Modern.az

Bakıdakı islamiadada  247 “London Taxi”si qonaqlara xidmət göstərəcək

Bakıdakı islamiadada  247 “London Taxi”si qonaqlara xidmət göstərəcək

28 Aprel 2017, 12:28

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən iclasda nazir müavinləri, nazirin müşavirləri, mobil operator və internet provayderləri, eləcə də rabitə birlik müəssisələrinin rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən nazir Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq  Sərəncamı ilə 12-22 may tarixlərində baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirir.

Nazir Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qərargah və İşçi Qrup yaradıldığını qeyd edib. Bildirib ki, İşçi Qrupu İslam Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün tədbirlər görür və bu işlər başa çatdırılmaq üzrədir.

Nazir mötəbər və nüfuzlu beynəlxalq tədbirlərin peşəkarlıqla təşkilində böyük təcrübəsi olan Azərbaycanın daha bir əlamətdar tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

Müşavirədə bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin tələblərinə uyğun olaraq nazirliyin üzərinə düşən rabitə ilə bağlı işlər, Oyunların keçiriləcəyi məkanların və təşkilati binaların dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsi həyata keçirilib.

Eyni zamanda, oyun və təşkilati məkanların dayanıqlı, yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik 386 km optik kabel və  radiotezliklər ayrılıb.

Müşavirədə nəqliyyatın təşkili üzrə də müzakirələr aparılıb. Qeyd edilib ki, Oyunların Əməliyyat Komitəsinin istifadəsi üçün nazirlik tərəfindən  247 ədəd “London Taxi”si iki növbəli qrafiklə xidmət göstərilməsi üçün ayrılıb. Taksiləri idarə edən sürücülər isə  təlimlərə cəlb edilib.

Müşavirənin sonunda oyun məkanlarının dayanıqlı və alternativ rabitə xidmətləri ilə təchiz olunması, mobil rabitə xidmətlərinin yüksək səviyyədə işləməsi üçün lazımi tədbirlərin görülməsi, optik kabellərin mühafizəsinin gücləndirilməsi, internet xidmətlərinin keyfiyyətli təşkili, dövlət və strateji saytların təhlükəsizliyi üzrə lazımi tədbirlərin görülməsi, radiotezliklərin təyinatına uyğun istifadəsi,  04 may – 23 may tarixlərində bütün nəqliyyat və rabitə müəssisələrinin gücləndirilmiş iş rejiminə keçməsi, keyfiyyətli və fasiləsiz teleradio yayımlarının təmin edilməsi, taksi əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri işlərin görülməsi qərara alınıb.

 

Namidə BİNGÖL

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi