Modern.az

“Gənclərə 18 yaşında deputat olmaq hüququ verilibsə ....” - Deputat

“Gənclərə 18 yaşında deputat olmaq hüququ verilibsə ....” - Deputat

Aktual

29 Aprel 2017, 20:48

Ötən il 26 sentyabrda keçirilən referendumla Konstitusiyaya edilən dəyişikliklərdən 18 yaşı tamam olan şəxslər seçkilərdə iştirak etmək hüququna malikdirlər. Bununla yanaşı, qanunvericilik 18 yaşından aşağı olan şəxslərin hər hansı siyasi partiyalara üzv olmasını qadağan edir. Məsələyə münasibət bildirən Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Məlahət İbrahimqızı  Modern.az-a açıqlamasında 18 yaşından aşağı olan şəxslərin parlamentə seçilməsi üçün mütləq siyasi fəaliyyətləri olmasının vacibliyini bildirib: “Bildiyiniz kimi referenduma əsasən 18 yaşı tamam olan şəxs parlamentdə  seçilmək hüququna malikdir. Amma siyasi partiyalar haqqında qanunvericilikdə qeyd edilib ki,  18 yaşı tamam olmamış şəxs  hər hansı siyasi partiyada fəaliyyət göstərə bilməz.  Bir tərəfdən 18 yaşına qədər gənclərə  siyasi partiyalara üzv olmaq qadağan edilir, digər tərəfdən isə  onlara böyük etimad göstərilərək  parlamentdə seçilmək hüququ verilir.  Təsəvvür edin, 18 yaşı tamam olan istedadlı  və qabiliyyətli  bir gənc namizədliyini irəli sürmək istəyir, amma heç bir siyasi fəaliyyəti yoxdur. Beynəlxalq təcrübədə bu, belə deyil. Məsələn,  “Uşaq hüquqları  haqqında” qanunda  gəncin siyasi düşüncəsinə, istənilən mövqeyinə, mənşəyinə, mənsubiyyətinə  görə ona hər hansı bir diskriminasiya qoyulmur.  “Uşaq hüquqları haqqında” Konvensiyanın  15-ci  və 2-ci maddəsində  açıq yazılır ki, 14-29 yaş arası gənclərə heç bir siyasi və digər görüşlərinə görə qadağa qoyula  bilməz.  Əgər gənc siyasi fəaliyyətlə məşğul ola bilmirsə, o parlamentə necə seçiləcək? Parlament siyasi mübarizənin nəticəsidir və siyasətçilərin təmsil olunduğu yerdir.  Eyni zamanda Avropanın bir çox ölkələrində, İsveçrə, Kanada İngiltərədə bu məsələlər qadağan edilmir. Hansısa formada tənzim olunur. ABŞ-da isə 17 yaşlı vətəndaşlara partiya daxilində siyasi fəaliyyətlə məşğul olmağa icazə verilir”.

Deputat düşünür ki, siyasi partiyalarların fəaliyyətini tənzimləyən qanunvericilik təkmilləşdirilməlidir: “Azərbaycan qanunvericiliyində belə bir ziddiyyət yox idi. Ona görə ki, biz 18 yaşındakı gəncə parlamentdə seçilmək hüququ vermirdik.  Ancaq 25 yaşından sonra bir gənc parlamentdə namizədliyini irəli sürə bilərdi. 25 yaş olduğuna görə də 18 yaşına qədər siyasi fəaliyyətin qadağan olunması bizə problem yaratmırdı.  18 yaşdan sonra hər hansı partiyanın üzvü də ola bilərdi və 25 yaşdan sonra  parlamentdə təmsil olunmaq imkanlarına malik idi. Amma indi parlamentə seçilmək hüququnu 18 yaşa endirdiyimizə görə ziddiyət yaranır. Həmin yaşda gənc parlamentdə təmsil olunmaq üçün gərək siyasətdə özünü sınaya bilsin. Buna da qanunvericilik qadağa qoyur. Ona görə də hesab edirəm ki, Azərbaycan qanunvericiliyində 18 yaşdan aşağı olan gənclərin hansısa siyasi partiyada təmsil olunması qadağası aradan götürülsün. Nəzərə alsaq ki, şagirdlər 16 və ya 17 yaşa kimi artıq məktəbi bitirir. Sözsüz ki, məktəblilərin siyasi fəaliyyətlə məşğul olması  birmənalı deyil. Refrendum gəncə 18 yaşından etibarən deputat olmaq hüququ veribsə, siyasi partiyalarda da təmsil olunmaqla bağlı qanunvericiliyi yenidən nəzərdən keçirmək lazımdır.  Deputat olmaq istəyən gənclər bu mərhələyə qədər cəmiyyətdə özünü tanıtmalı, mətbuatda  çıxış etməlidir . Lakin 18 yaşlı gənclərə deputat seçilmək hüququnun verilməsi o demək deyil ki, həmin yaşda bütün gənclər parlamentdə təmsil olunacaq”.

 

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi