, mənəviyyatı təmiz, ədalətli, mərhəmətli topluma ehtiyacı var.

Bəşər tarixinə nəzər saldıqda görürük ki, ta qədimdən mövcud olan inanclar sistemi, o cümlədən səmavi kitablar, mədəniyyətlər və sivilizasiyalar, müxtəlif fəlsəfi cərəyanlar, ədəbi əsərlər insan mənəviyyatının, əxlaqının təşəkkülünə yönəlmiş, zaman-zaman fərqli cəmiyyətlərin, millətlərin, xalqların adət-ənənələri, mentaliteti, milli-mənəvi, dini dəyərləri yaradılmış, bu ənənə və dəyərlər bir-birilə çulğalaşaraq xalqların məfkurə və düşüncə sisteminin inikasina çevrilmişdir.

Qloballaşma və modernləşmə şəraitində dünyada müşahidə olunan mənfi dəyişikliklər əxlaqi fəzilətlərdə böyük dəyərlərin itməsinə səbəb olur. İçində yaşadığımız dünyanı şəkilləndirən, orta əsrlər xristian mədəniyyətinə qarşı formalaşdırılmış Qərbi Avropa mədəniyyəti, səmavi qaynaqlı dini inanc sistemlərinin yerinə sərmayəni, iqtisadi gücü mərkəzə alan ideologiyalar yaratmışdır. Bu sırada, postmodern fəlsəfəsinin təməlini təşkil edən tendensiyalara, nəzəriyyələrə görə, ümumi mənəvi anlayışlar və prinsiplər artıq öz qüvvəsini itirmişdir; əxlaqi normaların mənbəyi yaşanan şərait, dövrün tələbidir. Postmodern əxlaq ümumbəşəri və sabit etik prinsiplərinin əsassızlığını göstərərək ümumi əxlaq qanunlarını nisbiləşdirir. Fransız filosofu Derridanın “keçmişin və gələcəyin qəbiristanlığı” kimi xarakterizə etdiyi postmodernizm dünyagörüşünə görə, “doğru” və “yanlış” anlayışları yalnız nisbi xarakter daşıyır, müsbəti və mənfini müəyyən edən universal dəyərlər mövcud deyil. İnsanın azadlığı, o cümlədən, ifadə azadlığı, esensializm, realizm, obyektivlik modern nəzəriyyələrin təməl prinsipi olsa da, yeni dövr dindənkənar Qərb mədəniyyətində, düşüncə formalarında açıq-aşkar bir nəfs anlayışı və onu islah etmək kimi termin yoxdur. Digər tərəfdən, bu gün insan mənəviyyatı texnoloji inkişafların, kütləvi kommunikasiyanın gətirdiyi problemlərlə üz-üzədir. Bu problemlərin qarşısında aciz qalan və qarşılaşdığı zaman həll edə bilməyən millətlərin ayaqda qalması, dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürə bilməsi sual altındadır.

Göründüyü kimi, qoballaşma, postmodernizm dövründə aparılan islahatlar, əsaslı dəyişikliklər, texnoloji innovasiyalar cəmiyyətin müxtəlif sahələrində sürətli inkişafının, nailiyyətlərinin trayektoriyası olsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi, sabit, ümumbəşəri dəyərlərə təhlükə meyilləri də danılmaz faktdır. Qlobal inteqrasiya, bir tərəfdən ölkələr arasında qarşılıqlı iqtisadi, sosial, siyasi inkişafı, maddi və mənəvi dəyərlərin milli hüdudları aşaraq dünya səviyyəsində yayılması, fərqliliklərin adaptasiyası, digər tərəfdən milli ləyaqət, milli dövlətçilik, milli- mənəvi dəyərlər problemi şəkilində ortaya çıxır. Milli-əxlaqi dəyərlərdən, insani keyfiyyətlərdən hər gün birinin qloballaşmanın pəncələrinə qurban edildiyi, sıradan çıxdığı dövrdə mənəvi mühitdə yaşanan korlanma zamanla cəmiyyətin bütün seqmentinə yayılır. Sevgi, hörmət, güvən, ədalət, şəfqət və mərhəmət hisləri itdikcə, xəyanət, eqoizm, ədalətsizlik kimi mənfi davranışlar özünü göstərir. Hər şeyin maddiləşdiyi bir zamanda “təmiz cəmiyyət” quruluşunu yaratmaq üçün təpədən-dırnağa əxlaqi, mənəvi mənada bir təmizlənməyə ehtiyacımız olduğu şübhəsizdir.

