Modern.az

Jirinovski öz yerini sizə verib – azərbaycanlı jurnalistdən Zaxarovaya sərt CAVAB 

Jirinovski öz yerini sizə verib – azərbaycanlı jurnalistdən Zaxarovaya sərt CAVAB 

29 Aprel 2017, 13:45

Uzaq illərin xatirəsidir. Daşkənddə oxuduğum vaxtlar idi. Rəhmətlik atamla şəhərin bir hissəsindən başqa bir hissəsinə getmək üçün avtobusa minmişdik.

 

Növbəti dayanacaqda iki rus qadın da avtobusa mindi. Qadınlar gəlib mənim yanımda dayandılar. Biri içkili idi. Ayaq üstə güclə dayanırdı. Və nisbətən az içkili olan digər qadın mənə dedi: “Dur bu sərxoş qadın rəfiqəmə yer ver otursun”. Mən də (üzr istəyirəm) hamilə olduğumdan ona yer vermədim.

 

Sakit tərzdə dedim ki, yer verə bilmərəm. Və bu zaman içkili olmayan müasir dəbdə geyimli qadın mənə rusca dedi: “чье хамитье, не культурная”.

Rus şovinizminə həmişə nifrət edən, Lenin şəkillərini cıran atam Məmmədşah Eyvazov dayandı bu qadının qarşısında və dedi:

 

“Sən kimə deyirsən? Sənin mədəniyyətin və tarixin İvan Qroznıdan və Yekaterinadan başlayır. Mənim  Nizami Gəncəvim var, tarixlər yazan qəhrəmanlarım var. O tarixləri ki, bizim xaqanlıqlarımız, xanlıqlarımız üzərində xərabətlər edib, imperatorluq qurmusunuz. Bax sizin o tarixiniz də, mədəniyyətiniz də İvan Qroznı da , YekatErina da Qızıl Orda xanlığımız olanda yox idilər.  Toxtamış, Əmir Teymur dünyanın hökmdarı olanda yox idilər. Sonradan əmələ gələn o balaca knyazlarınız onlardan imdad gözləyirdi, atının üzəngisini öpmək üçün növbəyə dayanırdı... Allah başımıza daş salıb ki, tariximizi məhv etmisiniz, torpaqlarımızı da zəbt etmisiniz. Amma elə bilməyin ki, tükənmişik. Hər zaman qarşınıza çıxacaq bahadurlarımız var, olacaq da. Biz bir gün yenə də öz torpaqlarımızın sahibi olacağıq. Biz olmasaq mədəniyyətiniz də ölüb gedər”.

 

Atamın bu sözlərinə cavab verə bilməyən o içkili qadınlar növbəti dayanacaqda avtobusdan düşüb qaçdılar.

Bu hadisə 1990-cı ilin 20 yanvarından sonra olmuşdu. Zənnim məni aldatmırsa 1990-cı il yanvarın 25-26 idi,  atam mənim təhlükəsizliyimi təmin etmək üçün Bakıdan Daşkəndə gəlmişdi. Və ilk dəfə atam mənə danışmışdı ki, Rus ordusu gecə ilə tanklarla Bakıya girərək, azadlıq arzusunda olan insanlarımızın arzularını tankların altında qoymaq istədilər. O gündən bu günə qədər Rusiyanın Azərbaycan üzərindəki “xam” damğalaması davam edir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, bu dəfə də siz bizi “xam” hesab edirsiniz. Deyəsən, Jirinovski öz yerini sizə verib. İndi də siz başlamısınız bizi “xamlıqda” ittiham etməyə. Yadınıza salımmı daha haralarda xamlıq edir Rusiya?

Çeçenistanı bombalayanda, Gürcüstandan Abxaziyanı alanda,  Suriyada günahsız uşaqlara bomba atanda.

Və bir də ki, əlində hər zaman alət kimi saxladığı Emənistanla birgə 366-cı rus alayını Xocalıya göndərəndə. Xocalıda dəhşətli soyqırımı törədildi.

İnandığınız Allaha (Boqa) and olsun, getdiyiniz Pravoslav kilsələrinə and olsun ki, ermənilər müharibə və Qarabağı istəmir.

 

Onları bu oyuna imperiya siyasəti məcburən vadar edir. Hər gün İrəvanda Rusiya bayraqlarını yandırırlar. Xəbəriniz olmamış deyil. Sadə erməni öz balalarının onlara lazım olmayan yad torpaqlarında ölməsini istəmirlər. Bizim Azərbaycan torpaqları Rus İmperiyasının işğalına keçənə qədər 400 min kilometrdən artıq idi. Bunu qədim tarixlər də, sənədlər də sübut edir. İşğal edə-edə, bizə 86 min kv kilometr torpaq saxladınız. Niyə müstəqil dövlətlərə, öz azadlığını istəyən dövlətlərə bu qədər hikkəlisiniz? Niyə xamlıq edirsiniz?

 

Diplomatik tribunadan diplomata layiq olmayan sözlər danışırsınız. Bizim xamlığımızı hada görmüsünüz? Biz kimsənin torpağını işğal etməmişik, bizim heç kimin var-dövlətində gözümüz yoxdur. Bizim jurnalistlər öz ləyaqətini qoruya bilir, sözlərinin yerini bilirlər. Nə yazıqlar olsun ki, Rusiya adlı qardaş dediyimiz ölkədə siyasi dairələrdə bizim səsimizi eşitmək istəmirsiniz. Kiçiltdiyiniz dövlətlərə qarşı hər zaman xamlıq edib, böhtan atan sizin sifarişli siyasətçilər və jurnalistlər olur adətən.

 

Yəqin ki, vaxtınız olanda Vladimir Solovyevin verilişlərinə baxırsınız. O ki, öz tribunasından ukraynalıları da, gürcüləri də, türkləri də hər zaman təhqir edir.

 

Bir fərqi də sezmişik. Tetatet müsəlman-türk və xristian dialoqlarında isə üstünlüyü hər zaman xristianlar tərəfə verir. Türkiyənin, Azərbaycanın, müsəlman ölkələrinin maraqları çərçivəsindən çıxış edənlərə sözünü sona qədər deməyə imkan vermir. Hələ Ukraynanın haqq sözünü deyənlərin sözünü ağzında kəsir. Bəs Vladimir Solovyev nə üçün xam olmur?  Ona olarmı?

Ukrayna xoşunuza gəlməyəndə onların şokaladları keyfiyyətsiz olur, Türkiyə ilə dalaşanda Türkiyənin pomidorları dərmanlı olur, Gürcüstanla yola getməyəndə şərabları saxta olur?! Elə ki, öz iddianızı yerinə yetirir, maraqlarınıza sahiblənirsiniz, həmin dəqiqə yuxarıda adını sadaladığım ölkələrin məhsulları da keyfiyyəti də yüksəlir.

 

Niyə Rusiya hamını qorxudur, niyə ətrafınızda olan qonşularınızın hamısına “pis” deyirsiniz? Bu qədər də xamlıq olarmı?
Mariya Zaxarovna, indi sizin Rus İmperiyası güclüdür. Qarabağın açarı da, özü də sizin hakimiyyətinizin əlindədir. Rus qoşunlarının iştirakı və dəstəyi ilə işğal olunmuş Kəlbəcərdə ata-anasının məzarını ziyarətə gedən Dilqəm Əsgərov sizin Rusiyanın vətəndaşıdır.

 

Sizi Lapşin narahat edən kimi, bizi də Dilqəm, Şahbaz və onlar kimi yüzlərlə girov saxlanınlan vətəndaşlarımız maraqlandırır. Bu günə qədər bizim sərhədlərimizi pozmaqla özbaşınalıq və xamlıq edən,  təxminən 3 ay bundan əvvəl həbs edilmiş Lapşin barədə hansı rus jurnalisti məlumat istəyibsə, rəsmi Azərbaycan tərəfi suallara ətraflı cavab verib.

 

Bəs niyə Lapşin üçün narahat olursunuz, ondan 3 il əvvəl girov götürülmüş Dilqəm və  Şahbaza görə narahatlıq keçirmirsiniz?! Gəlin Azərbaycanda saxlanılan Lapşinin də güzəranına baxın, və gedin sizin təbəəniz olan  Ermənistanın girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin da güzəranına baxın.

 

Və xahiş edirəm, xamlıq etməyin, öz baxış çərçivənizdən Azərbaycana və başqa dövlətlərə qarşı olan ikili standartlarınıza son qoyun. Məşhur türkoloq Lev Nikolayeviç Qumilyovun “Hər bir rusun damarında türk qanı axır” sitatını yenidən diqqətinizə çatdırmağım lazımdır? Əsl həqiqətləri, kimin kim olduğunu siz müqəddəs olmayan Məryəm də yəqin ki, yaxşı bilirsiniz.

Aida Eyvazlı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub