Modern.az

XİN başçılarının Moskva görüşünün NƏTİCƏSİ - Prezidentlər görüşəcək?

XİN başçılarının Moskva görüşünün NƏTİCƏSİ - Prezidentlər görüşəcək?

29 Aprel 2017, 11:30

Aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın  işgüzar görüşü keçirilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, ötən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.

 Bildirilib ki, Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək.

 

Konstruktiv nəticə əldə edilmədi

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında  baş tutmuş  görüşdən ciddi nəticə gözləmədiyini bildirib:

“Zənnimcə, xarici işlər nazirlərinin görüşü  faydalı nəticə vermədi. Bütün ipləri əlində toplayan Rusiya dünya ictimaiyyətinə sülhməramlı mövqe tutduğunu nümayiş etdirmək istəyirdi. Sanki Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır. İndiyə qədər Ermənistan tərəfi  danışıqlardan imtina edib. Nəhayət dünən nazirlərin görüşü baş tutsa da, ciddi nəticə əldə edilmədi. Ermənistan yenə də qeyri-konstruktiv xarakterli mövqeyini   nümayiş etdirir. Nəticə etibarı ilə indiyə kimi baş tutmuş  danışıqlar prosesinin praktikasını  pozur.

 

Azərbaycan tərəfi isə işğal edilmiş ərazilərin azad edilməsini  ön planda tutur və Dağlıq  Qarabağ probleminin həll yolunu əvvəlki görüşlərdə əldə edilmiş razılıqlara əsasən aparılmasını təklif edir. Buna baxmayaraq Ermənistan tərəfi Rusiyaya arxalanaraq hələ də eyni mövqedə qalıb.  Buna görə də görüş zamanı konstruktiv nəticə əldə edilmədi. Yeganə müsbət nəticə ondan ibarətdir ki, danışıqların davam etdirilməsi barədə razılığa gəlindi”.

 

Prezidentlərin görüşmə ehtimalı yoxdur

 

Q.Hüseynlinin sözlərinə görə, görüş faydalı keçsəydi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də gözlənilə bilərdi:

“Danışıqlarda müsbət nəticə əldə edilsəydi, prezidentlərin görüşü baş tuta bilərdi.  Halbuki nazirlər konkret razılığa gələ bilmədilər. Müsbət qərarlar qəbul edilməlidir ki,  prezidentlər  bunun ətrafında müzakirə aparsınlar. Düşünürəm ki, prezidentlərin görüşmə ehtimalı yoxdur”.

 

Günay RƏSULQIZI

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir