Modern.az

Bakını gözləyən ekoloji fəlakətdən necə xilas olmalı...

Bakını gözləyən ekoloji fəlakətdən necə xilas olmalı...

27 Aprel 2017, 09:20

Tərkibi müxtəlif zəhərli qazlardan ibarət olan fotokimyəvi dumanları doğma Bakımızın atmosferində seyr etmək xoşagəlməz bir mənzərədir.

"Smoq"un canlılar aləmi o cümlədən insanlar üçün faciəvi nəticələrə səbəb olması artıq sirr deyil. Belə ki, 1930-cu ildə Belçikada, 1948-ci ildə ABŞ-da (Nyu-York və Los Anceles), 1964-cü ildə bütün Britaniya adalarında və planetimizin inkişaf etmiş digər ölkələrində təhlükəli
“smoq”lar insanlar üçün faciəvi nəticələrə səbəb olub. 80-ci illərə kimi İngiltərə ağciyər xəstəliklərinə görə dünyada birinci yeri tuturdu.

1952-ci ildə Londonda baş vermiş belə atmosfer çirklənməsi zamanı dünya sanki, şoka düşdü. Dörd min nəfərdən artıq insan həyatına son qoyan bu dumanlar 10 mindən artıq insanda onurğa beyin zədələnməsi, qan yaradıcı orqanların fəaliyyətini dayandıran müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb oldu. Bir neçə ildən sonra, daha dəqiqi 1956-cı ildə bu hadisənin yenidən təkrarlanması İngiltərə hökümətini təxirasalınmaz addımlar atmağa məcbur etdi. İlk növbədə mazutla işləyən zavodlar öz yerini yeni qaz və elektirik enerjisi ilə işləyən zavodlara verdi.
Daş kömüründən tamamiilə imtina olunması sonda gözlənilməz uğurlara səbəb oldu. Vaxtı ilə uşaq ölümlərinə görə dünyada az qala birinci yerdə gedən İngiltərə dövləti bu sahədə artıq axırdan birinci yerdə idi.

Bir haşiyə çıxmaq istəyirəm: bir neçə gün öncə Bakıdakı Səməd Vurğun küçəsində yerləşən Onkoloji xəstəxanaya getmişdim. Foyedən içəri daxil olanda bir anlığa mənə elə gəldi ki, metroda və yaxud da hansısa bir yığıncaqdayam. Tıxaca düşmüş maşın kimi bir təhər üçüncü mərtəbəyə qalxıb, dostumu müayinə edən həkimin otağına yaxınlaşdım. Gördüklərim məni dəhşətə gətirdi, inqibatur cücələri kimi bir-birini sıxaraq növbə gözləyənlərin hamısı sən demə onkoloji xəstələr imiş.

Bəli bu həqiqətdir, özü də acı, heç vaxt görmək istəmədiyimiz bir reallıq. Bu mözunu uzatmaq,  çoxlu misallar gətirməyə məncə bir lüzum yoxdur. Problemdən çıxış yolu axtarmalı özümüzün və balalarımızın xöşbəxt gələcəyi naminə nə isə bir iş görməliyik. 60-70-ci illərdə atmosferin çirklənməsində aparıcı yeri böyük sənaye müəssisələri- kimya və istilik zavodları səbəb olurdusa, bu gün artıq onlar öz yerini avtomobillərə verib. Bakı şəhərinin küçələrində bu gün yüz minlərlə avtomobil şütüyür. Min ədəd avtomobildən atmosferə 4 tona yaxın qazabənzər maddələr və karbon oksidi daxil olur.

“Böyük şəhərlərin böyük də dərdi olur”, deyənlər zənnimcə yanılmırlar. İsti yay aylarında hər bir insan bədənindən 600-900 qrama yaxın tər ifraz olunur ki, milyonlarla əhalisi olan doğma Bakımız üçün bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Problemlərimiz çoxdur,  bəlkə də saymaqla qurtarmaz.
Bakı şəhərində Novruz bayramı günlərində qaladığımız tonqalların tüstüsünə kənardan tamaşa etsək, sakinlərimizin udduqları havanın nədən ibarət olmasını anlayardıq. Atmosfer çirklənmələri qədim tikililərə, gön-dəri məmulatlarına, binaların fəsadlarına, bir sözlə hər şeyə mənfi təsir edir. Bəs problemnən necə xilas olmalı, Tanrının bizə ərmağan etdiyi ana təbiəti öz təbii yaranışına qaytarmaq üçün nə etməliyik?

Öncə Bakı şəhərinin mərkəzində fəaliyyət görsədən köhnə zavodlarda avadanlıqlar yenisi ilə əvəzlənməli, filtirlər vaxtlı-vaxtında dəyişilməlidir. Rayon avtobillərinin Bakı şəhərinə girişinə ciddi qadağa qoyulmalı, ili köhnə avtamobillərin və ağır texnikanın istismarı dayandırılmalıdır. Bakı şəhərində tikinti işlərinə ciddi qadağa qoyulmalı, tikinti üçün nəzərdə tutulmuş torpaq sahələrində yeni yaşıllıqların salınmasına nail olmaq lazımdır. Alternativ enerji istehsal edən avadanlıqların istismarını kütləviləşdirməli, Bakı şəhərinə yaraşıq verən tramvay və trolleybusların fəaliyyətini bərpa etməli, şəhərimizin bir addımlığında olan Şıx çimərliyi yanındakı dağlarda yerləşən daş karxanaların fəaliyyəti dayandırılmalıdır. Çünki küləkli havalarda Bakıya yayılan tozun 90 faizi onların payına düşür.
Son illər məişət tullantılarının idarə olunması ilə bağlı nəzərəçarpacaq işlər görülməsinə baxmayaraq, zənnimcə bu sahədə problemlər hələ də qalmaqdadır. Şəhər mərkəzini təmiz saxlamaq məişət tullantılarını idarə etmək demək deyil. Daldada, necə deyərlər qaranlıq küçələrdə zibillərin daşınması gecikdiyi üçün kommunal işçilər onu yandırmağa üstünlük 
verirlər ki, bu da şəhərimizin atmosferini çirklənməsinə səbəb olan problemlərdəndir.


Əziz Azəri  
"Mühit"Ekoloji Mühafizə 
İctimai Birliyinin sədri

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı