Modern.az

Güzgünün o biri üzü

Güzgünün o biri üzü

29 Aprel 2017, 10:25

Azad Müzəffərli 

Hekayə

 

Bakıdakı apteklərdə qoymamışdı pambıq qala. Fərda nahar zamanı mütləq qulaqlarına pambıq tıxayardı. Toya gedəndə də özü ilə bir topa pambıq aparardı. Şadlıq saraylarının girişindəki güzgülərdə başqaları özünə tumar verəndə, o qulaqlarının hayında olardı. İstər avtobusla işə yollananda, istərsə də həftədə bir –iki dəfə dostları ilə yeyib-içmək, əylənmək üçün iaşə obyektlərinə üz tutanda da belə edərdi. Pambığı qulaqlarına elə ustalıqla tıxayardı ki, yalnız bir addımlıqdakı səsləri eşidə bilsin. Artıq illərdi buna vərdişkardı.

 

Maşallah, işlədiyi idarənin yeməkxanası genişdi. Burada təqribən 150 nəfər eyni vaxtda nahar edə bilərdi. Elə ki, günorta oldu, yeməkxanada ağız deyəni qulaq çətin eşidərdi. İş yoldaşlarının nəriltisi divarlarda əks-səda doğurardı. Fikir vermişdi; qəribəydi, bağıra-bağıra danışmaqlarına baxmayaraq kimsənin tikəsi boğazında qalmazdı. Söhbətlərin mövzuları müxtəlifdi. Qonşu masadakılar “Yuventus”un necə “Barselona”nın “atasını yandırmasından” danışırdılar. Nə təhər bəyirirdilərsə, adama elə gəlirdi ki, indicə iç-içalatları töküləcək. Messi, Neymar və Suaresdə abır qoymadılar. Oynadıqları klubdan az qala Azərbaycanın büdcəsinə bərabər pul qoparan bu futbolçuların üç qolun əvəzində bircə qol da olsa vurmamalarını Fərdanın soydaşları onlara heç cür bağışlaya bilmirdilər. Söhbətləşənlərdən  kiminsə bu vacib görüşdə sadəcə “Barselona”nın bəxtinin gətirmədiyini dilə gətirməsi ilə güllə-barana tuş gəlməsi bir oldu. Sanki, toplardan yaylım atəşi açıldı. Digər masada söhbət Türk seriallarından gedirdi. Orada da vur-çatlasındı. Elə bil, ssenarini yazan bunlardı. Filmin rejissorunu, aktyorları ağ yuyub, qara sərirdilər. Başqa bir stoldakılar isə artıq Bakıda yaşamağa dəymədiyini, kəndə dönməyin vaxtının yetişdiyini cani dildən sübuta yetirməyə çalışırdılar. Ən çox da yollardakı tıxaclardan, səs-küydən və havasızlıqdan bezikmişdilər. “Varam kənd həyatına” deyib bu gopa basanlardan kimsənin doğma yurduna qayıtmayacağı onlar üçün də gün kimi aydındı. Di gəl, özlərinə yazıqları gəlmirdi, az qalırdı, çənələri yerindən oynaya. Qadınlar da dil boğaza qoymurdular. Səslərini başlarına atmaqda kişilərdən geri qalmırdılar. Onların da mövzuları saya gəlimirdi, kimlərinsə qeybətindən tutmuş alış-verişə, bəzənib-düzənməyə qədər nədən desən döşəyirdilər. Ən qəribəsi isə o idi ki, Fərdagilin iş yerinə qonaq gələnlərdən burada nahar etməyə üstünlük verənlər də “tenor”luqlarından əl çəkmirdilər.

 

Artıq belə “səhnəciklər”dən xeyli vaxtdı canını qurtaran Fərda daha yeməyi tələm-tələsik  mədəsinə dürtüşdürməkdən xilas olmuşdu. Pambıq onun gözündə müqəddəsləşmişdi. Yeməkxanalarında nahara könül xoşluğu ilə təşrif buyurardı. İnsafən, buradakı yeməklərin dadından şikayət etməyə də yer yoxdu. Yadına, əvvəllər nahar vaxtı səs-küydən çəkdikləri düşəndə təpəsindən tüstü çıxardı. Naharını yarımçıq qoyaraq yeməkxanadan baş götürüb qaçdığı məqamlar da az olmamışdı. Bir neçə dəfə özünü saxlaya bilməyib, hətta, hay-həşir salanlara çımxırmışdı da. İndi bunların hamısı arxada qalmışdı. Gecə-gündüz pambığı icad edənin atasına rəhmət oxuyurdu.    

Nümunəvi mütəxəssis kimi onun da adının iş yerindən ABŞ-a ezam olunanların siyahısına salınmasına Fərda lap uşaq təkin sevinmişdi. Dünyanın fövqəldövlətinə səyahət ürəyincəydi. Ən əsası, onu da sayıb-seçmişdilər. Səbri daralmışdı, işi-gücü barmaqlarını qatlayaraq qalan günləri saymaqdı.

Səhərisi gün yola düşəsiydilər. İşə gedərkən şadlığındanmı, tərslikdənmi evdən pambıq götürmək yadından çıxmışdı. Ötən bir neçə ildə ilk dəfə idi belə arzuolunmaz halla qarşılaşırdı. Nə yaxşı ki, Amerikaya yollanacaqdı, bu istək ona dözüm verdi, yoxsa, qəfildən ürəyi partlaya da bilərdi. Avtobusa minməyi ilə “cəngəlliklər aləminə” düşməyi bir oldu. Kimsə telefonda ürəyini boşaldırdı:

 

- Ə gədə, sən təhər adamsan, yaramaz oğlu yaramaz, keçən dəfə səninlə getdiyimiz binanın birinci blokunda dördüncü mərtəbəyə qalx, qapını döyəclə, Yusif kişi açacaq, pulu ona ver, vəssalam, zalım oğlu, elə bil, birinci dəfədir çöl-bayır görür?!.

 

Kişinin üz-gözündən zəhrimar yağırdı, qışqıra-qışqıra danışmaqdan göyərmişdi. Səsinə güc verməkdən az qala yarımcan olmuşdu.  Qabaqkı oturacaqdakı qadın da ondan geri qalmırdı.

 

- Aaz, hələ də yuxudan durmamısan, ay canı yanmış, qayğanaq hazırlamışam sənin üçün, soyuducudadır. Zəng elədim deyim ki, qazın altını söndürmək yadımdan çıxıb, bir gözün onda olsun... Eşitdin, yenə də, o noutbuk zəhirmara aludə olarsan, qaz yaddan çıxar... Aaz, həmişəki kimi xəbərdarlıq-zad eləmədən yenə qaz işçiləri qazı kəsər,sonra da bərpa eləyərlər, komamız yıxılar. Sağ olsun qonşunu, keçən dəfə o duyuq düşüb xəbərdarlıq etməsəydi, yəqinki, evimiz göyə sovrulmuşdu. Səni ölməyəsən, yazıqsan... Bax ha, ötən dəfəkinə fikrin getməsin, səni nə qədər çox istəsəm də, mən deyəni eləməsən, bu dəfə saçlayacam, şübhən olmasın. Özünə yazığın gəlsin barı...

Fərdanın qonşuluğunda əyləşən qız da öz aləmindəydi. Qulağına mobil telefonunun qulaqcıqlarını tıxamışdı. Musiqiyə nə təhər səs vermişdisə, avtobusdakılar “pulsuz konsertdəydilər”. Fərda məəttəl qalmışdı; tutaq ki, sərnişinlər cəhənnəmə, görəsən, bu qızın qulaqları tarapp-truppdan çatlamır, ürəyi sıxılmır?!. Əksinə, qızın bəzən musiqinin sədaları altında çiyinlərini oynatmasından Fərda yumağa dönmüşdü. O, işə çatana qədər avtobusdan “toy-bayram” əhval-ruhiyyəsi əskilmədi ki, əskilmədi. Səhər şahidi olduqlarına birtərəhər tab gətirən Fərda nahara getməyə ürək eləmədi. Düşündü ki, belə daha yaxşıdı, əks halda, Amerikaya həsrət qala bilər, yeməkxanalarındakı “aşıq deyişməsinə” duruş gətirəcəyinə əmin deyildi.

Üst-üstə bir sutkalıq uçuşdan sonra Fərda arzusuna yetdi, artıq sağ-salamat ABŞ-daydı. Mehmanxanaya qədər yolboyunca müşahidə etdiyi genişlik və nəhənglik onu ağzıaçıla qoydu. Heç kimin başqa kimsənin kitabını vərəqləməməsi də diqqətindən yayınmadı. Hər kəsən öz umrundaydı. Səfər proqramı da amerikansayağı idi. Yalnız birinci gün iş-güc, sonrakı günlərdə isə Nyu-Yorkla tanışlıq, muzeylərdən, gəzməli-görməli yerlərdən tutmuş ən bərk gedən restoranlar, barlarda yeyib-içməyə qədər nə desən vardı proqramda.  

Səfərin ilk günü sürətlə ötdü, axşamın nə vaxt yaxınlaşdığından qəfil xəbər tutdular. Canüzücü uçuşdan və qabaqcıl iş təcrübəsi ilə tanışlıqdan sonra  dincəlməyin yeri vardı. Biznesi ilə əlaqədar bir neçə il Bakıda yaşamış amerikalıya onların qrupunu müşaiyət etməyin tapşırılması lap yerinə düşmüşdü. Corc adlı bu amerikalı onlara azərbaycanlılara xas qonaqpərvərlik göstərirdi. Ən adi xırdalıqları belə diqqətdən qaçırmırdı. Dildən də pərgardı. Di gəl, zalım oğlu elə bərkdən qırıldadırdı ki, adamın ödü ağzına gəlirdi. Dözməkdən başqa çarələri qalmamışdı. Şam yeməyi qabağı iştahlarını kökləmək üçün onları muzeyə apardılar. Bələdçi həvəslə üyüdürdü. Dil boğaza qoymurdu. Çığıra-çığıra qonaqları ABŞ-ın möhtəşəmliyinə inandrımağa çalışırdı. Fərdanın çığır-bağırdan üzünü turşutduğunu anındaca duyan Corc ona bildirdi ki, burada milli standart bu cürdür, bütün muzey işçiləri belədir, gün ərzində ucadan danışdıqlarından işin axırına onlarda taqət qalmır. Ədalət naminə, sayagəlməz və nadir eksponatlara malik muzey onlarda zəngin təəssürat doğurdu, əməlli-başlı iştaha da gəldilər.

 Şam yeməyinə getdikləri restoranın girişindən bəlliydi, bura kasıbların yaxın düşəcəyi məkan deyildi. Fərda ora çatar-çatmaz bədahətən əlini pambıq üçün cibinə apardı. Bu vərdişinə görə qəşş eləməkdən özünü güclə saxladı. Birtəhər özünü yığışdırdı ki, kimsə duyuq düşməsin. Restoranda yaman tünlükdü. Qonaqlar onlar üçün ayrılmış stolda yerlərini tutdular. Xidmətçilər anındaca başlarının üstünü kəsdirdilər. Ağızlarından çıxmağı ilə sifarişlərinin yerinə yetirilməyi bir olurdu. Yeməyə təzəcə başlamışdılar ki, Fərda yerindəcə qurcalandı. Ətrafda, sanki, zəlzələydi, rəqs edənlərin, tullanıb-düşənlərin, var gücü ilə söhbətləşənlərin səsindən qulaq tutulurdu. İstər-istəməz, fikir onu götürdü, İlahi, dünyaya özlərini mədəniyyət etalonu kimi təqdim etməkdən ötrü gecə-gündüz yoruldum deməyən amerikalılar bunlardır!?. Elədirsə, bizlərə min şükür!!!

Anındaca bunu sezən Corc ona sarı əyildi:

 

- Yəqinki, pambıq axtarırsan, boş ver, Amerikada hər yerdə belədi, Azərbaycandakından da betər. Özünü yorma, bir qulağından al, o biri qulağından burax. Bacardıqca istirahət elə, ye, iç, əylən.

 

Corcun azərbaycanca kifayət qədər aydın danışığı, hətta, nitqində az işlənən kəlmələrdən də istifadə etməsi Fərdanı şaşırdı. Pambıq məsələsi isə onu lap heyrətdə qoydu.

 

- Amerikalılar buralara necə gəlib çıxıblarsa, eləcə də,  yabanı qalıblar. Onlar Avropasayağı davranış etiketinə barmaqarası baxırlar. Qışqıra-qışqıra danışmaq onlar üçün adi haldı. Amerikalıların təsəvvürüncə ətrafdakılardan kimsə onları dinləməz. Axı, başqasının nəylə məşğul olub-olmadığı kimin nəyinə lazımdı!?. Bu, amerikalılar üçün aksiomdur. Əksər restoranlarda, barlarda da belədir. Hamı bacardıqca həyatın ləzzətini çıxarmağın hayındadı... Yox, əgər, sənə sakitlik lazımdı, get özünə münasib yer tap, şənlənlərə bunun nə dəxli...

 

Fərdanın onu hayıl-mayılcasına dinlədiyini sezən Corc davam elədi:

- Buradan çıxanda zəhmət olmasa fikir verərsən, axşamlar evlərdə tək-tük pəncərənin pərdəsi çəkilmiş olar. Əksər mənzillərin qonaq, yemək və digər otaqlarına, mətbəxə doyunca tamaşa edə bilrəsən. Hər kəsən öz işindədir, kimsənin ağlına gəlməz ki, onların mənzilinə göz qoyan tapılar. Amerikalılar heç gecələr yataq otaqlarının pərdələrini belə çəkməzlər, düzdü, həmin otaqlar əsasən ikinci mərtəbədə yerləşdiyindən elə də görünən də deyil. Bizlər səs-küylü, bizə nəsib olan ömrü bacardıqca dolğun yaşamağa köklənən millətik. Elə ki, cümə günü oldu, iş yerində kimsəni işçi formasında görməzsən, hamı idmansayağı paltar, yüngül ayaqqabı geyinər. Bəzilərinin geyimi isə,sizin təbirinizcə, lap cır-cındırı andırar. Təki onun üçün rahat olsun, bundan kimə nə?!. Həftənin istirahət günlərini hamı təbiətin qoynunda, restoranlarda, kafelərdə, barlardadı, hətta, əvvəlcədən sifariş verməsən, əksər hallarda oralarda boş yer də tapmazsan. Saatlarla gözləmək məcburiyyətində qalarsan, baxmayaraq ki, buralarda iaşə obyektləri saya gəlməz, xüsusilə, Nyu-Yorkda.     

Fərdanın matı-qutu qurumuşdu. Corc isə döşəməyində idi, kimsənin sualını cavabsız buraxmırdı. Amerikalılara maya qoymaqdan doymurdu.   

 

Səfərlərinin sonrakı günlərində Fərda Corcun dediklərinin hamısının canlı şahidi oldu. Səsinin gur yerinə salıb bacardıqca əylənmək amerikalıların şakəriydi. Fərda onların bu qədər enerjini hardan aldıqlarına mat-məəttəl qalmışdı. Amerikanın əyalətlərindən gələnlərin köntöylüyü isə sözlə ölçüyəgələsi deyildi. Bunu hər addımda sezmək mümkündü. ABŞ səfəri Fərdanı bir çox mətləblər haqqında yenidən düşünüb-daşınmağa vadar eləmişdi. Elə Bakıya saatlarla sürən uçuş zamanı da indiyə qədərki bir sıra daşlaşmış məntiqləri ona rahatlıq vermədi.

 

Evə çatanda ilk növbədə pambıq qalaqlarını zibil qutusuna tolazladı. Səhərisi gün iş yoldaşları onu suallar yağışına tutdular. Heyi çatana qədər təəssüratlarını müfəssəl bölüşdü. Yaman acmışdı. Zarafat deyil, neçə gündü, Amerikada kefdəydi, ağzına bir hovur da olsun aman verməmişdi. Daddığını dadmış, əvvəlki qaradinməzliyindən də əsər-əlamət qalmamışdı.

 

Yaxın iş yoldaşları səfər fürsəti ilə əlaqədar onun boynuna nahar qonaqlığı qoymuşdular. Yeməkxanaya çatar-çatmaz Fərda əlini qulağının dibinə atıb bir “zəngulə vurdu” ki, gəl, görəsən, buradakılar çaş-baş qalmışdılar, şahidi olduqlarına inanmaqları gəlmirdi. Qaraguruhla xidmətçilərdən bir neçə stolu birləşdirmələrini istədi. Koroğlusayağı hayqırtısı ilə bütün ləziz təamlardan masalara döşənməsini xahiş elədi. Bir məclis qurdurdu ki, gəl görəsən, yeməkxananın tarixində hələ beləsi kimsənin qismətinə düşməmişdi. Özü də heç kəsdən icazə-filan istəmədən keçdi yuxarı başa. Səxavət dağarcığının ağzı açıqdı, bütün stollara pay göndərməyi də unutmadı. Girişdilər yeməyə. Fərdanın ağzı nə təhər qızışmışdısa, kimsəni eşitmirdi, elə hey döşəyirdi.

 

Sanki, simfonik orkestr daramb-durumbla öz işindəydi. Amerikadan pay gətirdiyi rus arağından əlaltdan yüz-yüz nuş eləyəndən sonra Fərda gözlənilmədən güc verdi avazına. Sən demə kişinin əməlli-başlı səsi də varmış. Qonşu stollarda, elə bil, qurbağa gölünə daş atmışdın. Hamının bir gözü yeməkdə, o biri gözü isə Fərdagilin məclisindəydi. Düzdü, bir sıra stollarda altdan-altdan xısınlaşanlar da vardı;  “Əlliyə çathaçatda bu kişinin başına at təpib, deyəsən!?.”  Vaxtilə Fərdanın ucadan danışdığına görə üstünə çımxırdığı iş yoldaşlarından bəziləri isə hikkələrini güclə boğurdular, onu xurd-xəşil eləməyə hazır vəziyyətdəydilər. Fərda öz aləmindəydi, zümzüməsinə, deyib-gülməyinə ara vermirdi. Ətrafdakıların nə düşünüb-düşünmədiyi onun heç vecinə də deyildi!?.  Sanki, birdəfəlik ABŞ-a “köçmüşdü”. O gündən Fərdagilin yeməkxanasında çəngəl-bıçaq cingiltisi bir az da eşidilməz oldu. Vaxtilə ona görə məcburən səsini qısanlar da “azadlığa çıxmışdılar”.

 

Bəlkə də, bu yeməkxanadakı haray-həşir Amerikada da eşidilirdi.  Əgər, bu, doğrudan da beləydisə, təbii ki, ilk növbədə Corcun sevincini yığıb-yığışdırmaqla qurtaran deyildi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı