Modern.az

Maşın oğurluğu niyə artıb...

Maşın oğurluğu niyə artıb...

1 May 2017, 13:07

Azərbaycanda, xüsusilə paytaxt Bakıda avtomobil və avtomobil hissələrinin oğurluğu artıb. Daxili İşlər Nazirliyinin (DİN) gündəlik kriminal xronikasındakı məlumatlar da bu faktı təsdiq edir.

Məlumatlardan aydın olur ki, qarajlarda, avtomobil dayanacaqlarında saxlanılmayan, yaşayış binalarının qarşısında park edilən avtomobil hissələrinin oğurluğu daha da genişlənib.

 

Sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev Modern.az-a deyib ki, bunun əsas səbəbi sosial vəziyyətin pisləşməsidir:

“Şəxsi mülkiyyətdə olan avtomobil, yaxud onun hansısa hissəsini oğurlayırlarsa, bu, şəxsi əmlakın oğurluğudur. Yaxud avtomobil hansısa dövlət qurumuna məxsusdursa, bu da dövlət əmlakının oğurluğudur”.

 

“Avtomobil oğurluğunu reallaşdırmaq asandır”

 

Kriminalist bildirir ki, avtomobil oğurluğu mənzil oğurluğundan daha asandır:

“Mənzil oğurluğu gizli şəraitdə baş verən oğurluqdur. Bunun üçün müşahidələr aparılır, oraya gələn-gedən müəyyənləşdirilir və s. Avtomobil oğurluğu bir qədər fərqlidir. Elə yerlər var ki, avtomobillər üçün park yerləri və nəzarətçisi var. Xüsusilə yeni tikililərin hamısında yeraltı qarajlar fəaliyyət göstərir. Həmin ərazidəki maşınlar üçün bu cür təhlükələr yoxdur. Əksəriyyət isə avtomobilini yaşadığı binanın qarşısında saxlayır. Hansı ki, ərazidə heç bir nəzarətçi və təhlükəsizlik kameraları yoxdur. Bu da oğurluq üçün münbit şərait yaradır”.

 

“Avtomobil oğurlayanlar daha çox gənclərdir”

 

M.Hacıyev təəssüf doğuran bir məqamı qeyd edib:

“Oğurluq edən şəxslər müəyyən olunduqda onun əvvəllər məhkum olunduğu, yaşlı olduğu görünürdü. İndi isə oğurluq edənlərin əksəriyyəti gənclərdir. Bu da narahat doğuran amildir.

Cəmiyyət varsa, cinayət də olmalıdır. Azərbaycanda bir neçə dəfə devalvasiya oldu, banklar çökdü, insanlar bankdan asılı vəziyyətə düşdü, əhalinin maddi-rifah halı pisləşdi, işsizlik artdı və s. Doğrudur, bu istiqamətdə müəyyən işlər görülür. Amma problemlər tam həll edilməyənə qədər biz bu kimi halların, tamah motivli cinayətlərin şahidi olmaqda davam edəcəyik. Tamah motivli cinayətlərə həm işsizlik, həm sərxoşluq, həm də narkomaniya təsir edir. Vətəndaşların rifah halı yüksəldikcə, bu halların azaldığını da görəcəyik”.

 

“Qara bazar”larda tüğyan edən alver...

Müsahibimizin sözlərinə görə, oğurlanan avtomobil hissələri “qara bazar”da satılır:

“Bütün avtomobil hissələri bir-birinə oxşayır. Yalnız motor və yük yeri istisna olmaqla, digər hissələrin üzərində qeydiyyat nişanı olmur ki, onun hansı maşına məxsus olduğu müəyyən edilsin. Ona görə də cinayətlərin açılması çətinlik törədir. Həmin şəxslər avtomobil hissələrini bazara çıxarmadan ucuz qiymətə öz tanışına satır. Bu qızıl məmulatları deyil ki, hansısa nişanla onu tapmaq mümkün olsun. Yəni qızıl dükanlarını nəzarətə götürməklə oğrunu müəyyən etmək olur. Amma avtomobil hissələrinin satışında əməliyyat tədbirlərini effektli keçirmək olmur. Oğurluq edən bunun satılma variantını da düşünür. Çalışır ki, ucuz qiymətə də olsa onu realizə etsin”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır