Modern.az

Deputatlardan TƏNDİQ: "İnsaflı yanaşma olmalıdır"

Deputatlardan TƏNDİQ: "İnsaflı yanaşma olmalıdır"

Parlament

28 Aprel 2017, 13:08

“Belə bir sənədin qəbulu əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması baxımından çox vacibdir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Əli Məsimli deyib.

 

Deputat bildirib ki, bu sənəd qəbul olunacağı halda onun gələcəkdə işləməsi üçün ölkədə iqtisadi fəallıq artırılmalıdır: "İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır".

 

Ə.Məsimli növbəti dəfə kreditlər üzrə faizlərin yüksək olmasından şikayətlənib.

 

"Axı, 28-30%-lə neçə iş görmək, məsələn, biznes qurmaq olar? Buna görə, hesab edirəm ki, artıq bu məsələyə son qoyulmalıdır. Kredit faizləri yumşaldılmalı, aşağı salınmalıdır. İnsanları, sahibkarları bu cür kredit faizləri altında inlətmək olmaz.

 

Bu məsələyə artıq insaflı yanaşma olmalıdır. Elə bir şərait, mühit yaradılmalıdır ki, banklara axın olsun. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya da çatdırın”.

 
Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib: “Bizi bu gün narahat edən məsələlərdən biri kredit verilən zaman girovun qiymətləndirilməsidir. Bu ən böyük problemdir”.


Deputat bildirib ki, girovu banklar çox aşağı məbləğdə qiymətləndirilər.


“Kredit götürən şəxsin girovunun 200 min manatlıq qiyməti varsa banklar ona 10 min qiymət qoyur. Və ona 10 min manatlıq kredit verir. Sonra da krediti qaytara bilməyəndə girovun satılması, hərraca çıxarılması zamanı çox ciddi problem yaranır. Mən sizdən xahiş edirəm ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya da çatdırın. Bu qanunda da yoxdur. Bu köhnə “daşınan əmlak haqqında” qanunda müstəqil qiymətləndiricilər cəmiyyəti var idi. Amma girovun qiymət məsələsi çox ciddidir. Yəni bank sistemi elə işləməlidir ki, insanlar banklara güvənsinlər. Bilsinlər ki, onun girovunun qiyməti 100 mindirsə, banklar həmin girova 100 min qiymət qoyacaq”.

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır