Modern.az

Tanınmış idmançılar İslam Oyunları HAQDA...

Tanınmış idmançılar İslam Oyunları HAQDA...

28 Aprel 2017, 11:06

12-22 may tarixlərində Azərbaycanda  İV İslam Həmrəyliyi oyunları keçiriləcək. Oyunlarda  57 dövlətdən  6000-ə yaxın idmançı 21 idman növü üzrə mübarizə aparacaq. Modern.az ölkənin tanınmış idman ustalarından oyunların əhəmiyyəti ilə bağlı fikirlərini öyrənib:

 

 

Stend atıcılığı üzrə, 6 dünya , 2 olimpiya rekordu qazanan, polis polkovniki Zemfira Meftahəddinova  bildirib ki,  İslam Həmrəyliyi Oyunları mötəbər tədbir olmaqla yanaşı, həm də təcrübədir:

 

“Bu, böyük tədbirdir. Sevindirici haldır ki, I Avropa Oyunlarından sonra  Azərbaycanda   IV İslam Həmrəylik oyunları  keçiriləcək . Bu böyük tədbir idmançılar üçün  çox böyük təcrübədir.   Bütün idmançılarımız beynəlxalq arenada öz sözlərini deyir, hər bir yarış zamanı  xalqımızı və prezidentimizi sevindirirlər.  İndi mən inanıram ki, bu yarışda da bizim  idmançılarımız öz sözlərini deyəcəklər.

 

Güləşdə, atıcılıqda, cüdoda, karatedə, boksdan bizim çox güclü  idmançılarımız var. Adlarını qeyd etməyəcəm, çünki mənim özüm də heç vaxt, proqnoz verməyi xoşlamıram.  Özüm də idmançı olanda heç vaxt proqnoz verməmişəm. Amma inanıram ki, idmançılarımız  bütün növlərdə uğurlar qazanacaqlar.

 

Karate üzrə  2-qat dünya çempionu, Fövqaladə Hallar Nazirliyinin (FHN)  İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayevin fikrincə, nəinki İslam Oyunları, ümumiyyətlə bütün beynəlxalq tədbirlər Azərbaycan üçün çox əhəmiyyətlidir:

 

“Görürsünüz ki, dünyada nə hadisələr baş verir? Bu, ən çox da müsəlman ölkələrinin üzərindədir. İslam Oyunları bizim həmrəyliyimizi və birliyimizi göstərəcək. Bildiyimiz kimi, möhtərəm prezidentimiz  çıxışında qeyd etmişdi ki, idman yarışları  müsəlman ölkələri arasında həmrəy olmağımızı göstərəcək. Biz əlimizdən gələni edəcəyik ki, bütün başqa bizdən ibrət götürsünlər.    

 

Azərbaycan idman sahəsində dünyada sözünü deyib və artıq idman ölkəsi kimi tanınır . Keçirilən yarışlardan, beynəlxalq tədbirlərdən və idmançılarımızın əldə etdiyi nəticələrdən  inanıram ki,  bizim idmançılarımız bu yarışdan da üzüağ çıxacaqlar.

 

Xüsusilə qeyd etmək istərdim ki, karate mənim idmanımdır və artıq olimpiya idman növlərinə daxil olub. Bu il də İslam Oyunlarında karate olacaq. İnanıram bütün idmançılarımız kimi, karateçilər də öz sözlərini deyəcək. Azərbaycanda keçirilən bu tədbir millətimizin, torpağımızın başını uca edəcək.”.

 

Azərbaycan Güləş Federasiyasının vitse prezidenti, olimpiya çempionu Namiq Abdullayev deyib ki, ölkədə idmana göstərilən qayğı, diqqət göz qabağındadır:

 

“İdmançılar üçün hər bir şərait var. I  Avropa Oyunlarını misal göstərmək olar. Bu yarışlarda   möhtəşəm qələbələr qazanıldı. Rio-2016 Olimpiya Oyunlarında qazanılan möhtəşəm qələbələr deməyə əsas verir ki, IV İslam Həmrəyliyi Oyunlarında da idmançılarımız qızıl medalların sayını artıracaq, həmişə olduğu kimi xalqımızı sevindirəcəklər. Biz də inanırıq ki, himnimizi dəfələlərlə səsləndirib, bayrağımızı  yüksəklərə qaldıracaqlar .    

Mən həm də  inanıram ki,  yarışlar   ölkəmizin tanıdılmasında  da böyük rol oynayacaq.  Bu günə qədər, Azərbaycanın ev sahibliyi etdiyi bütün yarışlar, tədbirlər  yüksək səviyyədə keçirilib. İnanıram ki, İslam Oyunları  da bu qəbildən olacaq”.

 

Nəcəf RUSLANOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...