Modern.az

“Onlar jurnalistika üçün ölümcül təhlükə yaradan gedişləri ilə məşhurdurlar” - MÜSAHİBƏ

“Onlar jurnalistika üçün ölümcül təhlükə yaradan gedişləri ilə məşhurdurlar” - MÜSAHİBƏ

1 May 2017, 12:21

Rövşən Əliyev: “Həmid Herisçi Aleksandr Duqin kimi danışır”

“Azərbaycan TV-sinin jurnalisti Məryəmin bakirəliyindən elə danışır ki, sanki İsa doğulandan bir il qabaq hər gün onun yanında keşik çəkirmiş”

 

Hazırda Çexiyanın paytaxtı Praqada yaşayan jurnalist Rövşən Əliyev Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

-  Səhv etmirəmsə, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmisiniz və “Azadlıq” radiosunun əməkdaşı olmusunuz. Amma haqqınızda məlumatlar çox kasad olduğundan, özünüz haqda daha əhatəli danışmağınızı xahiş edirəm.

-  Jurnalistika fakültəsində oxuduğum vaxtlar “Molodyoj Azerbaydjana” qəzeti ilə, “Xəzər” jurnalı ilə əməkdaşlıq etmişəm, “Azadlıq” qəzetinin ilk 4 nömrəsinin çıxmasına yardımçı olmuşam. Sovet qoşunları redaksiyanı dağıdandan sonra Arif Əliyev “Turan” məlumat-nəşriyyat müəssisəsini açıb, orda TİA-nın  (“Turan” İnformasiya Agentliyi o vaxt belə adlanırdı)  ilk bülletenlərini hazırlamışam. Hazırlamışam deyəndə ki, küçələrə düşüb informasiya toplayaraq, sistemləşdirəndən sonra makinada yazıb və Baltikyanıdan, Moskvadan Tərcümə Mərkəzinə gətirilən yeni qəzetlərdəki maraqlı xəbərləri də əlavə edib, ardınca redaksiyalara paylamaqla məşğul olmuşam. Redaktorları ilk dəfə onda yaxşı tanımışam. O vaxtlar Jurnalistika fakültəsində ədəbiyyata bağlılıq öndə idi. Misal üçün, Mirşahin mənə deyirdi ki, “əl çək bu işdən, elə bil Mirzə Cəlil gedib küçələrdən xəbər yığır”. O vaxt Mirşahin məni felyetonlarımla tanıyırdı. Yəni bir-birimizdən daha təsirli, daha güclü bir məhsul gözləyirdik. Açığı mən də tərəddüd eləyirdim ki, informasiya agentliyində çalışmaq səhv yol deyil ki?! Sonralar jurnalistikanı daha yaxşı öyrənəndə anladım ki, elə ən düz başlanğıc bu imiş.

Universiteti bitirən kimi, 1991-ci ildən “Azadlıq” qəzetində işləməyə başlamışam. Qəzetin keyfiyyətcə yüksəlişinin şahidi və iştirakçısı olmağımdan çox razıyam. Bu yüksəliş çox çəkmədi. Qəzetin qrup marağının təsirinə düşməsinə etiraz edib, 1993-cü il martın 12-də redaktor müavinliyindən istefa vermişəm. Sonra “Press-Fakt” qəzetində köşə yazarı olmuşam. Qəzet bağlanandan sonra, 1994-cü ildə bir neçə ay “Yeni Müsavat” qəzetində bir səhifə götürüb onu tərtib eləməklə məşğul olmuşam. Həmin il “Avrasiya” qəzetində redaktor işləməyə başlamışam. 1995-ci ilin mayından 2007-ci ilin mayına kimi “Azadlıq” radiosunda işləmişəm.

- Bəs sizi “Azadlıq” radiosundan ayrı salan nə oldu?

-  Formal olaraq orda struktur dəyişikliyi getdi, Praqadakı heyət yarıbayarı ixtisar edildi. Mahiyyətini bloq yazılarımı, jurnalistikanın siyasiləşməsi barədə qeydlərimi izləməklə bilmək olar. Orda çox fədakar sıravi insanlar çalışır. Düzgün planlaşdırma, dəyərləndirmə olsa, azərbaycandilli mediada ən yaxşı bir örnəyə çevrilə bilər.

- Azərbaycan mediasını tənqid edirsiniz – bu, bəlkə də ən təbii haqqınızdır. Amma mən sizdən daha ağıllı bir arqument gözləyirəm. Media niyə tənqid hədəfinizdədir?

- Bilirəm ki, ümumiləşdirmə səhv yoldur. Konkret örnəkləri bir-bir gözdən keçirmişəm. Gəldiyim nəticə ümumiləşdirməni qaçılmaz edib: azərbaycandilli media doğru-dürüst məlumatlandırmaq, bu günün, sabahına suallarına cavab axtarmaq məqsədindən çox uzaqdır. Kiçik istisnalar var. Siyasiləşən siyasiləşib. Siyasiləşməyən şoulaşıb. Siyasi maraqlara qulluq eləmək, propaqanda ayıb sayılmır. Yəni peşəkarlıq, çağdaş medianın bugünlü tələbləri qalıb bir küncdə. Nə redaktorun vecinədir, nə auditoriyanın. Üstəlik auditoriyanın jurnalistikanı siyasiləşdirənləri göylərə qaldırması var. Siyasi rejimin təzyiqini bir qırağa qoyuram. Auditoriya, redaktor və süni şişirdilmiş media ulduzlarının təzyiqi altında normal jurnalistika sıradan çıxıb.


Bizdə media jurnalistikanı bilməyənlər üçün iş yeridir. Bilənlərin işləməsi mümkün deyil. Bəlkə işləyə bilərlər. Ancaq işgəncə olaraq. Həzz alıb işləmək mümkün deyil. Yaxşı jurnalist problemimiz yoxdur. Yaxşı menecer, yaxşı baş redaktor, anlayan aktiv auditoriya problemimiz var. Nümunəvi jurnalistikanı yaxın buraxmaq istəməyən elita problemimiz var.

“Azadlıq” qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovdan sonra düzgün planlaşdırma aparan, qarşıya çıxan məsələləri aşkar müzakirə edən, güclü jurnalistlərlə işləməkdən, onlara meydan verməkdən qorxmayan bir media rəhbəri görməmişəm.


Gənc jurnalistlər ənənəvi, məşhur mediaya ümidli olmasınlar, özlərinə yol açsınlar. Sualdan çıxıram, yeri gəldi bir şey deyim. “Meydan” TV bu yaxınlarda “Talışlar mədəni muxtariyyat istəyirlər” sərlövhəli yazı yayımlamışdı. Tipik rus jurnalistikası stilində. Jurnalistikanın siyasiləşməsinə aid parlaq örnək... Sovet mətbuatının 1987-ci ildə Dağlıq Qarabağ barədə yazılarındakı bir stil...  Nə olsun ki, Almaniyadan yayımlayırlar. Facebook-da bu barədə diskussiya açdım, təkrarlamaq istəmirəm. Dediyim odur ki, materialın keyfiyyəti nə media orqanının harda olmasından asılıdır, nə onun məşhurluğundan. Çoxlarınızın tanımadığı chai-khana.org saytında çalışan gənc jurnalistlər var. Onlar da bənzər mövzularda reportajlar hazırlayıblar. Azərbaycan yəhudiləri haqda, İran erməniləri haqda… Materialların çoxu ingilis dilindədir. Çətin deyilsə oxuyun, görün həmin gənclər bənzər mövzuları necə peşəkarlıqla işıqlandırırlar. Orda məşhur “Meydan” TV-nin naşılığından əsər-əlamət görməzsiniz. Hər ikisi Qərb qrantları hesabına ayaqdadır. Yəni məsələ qərblik deyil. Çox işləri özümüz korlayırıq. “Azadlıq” radiosunda da konkret azərbaycanlı menecerlərin korladığı çoxlu şeylər var. Onlara gürcü, Ukrayna redaksiyalarında rast gəlməzdiniz.


Ölkənin özündə yaxşı sayt proyektləri olub. Entuziast, savadlı, bacarıqlı gənclər gözəl layihələrə başlamışdılar. Ölkə iqtisadiyyatı media layihələri üçün münbit yer deyil.  Auditoriya yaxşı layihələri dəstəkləyəcək qədər yetkin deyil. Nəyə görəsə, Qərbin qrantları da bu səmtə yönəlmədi, həmin layihələr irəliləmədi. Və məncə, əsas günah qərblilərdə deyil. Öz məşhurlarımızdadır.

- Ən çox tənqid edilənlərdən biri də “Yeni Müsavat” qəzetidir. Deyirlər ki, guya kursunu dəyişib. Amma mənə görə “Yeni Müsavat” indi daha çox jurnalistika prinsiplərinə əməl edir. Siz nə düşünürsünüz?

- “Yeni Müsavat” bəzi dövrlərdə, bəzi materiallarında peşəkarlıq edib. Orda yaxşı reportyorlar çalışıb. Buna sözüm yox.  Yeri gəlmişkən, yaxşı jurnalistlərə bütün redaksiyalarda rast gəlmək olar. Ancaq “Yeni Müsavat” qəzeti  bu peşənin prinsiplərini tam qəbul eləməyib. Baş redaktor bunu heç vaxt gizlətməyib. Rauf Arifoğlu siyasi iddialarını da açıq söyləyib, siyasətə xidməti də bu peşədə ayıb saymır, ideologiyaların təbliğini də. Bu gün yenə ötəri göz gəzdirdim.  Həmid Herisçinin Avropa Birliyi haqda hədyanları, Avrasiya İttifaqı haqda rus şovinisti Aleksandr Duqin kimi danışması gözümə dəydi. Belə şeylərə peşəkarlıqmı deyilir? Avropanın hər hansı bir qəzetində siz Avropa Birliyinin yaxşı olması, yaxud Avrasiya İttifaqının pis olması haqda yazıya rast gəlməzsiniz. Təbliğata rast gəlməzsiniz. Təbliğat, saman altdan siyasi xətt yürütmək  hazırda rus jurnalistikasına xasdır. Mədəni dünyada belə şeylər yoxdur, Müasir jurnalistikada belə şeylər ayıbdır.

- Media azadlığı anlayışını bir çox jurnalist az qala öz peşə səlahiyyətlərini aşmaq kimi qiymətləndirir. Yəni bu azadlığın da bir çərçivəsi olmalı deyilmi? Nə olsun ki, kimsə məmurdur, hətta pis məmurdur, onun haqqında dezinformasiyaları tirajlamağın adı nədir?

- Bir var söz azadlığı, bir də var jurnalist peşəkarlığı. Jurnalist nə qədər peşəkar olsa, onun fikir söyləyəcəyi areal bir o qədər daralır. Çərçivə peşə kodeksidir. Jurnalist yalnız mübahisəsiz faktları, faktlardan çıxan mümkün nəticələri, əhvalatın tarixçəsini öz dilindən danışa bilər. Yalnız bəşəri dəyərləri müdafiə edə bilər. Mübahisəli məsələdirsə, burda birmənalılıqdan qaçmalıdır. Fərqli fikirlərə yer verməlidir. Media azadlığında belə bir nizam, belə sərhədlər var. Ancaq media söz azadlığı tribunasıdır. Cəmiyyətdəki fikirlərə yer verməlidir. Burda  sərhədlər belədir. Konfliktləri, ədavəti qızışdırmamaq, ayrı-seçkiliyin heç bir növünə yol verməmək. Qalan bütün fikirlərə yer vermək. Məmurlara gəlincə isə, yenə də əsas şərt keçərlidir: jurnalist fakta əsaslanmalıdır. Məmurun medianın lupası altında olması düzdür. Medianın təyinatı ictimai nəzarətdir. Büdcəni xərcləyənlər cəmiyyətin nəzarəti altında olmalıdır. Bizdə adamlar bir-birindən, yazıçıdan, şairdən, nə bilim ziyalıdan hesabat sormağa meyllidirlər. Bunlar səhvdir. Heç bir sıravi vətəndaşın o birindən hesabat istəmək haqqı yoxdur. Ancaq istənilən sıravi vətəndaşın məmurdan hesab sormaq haqqı var.

- Adlar çəkəcəyəm, görək ən çox hansı tanınmış jurnalisti bəyənirsiniz. Eynulla Fətullayev, Rauf Arifoğlu, Xədicə İsmayıl, Elçin Şıxlı, Arif Əliyev, Zamin Hacı, Əvəz Zeynallı. Xahiş edirəm, səmimi cavab verəsiniz.

-  Mən əslində tanınmamış jurnalistləri daha çox bəyənirəm. Jurnalistikanı sağlamlaşdıran işlər çox vaxt gözə görünməyən işlərdir. Mətbəxdən bilməlisən. Yəni uzun müddət bir yerdə çalışmadığın adamların redaktorluğuna qiymət vermək çətindir. Arif Əliyevlə  xeyli  müddət bir yerdə çalışmışıq. O, jurnalistikanın peşəkarlaşması, sağlamlaşması, ciddiliyini qoruması üçün böyük işlər görüb. Elçin Şıxlının da çətin şəraitdə jurnalistikanın səviyyəsini saxlamaq üçün çalışmasından xəbərdaram. Şəxsən tanımasam da. Zamin Hacıdan başqa adını çəkdikləriniz daha çox ictimai-siyasi fəaliyyətlə, bəzən cəsarətli, bəzən avantürist, bəzən jurnalistika üçün ölümcül təhlükə yaradan gedişləri ilə məşhurdurlar. Jurnalistlik bir az başqa şeydir. Yəni bir insan kimi, bir fəal kimi uğurlarını tələsib,  bir jurnalist, bir baş redaktor uğuru kimi qələmə verməyək.

- Eynulla Fətullayev nəsə bir yazı yazır – araşdırma janrında. Bunu sifariş adlandırırlar. Həqiqətən də onun yazıları sifarişdir?

- Eynulla Fətullayev hüquq-mühafizə, təhlükəsizlik orqanlarının dosyelərini haradan alır, nəyin müqabilində alır? Bu sual təkcə Eynulla Fətullayevə aid deyil. Kompromatlardan istifadə araşdırmadan fərqli bir şeydir. Kompromatlardan istifadə klan savaşında iştirak təhlükəsi yaradır, sifariş şübhəsi oyadır. Mən birmənalı qiymətləndirmədən qaçıram. Çeçenistan lideri Aslan Mashadov son müsahibəsini Eynulla Fətullayevə verib. Bunu birmənalı jurnalist qəhrəmanlığı saymaqdan çəkinərdim. Çünki belə şeylərdə nəticə çıxarmazdan qabaq hərtərəfli məlumatlar toplamaq lazımdır.  Bəlkə də biz o məlumatları heç vaxt toplaya bilməyəcəyik.

- Rövşən bəy, Azərbaycanda jurnalistin hansısa məmur ya da hüquq-mühafizə orqanlarında informasiya mənbəyinin olmasına elə də yaxşı baxmırlar. Halbuki, Qərbin nüfuzlu nəşr və agentliklərinin hamısının öz mənbələri var. Bu o demək deyilmi ki, biz mediaya hələ də ideoloji çərçivələrlə yanaşırıq?

-  Qərbin nüfuzlu nəşrləri öz üzərlərinə bircə funksiya götürürlər. Məlumatı tapıb çatdırmaq. Məlumatı saxtalaşdırmanın da sonu yoxdur, ondan təbliğat və ya silah kimi istifadə eləmənin də. Xəbərin sərt redaktə qaydaları var: orda  əsas faktdır, mənbədir, dəqiqləşdirmələrdir. Redaktorun bu qaydalara əməl etməsi reportyoru da qoruyur, üstəgəl məmura da sui-istifadə, manipulyasiya yeri qoymur.
Yəni redaktor problemini dönə-dönə qoymağımın mənası var. Demokratik  medianın formalaşmasında əsas nöqtə budur. İdeoloji çərçivələr redaktorun günahıdır.

- Azərbaycan və Qərb mətbuatı – müqayisə təbii ki, qüsurlu olar. Amma oxucuların, hətta biz jurnalistlərin görə bilmədiyi əsas fərqlər nələrdir?

-  Çexiyanın ən böyük qəzeti “Mlada Fronta Dnes”i ilk dəfə görəndə yadıma düşdü ki, biz “Azadlıq” qəzetini buna çevirmək istəyirdik. Ancaq siyasətçilər, siyasiləşməyə meylli jurnalistlər buna imkan vermədilər. Cəzasını hamımız çəkdik. “Mlada Fronta Dnes Mafra” nəhəng şirkətə çevrilib. İt ilində hansısa dövlət qulluğunda olan, hansısa partiyaya rəhbərlik edən birisi qəzetin nəyinə lazımdır...
Özü qazanır, özünü dolandırır. Yəni müstəqillik təkcə mənəvi sərvət deyil. Həm də maddi sərvətə aparan yoldur. Bunu jurnalistlərimizin çoxunun bilməməsinə təəssüflənirəm.

- Qərbin hansı agentlik və nəşrlərini mütəmadi olaraq izləyirsiniz?

-  Əsasən Reuters, CNBC, Bloomberg, Business Insider, Forbes, Die Welt-in ingiliscəsi. Məni maraqlandıran mövzudan asılı olaraq başqalarına da baxa bilərəm.

- Bəs ən qərəzliləri hansılardır?

-  Qərbdə informasiya agentliyinin qərəzli olması onun ölümü deməkdir. Bu sınaqdan əsasən 3-4 agentlik uğurla çıxıb. Ona görə, qlobal miqyasda  bütün ciddi nəşrlər və bizneslər onlara abunədir. Çünki onların məqsədi ideoloji, siyasi, dini ayrı-seçkilik eləmədən sadəcə faktları, hadisələri çatdırmaqdır. Biznesin, iqtisadiyyatın irəli getməsi üçün  bu lazımdır. Qərəzlilər əsasən dinlərlə, siyasi qüvvələrlə bağlı olanlardır. Onlar heç cür qloballaşa bilməzlər.

-  Rövşən bəy, başlıq necə olmalıdır? Dəftərxana üslubundamı, yoxsa daha təmtəraqlımı?

- Söhbət xəbər başlığından gedirsə, son gəlişməni, mətnin məzmununu mümkün qədər qısa çatdıran bir cümlə verilməlidir. İkinci bir variant da var. Fikir önə çəkilirsə, müəllifə aid olduğu bildirilməlidir. Məsələn, belə: Tramp: “Şimali Koreya bombalanmalıdır”.

Burda fikri kimin deməsinə işarə yoxdursa, jurnalistika baxımından başlıq fəlakətdir. Varsa, normaldır. Yəni nəşr, sayt, TV öz üstünə heç bir məsuliyyət götürməməlidir. Özündən toxumamalıdır. Başlıqda çağırış, qiymət olmamalıdır.

- Media mövzusu yetərlidir məncə. Fikir verirəm, arada din əleyhinə də statuslar yazırsınız. Dinin nəyini bəyənmirsiniz?

- “Din dövlətdən ayrı olmalıdır” ifadəsini çox eşidibsiniz yəqin. Dinin dövlətdən ayrılmamasının gətirdiyi bəlalar bəllidir. Mən əsasən media problemlərinə fokuslanıram. Dinin mediadan ayrılmaması da eynilə fəlakətlidir. Media fakta əsaslanmalıdır. İdeologiyaya yox, inama-gümana yox. Medianı qərəzdən təmizləməyin bir tərəfi onun siyasiləşməsinin qarşısını almaqdırsa, o biri tərəfi dinlə birləşməsinin qarşısını almaqdır.

Hər ikisi faktın, olayın doğru-dürüst çatdırılması yolunda əngəldir. Həm siyasət medianı təbliğata çəkir, həm din. Hər ikisindən uzaq olmaq lazımdır. Adi bir misal deyim. Dünya elmi qəbul eləyib ki, canlı aləm bugünkü formaya təkamül yolu ilə gəlib. Elmin bunu qəbul eləməsi faktdır. Köhnə faktdır. Bir də görürsən mediada diskussiya başladı: təkamül doğrudur, ya yalan.
Yaxud, belə bir sərlövhə verirlər: “filan təşkilat fosil nümayiş elətdirib təkamülün yalan olduğunu sübut etdi”.

Bilirsiniz ki, məsələnin kökündə elmin gəldiyi nəticənin dini dünyagörüşü ilə düz gəlməməsi durur. Hansısa dini və yaxud siyasi qrup bu faktın gizlədilməsində maraqlıdır. Elmin təkamülü qəbul etməsini danmağa çalışır. Bu işə xəbər mediasını qoşur. Peşəkar jurnalist belə düşük işlərə getməz. Xəbər mediasının işi çözülmüş məsələləri müzakirə etmək deyil. Xəbər mediasının işi faktı aşkarlamaqdır, danmaq deyil.  Başqa bir misal. Bu, TV-lərimizdə çox olur. Bir də görürsən jurnalist Məryəmin bakirəliyindən elə danışır ki, sanki İsa doğulandan bir il qabaqdan başlayaraq hər gün onun yanında keşik çəkirmiş. Yaxud elə danışır ki, sanki, Cəbrayılın Məhəmməd ibn Abdullanın qarşısına çıxmasının şahididir. Jurnalist gördüyü, dəqiq bildiyi faktı danışmalıdır. Din nağıllarının təbliği ilə məşğul olmaq istəyirsə, məsciddə mollalıq etsin. Onun yeri redaksiya deyil.

- İlahiyytaçılarımızdan xoşunuz gəlir?

- Mən bu peşəni mənasız sayıram. Araşdırmaçısansa bütün ideologiyalardan azad olub, sərbəst araşdıracaqsan. Din təbliğatçısısansa alim cildinə girmədən mollalığını edəcəksən.

- Deyirlər ki, ateistləri çox olan cəmiyyət guya, daha təhlükəlidir. Amma Avropa ölkələrindəki statistika bunun əksini deyir. Siz nə düşünürsünüz?

 

- Çexiya Azərbaycan boyda ölkədir. Ənənəcə katolik ölkəsidir. Hazırda cəmi 10 faiz özünü katolik sayır. Cəmiyyətdə əxlaqsızlıq, tərbiyəsizlik, bir-birini aldatma nadir bir şeydir.

- Sonda: hazırda Praqada nə işlə məşğul olursunuz?

- Fərdi əmək fəaliyyəti ilə məşğulam. Bəzən beynəlxalq təşkilatların media layihələrində də ekspert kimi iştirak edirəm.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir