Modern.az

Azərbaycanda pambıqçılığın inkişafı üçün hər cür şərait var...

Azərbaycanda pambıqçılığın inkişafı üçün hər cür şərait var...

Aktual

30 Aprel 2017, 12:38

“Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların böyük bir qismi aqrar sahəni əhatə etməkdədir. Bu mənada indi aqrar sektorda ötən illərə nisbətdə daha dinamik inkişaf müşahidə olunur. Azərbaycanda pambıqçılığın inkişafı mühüm sosial əhəmiyyət daşıyır. Lakin biz pambığa təkcə xammal kimi baxmayıb, ondan digər məhsullar istehsal edərək dünya bazarına ixrac etsək, daha çox qazanc əldə edə bilərik".

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üvü Rüstəm Xəlilov deyib. Deputat bildirib ki, pambıqçılıq Azərbaycanda ənənəvi bir sahədir və onun inkişafı üçün ölkəmizdə coğrafi baxımdan təbii və münbit şərait var.

 

"Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər biz statistikaya nəzər salsaq görərik ki, Ulu Öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilirdi. Amma ötən əsrin 90-cı illərindən sonra müəyyən problemlər yarandı. İndi isə prezident İlham Əliyevin başçılığı altında artıq dövlət tərəfindən də bu sahəyə xüsusi diqqət yetirilir. Ölkə başçısının bu sahəyə uyğun müvaffiq göstərişlərindən sonra Azərbaycanda pambıqçılıqa maraq daha da artıb”.

 

 Deputat hesab edir ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olub.

 “2015-ci il demək olar ki, bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olub. Həmin il 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilib. Keçən il qısa müddət ərzində, bir qədər vaxt itirdik və bütün gücləri səfərbər edərək biz dönüş yarada bildik.Cənab prezidentin tapşırığı ilə çox ciddi tədbirlər görüldü, texnikalar alındı, meliorasiya işləri aparıldı. Nəticədə isə keçən il 51 min hektarda pambıq əkdik və 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Bu ölkə prezidentinin vətəndaşlara ən böyük qayğılarından biridir. Eyni zamanda, ölkə başçısı vətəndaşları, fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər gördü. Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırıldı, həmçinin, hazırda fermerlərə 10 qəpik subsidiya verilir. Bu da pambıqçılığa, aqrar sahəyə olan marağı artırılmasına gətirib çıxarır”.

 

Deputat həmçinin qeyd edib ki,dövlətimizin başçısı ölkəmizdə pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar da verib.

“Son məlumata görə, bu il 136 min hektarda pambığın səpini gözlənilir və orta məhsuldarlıq 20 sentner səviyyəsində olmalıdır. Belə ki, Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək”. Rüstəm Xəlilov deyib ki, bütün bunlar, bir daha sübut edir ki, bu strateji məhsulun inkişafı yenidən dövlətin diqqət mərkəzindədir və "ağ qızıl"ın əvvəlki şöhrəti qaytarılır. “ Xüsusilə də, Milli Məclisdə "Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul olunması ölkədə pambıqçılığın, yüngül sənayenin inkişaf etdirilməsinə, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, regionlarda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və torpaqdan səmərəli istifadə olunmasına hüquqi, təşkilati və iqtisadi zəmin yaratmaqdır”.

 

Deputat hesab edir ki, pambıqçılığın inkişafı ilə ölkədə yeni iş yerlərinin yaradılması istiqamətində də əsaslı dönüş yaranacaq.

“Çünki Aran zonasında yaşayanlar pambığın necə qiymətli bir bitki olduğunu çox yaxşı bilir. Pambıqçılığın inkişaf etdirilməsi işsizlik probleminin aradan qaldırılmasında böyük rol oynayacaq. Qeyd edək ki, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni burada da iş üçün 3 dəfədən çox imkan yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər. Çünki pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdi. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından, pambıqçılığın çox böyük xeyri var. Bunu, artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər və görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”.

 

Rüstəm Xəlilov bildirib ki, bu sahənin daha da genişləndirilməsi ölkədə yeni sənaye müəssisələrinin, məsələn, toxuculuq və digər yüngül sənaye müəssisələrinin yaradılmasına kömək edəcək.

 “Bu da yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən, əvvəllər ölkəmizdə fəaliyyət göstərən, son illər isə pambıq istehsalının kəskin azalması ilə əlaqədar fəaliyyətini dayandıran müəsssiələr yenidən bərpa olunacaq. Sovetlər dövründə isə zavodların emal gücü 900 min ton idi. O zavodların bir çoxu artıq fəaliyyətsizdir, cəmi 22 zavod fəaliyyətdədir. Əgər pambıqçılığı götürülən sürətlə inkişaf etdirilsə, emal gücü təqribən bir-iki ilə 400 min tona çatacaq”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?