Modern.az

Əvf Komissiyası bir məhkumun yerinə başqasının buraxılması iddiasına aydınlıq gətirdi - QALMAQAL

Əvf Komissiyası bir məhkumun yerinə başqasının buraxılması iddiasına aydınlıq gətirdi - QALMAQAL

27 Aprel 2017, 16:07

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası məlumat yayıb.  Məlumatda Prezidentin 2017-ci il 16 mart tarixli sərəncamı ilə əf edilən məhkumlardan birinin yeinə başqasının buraxıldığı barədə mətbuatda yayılan iddialara aydınlıq gətirilib.


Modern.az xəbər verir ki, Əfv Məsələləri Komissiyası bəyan edib:


“Mətbuatda Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında”2017-ci il 16 mart tarixli sərəncamına adı düşən şəxsin əvəzinə başqa şəxsin azad edilməsi barədə məlumat yayılıb.

Komissiya bildirir ki, həmin məlumat heç bir rəsmi fakta istinad edilməməklə əsassızdır. Belə ki, qeyd olunan sərəncam hüquqi aktların rəsmi dərc olunduğu qəzetlərdə, habelə elektron variantda dərc edildiyi Hüquqi Aktların Dövlət Reyestrində dərc olunub. Həmin sərəncamdan göründüyü kimi, əfv edilmiş şəxs Mahmudov Elvin Habil oğludur”.  


Eyni zamanda, bildirilir ki, Əfv Məsələləri Komissiyasında məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun da əfv olunması ilə bağlı müraciətə baxılıb.

“Müəyyən edilib ki, E.Mahmudovun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində 2016-cı il 8 oktyabr tarixdə məhkumların qarşılıqlı olaraq bir-birilərinə xəsarət yetirməsi faktına görə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə bağlı E.Mahmudov və bəzi məhkumlar məhkəmənin qərarına əsasən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilib. Hazırda istintaq davam etdirilir”.

Qeyd olunan səbəbdən Komissiya tərəfindən əlavə yoxlamanın aparılması zərurəti yarandığından məhkum Mahmudov Elvin Bəxtiyar oğlu barəsində müraciətə baxılması təxirə salınıb. 


Xatırladaq ki, məhkum Mahmudov Elvin Bəxtiyar oğlunun yaxın qohumları və vəkilinə istinadən yayılan məlumatda qeyd olunur ki, guya, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinin birində saxlanılan məhkum Elvin Bəxtiyar oğlu Mahmudovun əvəzinə eyni adı və soyadı olan, lakin atasının adı və təvəllüdü fərqli olan digər məhkum ölkə Prezidentinin əfv sərəncamı ilə qalan cəzadan azad olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?