Modern.az

“Etibar Məmmədov Nəriman Nərimanovu kürsüdən pisləyirdi” - GİZLİ TARİX

“Etibar Məmmədov Nəriman Nərimanovu kürsüdən pisləyirdi” - GİZLİ TARİX

29 Aprel 2017, 16:45

XX əsr Azərbaycan tarixinin ən  maraqlı şəxsiyyətlərindən biri də Nəriman Nərimanov olub.

 

Onun lehinə və əleyhinə danışanlar Nərimanov şəxsiyyəti haqqında ikili düşüncənin yaranmasına səbəb oldular.

Maraqlıdır ki, bu sovet dövründə də belə olub. 1925-ci ildə müəmmalı şəkildə vəfat edən “Doktor Nəriman” həyatını qurban verdiyi kommunist ideologiyasının başbilənləri tərəfindən də unuduldu. Mərkəz ömrünün sonunda çox incitdiyi Nərimanovu ölümündən sonra daha da unutdu və unutdurdu. Bunun əsas səbəbi bu gün də çox maraqlıdır. Azərbaycanda qatı kommunist, Moskvada isə millətçi kimi tanınan Nərimanov ömrünün sonunda iki od arasında qalmışdı ki, bu amil onun böyük xidmətlərinə rəğmən sonradan unudulmasına səbəb oldu.

Amma bu səbəblərdən biz yox, tarixçi və arxivşünaslar danışacaq.

 

Nəriman Nərimanovun Ev Muzeyinin böyük elmi işçisi, tarixçi alim Rəna Qəhrəmanova Modern.az saytına açıqlamasında sovet quruluşunun yaranmasında müstəsna xidmətləri olan Nərimanovun elə sovet dövründə nə üçün xatırlanmadığını bu cür əsaslandırır:

 

“Nərimanovu millətçi kimi xarakterizə ediblər. O, tarix boyu həmişə qınağa məruz qalıb. Bəzən, Mərkəzdən gələn və xalqının əleyhinə olan sifarişləri yerinə yetirməyib. Göstərişlərin hamısını xalqın mənafeyinə uyğunlaşdırmağa çalışırdı. Ona da imkan tapmayanda icazəsiz-filansız özü bəzi lazımı tədbirləri həyata keçirməyə çalışırdı. Yaxud da, Mərkəzin etmək istədiklərinə mane olmağa cəhd göstərirdi. Buna görə də Mərkəz-yuxarı Nərimanovdan razı deyildi. Yəqin, onun həyatının son illəri  haqqında bilirsiniz. Nərimanovu əvvəlcə Bakıya niyə göndərmişdilər? Bilirdilər ki, onun Azərbaycanda hər təbəqə arasında yüksək nüfuzu var. O nüfuzdan yararlanıb istədiklərini əldə edə bilərdilər. İstədikləri Bakı nefti idi ki,  Leninin bununla bağlı xüsusi göstərişi olub.

 

Bu tarixi faktların hamısı ortadadır: Bakı neftini, Bakını, Azərbaycanı əldə keçirmək və  bununla da Çar Rusiyasının əvvəlki sərhədlərini bərpa etmək. Bu, onların uzaq planları idi. Bu planları həyata keçirmək üçün Azərbaycanda yüksək nüfuzu olan Nərimanovu bura yollamışdılar. O da gəldi. Sonradan oğluna məktubunda yazır: “Mən bir sosial demokrat idim. Güman edirdim ki, Çar Rusiyası yıxılır, ölkələr, istismarda olan insanlar azadlıq əldə edir ki, onların arasında mənim xalqım da var. Düşünürdüm ki, mənim xalqım da azadlıqdan istifadə edib dirçələr”.

 

Onlar güman edirdilər ki, Nərimanovu Bakıya göndərəcək, onun arxasında gizlənərək, öz istədiklərini edəcəkdilər. Nərimanov bunu başa düşsə də getdi. Çünki başqa yol yox idi. Bəzən, irad olaraq deyirlər ki, Nərimanov niyə Cümhuriyyətə kömək etmədi. Çünki o, mövcud durumu, beynəlxalq vəziyyəti başa düşürdü. Əgər Nərimanov Cümhuriyyətə qoşulub mübarizə aparsa idi, Azərbaycanı belə bir çətin durumdan xilas etmək mümkün olmayacaqdı.

 

SSRİ digər ölkələri zəbt edib, mütləqiyyət dövründəki sərhədləri bərpa etdiyi kimi Azərbaycanı da ələ keçirdi. Təkcə Azərbaycandan əl çəkməyəcəkdi ki. Amma müəyyən razılığa gələrək, nələrisə əldə etmək naminə Azərbaycana gəldi. Həmçinin, ondan şirma kimi istifadəyə də imkan vermədi. Nərimanovu Azərbaycana göndərənlər bu səbəbdən onu millətçi kimi kənarlaşdırdılar. Hiylə yolu ilə Azərbaycandan çəkib apardılar. Guya vəzifəsini yüksəltmək adı altında Moskvaya aparıb bir növ zərərsizləşdirdilər. Bilirsiniz ki, onun ölümü ilə bağlı da müxtəlif fikirlər var. Çox güman onu aradan götürdülər. Konkret sənəd, dəlil-sübut olmadığı üçün biz dəqiq fikir yürüdə bilmirik. Amma ətraflı düşünəndə dərk edirik ki, onu aradan götürüblər, çünki bütün proseslər məhz buna aparırdı.

 

Onu Moskvaya aparmaqla əl-qolunu bağladılar. Təkcə Azərbaycanda yox, əsarətdə olan bütün Qafqaz və ətraf yerlərdəki insanlar Nərimanova son ümid kimi baxırdılar, ona müraciət edirdilər. Amma Nərimanovun xatirələrində var: o deyirdi ki: “Mən onlara cavab verə  bilmirəm ki.  Əslində, heç bir səlahiyyətim yoxdur”.

 

Moskvadakı vəzifəsi çox formal idi, hətta bir neçə dəfə Stalinə məktub, ərizə də yazıb ki, onu bu vəzifədən azad etsin. Ümumiyyətlə siyasi həyatdan əl çəkib yaradıcılıqla məşğul olmaq üçün doğma vətəninə yollanmağına icazə versin. Amma buna da imkan vermirdilər. Çünki Nərimanovdan çox ehtiyatlanırdılar. Bilirdilər ki, onun Azərbaycanda vəzifəsi olmasa da, yüksək nüfuzu olacaq və bu nüfuzu onlara qarşı işlədə bilər. Bilirdilər ki, Azərbaycanda Nərimanovu əvvəlcə qəbul etməyiblər, sonradan onunla razılaşan bəzi kommunistlər var ki, Nərimanov onları bir araya gətirə bilər. Həmin kommunistlər vaxtında Nərimanova dəstək olmadılar. Özü də deyirdi ki, əgər Bakı kommunistləri onunla həmfikir olsaydı, Zəngəzur əldən çıxmazdı. Nərimanovun haqlı olduğunu sonradan anlayan insanlar onun başına yığışa bilərdilər. Bunu anlayıb Nərimanovu bir daha vətənə qoymadılar”.

 

Araşdırmaçı, Azərbaycan Mədəniyyət və  Ədəbiyyat Arxivinin direktor müavini Aslan Kənan Nərimanovun unudulmağının səbəblərini başqa faktlarla izah edir:

 

“Nəriman Nərimanova ən birinci pisliyi elə özümüzünkülər etdi. Amma bu pisliklərin əksəriyyəti onun ölümündən sonra oldu. Çünki sağlığında kimsə Nərimanovdan üstün ola bilməzdi, bunu bacarmazdılar. Nərimanovun Stalindən Leninə yazdığı məktubun da burada “rolu” olub. Həm də başqa səbəblərdən həm bizimkilər, həm də başqa millətin nümayəndələri Nərimanovu öz aralarında görmək istəməyiblər. Bəziləri, ona xüsusi rəğbət göstərsələr də, bu, heç nəyi dəyişməyib. Məsələn, Mir Cəfər Bağırovun Nərimanova xüsusi rəğbəti olub. Nərimanov 1925-ci ildə ölən zaman onun dəfninə Ruhulla Axundovu göndərsələr də, getmir. Əvəzində dəfnə Mir Cəfər Bağırov qatılır və orada yadda qalan nitq söyləyir. Mən həmin nitqdən bir hissəni sizin üçün deyim:

 

“Yoldaş Nərimanovun ruhuna bizim ittifaqımız tərəfindən, xüsusilə də Azərbaycan zəhmətkeşləri tərəfindən layiqli qiymət verilib. N. Nərimanov hər kəsdən fərqli olaraq, həqiqi inqilabçı idi.

O, həyatının 30 ilini ictimai-siyasi və ədəbi yaradıcılığa həsr etmişdi. Nərimanov türk qadınları ilk dəfə köləlikdən ayağa qaldıran, burjuaziya ideoloqlarına layiqli cavab verən ən fəal Azərbaycan ziyalılarından biri idi. Yoldaş Nərimanovun uzun illik inqilabi fəaliyyətinin bəhrəsi yalnız Azərbaycan türk əməkçilərini deyil, həm də keçmiş rus imperiyasında yaşayan 30 milyonluq müxtəlif türk-tatar sakinlərindən ideyalı inqilabçılar hazırladı.Onun xatirəsi Azərbaycan zəhmətkeşlərinin qəlbində əsrlər boyu yaşayacaq. Bədii yaradıcılığı, ideyaları uzun müddət əsarətdə yaşamış bütün Şərq xalqlarına  nümunə olacaq””.  

 

Aslan Kənan bildirib ki, Nərimanova qarşı münasibət heç zaman obyektiv olmayıb.

 

“Elə 1988-ci il meydan hərəkatında da Etibar Məmmədov kürsüdən Nərimanovla bağlı xoş olmayan fikirlər səsləndirirdi. Bu cür nümunələr çoxdu. Amma Nərimanov kimi şəxsiyyət başqa xalqlarda olsa idi, onu əllərinin üstündə qoruyub saxlayardılar.

Stepan Şaumyanın oğlu Suren Şaumyan Moskvada yüksək məram sahibi idi, sözü də keçirdi. Çox çalışdı ki, Nərimanovun 100 illik yubileyinin və ona qoyulacaq heykəlin qarşısını alsın. Az qala, buna nail də olacaqdı. Amma sağ olsun, Heydər Əliyev Nərimanovun heykəlini də qoydurdu, yubileyini də keçirtdi. Şaumyana üstün gəldi.

Nərimanov bizim üçün əlçatmaz zirvədir, onu sevməliyik. Sözsüz ki, bütün inqilabçıların səhvləri olur, onları şişirtmək, əndazədən çıxarmaq bizə yaraşmaz. Bəzən, ondan da asılı olmayan məsələlər olub. Stalinə tabe idi, özü nələrisə edə bilmirdi. Bunları onun səhvi kimi göstərmək doğru olmaz. 

 

Bir faktı da deyim. Demək, muğamşünas, musiqi tariximizin tədqiqatçısı Firudin Şuşinski Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin III kursunda oxuyanda Bağırova Nərimanovla bağlı məktub yazır. İki sual ünvanlayır: birində partiyanın Nərimanova münasibətini soruşur,  o birində isə onun nə kimi səhvlər buraxdığını xəbər alır. Bağırov Nərimanovun adı keçdiyi üçün adi bir tələbəni qəbul edib, onu dinləyir. Amma DTK sədri Yemelyanovun universitetdəki erməni əlaltıları onu universitetdən qovurlar. Bir gün Bağırov həmin tələbəni xəbər alanda qovduqlarını deyirlər. Mir Cəfər yerindəcə əmr verir və tələbə universitetə  bərpa edilir”.

 

Elmin Nuri

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır