Modern.az

Ramil Usubov türkiyəli generalı qəbul edib

Ramil Usubov türkiyəli generalı qəbul edib

26 Aprel 2017, 16:31

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.


Modern.az xəbər verir ki, aprelin 26-da səhər  Yaşar Güler və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək Heydər Əliyevin məzarı önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.


Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksini, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının Qardaşlıq məzarını və Türk Şəhidliyini ziyarət ediblər.


Həmin gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Qonaqları salamlayan nazir müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.


 Ramil Usubov 1997-ci il oktyabrın 31-də hökumətlərarası «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol»un imzalandığını, bununla da Daxili Qoşunlarla Jandarm Qüvvələri arasında hərbi əməkdaşlıq münasibətlərinin hüquqi əsasının qoyulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dost və qardaş dövlətin müvafiq qurumları ilə  əlaqələr ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında qurulub.


Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirməsinə böyük önəm verildiyini, ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.


Daha sonra qonağa müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib.

Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.


Yaşar Güler Azərbaycana səfərindən, Bakının ən gözəl paytaxt şəhərlərindən biri olmasından, ölkəmizin dinamik inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib.


O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın  və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.


Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.   


Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.       

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...