Modern.az

Sahibsiz it-pişiyə qayğı - Bakıda heyvanlar üçün klinika və mehmanxana yaradılıb - REPORTAJ

Sahibsiz it-pişiyə qayğı - Bakıda heyvanlar üçün klinika və mehmanxana yaradılıb - REPORTAJ

Reportaj

27 Aprel 2017, 14:44

Yaxşı, rifah içində yaşamaq. Necə ki, bir canlı kimi bu insanların haqqıdır, həmçinin heyvanlar üçün də keçərlidir. Xüsusən də sahibsiz küçə heyvanları ...

Bu gün küçələrdə saysız-hesabsız it-pişiyə rast gəlirik və bir çoxumuz laqeydcəsinə onların yanından keçirik. Hərdən onlara bir damcı mərhəmət, sevgimizi də əsirgəyirik. Və ən pisi də budur ki, belə heyvanların sayı durmadan artır. Bu da daha çox ac-susuz, xəstə it-pişik deməkdir. Lakin ölkəmizdə bu hallara biganə qalmayan bir təşkilat var: Bakı-Şamaxı magistral yolunun 15-ci kilometrliyində yerləşən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi (AARC).


Mərkəzin direktor müavini Vüsalə Ali Modern.az-a açıqlamasında  AARC-nin 2009-cu ildən fəaliyyətdə olduğunu deyib.

“Mərkəzin təsisçisi  Hədiyə xanım bu işə Gənclik ərazisində balaca bir mənzildə bir neçə balaca it və pişik xilas etməklə başlayıb. Hədiyə xanım  Roşanzamir əslən İran vətandaşı olsa da,  Azərbaycanda artıq 20 ildən çoxdur ki, yaşayır. O, uşaqlıqdan heyvansevər biri olub, küçədə yaralı it, pişik görərmişsə, gətirib evdə sağaldarmış” .

Bir müddətdən sonra Hədiyə xanım “Vəfalı dostlar” adı altında açdığı bu kiçik klinikanı, məkanın balaca, imkanların çərçivəli olması səbəbindən bağlamaq qərarına gəlir.

V.Ali Hədiyə xanımın xatirələrini bölüşərkən  bunları deyir:


 “Bir gün küçədə balaca pişik görür. Həmin pişik indi də bizimlədir. Və həmin pişiyin balaları olur. Hədiyə xanım əlbəttə ki, buna biganə qala bilmir və bu işi davam etdirmək qərarına gəlir”.

 

Mərkəzdə  50-dən çox heyvansevər bir kollektiv toplanıb. Mərkəzdə 150-dən çox heyvana baxılır, onlara hər cür qulluq göstərilir.

“Və əlbbəttə, biz bacardığımız qədər küçələrdən  pişiklərin,  daha çox da itlərin (çünki pişiklərə yem, su verən insanlar çox olur)  ac qalmamasına, yaralıdırsa bacardığımız qədər yardım etməyə çalışırıq. Çünki biz özəl təşkilatıq, edə biləcəklərimiz  məhduddur, bəlli bir büdcəmiz var”.

2012-ci ildən fəaliyyətini yeni məkanda davam etdirən AARC  4 hektarlıq sahəyə, müasir baytarlıq klinikasına sahibdir.

Bu ərazini illərdir Azərbaycanda yaşayan iş adamı Əhədpur Xangahın hədiyyə etdiyini bildirən V.Ali mərkəzin Azərbaycanda hələ ki bütün standartlara cavab verən yeganə belə təşkilat olduğunu deyir.

 

2009-cu ildən bəri sahibsiz heyvanların sayının nəzarətdə  saxlanılması üçün AARC Qısırlaşdırma/Axtalama proqramları keçirir.

V.Alinin sözlərinə görə, belə aksiyaları keçirirlər ki, vətəndaşlar da bu prosesdə yaxından iştirak etsinlər.

“Onları qısırlaşdırma sahəsində maarifləndirməyə çalışırıq. Biz insanlarımıza anlatmaq istəyirik ki, bu tibbi prosedurlar nəinki sonda küçələrə atılan arzuolunmaz heyvanların sayını azaldır, hətta ev heyvanlarına daha uzun və sağlam həyat sürməyə imkan verir.

Burada itlər üçün qəfəssiz şərait yaradılıb. Onlar böyük volyerlərdə qalırlar. Hər saatdan bir qrup şəklində onlar üçün ayrılmış geniş həyətə buraxılırlar. Gündə iki dəfə yemək verilir.  Pişiklər üçün yaradılan şərait itlərinkindən heç də geri qalmır. Karton qutulardan, səbətlərdə  hazırlanmış yataqlar, gündə dörd dəfə qidalanma rejimi və gəzib- oynamaları üçün gözoxşayan bağça”.


Həmçinin özünə dost axtaran hər kəs buradan sevdiyi sahibsiz bir heyvanı himayəsinə götürə bilər.

 Bunun üçün isə müvafiq forma doldurulmalıdır. V.Ali bu məsələyə toxunaraq bildirib ki, heç vaxt Yeni il ərəfəsində, 8 Mart, Sevgililər günü sahiblənmə baş vermir. Çünki o ərəfələrdə  gələnlər heyvanları sadəcə hədiyə olaraq kiməsə verməyə çalışırlar.

“Biz onlara anlatmağa çalışırıq ki, hədiyə üçün oyuncaqlar var, gül var. Bir canlıdan hədiyyə olmaz.

Sahiblənmə forması doldurulur, sahiblənən şəxs 20 yaşdan yuxarı olmalıdır. Ailəsi ilə birgə yaşayırsa, ailəsinin də razılığı mütləqdir. Sahiblənən şəxsə heyvanların qayğısına necə qalmaq barədə ətraflı məlumat verilir. Burda heyvanlar satılmır, himayəyə verilir. Kiçik bir ödəniş var, bu da onlara ölçülən qiymət deyil.  Sadəcə buradan sahibləndiyiniz heyvan küçədən gələn bir heyvana yer açır. Ödəniış də o heyvana ilkin yardım  məqsədilədir. Amma biz bəzən şəhərdə aksiyalar keçiririk və orda sahiblənmə tam ödənişsiz olur. Sadəcə eyni qaydalar keçərli olmaqla şəxsiyyət vəsiqəsilə yaxınlaşıb formanı doldururlar. Bizim nəzarətimiz altında onları sahibləndirməyə veririk”.

V.Ali söyləyir ki, Bakıda keçiriləcək İslam Oyunları müddətində mərkəzin sakinləri olan pişiklərlə birlikdə milli parkda olacaqlar. Məqsəd isə daha çox vətəndaşların diqqətini çəkmək, onlarda heyvanlara qarşı sevginin aşılanmasıdır. Həmçinin  sahiblənmək istəyənlər də gələ bilərlər.

AARC-də həmçinin fərdi şəxslərin heyvanlarının saxlanılması üçün mehmanaxana da xidmət göstərir. Uzun səfərə çıxanlar əgər sevimli heyvanlarını özləri ilə birgə götürə bilmirlərsə, heyvanlarını burada 24 saat fəaliyyət göstərən mehmanxananın heyvansevər işçilərinə əmanət edə bilərlər.


V. Ali mərkəzin klinikası haqqında da qısaca məlumat verdi:


“Klinikamız müasir standartlara cavab verən aparatlarla təchiz olunub. Burada hər cür cərrahiyyə əməliyyatları aparılır. Rəqəmsal rentgen, ultrasəs müayinə, laboratoriya və stomotologiyamız da var.  Baytarlarımızdan  üçü İran vətəndaşı, biri isə azərbaycanlıdır.

 


Azərbaycanda heyvanlara qarşı sevgi mədəniyyətinin hələ formalaşmadığını söyləyən Vüsalə xanım bunları da əlavə etdi.


“Azərbaycanda sahibsiz ev heyvanlarına qarşı münasibət yaxşı deyil, ev heyvanlarına sahiblənən əksəriyyət də bunu dəb üçün edir. “Filankəsdə varsa qoy məndə də olsun” deyə düşünürlər. İnsanlar bəzən heyvanlara oyuncaq məqsədilə yanaşır, oynadıb həvəsləri bitəndən sonra isə atırlar küçəyə”.  

V. Ali mərkəzə gələn ziyarətçilərdən də söz açdı. Bildirsi bura daha çox əcnəbilər gəlir. 

“Lakin son vaxtlar öz vətəndaşlarımız, ən çox da gənclərimiz də gəlir ziyarətə. Və bu sevindirici haldır. Gənc ailələr  uşaqlarını gətirir bura. İstəyirlər uşaqları heyvanlarla vaxt keçirsinlər. Bu, düzgün qərardır və biz bunu dəstəkləyirik. Heyvansevər hər kəsə tövsiyə edirəm ki, həftənin bazar günündən başqa hər gün saat 10:00 dan 16:00 qədər bizim mərkəzə gəlsinlər. Burada sevgiyə möhtac  heyvanlarla vaxt keçirsinlər. Bəlkə də bir müddətdə sonra onlarda hansısa bir heyvana qarşı sevgi yaranar və ona sahiblənmək istəyər”.

Küçədə xəstə və ya şikəst edilmiş heyvanla rastlaşsanız, bu barədə Mərkəzə aşağıdakı telefon nömrələri vasitəsilə məlumat verə bilərsiniz:

 (+994 50/55) 355 17 17

 

Aytac Əli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır