Modern.az

“Mənim kəndim”-“Məktəbdə mənə şər atdılar ki, sən o qızı öpmüsən”- LAYİHƏ

“Mənim kəndim”-“Məktəbdə mənə şər atdılar ki, sən o qızı öpmüsən”- LAYİHƏ

2 May 2017, 09:30

Modern.az saytında kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” rubrikasına davam edirik.
 

Bu dəfə tanınmış yazıçı Elçin Hüseynbəyli  böyüyüb, boya-başa çatdığı Cəbrayıl rayonunun Mahmudlu kəndi və orada keçən uşaqlıq illərindən danışacaq. 

Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir: Elçin Hüseynbəyli o yerləri, o illəri belə xatırlayır: 

Kiçik Vətən

-Vətənini itirən, daim onun xəyalı ilə yaşayan insan adətən, çox darıxır. Bu, artıq onun yaşam tərzinə çevrilir. Həm bir hadisə baş verəndə, həm o torpaqla bağlı insanı görəndə, istər-istəməz kəndi xatırlayırsan. Yuxularında da oraları görürsən. Ən sevdiyim məşğuliyyət balıq tutmaq idi. Balıq tutmaq adı gələndə kəndi xatırlayıram. Kənd içimdə yaşayan çox doğma məkandı. Ümumiyyətlə, mənim kimi adamlar, yəni, kəndini itirən, ora gedə bilmək imkanı olmayanlar heç vaxt pisi və yaxşını fərqləndirmirlər. O kəndin pisi də, yaxşısı da bu gün mənim üçün çox doğmadır. Çünki onların hər biri mənim xatirələrimdi.

Orta məktəbdə oxuyanda müəllim bizə vətən haqqında inşa yazmağı tapşırmışdı. Yazmışdım ki, mənim Vətənim kəndimizdi. Gözümü açandan o kəndi görmüşəm. Arazı, pambıqyığan arvadları, mal “nobat”ına gedən, ot biçən kişiləri görmüşəm. Kəndi elə bunlara görə sevməyə başlamışam. Sonra 10-cu sinifə gedəndə rayonu gördüm, Vətənim bir qədər genişləndi. Daha sonra  Sumqayıta getdim, Bakını gördüm, Vətənim bir qədər də genişləndi. Sonradan Azərbaycanı gəzdim, hər qarışı Vətənə çevrildi, içimdəki Vətəni bir az da böyütdü. Mən də elə həmin Vətəni sevməyə başladım. Vətəni sevmək üçün əvvəlcə onu tanımaq, gəzmək lazımdı. “Vətən, vətən” deməklə, “mən vətənpərvərəm” qışqırmaqla vətəni sevmək olmaz. Vətənpərvərlik sevgi kimidir, sən onu ürəyində yaşadırsan. O sevgini  uzaqbaşı pıçıltı ilə öz-özünə deyə bilərsən. Bu baxımdan, şübhəsiz ki, kəndimiz- Mahmudlu mənim birinci Vətənimdi. Yavru, kiçik Vətənimdi...

“60 tüstülü” ev...

-Bəziləri kimi deməzdim ki, belə dağlıq ərazi idi, meşələri elə gözəl idi, xeyr, kəndimiz Arazboyu uzanan, bağlı-bağatlı kənd idi. Bulaqlı, sulu kənd idi. Çayları balıq dolu olardı. Sərhədyanı kənd olduğundan  ov edə bilməzdik; güllə atmağa qoymurdular. Amma yeriyəndə ayağımızın altından turac qalxardı, kəklik qanadlanardı, dovşan götürülüb qaçardı. Meşədən evlərə qədər çöl fərəsinin qaqqıltısı eşidilərdi. Kədimiz  hər fəslə uyğun öz yeməyi olan, özü-özünü təmin edə bilən  oba idi. O qədər də böyük kənd deyildi. Azərbaycanın böyük kəndlərinin parametrlərindən yanaşsaq, xırda kənd idi. Mən anadan olanda orada 60 ev var idisə, işğal olunan ərəfədə bəlkə də, 90 evi olardı. Yəni, get-gedə böyüməkdə idi.

Cəbrayılsayağı “alver”

-Bizim kənddə də bütün Cəbrayıla xas olan bir xasiyyət vardı: alver bilməzdik. Ümumiyyətlə, Cəbrayıl sufi ocağı olduğu üçün bizlərdə  alver yasaq idi. Bircə Cəbrayılın özündə, Ziyarət dağının ətəyində bir bazar meydanı vardı. Bizdə alver yasaq olduğundan bağ-bağçamızın mer-meyvəsini satmazdıq, elə bir-birimizə pay verərdik. Məsələn deyək ki, nübar payızlıq kələm dərərdik, yoldan keçəni haylayıb ona da pay verərdik ki, təzə bardı, sən də apar evində bişir. Bizim kənddə bir nəfəri kimsə rayona, yaxud başqa kəndə maşınla aparsa idi, ömründə pul almazdı. Bu heç bizim ağlımıza da gəlməzdi. Ancaq sonradan gedib başqa yerlərdə bildik ki, sən demə, bu bir çox adamların işidir: onlar bu kənddən o biri kəndə adam  aparıb pul qazanırlar. Bizim  kənddə isə bu ola bilməzdi. Hələ mən başqa kəndi demirəm, tutaq ki, kimsə Bakıya gedir və səni də özü ilə şəhərə aparır. Əgər səndən pul alsa idi, səhəri gün onu kənddə zurna-balabana tutardılar.

Hər yerin, hər kəndin yaxşısı da olur, yamanı da... Demaqoqu da olur, dalaşqanı da... Adını çəkməyəcəm, bir nəfər var idi, qoruğuna girən dananı da baltalayardı. Deyim ki, pis adam da deyildi. Sadəcə, xasiyyəti bu idi, hamı da onu belə tanıyırdı. O insanların hamısı bir yazıçı kimi   mövzu verdikləri üçün mənə görə əziz adamlardı. Kəndimin bütün adamları mənim personajlarımdı. Doğrudur, əsərdə situasiyalar nisbətən dəyişir, amma qəhrəmanlarım elə onlardı.

“Futbolçu”, “oğru”- bir sözlə, xatirələrdəki qəhrəmanlar

-Kəndimizdə Yaloba deyilən ərazidə yaxşı futbol meydançası var idi. Ətraf kəndlərdən də böyüklər gəlib orada top qovardılar. Biz uşaqlar da kənardan oturub tamaşa edərdik. Amma həmin Yalobada oynamaq bizə qismət olmadı: oranı pambıq sahəsi etdilər. Kəndimiz balaca kənd olsa da, 3 futbol komandası var idi: yuxarı obanınkı “Araz”, orta obanınkı “Gənclik”, aşağı obanınkı “Məşəl”. Mən də yaxşı futbol oynadığım üçün ya küsəndə, ya narazılıq olanda tez-tez komandamı dəyişirdim. Özü də ancaq kapitan olmaq şərti ilə o birisinə gedirdim, başqa cür ola bilməzdi. Çox həvəsli idik, Mahmudlu stansiyasına gedib futbol maykalarımızın arxasına rənglə nömrələr yazdırırdıq. Çoxumuz da Banışevskinin şərəfinə 9 nömrə olardıq. Onda bu nömrə ilə oynayanlar komandanın kapitanı sayılardılar.

Hərdən cığallıqlar da edərdik. Həyətimizdə tər pomidor-xiyar ola –ola quzu otaranda başqasının bağından oğurlardıq. Amma həmişə qorxardıq  ki, birdən kimsə görər. Bizim üçün bunu kiminsə görməsi bir tabu, qorxu idi. Düzdü, iki dənə əriklə, xiyarla nəsə olan deyildi, amma elə bilərdik ki, bununla hər şey bitdi.

Kəndimizin kişiləri çox zəhmətsevər işlər adamlar idilər. Kök kişi tapmazdın, hamısı çox işlər, az dincələrdilər. Ən yaxşı istirahət də söyüdün altına yığışıb, samovar dəmləmək olardı. Hə, bir də yaxşı araq çəkərdilər. Özləri çəkərdilər ki, təmiz, bazardan alınmamış araqdan içsinlər. Amma kimsə sərxoş olmazdı.

İdeal kənd, ideal insanlar
 

-Mənim başqa ölkədə qalmaq, işləmək və orada  yaşamaq imkanım olub. Amma oraların heç birində qala bilməməyimin əsas səbəbi kəndimiz olub. İdeal sayılacaq kəndlərdən idi Mahmudlu... Mən xaricdə doğma dil, oranın doğma insanları və onların aralarında olan isti münasibət üçün darıxırdım.

Elə insanlar var ki, uzun müddət kəndlərinə getmirlər. Mən o adamları sonradan anladım. Onlar əslində, böyüdüyü kəndlərini çox sevirlər, sadəcə, elə düşünürlər ki, indi o kənddə heç kəsə maraqlı deyillər. Kiminsə onlara qarşı sevgisi yoxdu. Doğrudur, bəzən, elə adamlar da olur ki, onları başqa cür həyat tərzi, şəhər mədəniyyəti düşündürür. Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdim. Bir neçə kafedra mənə universitetdə  qalmağı təklif etdi. Amma bacarmadım. Dedim yox, mən mütləq kəndə getməliyəm. Daha sonra “Azadlıq”  radiosunun Praqadakı əməkdaşı oldum. Orada da qala bilərdim. Lakin istəmədim. İndinin özündə də xaricə səfərə gedəndə getməzdən qabaq, elə bileti alandan darıxmağa başlayıram.  Bir dəfə Türkiyəyə gedəndə səfər təəssüratı ilə dolu “Getdiyim və gördüyüm İstanbul” adlı yazı yazdım. Doğrudur, baməzə yazı idi, amma orada da müəyyən ciddiliklər vardı. Demək, təyyarəni təsvir edirəm, deyirəm ki, mənim göyün yeddinci qatında nə işim, ailəni qoyub bura niyə çıxdım?! Təyyarədir, birdən qəzaya uğradı. Gedib, Bosfor körfəzinə düşdü, onda necə olacaq?! Elə bu haqda düşünürdüm ki, gözəl bir sitüardessa yanımdan keçdi. Ondan sonra  dedim ki, heç nə olmayacaq. Olsa da qoy olsun. Belə gözəl qız da mənlə birgə eyni  o aqibətlə üzləşəcək, bərabər cənnətə düşərik. (gülür) Zarafat öz yerində, bunların, bu darıxmaqların hamısı Vətən, kənd sevgisindən irəli gəlirdi.


Bizim kəndin günahı

Kəndimizin həm də çox böyük ərazisi var idi. Kəndin Göydərə deyilən ərazisində 800 hektara yaxın zəmi sahəsi olub. Sonradan müstəqillik dövründə pay torpaqları paylandı. Əgər kəndimiz qalsaydı, hər ailəyə azı 10 hektar pay torpağı düşəcəkdi. Ümumiyyətlə, Cəbrayılın özü bərəkətli torpqdı, unikal yerdi. Mən oranı bir az da Alma-ata şəhərinə oxşadıram. Dağətəyi yerdi, dağların sərin mehi ətraf kəndlərə də bəs edərdi. Mən o dağları “kondisionerli dağlar” adlandırıram.

Hə, bir də onu deyim ki, istər bizim kənddə, istərsə də başqa yerlərdə istirahət mədəniyyəti olmayıb. Söhbət sovet dövründən gedir. Bizim kəndçilər işləyərdilər, istirahətlərini ancaq axşam televizora baxmaqla, bir də haradasa oturub, yeyib-içməklə təmin edərdilər. Amma qulağımızın dibində olan Şuşaya, İsa bulağına, Turşsuya, İstisuya bir dəfə də olsun, bizi aparmazdılar. İndi sual verirəm ki, o gündənyanmış uşaqları nə üçün maşınlara mindirib gözəl dağlara, Cəbrayıl meşələrinə aparmadınız?! Aparardınız, bir heyvan da kəsərdiniz, uşaqlar həm dincələr, həm də vətəni tanıyardılar. Mən bir dəfə də demişəm, Qarabağın getməyinin bir səbəbi də bizim uşaqların, həmvətənlərin Vətəni gəzməmələri, tanımamaları oldu. Gərək, gəzəydilər, Vətənin gözəlliyini, mükəmməlliyini daha yaxından görəydilər. Təkcə quzu otarmaqla, at minməklə Vətəni sevmək  olmaz.

İlk məktəb xatirələri

-Birinci sinifə getməyim bu gün də yadıma gəlir. Kəndimizdə ibtidai  məktəb var idi. Hələ məktəbə getməzdən qabaq onun həyətində quzu otarar, oyun oynardıq. Müəlliməm də əmimim yoldaşı olacaqdı. Qonşu idik, elə həmin həndəvərdə meyvə qırar, heyvan daşlardıq. Amma getməzdən qabaq bilirdim ki, məktəb nədir. Oxumağı, yazmağı, hesablamağı, şeir deməyi məktəbə getməzdən qabaq öyrənmişdim. Yaxşı kostyum almışdılar. Sentyabr gələn kimi geyindirdilər. Mənə qəribə gələn o oldu ki, nə üçün qardaşım əlimdən tutub məni məktəbə  apardı? Məgər mən məktəb yolunu tanımırdım?! Hər gün o məktəbin həyətində quzu otaran, oyun oynayan mən deyildim?!  Bu niyə əlimdən tutub məktəbə apardı?! O səhnə indiyə qədər yadımdadı.

“1 May” günlərində dağdan-dərədən çiçəklər dərər, məktəbin başına səpərdik. O qədər çox gül yığardıq ki, xadimələr səhəri gün nə qədər təmizləsələr də, yenə də qalardı.


Lənətəgəlmiş xoruz

-Sizə onu da danışım ki, mən oğruluğu necə tərgitdim. Məni oğruluğa xoruz öyrətdi. Amma nə yaxşı ki, tez tərgitdim. Odur ki, həmişə demişəm, nə pis cəhətlər varsa, onları gərək, uşaq vaxtında edəsən, onun necə pis əməl olduğu uşaqlıqdan sənin yaddaşına hopsun. Məndə də elə oldu. Deməli, hələ birinci sinifə getmirəm. Bekara adamam, özüm üçün gəzirəm. Əmimgilin həyətindən keçəndə qara pipikli bir mərcan xoruzları var idi, adamın üstünə tullanardı. Mənim də üstümə gələndə qorxudan pilləkənlərlə yuxarı çıxdım. Ev qapısı açıq idi. Gördüm ki, stolun üstündə iki dənə manatlıq var. Tamahım dözmədi -Allah xoruza lənət eləsin-götürdüm. Tez gəlib qonşuluqda yaşda məndən böyük bir oğlanı götürüb Mahmudlu stansiyasına getdik. Əvvəlcə evə qənd aldım. Çünki böyük kişilər o zaman evə qənd alıb gətirərdilər. Sonra da yarpızlı konfet; çünki anam yarpızlı konfeti çox xoşlayardı. Bir dənə də fit aldım; futbol hakimi olmaq istəyirdim. Nə isə evə gəldik. Gələndə nə görsək yaxşıdı: balaca, bütün evlərin qapısının açıq olduğu kənddə artıq  oğurluq iki manatdan hamının xəbəri var idi. O mənimlə gələn qağam da bilməyərəkdən deyib ki, Elçinlə stansiyaya getmişdik, orada iki manat xərclədi. Artıq bilindi. Əmim də məni hədələyir ki, sənin adını qəzetə verəcəm, deyəcəm ki, pul oğurlamısan. Mən də iddialı adam-məktəbə getməzdən çoxlu şeir bilən, oxuyub-yazmağı bacaran biri - bunlar mənə çox ağır gəldi. Atam iki manat çıxarıb mənə verdi, dedi. Bilirəm, sən oğurlamamısan. Apar bu iki manatı qaytar. Mən də apardım. Geri almırdılar, amma haradan götürmüşdümsə, yerinə də qoydum. Onda anladım ki, icazəsiz nəyəsə əl vurmaq oğurluqdu.

“İlk öpüş”

-Bir əhvalat danışacağam. Bunu “İlk öpüş” adlı hekayəmdə də yazmışam. Yazmayacaqdım, amma bir dostum yadıma saldı, soruşdu ki, sən canı, sən o vaxt Anaidi öpmüşdün?! Hekayədə qızın adını Aybəniz kimi vermişəm. Əsl adı Anaid olub, Hadrutdan idilər, atası Mahmudlu stansiyasında işlədiyi üçün bizimlə birgə oxuyurdu. Yeddinci sinifdə oxuyurduq. Bir sinif yoldaşım xəbər yaymışdı ki, mən pəncərədən baxıb gördüm ki, Elçin Anaidi öpür. Xəbər sürətlə yayıldı. Mənim də məsələdən xəbərim yox. Futbol oynamağı, çayda çimməyi sevən bir adamam, onun dediyi vaxtda yəqin, haradasa futbol oynamışam. Axırda sinif rəhbərimizin də qulağına çatdı. Məni də, Anaidi də,  o oğlanı da lövhənin qabağına çıxardı.  Əvvəlcə məndən soruşdu ki, elə iş olub? Dedim, yox. Sonra qızdan soruşdu. O da inlkar elədi. Axırda bu oğlanın yanına gəlib  soruşanda o, nə deyəcəyini bilməyib ağladı. Elə bunda idi ki, sinif rəhbərimiz onun üzünə bir şillə vurdu. Həmən götürülüb sinifdən qaçdı. Mən onda da, sonradan da düşündüm ki, niyə o qədər uşaqların içində o,  məhz məni dedi. Çünki yeddinci sinifdə oxumağımıza baxmayaraq, sinifdə o qədər bicəngə uşaqlar var idi ki,  onlar artıq cinsi yetkinlik mərhələsinə çatmışdılar. Evləndirsəydin, həmən evlənərdilər. Amma mənim adımı çəkməyi məni də, hamını da təccübləndirdi. Sonra düşündüm ki, “peç”in yanında bunu huş aparıb, yəqin, yuxu kimi bunu görüb...


İtkidə qazanc

-Hə, mən bir hadisənin sonunda itkidən də  qorxmamağa başladım. Sonradan çox itkilərlə üzləşdim, amma hamısına soyuqqanlı yanaşdım. Bunun da bir tarixçəsi var: Atamla harasa gedirdik. Mənə bir şah onluq verdi ki, cibinə qoy. Hava da küləkli idi, astarsız kurtka geyinmişdim. Bir də əlimi cibimə atanda gördüm ki, onluq yoxdu. Başladıq axtarmağa. Kişi də gördü ki, mən ağlayıram, başladı mənimlə birlikdə aramağa. Tapmadıq, külək nə bilim harasa aparmışdı. Onda kişi mənə bir söz dedi. Dedi, adam birinci gərək özünə aid olanı itirməsin, ikinci, əgər itiribsə, daha onun üçün heyifislənməsin. Bax, o söz məni itkilərdən qorxutmadı.

Çox güclü uşaqlıq yaddaşım var. Hamı bunu mənə deyir. Xəbər alırlar ki, sən 2-3 yaşında olan hadisələri necə xatırlayırsan? Amma həqiqətən, hamısı yadımdadı. Atamın körpə olarkən, mənimlə quşquşa oynamağı da yadımdadı. Atamı ən birinci o xatirələrlə yad edirəm. Elə körpə vaxtımdakı anamı da xatırlayıram. Süddən ayrılmaq istəmirmişəm. Hətta məndən kiçik bacım da ana südü ilə qidalanada onun payına şərik olmuşam. Odur həmişə deyirəm ki, bacım mənim  həm də süd qardaşımdı.


“Gözümə gün düşür”

-“Gözümə gün düşür” adlı hekayəmdə qəhrəman işğal altında olan doğma torpağına gedir. Orada-ata ocağında ağac əkərək, son nəfəsini tapşırmaq istəyir. O elə mən özüməm. Bu gün oralara getsəm, birinci öz evimizə baş çəkərəm. Düzdü, indi orada çox şey dəyişib, dağıdılıb. Amma inanıram ki, mənim yaddaşımdakı kimidir... Evimiz yenə həmin evdir, kəndimiz kəmin kənd.... Sonra bütün kəndi gəzərdim. Axırda qəbiristanlığa baş çəkərdim.

“Aprel döyüşləri” gedəndə biz rayonların birində Cəbrayıl toyunda idik. Əvvəlcə deyilənlərə inanmadım. Sonra rəsmi təsdiqlənəndə hamımız sevindik. Biri dedi, kəndimiz alınsın, orada məscidi özüm tikdirəcəm, biri dedi, yolu mən saldıracam. Amma düşmənin arxasında duran böyük qüvvələr yenə də imkan vermədilər. Amma Cocuq Mərcanlı bu gün tam azaddır. Şifahu demişəm ki, bizə də orada bir küncdə balaca koma verin. Gedim, kəndimizin havasını udum. Nə var ki, cəmi 16-17 kilometrdir...

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir