Modern.az

Partiyalar prezident seçkilərinə hazırlığa nə vaxt başlayacaq...

Partiyalar prezident seçkilərinə hazırlığa nə vaxt başlayacaq...

1 May 2017, 12:41

Adətən demokratik ölkələrdə seçkilər qurtarandan sonra  növbəti seçkilərə hazırlıq işləri görülür. Bu, ölkədə fəaliyyət göstərən siyasi partiyalara da aiddir.

2018-ci il oktyabrın 17-sində isə Azərbaycan Respublikasının Prezidenti postuna VIII rəsmi seçki keçiriləcək.

Maraqlıdır,  siyasi partiyalar seçkilərə hazırlaşırmı? Bununla bağlı hansı işlərin görülməsi nəzərdə tutulur?

Modern.az saytı bu suallarla partiyalara mürtaciət edib.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu:

“Müxalifətdə vəziyyət necədirsə, Klassik Xalq Cəbhəsi Partiyasında da vəziyyət ondan fərqli deyil. Ümumi şəkildə bu məsələlərlə bağlı konkret əməl yoxdur. Amma seçki qərargahı daimi fəaliyyətdədir. Qalan siyasi və dəqiq qərarlar isə  zamanında verilir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu:

Azərbaycan Demokratik Partiyası hələlik heç bir hazırlıq görmür. Çünki hələ ki ölkədəki vəziyyət qeyri-müəyyəndir. Bir az aydınlıq olsun, bununla bağlı qərar qəbul edəcəyik”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov:

Hələ ki seçkiyə xeyli müddət var. İlk növbədə seçki mühitinin  yaxşılaşdırılması və seçkiyə münasibətin dəyişdirilməsi vacibdir. Bu həm iqtidar, həm də müxalifət tərəfindən olmalıdır. Qarşılıqlı inam vacibdir.  Hesab edirəm ki, əsas vəzifə  seçki mühitinin yaxşılaşdırılması, münbit şərait yaradılması, seçkilərə güvənin formalaşdırılmasıdır. Partiyamızın rayon təşkilatının fəaliyyətləri həmişə işlək vəziyyətdə olub. Ona görə də bizim üçün  seçki prosesində  hər hansı problemin çıxması gözlənilən olmur. Müəyyən  inzibati problemlərin də qarşısı başqa variantlarla alınır. Əsas odur ki, partiya strukturları var, istənilən halda o işin öhdəsindən gəlməyi bacarır. Bunu isə  bir neçə dəfə sübut etmişik”.

Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı:

Müsavat Partiyası həmişə prezident seçkilərinə hazırlıq prosesini davam etdirir.Partiyabu həftə məhz seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı dəyirmi masa keçirməyi planlaşdırır. Öncə seçki qanunvericiliyinin dəyişdirilməsini vacib hesab edirik. İndiki Seçki Məcəlləsində işlər elə qurulub ki,  seçkilər hakim təbəqənin  qazanması ilə nəticələnir.  Çünki  bu qanunla müxalifət seçkini qazansa belə, qələbənin ona verilməsi imkanları xeyli məhduddur. Ona görə  bizim hazırdakı işimiz seçki qanunvericiliyinin təkmilləşdirilməsidir. Birinci gün partiyanın Divanında bu məsələnin nə vaxt müzakirə edilməsi ilə bağlı qərar qəbul edəcəyik”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Nurəddin Məmmədli:

Hazırda bu istiqamətdə partiyada heç bir iş görülmür. Çünki mənası yoxdur. Ölkəmizdə seçkilərin necə keçirildiyini hamı bilir. Düzgün seçki prosesi olsaydı, partiya da öz iradəsini ortaya qoyar, xalqı təşkil edib seçkidə uğur qazanardı”.


Günay RƏSULQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər