24 iyul 2017, Bazar ertəsi
Ana Səhifə - MÜSAHİBƏ - “Birini xəstəxanalıq etdim, o biri dedi ki, Yalçın müəllim, vurmayın, filankəsin oğluyam” - MÜSAHİBƏ
“Birini xəstəxanalıq etdim, o biri dedi ki, Yalçın müəllim, vurmayın, filankəsin oğluyam” - MÜSAHİBƏ
27.04.2017, 13:51

Yalçın Rzazadə: “İlhamə Quliyeva ilə heç vaxt mətbuata açıqlamadığım mübahisəm oldu, söz güləşdirdik”

“Yuxumda da təsəvvür etmərəm ki, İlham Əliyev kimi Azərbaycanı idarə edən ikinci biri ola”

Azərbaycanın məşhur müğənnisi, Xalq artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəlimi Yalçın Rzazadə Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik:.

 

- Xalq artisti Yalçın Rzazadə eyni zamanda Azərbaycan Dövlət Mədəniyət və İncəsənət Universitetində çalışır. Əvvəllər kafedra müdiri idiniz, bəs niyə getdiniz bu vəzifədən?

- Mən artıq kafedra müdiri deyiləm.  Bilirsiniz, əsl sənətkar yazı-pozu işinə baxmır. Kafedrada isə yazı-pozu işləri çoxdur. Eyni zamanda yaxşı münasibətlərim olan sənət adamlar, kolleqalarım dərsə gəlməyəndə töhmət yazmalı, maaşını kəsməli idim. Bundan başqa mənim yazı-pozu ilə aram yoxdur. Digər tərəfdən  ürəyim, əsəb sistemim buna imkan vermədi.

- Müsahibələrinizdə demişdiniz ki, müalicə almaq üçün tez-tez Türkiyəyə gedirsiniz. Əsəbdən hər kəs əziyyət çəkir. Həkimlər səhhətinizlə bağlı nə deyir?

Hər bir insan müxtəlif xəstəliklərdən əziyyət çəkir. Birinin gözü, birinin beyni ya da ürəyi zəifdir. Bütün bunların hamısı əsəbdən yaranır. Stress güclü olanda zəif nöqtən özünü biruzə verir. Zaman-zaman mənim də ürəyimdə problemlər yaranır.

- İndiki gənclər yaxşı tanımasa da, Yalçın Rzazadə kifayət qədər tanınmış simadır. Maraqlıdır, əvvəldən xarakteriniz temperamentli olub, yoxsa bunlar sonradan qazanılan vərdişlərdir?

- Deməzdim ki, məni hamı tanıyır – istər gənc, istər orta, istərsə də yaşlı nəsil. Mən əsəbi deyiləm. Əksər vaxtlar əsəbimi daxilimdə yaşayıram. Heç kimi narahat etmək istəmirəm. Bu, mənim xarakterimdir. Amma incəsənət  çox çətin və stressli peşədir. Ona görə də əsəbiləşməmək əldə deyil. Əsəb səs tellərində problem yaradır və istər-istəməz işlərin yolunda getmir. Ona görə də bacardığım qədər sakit qalmağa çalışıram.

- Yalçın müəllim, 1998-ci ildə xalq artisti adını almısınız. O zamanlar Heydər Əliyev sənətkarlara böyük dəstək verirdi. Elə indi də mədəniyyət və incəsənət adamlarına dövlət səviyyəsində diqqət və qayğı var. O vaxtı xalq artisti adını alacağınızı gözləyirdinizmi, yoxsa bu sizin üçün təsadüfi oldu?

- Ümumiyyətlə ad qazanmaq məsələsi heç vaxt diqqətimdə olmayıb. Hələ gənc ikən, yəni 1975-ci ildə Ali Sovetin fəxri fərmanı ilə təltif olundum. 1978-ci ildə Ali Sovetin ikinci fəxri fərmanı, 1979-cu ildə isə Əməkdar artist adı qazandım. Kinofilmlərdəki musiqi fəaliyyətimə görə Dövlət Mükafatı laureatı oldum. Ulu öndərimiz Heydər Əliyev məni hər dəfə konsertdə görəndə hal-əhval tuturdu. Onun çox gözəl xüsusiyyəti var idi. Hər konsertdən sonra sənətkarlarla görüşər və ümumi vəziyyətlərini soruşardı. Bir gün yenə konsertdən sonra “Gülüstan” sarayındakı məclisdə həmsöhbət olduq. Məndən Xalq artisti olub-olmadığımı soruşdu. Həsənağa Turabov cənab prezidentə əməkdar artist olduğumu dedi.

Heydər Əliyev isə “mən sənə 1979-cu ildə ad vermişdim axı” deyə bildirdi. Baxın, 1979-cu ildə olan bir şey onun yadında necə qalmışdı.

Məndən soruşdu: “Sənin niyə təqdimatın olmayıb?”.

Elə həmin məclisdə ulu öndər göstəriş verdi, adımı siyahıya əlavə etdilər. Üstündən bir həftə keçməmiş “Xalq artisti” adını verdilər. Ancaq ad məsələsi məni çox da maraqlandırmayıb. Can atmamışam ki, fəxri ad alım. Tək arzum mahnılarımın sevilməsi, tarixdə qalması olub. Şükürlər olsun ki, bunu bacara bildim.

- Cahangir Cahangirovun “Durnalar” bəstəsini ifa etməklə yaddaşlara iz saldınız. Bununla yanaşı, Oqtay Kazimi, Emin Sabitoğlu və digər nəhəng bəstəkarların da bəstələrini ifa etmisiniz. Ən çox hansı bəstəkar xoşunuza gəlib?

- Mən elə siz dediyiniz mahnı ilə də məşhurlaşdım. Bu bəstəkarların hamısının üzərimdə böyük zəhməti var. Cahangir Cahangirov son nəfəsinə qədər mənə mahnı yazıb. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova, Telman Hacıyev, Ramiz Mirişli, Nəriman Məmmədov, Oqtay Rəcəbov, Eldar Mansurov, Firəngiz Babayeva, Aydın Ağasiyevlə çalışmışam.  Bunların hamısı dahidir və ziyalı axının nümayəndələri olub. Mənim bu bəstəkarlar  arasında seçim etmək kimi hüququm yoxdur. Sənətkar kimi püxtələşməyimin səbəbkarları da bu şəxsiyyətlərdir. Hər birinin öz dəsti xətti var və mənim üçün böyük  məktəb olublar.

- Yalçın müəllim, məsələn, biz jurnalist kimi bir yazı hazırlayırıq və elə düşünürük ki, o mükəmməldir. Amma sonra eyni mövzuda başqa bir məqalə yazanda görürük ki, əvvəlki primitiv idi.  Yəni bəzi yazılarımızı bəyənməmişik. Sizdə necə, nə vaxtsa oxuduğunuz ifanın xoşunuza gəlmədiyi vaxtlar olubmu?

- Mənim  hər bir mahnım adını çəkdiyim bəsətəkarlarla bir-iki, hətta altı aya hazırlanıb. Bütün mahnılarımı yaşayaraq oxumuşam. Hamısı böyük zəhmətlə ərsəyə gəlib. Fikir versəniz, həmin mahnılar bu gün gənc, orta və  yaşlı nəslin sevimlisidir. İfa etdiyim mahnılara qulaq asanda həmişə səhv axtarmağa çalışmışam. Hətta oxuyandan bir müddət sonra qulaq asanda fərqli ifa etməli olduğumu düşünmüşəm. Lakin təvazökarlıqdan uzaq olsa da, ifa etdiyim müəyyən mahnıların təkrarsız olduğunu zənn edirəm. Əslində əksəriyyət də belə düşünür. Mənim səsim min nəfərin səsindən seçilə biləcək keyfiyyətdədir.

- “Dədə Qorqud” filmində “İncə bellim”  mahnısını çox içdən oxumusunuz. Sanki sizin də nə vaxtsa, sərvi boylu bir yarınız olub. Yəqin ki, o mahnını oxuyanda daxilinizdə hansısa sevgi xatirələri də canlanırdı.

- Bütün mahnılarımı ürəklə oxumuşam və oxuyuram. Həyatımda olmayan epizodu belə, özümə aid edirəm. Yüzlərlə mahnı içərisində ancaq bir-ikisi tapılar ki, elə-belə ifa etmişəm.  O vaxt öz bəstəm olan “Oyna gülüm” əslində mənim tərzim deyildi. Elə vaxt olub studiyada bir mahnı üzərində uzun müddət işləmişəm. Çünki ürəyimdən gəlməyəndə ifa da alınmır. Məsələn, ana haqqında olan bütün mahnıları ifa edərkən səsim tutulur, kövrəlirəm. Ana  mənim üçün dərin məna ifadə edir. Səmimiliyi, sadəliyi, ürəyiaçıqlığı sevirəm. Ömür boyu belə olmağa çalışmışam. “Gün keçdi”, “Baladadaşın ilk məhəbbəti”, “Dədə qorqud”, “Od içində”, “Bayquş qayıdanda”, “Qayınana” kimi filmlərin mahnılarını ifa etmişəm. Adətən bəstəkar hansısa müğənniyə film mahnısı təklif edəndə o, sadəcə musiqini öyrənir və ifa edir. Mən isə belə deyiləm. Kino ssenarisini tələb edirəm. Ssenaridə ifa hansı qəhrəmanın adından oxunulacaqsa, əvvəlcə onun xarakterinə bələd olmağa cəhd edirəm. Daha sonra ifa edirəm.  Bəlkə  də buna görə mahnılarım uzunömürlü olub.

- Tamaşaçılar “Od içində” filmində sizi aktyor kimi görüb. Daha sonra filmlərdə görmədik  sizi. Bunun səbəbini işlərinizin çoxluğu ilə əlaqələndirmisiniz. Amma bəlkə sizin film sahəsində özünüzü sınamaq istəməməyinizin başqa səbəbi də olub. Nə idi sizi aktyor kimi fəaliyyətdən incik salan?

- Sovet vaxtında hər bir film montaj edilib Moskvaya göndərilirdi. Məsələn, o filmdə mənim iki mahnı ifa etdiyimi heç kim bilmir. Çox heyf ki,  Moskvada  montaj zamanı kəsilib. O zaman mənim kinoya çəkilməyə həvəsim yox idi. Kinoda belə bir şey var: alınmayan səhnələr dəfələrlə yenidən çəkilir. Bunlar məni çox yorur. Aktyor kimi fəaliyyət göstərməməyimin başqa bir səbəbi yoxdur.

- İncəsənətlə yanaşı, karate ilə də - döyüş sənəti ilə məşğul olmusunuz. Sovet dövründə də bu idman növünə məhdudiyyət qoyulmuşdu, hətta qadağan olunmuşdu. Həmin dövrün əlçatmaz idman növünə necə yiyələndiniz?

- Tək karate yox. Kung Fu, Taekvando kimi digər əlbəyaxa döyüş növləri də var idi.  Bu idman növləri həmin vaxt qadağan edilmişdi. Əslində qadağa olmasına rəğmən,  xaricdən ustadlar dəvət olunur və dərslər tədris edilirdi. Onlar gəlib bizim bəzi dövlət orqanlarında təlim keçirdilər. Bundan başqa, onlar seçilən adamlarla da təlimlər keçirdilər.

Mən də siz dediyiniz kimi karate ilə məşğul olmuşam. Qara kəmərim də var. Mənim idman həyatımla bağlı “Oğlaq bürcü” adlı film də çəkiblər.

- Sizin ustadınız kim olub? Yapon, çinli və ya başqası?

- Mənim ustadım laoslu idi. Mən bu idman növünü Azərbaycanda, daha sonra isə fərqli ölkələrdə də öyrəndim. Moskvaya səfərlərə gedəndə də təlimlər keçərdilər.

- Təbiətcə aqressiv insana oxşamırsınız. Lakin maraqlıdır, öyrəndikləriniz idman fəndlərini kiminsə üzərində tətbiq etmisinizmi? Xahiş edirik, tam səmimi cavab verin.

- Mən sakit biri olsam da, içimdə coşan vulkan var. Məktəb vaxtı gözəl rəsm çəkirdim, riyaziyyat, coğrafiya kimi fənnləri sevmirdim. Murtuza Cavadoviç adlı riyaziyyat müəllimimiz var idi. Onu görən gözüm yox idi. Dərsindən qabaq lövhəyə çıxıb müəllimin karikaturasını çəkərdim. O da gəlib bunu görürdü. Həmişə deyərdi: “Bunu kim çəkib? Kim çəkibsə, onun başında bir şey yoxdur, başı boşdur”. Amma bilirdi ki, mən çəkmişəm. Bu sözləri deyəndən sonra deyərdi: “Yalçın, dur sil bu şəkli”.  

O rəsmi silib yerimdə oturanda, dinc durmurdum, uşaqlarla mübahisəm yaranırdı. Lakin dava olanda mənə heç kim söz deyə bilmirdi. Düzdür, bəzən mən də döyülürdüm. Mən üzməyə də gedərdim. O vaxt Dağlı məhəlləsində yaşayanda idmançı qonşularımız məndə idmana maraq yaratdılar.

O zamanlar heç kim Azərbaycanda motosiklet sürməyəndə məndə “Yava” motosikleti var idi. Hətta ötüşməyə də girirdim. Amma bir dəfə ayağımı sındırdım. Ayağımı sındırandan sonra artıq motosiklet sürmədim, keçdim avtomobilə.

Bir dəfə “Lalə” kafesinin yanından keçirdim - əynimdə plaş, başımda şlyapa gedirdim. Kimlərsə kafedən çıxdı, içmişdilər deyə özlərini yaxşı aparmadılar. Öncə fikirləşdim ki, bunlara fikir verməyim. Amma dözmədim. Biri var vuruşmaq, biri də var konkret vurmaq. Mən isə kareteçi idim deyə, o adamların hərəsinin müəyyən nahiyələrinə bir-iki zərbə vurdum. Bununla da iş bitdi. Onları vurandan sonra dedim: “Mən burada yaşayıram, lazım olsa, gələrsiniz, yenə söhbət edərik”. Mən ömrümdə heç kimdən qorxmamışam – təkcə Allahdan başqa.

Bir dəfə də AzTV-yə konsertə gedirdim. Yağış yağmışdı, yol yaş idi. Avtomobilimin pəncərəsini açmışdım ki, şüşə tərləməsin. Bir dənə bahalı maşında iki nəfər gəldi yanımdan keçdi, suyu üstümə sıçratdılar. Mən yaxşı maşın sürürəm, hətta deyərdim ki, ustadam. Maşını sürdüm, arxalarınca. Gəldim, maşını onların avotmobilinin qabağına verib saxladım. Ona iradımı bildirdim, o da əli ilə mənə “get burdan” dedi. Artıq mən buna dözə bilməzdim, onun əllə elə davranışı mənə pis təsir etdi.

Getdim üstünə, o da qapını açırdı ki, düşsün. Mən özümü yetirdim, qapını açdım, başını da qoydum qapının arasına. Vurdum, sürüşdü yerə düşdü. Bundan sonra yanındakı mənə görün nə dedi: “Yalçın müəllim məni vurmayın, mən filankəsi oğluyam”. Mənim cavabım isə belə oldu: “O filankəsin özünün tərbiyəsi yoxdur ki, sənin kimi tərbiyəsizləri böyüdüb. Hər şey pulla, vəzifə ilə ölçülmür”.

Mən vurduğum adam isə xəstəxanalıq olmuşdu. Onu babat əzmişdim.

- Həmişə qeyri-adi geyimlərinizlə diqqət mərkəzində olmusunuz. Elə indi də öz yaşıdlarınızla müqayisədə geyim tərzinizdə qeyri-adilik nəzərə çarpır. Məsələn saatınız, üzüyünüz. Bu qeyri-adi geyimə maraq hardan yaranıb?

- Baxın, mənim ayaqqabım da qırmızı rəngdədir (Ayaqqabısını göstərir). Düşünürəm ki, “kişi qırmızı və bu kimi rənglərdən olan geyimdən istifadə etməz” fikiri çox bəsitdir. Çox geridə qalmış adamlar belə düşünə bilər. Geyim həm də insanın mədəniyyətidir.  

İlk dəfə rəhmətlik anam zövqümün formalaşmasında böyük rol oynayıb. Hətta o, müxtəlif yeməkləri fərqli formada bişirib təqdim edərdi.  İldə iki dəfə - Yeni ildə və Novruz ərəfəsində anam  ayaqqabıdan tutmuş köynəyə təzə paltarlar alıb döşəyimin altına qoyardı. Yəni uşaqlıqdan geyimlərə marağım olub. O vaxt mənim tərzim, həqiqətən, inqilab oldu. Sovet vaxtı televiziyaya üzüklə çıxmağa icazə vermirdilər. Lakin mən həmişə üzükdən istifadə etmişəm. Mən tamam fərqli idim. Bunlar hamısı tamaşaçı üçün qeyri-adi bir şey idi. Buna baxmayaraq heç vaxt sərhədi aşmamışam. Yerinə görə geyinməyi bacarırdım. Mən elə gənc vaxtı fikirləşirdim ki, tamaşaçı televiziyanın qarşısına keçən zaman sənət adamı onun gözünü oxşamalıdır.

- Yalçın müəllim, düzdür, idmançı olmusunuz. Adətən sənət adamları içkiyə ya da siqaretə meyilli olur. Sizdə belə bir meyl yaranıbmı?

- Mən həmişə özümə qarşı çox sərt olmuşam. Heç vaxt bir şeyə məni məcbur etmək olmaz. Siqaret çəkmirəm, düzü, qoxusunu da sevmirəm. Lakin içmirəm desəm, yalan olar. Bir əziz adamla görüşəndə, məclislərdə içirəm. Ancaq kefiyyətli, bahalı və təmiz içkilərdən istifadə edirəm. Hətta mən deyərdim ki, spirtli içki içmək vacibdir.  Həkimim viskinin ürək üçün xeyri olduğunu da vurğulayıb. Amma bu o demək deyil ki, mən alkoqollu içkilərə aludəçiyəm. Xeyr, nəfsim hər zaman güclü olub. Heç zaman məclislərdə həddindən artıq içməmişəm.

- Bir vaxtlar köhnə sovet maşınları sürürdünüz. İndi necə, hansı markadan istifadə edirsiniz?

- İndi maşınımın markası “Mazda 9”dur. Onu ad günüm üçün  hədiyyə etmişdilər.

- Hansısa məmur? 

- Yox, məmur deyil, iş adamıdır. Həmin adam Moskvada yaşayır. Onunla bir dostum vasitəsilə tanış olmuşdum. Daha doğrusu həmin adam özü mənimlə tanış olmaq istəmişdi, buna görə, dostuma müraciət etmişdi. Tanış olduq, onun Bakıdakı ofisində oturduq. Mənə dedi ki, kimi istəyirəm, ad günümə dəvət edim. Doğum günü gecəsində Azər Zeynalov, Gülyanaq və Gülyaz bacıları da da iştirak etdi. Hamısına təşəkkür edirəm. Hardasa 200 nəfər adam var idi ad günümdə.

Ad günü məclisimdən sonra həmin adamla yenə görüşdüm. “Yalçın müəllim, mən sabah Moskvaya uçmalıyam. Hansı yeməkləri xoşlayırsınız?” deyə sual etdi. Mən isə heç bir şeyə ehtiyac olmadığını bildirdim.

O isə “yox, olmaz, mən neçə vaxtdır, sizinlə yeməkdə olmaq istəyirdim” dedi. Mən də Çin mətbəxini sevdiyimi dedim. 

Məni Bakıdakı Çin restoranına apardı. Oturduq. Yemək yedik. Bundan sonra kiməsə zəng etdi  və “sən onu hazır etdin?” deyə sual verdi. “Hansı, ağ, göy? Yalçın müəllim siz ağ rəng xoşlayırsınız ya göy?” deyə məndən soruşdu. Mən də elə bilirdim ki, mənə kostyum almaq istəyir. Sonra isə zəng etdi və dedi: “Onu götür, gətir bura”. Üstündən yarım saat keçəndən sonra bir cavan oğlan gəldi və içəri girdi. Həmin iş adamı qabağıma maşın açarı qoydu və “bu oğlanla sabah görüşün, pasportunuzu götürün, avtomobilinizi qeydiyyata salın” dedi. Ona təşəkkür etdim.

Yaxşı maşındır. Amma çox sürmürəm.

- Düzdür, sənət adamları cəmiyyətə nümunə olmalıdır. Buna baxmayaraq, küsülü olanlar da var. Bəs Yalçın Rzazadənin sənət adamları ilə nə vaxtsa mübahisəsi olubmu?

- Yəqin mənə inanarsınız. Mən heç bir sənətkarla mübahisə etməmişəm. Çünki bu cür münasibət paxıllıqdan yaranır. Belə paxıllıq sənət adamlarında çoxdur. Paxıllıq isə mənim qanımda bir gilə də yoxdur. Gənc müğənnilərlə belə dostam. Nadir Qafarzadə məni həmişə görəndə qucaqlayır. Onlara həmişə tövsiyələr verirəm, bəziləri mahnılarımı, disklərimi verirəm. Elələri olub ki, gəliblər bura, hansısa mahnılarımın sözlərini istəyiblər. Çoxları deyir: “Yalçın müəllim, sizə qulaq asanda elə bilirik ki, biz də bu cür oxuyacağıq. Amma sonra görürük ki, belə deyil.  Siz bunu necə oxumuşunuz?”

Bir dəfə isə sənət adamlarından biri ilə mübahisəm olub. Rəhmətlik İlhamə Quliyeva ilə heç vaxt demədiyim mübahisəm oldu, söz güləşdirdik.

 

“Space” kanalında ilk dəfə “Azəristar” musiqi yarışı keçirilirdi. Münsiflər heyətində mən, İlhamə xanım, Amaliya Pənahova və digər sənət adamları var idi. Yarış zamanı Nurlan Növrəsli adlı gənc  Cahangir Cahangirovun “Aylı gecələr” mahnısını oxudu. Zilə qalxanda müəyyən problemlər oldu. Mən bunu Nurlana şirin dillə izah etdim.

İlhamə xanım da qayıdıb mən dediklərimi inkar etməyə başladı. “Heç bir problem, səhv yoxdur. Hər şey əladır. Ey məni istəyənlər, kim mənə hörmət edirsə, Nurlana səs versin” dedi. Heç nə demədim. Çünki onunla dost idim. Müsabiqənin başqa bir mərhələsində SMS-lər gəlirdi. Nurlana az səs gəldi. İlhamə xanım da pərt oldu, çünki demişdi ki, onu istəyənlər Nurlana səs versin.

 

Buna görə də İlhamə xanım “Bu cür oxudu, bu nə cür səs verməkdir? Millətə baxın ee, bunlarda zövq yoxdur” deyə etiraz etdi. Artıq dözə bilmədim. Dedim ki, “İlhamə xanım, siz bu nə sözdür deyirsiniz? Azərbaycan xalqı dünyada ən çox musiqi sevəndir. Bizim millət musiqini gözəl başa düşür. Bu nə sözdür deyirsiniz?”.
İlhamə xanım da çıxdı başladı bərkdən qışqırmağa. Amma mənim İlhamə xanımla əlaqələrim yaxşı olub.

Bu epizodu başqa heç kəsə deməmişəm, ilk dəfə sizə onunla bağlı bir şeyi danışım. Dağlı məhəlləsində yaşayanda mən sənətə təzə başlamışdım. İlhamə xanım da bizə gəlmişdi. İlhamə xanım istəyirdi ki, mənimlə bir yerdə konsertdə oxusun. Anam da dedi ki, cavan, qəşəng qızdır, onunla oxuyum.

Mən isə İlhamə xanıma dedim: “İlya, sən bəzi məqamlarda çox zilə qalxırsan”. O isə bunun aradan qaldırılması üçün nə etməli olduğunu soruşdu. Bundan sonra Oqtay Kazımi ona 3 mahnı yazdı.

- İndiki müğənnilərin ifası sizi qane edir?

Heç biri məni qane etmir. Deyirəm ki, bir sənətkar kimi səsi qeyri-adi olanlara qulaq asaram. Səsin tembri, intonasiyası qeyri-adi olmalıdır. Səs məni təəccübləndirməlidir, cəlb etməlidir. Əgər bunlar yoxdursa, adi bir şey kimi o səs qulağıma girib-çıxırsa, ona qulaq asa bilmərəm.

- Sovet dövrü Azərbaycanının mədəniyyət və incəsənəti bizə çox böyük simalar bəxş edib. Necə düşünürsünüz, həmin dövrlə müasir dövr arasında hansı fərqlər var?

- Yaxşı sualdır. 1950-ci ilin axırı, 60-cı illərdə Azərbaycan mədəniyyəti Cahangir Cahangirov, Fikrət Əmirov, Qara Qarayev kimi dahilər yetişdirdi. Daha sonra Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Kazımi kimi insanlar ziyalı axının davamçısı oldu. İndi bəstəkarların ifa üçün təqdim etdiyi mahnılar  təəccübləndirmir. Qeyd etdiyim sənətkarlarla işlədiyim üçün bu gün mən kiməsə qiymət verməyə çox çətinlik çəkirəm. Retro musiqilərdən veriliş hazırlamaq istəyəndə mənə zəng edirlər. Bu söz məni çox əsəbiləşdirir. Musiqidə retro sözü yoxdur. Fikrət Əmirov, Cahangir Cahangirov kimi bəstəkarların yazdığı mahnılar retro ola bilər?! Onlar hər zaman yaşayacaq. Kinofilmləri, geyimləri retro hesab etmək olar. O dövrlə müasir dövrü müqayisə edəndə indiki müğənnilər, eyni zamanda bəstəkarlar məni qane etmir. Dediyim kimi bir səs və ya bir bəstə məni təəccübləndirməlidir.

- Sizin ifa etdiyiniz mahnıları başqaları da oxuyub. Müsahibələrin birində demisiniz ki, Flora Kərimovanın səsi size qane etmir. Niyə, o ki sənətkardır...

- Bilirsiniz, elə mahnılar var ki, insanın səs tonuna uyğun deyil.  Flora xanımın tarixdə qalan kifayət qədər mahnı oxuyub. Məsələn, Rəşid Behbudov dahi sənətkardır, amma onun ifa etdiyi mahnı mənim tərzim deyil.

Siz elə bilirsiniz ki, mən hər mahnını ifadə edərəm? Xeyr.  Elə mahnı var ki, görərəm ki, o, məndə zəif alınar. Bu, normaldır.

Flora xanım “Bakı sabahın xeyir” mahnısını da ifa edib. Mənə elə gəlir ki, o mahnı  bir az fərqli oxunmalıdır. “Durnalar” mahnısını məndən qabaq Şövkət Ələkbərova kimi böyük sənətkar oxuyub. Amma bu gün həmin mahnı kimin ifasında yadda qalıb?

“Bakı sabahın xeyir” mahnısını bəstəkar mən üçün yazıb. Bunun maraqlı  tarixçəsi var. Görürəm ki, çox maraqlanırsınız, buna görə də, bu tarixçəni danışım.

Bir gün gecə saat 1-də rəhmətlikşairimiz İslam Səfərli zəng edib dedi ki, Bakı üçün şeir yazıb.

“Yalçın, Bakıya çox adam şeir yazıb. Amma heç kim Bakıya “Sabahın xeyir” deməyib. “Bakı sabahın xeyir” adlı bir şeir yazmışam”.  

Elə gecə ikən həmin şeiri o diktə etdi, mən isə yazdım. Ardınca Emin Sabitoğlu ilə  danışdım, bu şeirə mahnı bəstələmək üçün xahiş etdim. Şeiri oxudum, o da misraları yazdı. Bununla bağlı axşamüstü 6-da görüşməli idik.

Amma səhərə yaxın beş olardı, Emin mənə  zəng etdi. Dedi ki, Yalçın, mahnı hazırdır. Mən isə yuxulu idim, ona görə də konkret nədən söhbət getdini bilmədim. Sən demə Emin Sabitoğlu “Bakı sabahın xeyir” mahnısını bir gecəyə bəstələmişdi. Bu mahnı belə yarandı.

Flora xanım olmasın, başqası olsun. Əgər o mahnılar gözəl oxunsaydı, bu gün mənə “sizin ifanız” deməzdiniz.

- Hansı müğənnilərin səsini öz səsinizə bənzədirsiniz?

Heç birini. Mən burda mikrofonsuz oxusam, 100 metr aralıda eşidilər. Mənim böyük vokal səsim var. Belə təsəvvür etmirəm ki, kiminsə səsi mənim səsimə bənzəyir.

Hərəkətlərimi, geyimlərimi təqlid edənləri eşidirəm. Amma özünü püxtələşmiş sənətkara oxşatmaq ayıb sayılmır. Mən özüm də vaxtında Zeki Müren, Barış Manço, Pavarotti, Tom Consa qulaq asmışam.

- Dəfələrlə sizi parodiya ediblər. Bundan inciməmisiniz ki?

- Qətiyyən. Parodiyanı mədəni insan kimi çox sadə qəbul edirəm. Əgər mənə qiymət verməsəydilər, heç parodiya da etməzdilər. Dahi adamlara da pardodiya ediblər.  Bu adi bir şeydir.

Həyatda dahi olmaq olar, amma şəxsiyyət olmaq isə çətindir. Mən həmişə çalışmışam, öz şəxsiyyətimi qoruyub saxlayım. Şəxsiyyət sınmamalıdır.

- İndiki komediyalar sizi güldürə bilirmi? Yoxsa sizə bayağı təəssüratı bağışlayır?

- Bu günkü komediyalar güldürmür. Məni Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Siyavuş, Hacıbaba kimi adamlar güldürüb. Həm Azərbaycan, həm də digər ölkələrin komediya verilişləri də diqqətimi cəlb etmir.

Çünki güldürmək üçün cılız mövzulardan istifadə edilər. İndiki komediyaların müraciət etdiyi mövzular hamısı cılız temalardır. Mən rəhmətlik Arkadi Raykini sevirəm, onun intellektli, savadlı yumoru məni cəlb edir. Onun hər çıxışında həyat fəlsəfəsi var idi. O, müəyyən məmurları yumoristik dillə tənqid edirdi.

Gülüşün hər sözündə fəlsəfə varsa, mən onu qəbul edərəm. Bu günkü komediyalara baxanda utanıram.

- “Planet Parni iz Baku” da məmurları tənqid edir axı.

- Əgər hər sözlərində, səhnələrində fəlsəfə varsa, onları da böyük məmnuniyyətlə qəbul edərəm. Amma bu günkü gündə nə Azərbaycanda, nə Türkiyədə, nə də Rusiyadakı komediyalar məni güldürür. Onlara baxanda bir az da utanıram. 

- Yalçın müəllim, üç övladınız var. Ümumiyyətlə övladlarınız haqqında qısa məlumat verə bilərsinizmi?

- Üç oğlum var. Övladlarımdan biri heykəltaraşlığı bitirib, lakin sənəti üzrə işləmir. Özü üçün kiçik biznes qurub. Digəri gömrükdə işləyir. Biri də mənim yolumu davam etdirir.Özünü sənətdə tapmağa çalışır.

- Hər bir insan müəyyən yaşından sonra ibadət etməyə başlayır. Siz necə, ibadət etmisinizmi və ya indi edirsinizmi? Ümumiyyətlə dinə, Allaha, peyğəmbərlərə münasibətiniz necədir?

- Mənim babam Axund Əlirza məşhur adam olub. Bu gün də qapını açıb evdən çıxanda “Ya Allah” deyirəm. Mən Allah adamıyam.  Mən həmişə bizi Yaradana təşəkkür edirəm.

Ancaq hələlik müqəddəs Quran kitabını oxumuram. Bəlkə nə vaxtsa, namaz qıla bilərəm. Bunun üçün gərək hazırlıqlı olasan. 

Həyatda elə hallar olub ki, ümidsiz vaxtlarımda Allah mənə yol açıb. Allah mənim ürəyimdədir, həmişə onu öz ürəyimdə daşıyıram. Həyatda nəyinsə mümkün olmadığı  vaxtlarda Allah mənə yol açıb.

- Bəs Allaha inanmayanlar necə?

- Düzü, Allaha inanmayan insanların necə yaşadığını başa düşmürəm. İnsan yaranıbsa, inamı olmalıdır. Mən inanmayan adam olsaydım, bəlkə də tez sınardım. İnsan nəsə gözləməli, kiməsə arxalanmalıdır. İnamsız insanları anlamıram. Bütün dünyanın alimləri yığışıb bir dənə qarışqa, təbiətdəki nizamlı gözəllikləri yarada bilmir.

 

Ya da təbii göz yarada bilirlərmi? Həyatda o qədər möcüzəli şeylər var ki, biz heç vaxt onu anlamayacağıq. Allaha kimsə inanmırsa, bu, onun düşüncəsidir.

 

Mən həmişə ümidlə yaşayıram və deyirəm ki, Allah heç zaman məni tək qoymaz. Bu ümid həmişə məni yaşadıb, həmişə başımı dik saxlayıb. Allah həmişə mənimlədir. Allaha inanmayanların sayı elə də çox deyil. Fikir verin, dünyada günü-gündən inamlı insanların sayı çoxalır.

- 1980-cı illərin axırlarında hərəkat başladı və kütlə siyasətə qoşulmağa başladı qoşuldu. Siz nə əcəb belə bir addım atmadınız?

- Mənim siyasət sözündən, ümumiyyətlə, xoşum gəlmir. Siyasətə qoşulmaq üçün bir sıra şeylərdən imtina etmək lazımdır. Mənim üçün siyasət  millətimdir.

 

Bu gün dünyada minlərlə insan ölür, müharibələr davam edir. Pafosla demirəm, buna baxmayaraq bizim dövlətdə sakitlik hökm sürür. Moskvada gecə saatlarında rahat gəzmək mümkün deyil, halbuki, Bakıda bunun tam əksidir. Bunlar elə-belə işlərin nəticəsi deyil. Bunlar hamısı, dövlətimizin, cənab prezidentin apardığı siyasətin nəticəsidir.

Açıq deyirəm! Yuxumda da təsəvvür etmərəm  ki, prezident İlham Əliyev kimi dövləti idarə edən ikinci bir adam olsun. Ən böyük nailiyyətimiz odur ki, övladlarımız bu gün açıq səma altında yaşayırlar. Siyasətlə qoy siyasətçilər məşğul olsun.

- Məmurlar, nazirlərlə aranız necədir? Məsələn, elə sənət adamları var ki, onların məmurlarla isti münasibətləri var. Bilirəm, elə bir xasiyyətdə adam deyilsiniz ki, gedib kiməsə ağız açasınız. Amma ola bilər ki, hansısa vəzifəlinin sizin ifadan xoşu gəlsin və buna görə sizinlə münasibət yaratsın.

- Mənə zəng edib deyirlər ki, filan nazir xətrini əziz tutduğu üçün, sənətinə qiymət verdiyi üçün səninlə görüşmək istəyir. Mən utandığıma görə heç vaxt getməmişəm.

 

Bu yaxınlarda məclislərin birində mənə dedilər ki, toya getmirsiniz, maaşla dolanırsınız, gəlin sizi filan adamla görüşdürüm. Yanımda oturanlar isə “Yalçın müəllimə belə şey təklif etməyin, onsuz da gedən deyil” dedilər.

 

Nazirlərin, məmurların çoxunu tanıyıram və hamısına hörmətim var. Nazirlərin içərisində çox yaxşı oğullarımız var.  Amma mən utancaq insanam. Bu da mənim xasiyyətimdir. Kimdənsə nəsə istəyə və ya qapısını döyə bilmərəm.

- Yalçın müəllim, dolanışığınızdan razısınızmı?

- Həyatda heç vaxt var-dövlətə, vəzifəyə önəm verməmişəm.  Heç bir şey tələb etməmişəm. Amma istədiyim şeylər var. Əlbəttə, daha böyük imkanınım olmasını çox istəyərdim.

 

Aqşin KƏRİMOV
Günay RƏSULQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adının verildiyi tədbir – Kremldə keçirilən tədbirdə kimlər olub? - VİDEO
24.07.2017, 12:39

Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adının verildiyi tədbir – Kremldə keçirilən tədbirdə kimlər olub? - VİDEO

Sabiq deputat Dünyamin Xəlilov məhkəmədən bəraət istəyib
24.07.2017, 12:36

Sabiq deputat Dünyamin Xəlilov məhkəmədən bəraət istəyib

BDU-dan Hesablama Palatasının rəyinə münasibət: “Bütün nöqsanlar yoxlama dövründə aradan qaldırılıb”
24.07.2017, 12:33

BDU-dan Hesablama Palatasının rəyinə münasibət: “Bütün nöqsanlar yoxlama dövründə aradan qaldırılıb”

Gəncədəki xəstəxanalarda vaxtı keçmiş ərzaqlar tapıldı – RƏSMİ
24.07.2017, 12:30

Gəncədəki xəstəxanalarda vaxtı keçmiş ərzaqlar tapıldı – RƏSMİ

Bayram Səfərov: “Soçi görüşün müsbət nəticələri olacaq”
24.07.2017, 12:30

Bayram Səfərov: “Soçi görüşün müsbət nəticələri olacaq”

Şiddətli atışmalar Qarabağı aşdı: “Soçidə 10 görüş keçirilsə də...”
24.07.2017, 12:20

Şiddətli atışmalar Qarabağı aşdı: “Soçidə 10 görüş keçirilsə də...”

Ərini öldürüb tövlədə basdıran qadın tutuldu - FOTO  
24.07.2017, 12:10

Ərini öldürüb tövlədə basdıran qadın tutuldu - FOTO  

Pensiya təyinatı zamanı pozuntulara yol verilib - RƏSMİ
24.07.2017, 12:07

Pensiya təyinatı zamanı pozuntulara yol verilib - RƏSMİ

SOCAR-ın vitse-prezidentindən XƏBƏRDARLIQ: “Dələduzlara inanmayın!”   
24.07.2017, 12:03

SOCAR-ın vitse-prezidentindən XƏBƏRDARLIQ: “Dələduzlara inanmayın!”  

Şəhid zabitin əkiz övladlarından XƏBƏR VAR   
24.07.2017, 11:53

Şəhid zabitin əkiz övladlarından XƏBƏR VAR  

Hesablama Palatası İTV-də nöqsanlar aşkarladı
24.07.2017, 11:48

Hesablama Palatası İTV-də nöqsanlar aşkarladı

Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq ölüb
24.07.2017, 11:46

Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq ölüb

Çin Mərkəzi Televiziyasının yaradıcı heyəti ADU-da
24.07.2017, 11:40

Çin Mərkəzi Televiziyasının yaradıcı heyəti ADU-da

Sumqayıtda Mehriban Əliyevanın tapşırığının icrasına başlanıldı   
24.07.2017, 11:28

Sumqayıtda Mehriban Əliyevanın tapşırığının icrasına başlanıldı  

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB   
24.07.2017, 11:22

Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB  

Dövlət qulluqçusu olmaq istəyənlər, tələsin: 1500-ə yaxın vakant yer var
24.07.2017, 11:17

Dövlət qulluqçusu olmaq istəyənlər, tələsin: 1500-ə yaxın vakant yer var

Mənzil almayan jurnalist - Prezidentin "yazın" hədiyyəsi 255 mənzilə sığmaz
24.07.2017, 11:13

Mənzil almayan jurnalist - Prezidentin "yazın" hədiyyəsi 255 mənzilə sığmaz

108 ədəd qovaq ağacı kəsildi – cinayət işi açıldı  
24.07.2017, 10:53

108 ədəd qovaq ağacı kəsildi – cinayət işi açıldı  

Bərdədə dəhşətli QƏTL: kişi arvadını və övladlarını yatan yerdə “kvalt”la vurdu
24.07.2017, 10:44

Bərdədə dəhşətli QƏTL: kişi arvadını və övladlarını yatan yerdə “kvalt”la vurdu

Ermənistanın təxribatının qarşısı alındı, düşmənin atəş nöqtələri susduruldu - RƏSMİ
24.07.2017, 10:20

Ermənistanın təxribatının qarşısı alındı, düşmənin atəş nöqtələri susduruldu - RƏSMİ

Sürücülərin nəzərinə: "Təmiz hava" aylığı keçiriləcək
24.07.2017, 10:13

Sürücülərin nəzərinə: "Təmiz hava" aylığı keçiriləcək

Bakıda qayınana kürəkənini BIÇAQLADI
24.07.2017, 10:10

Bakıda qayınana kürəkənini BIÇAQLADI

Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlər üçün təkrar imtahanın vaxtı açıqlandı   
24.07.2017, 09:59

Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlər üçün təkrar imtahanın vaxtı açıqlandı  

Ermənistan cəbhəboyu təxribat törətdi 
24.07.2017, 09:39

Ermənistan cəbhəboyu təxribat törətdi 

Fərarilik halları qalırmı?...   
24.07.2017, 09:23

Fərarilik halları qalırmı?...  

Əfqanıstanda terror - 24 nəfər öldü
24.07.2017, 09:07

Əfqanıstanda terror - 24 nəfər öldü

Rusiyalı “İsgəndər”ə söykənən Sarkisyan...
24.07.2017, 09:05

Rusiyalı İsgəndərə söykənən Sarkisyan...

Fikrət Qoca və xanımı Amerikada - VİDEO
24.07.2017, 08:39

Fikrət Qoca və xanımı Amerikada - VİDEO

Builki qəbul imtahanları necə keçdi? - SORĞU   
24.07.2017, 08:36

Builki qəbul imtahanları necə keçdi? - SORĞU  

Dünyanın ən isti bölgəsi
24.07.2017, 08:29

Dünyanın ən isti bölgəsi

Şabranda müəllim qəza törətdi - 5 nəfər yaralandı
24.07.2017, 08:23

Şabranda müəllim qəza törətdi - 5 nəfər yaralandı

Manatın bugünkü MƏZƏNNƏSİ
24.07.2017, 08:21

Manatın bugünkü MƏZƏNNƏSİ

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub
24.07.2017, 01:01

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

Suriyada partlayış: 12 ölü, 20 yaralı
24.07.2017, 00:45

Suriyada partlayış: 12 ölü, 20 yaralı

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü
24.07.2017, 00:26

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(27.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(0%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(63.6%)
- İmtahan testləri çətinləşdirilmişdi(0%)
- İmtahanlar asan keçdi(9.09%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(0%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(0%)