 Qloballaşmanın təbiətindən doğan zəruri dəyişikliklər, ictimai-siyasi, mədəni islahatlar, siyasi plüralizm, fikir azadlığı, vətəndaş cəmiyyəti quruculuğu sahəsində demokratik mühitin yaranmasını təmin edir. Təbii ki, Azərbaycan Respublikası dünya birliyinin üzvü kimi dəyişən dünyanın reallıqlarından, qlobal inteqrasiya proseslərindən təcrid oluna bilməz. Lakin bu adaptasiya, modernləşmə, mütərəqqi təcrübəyə, elmi innovasiyalara əsaslanaraq şüurlu şəkildə, milli şəxsiyyətimizi təşkil edən spesifik xüsusiyyətlərimiz itirilmədən reallaşmalıdır. Vətəndaş cəmiyyətinin formalaşdırılması üçün şəxsiyyətin toxunulmazlığı, fikir və söz azadlığı, tolerantlıq mühitinin bərqərar olmasının vacibliyi kimi, əxlaqi-mənəvi, milli, bəşəri dəyərlərin mühafizəsi istiqamətində də konkret addımların atılması zəruridir, mütləqdir.

Bu gün mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılması dövlətçilik və mənəvi irs baxımından əhəmiyyətlidir. Çünki hər bir xalq, millət ona məxsus əxlaqi normaları və baxışları ilə bağlı olan milli- mənəvi dəyərlərin yaradıcısı olmaqla yanaşı, həm də qoruyucusu və daşıyıcısıdır. Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasını dövlətin əsas vəzifələrindən biri kimi qiymətləndirən ümummilli lider Heydər Əliyevin təbirincə desək “xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

Qeyd etdiyimiz kimi, demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən qloballaşma və mədəni inteqrasiya prosesində Azərbaycan Respublikasının da iştirakı mədəniyyət siyasətini, milli-mənəvi dəyərlərin qorunmasını zərurətə çevirir. Xalqın tarixən formalaşmış əxlaqi-mənəvi meyarlarını, genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu, adət-ənənələrini gələcək nəsillərə aşılamaq, əxz etdirmək kimi tarixi missiyanın həyata keçirilməsi xüsusilə, təhsil nümayəndələrindən, orta və ali təhsil müəssisələrində çalışan pedaqoqlardan daha böyük məsuliyyət tələb edir. Milli özünəməxsusluğu, milli ənənələrimizi, əxlaqi-mənəvi dəyərlərimizi qloballaşmanın ziddiyyətli təbiətindən qorunması təhsil sistemində xüsusi təlim mexanizminin hazırlanması, gənclərin mənəvi dəyərlər əsasında tərbiyəsinin məzmunu, forması, metodları və yollarının yenilənməsi sosial-tarixi səbəb, zamanın problemindən doğan zərurətdir. Düşünürük ki, bu istiqamətdə səmərəli trayektoriya kimi ali və orta ixtisas təhsil müəssisələrində mənəviyyat fənninin tədrisi məqsədəuyğun olar.

Bu gün təhsil prosesində fundamental elmi biliklərin tədrisi ilə yanaşı, fəlsəfə, politilogiya, pedaqogika, tarix, ədəbiyyat, psixologiya, dünya mədəniyyəti və s. humanitar fənlərin, xüsusi maarifləndirici seminarların, “dəyirmi masa”ların, müxtəlif mövzulu tədbirlərin keçirilməsi gənclərin mənəvi tərbiyəsinə, ümumi mədəniyyətinə, şəxsiyyətinin formalaşmasına müəyyən mənada təsir göstərsə də, bu fənlərdə mənəviyyatın bu və ya digər aspektləri ifadə edilir, tam mahiyyəti aşılanmır. Bu baxımdan, mənəviyyat fənninin bütöv anlamını əks etdirən, ayrı-ayrı əxlaqi kateqoriyaların mahiyyətini konkret faktlar əsasında açıqlayan, tərbiyə işinin təşkilində milli-əxlaqi dəyərləri nəzərə alan sistemli proqramların, metodik vəsaitlərin, dərsliklərin hazırlanması və tədris prosesinə tətbiqi zərurətə çevrilir.

Respublikamızın erməni işğalçıları tərəfindən hərbi təcavüzə məruz qaldığı, torpaqlarımızın 20 faizinin işğal olunduğu bir vaxtda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi daha böyük aktuallıq və yeni təbliğat metodlarının işlənməsini tələb edir. Tarixi yetkinləşmə və təkamül prosesinin əsas amili olan müstəqilliyimiz, dövlətçilik ənənələrimiz milli-mənəvi dəyər kimi qiymətləndirilərək sosial-tarixi baxımından qorunmalı, mənəvi-fəlsəfi anlamı yetişməkdə olan gəncliyə aşılanması, eyni zamanda, dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq, dövlət rəmzlərinə ehtiram və hörmət hisslərinin gücləndirilməsi mənəviyyat dərslərində diqqət ediləsi məqamlar olmalıdır.

Müasir dünyada, xüsusilə Avropanın bir sıra dövlətlərində milli faciə, qlobal ailə, nikah, nəsil böhranının Azərbaycanda da yaşanmaması, demoqrafik problemlərin kütləviləşməməsi üçün mənəviyyat fənninin tədrisi bir əxlaq səfərbərliyi ola bilər. Şərəf, ləyaqət, namus kimi mentallaşmış dəyərlərin, ailə ənənələrinin qorunmasında, xüsusilə yeniyetmələrin cinsi tərbiyəsində bədii ədəbiyyatın, folklor nümunələrinin, o cümlədən klassiklərin əsərlərinin bədii, poetik çalarları, sənətkarlıq xüsusiyyətləri deyil, əxlaqi-mənəvi mahiyyəti önə çəkilməli, gənclərin, ədalət, humanizm, xeyirxahlıq, yardımsevərlik, halallıq, zəhmətkeşlik, böyüklərə hörmət, kiçiklərə və qocalara qayğı, mərdlik və s. ruhda tərbiyə edilməsinin metodologiyası açıqlanmalıdır. Məsələn, Nizami Gəncəvinin saf məhəbbəti tərənnüm edən “Xosrov və Şirin” əsərinin mənəvi-tərbiyəvi aspektləri göstərilməklə, həm də bir əxlaq poeması kimi tədrisi doğru olar. Poemada “Məhinbanunun Şirinə öyüdü” başlıqlı parça isə yeniyetmə, gənc qıza verilən ən mükəmmməl əxlaq dərsi, etik prinsip kimi qiymətlidir.

Bəşəriyyətə son din olaraq göndərilən İslam insan təbiətini yaxşıya və pisə açıq istiqamətlərlə qəbul edir, insana şükür qapısını göstərir. İslamda insanın gerçək sağlamlığını, daxili dincliyini qoruyub saxlaması, qabiliyyətlərini inkişaf etdirərək istehsala istiqamətləndirilməsi, qazandıqlarını paylaşması, təfəkkürdə şükr etməsi və bütün yaradılanları sevməsi öyrədilir. İnsanın mahiyyətinin bədən, nəfs və ruh olmaq üzrə üç varlıq təbəqəsindən ibarət olduğunu qəbul edən İslam dinində bədənlə ruh arasında bir təbəqə, körpü funksiyası daşıyan nəfsin, nə öldürülməli, nə də yox sayılmalı, yalnız tərbiyə edilib ruha xidmətçi mövqeyində olması göstərilir. Sağlam bir nəfs, şükrün qapısını açan və şükrü çoxaldan, əxlaqı saflaşdıran bir potensial mexanizmdir. Bu baxımdan, mənəviyyat dərslərində İslam əxlaqının rolunu önə çəkmək, həmçinin digər səmavi kitablardan, Qərb fəlsəfəsindən, Uzaq Şərq təlimlərindən insan mənəviyyatına dair seçmələrin təlim-tərbiyə işinin təşkilinə tətbiq etmək təqdirəlayiqdir.

Mənəviyyat dərslərində müəllim seçimi, mənəvi atmosfer diqqət ediləsi pedaqoji nöqtələrdir. İlk öncə mənəviyyat fənnini tədris edən pedaqoqların elmi dərəcəsindən asılı olmayaraq, auditoriyaya girməyə mənəvi haqqı olmalı, şagirdin, tələbənin rəğbətini qazanmağı bacarmalıdır. Digər tərəfdən, müəllimlərin özünün də tədris prosesinə başlamazdan əvvəl bu istiqamətdə müəyyən biliklərə yiyələnməsi faydalı və vacib pedaqoji şərtdir.

 Mənəvi atmosfer və duyğular, bu tədris-təlim prosesinin əsas amillərini təşkil etməlidir; mənəvi duyğulardan uzaq, texniki şəkildə, sıradan bir dərs kimi tədris dəyərləri əhəmiyyətsizləşdirər. Bu səbəblə, pedoqoqların üzərinə düşən əsas vəzifə dərs prosesində mənəvi atmosfer yaratmaqdır. Şagirdlərin, tələbələrin biliyinin qiymətləndirməsinə gəlincə, motivasiyaedici şifahi qiymətləndirmələrdən istifadə daha məqsədəuyğundur.

Düşünürük ki, təhsildə mənəviyyatın prioritetliyi məsələsinə, tədrisin təşkilində, təlim-tərbiyə prosesində mənəviyyat fənninin tətbiqi, ali və orta ixtisas müəssisələrində tədrisi ideyasına əlaqədar qurumlar tərəfindən müəyyən münasibət bildiriləcək. Böyük ehtimalla təklif olunan innovativ konsepsiya əxlaqi kateqoriyaların şərhi yolu ilə gənclərdə sağlam həyat tərzinin, düzgün yaşam fəlsəfəsinin dərk olunması, ümumən cəmiyyət, millət, insanlıq adına xeyirli, fəzilətli şəxsiyyətlərin formalaşdırılması metodologiyası kimi təhsil prosesinə uyğunlaşdırılacaq.

Dünyaya gələn hər fərdin mədəni və mənəvi inkişafını ilk olaraq valideynləri, ailəsi, paralel şəkildə təhsil aldığı müəssisə və sosial mühit müəyyənləşdirir. Bu məntiqə əsasən, mənəviyyat dərslərinin tədrisi ilə, millət olaraq əvvəlcə ailədən başlamaq üzrə, bəşəri dəyərləri milli və mənəvi dəyərlərdə yoğurub, keçmişindən və milli şəxsiyyətindən almış olduğu güclə gələcəyə inamla baxan fədakar və əzmli, ənənələrə sadiq, eyni zamanda qul psixologiyasından uzaq – demokratik prinsiplərə bağlı, sevgi və ədalət duyğusu uca olan gənclər yetişdirmək prioritetimizə çevriləçək. Unutmamalıyıq ki, bugünkü gənclik millətin gələcəyi, dövlətin müqəddəratıdır. Gənc nəsil isə bizim istədiyimiz kimi deyil, tərbiyə etdiyimiz kimi formalaşır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi