Modern.az

Komitə sədri Azərbaycan mediasının müdafiəsinə qalxdı: “Bu münasibət onların acizliyini göstərir”

Komitə sədri Azərbaycan mediasının müdafiəsinə qalxdı: “Bu münasibət onların acizliyini göstərir”

2 May 2017, 17:45

Bir neçə gün öncə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan mediasını hədəf alaraq azərbaycanlı jurnalistləri təhqir etdi.
 

Sən demə, Azərbaycan mediasında Ermənistandakı hakim rejimin və Qarabağ separatçılarının girov saxladığı Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovun taleyinə Rusiya XİN sözçüsünün biganə münasibəti ilə bağlı dərc edilən yazının məzmunu ona xoş gəlməyib.
 

Azərbaycanlı jurnalistə Dilqəm Əsgərovun sonrakı taleyi ilə bağlı sualı sona çatdırmağa imkan verməyən Zaxarova, onun sözünü kəsib və emosiyalarını gizlətməyərək təhqirə keçib: “Bunlar, sadəcə olaraq, həyasız məqalələrdir! Bu məqalələrdə analiz yoxdur, bəlkə heç konstruktiv və qeyri-konstruktiv tənqid də yoxdur. 

Bundan sonra siz hələ daha çox məlumat verməyimizi istəyirsiniz? Belə məqalələrdən sonra heç ünsiyyətdə olmaq istəmirsən... Həyasızlıq etməyə heç kim icazə verməyib. Mövzu üzrə istənilən sualı yalnız alqışlayırıq... Zəhmət olmasa, bunu həmkarlarınıza da çatdırın”.


Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin verdiyi bu cavab nə diplomatik, nə də söz azadlığı baxımından anlaşılandır. 


Rusiya XİN rəsmisi öz cavabı ilə həm də ümumən jurnalistikaya münasibətini sərgiləmiş oldu.

 

XİN rəsmisinin Azərbaycan mediasına qarşı sərgilədiyi bu münasibətin cəmiyyətdə necə qarşılandığı və Azərbaycan-Rusiya münasibətlərinə təsiri ilə bağlı Modern.az-ın suallarını Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fuad Muradov cavablandırıb.



Fuad müəllim, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü azərbaycanlı jurnalistin sualına cavabında xoşagəlməz mövqe ortaya qoydu. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü kimi Siz bu cür mövqeyi necə qarşıladınız?


- Hesab edirəm ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın jurnalistə bu cür cavabı Azərbaycan-Rusiya münasibətlərinə uyğun olmayan bir yanaşma idi.

Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət bağlayır. Çəkilən zəhmət nəticəsində iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olunub. Amma Rusiya XİN sözçüsünün son yanaşması Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına xidmət edir.

Bu səbəbdən istər parlamentlərarası işçi qrupları, istər diplomatlar, istərsə də media səviyyəsində bu cür pozuculuq fəaliyyətinin qarşısını almalıyıq. 


- Mariya Zaxarovanın brifinqdə Azərbaycan mediası ilə bağlı sərt və əsassız fikirlərini nəylə bağlamaq olar?

- Bundan əvvəl Rusiya XİN-in İnformasiya və Mətbuat departamentinin direktor müavini Artyom Kojin Azərbaycanın bəzi xəbər saytlarını məntiqsizlikdə suşlamışdı. Həmin saytlar isə ona arqumentli və məntiqli cavab vermişdi. Görünür, onlar bu şəkildə əsaslandırılmış, dəlillərlə yazılan cavabı gözləmirmiş. Əslində sonuncu biabırçı münasibət elə arqumentlər qarşısında onların acizliyini göstər və birtərəfli yanaşmanı bir daha qabardır. 

Həmin brifinqdə səsləndirilən fikirlər konkret bir media qurumunun üzərinə getməklə bağlı deyildi. Hesab edirəm ki, burada söhbət Azərbaycan mediasını təmsil edən jurnalistin sualına cavabla bağlı idi. Hər bir halda bu münasibəti doğru hesab etmirəm. Bir daha qeyd etmək istəyirəm, həm söz və mətbuat azadlığına münasibət baxımından, həm də diplomatik etiketlər  baxımından yanlış yanaşma idi. Bir ölkənin rəsmi nümayəndəsinin mediaya bu şəkildə münasibət sərgiləməsi təmsil etdiyi quruma da başucalığı gətirmir. 


- Fuad müəllim, bu, birinci hal deyil. Gələcəkdə də bu şəkildə münasibətin təkrarlana biləcəyi istisna deyil. Belə halların qarşısını necə almaq olar?


- Bizim yanaşmamız budur ki, Azərbaycanın ərazi bütovlüyü məsələsində bütün ciddi siyasətçilərdən baş verən prosesləri doğru bilməklə yanaşı, obyektiv münasibət gözləyirik.
 

Əlbəttə, belə halların təkrarlanması arzuolunan deyil. Biz də bu kimi xoşagəlməz halların təkrarlanmasının tərəfdarı deyilik.

Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə inkişafının tərəfdarıyıq.

Sadəcə, hazırda kimlərsə, iki ölkə arasında münasibətlərin korlanmasını istəyirsə, buna həmin şəxslərin mövqeyi kimi baxmaq lazımdır.

Biz hər zaman belə hallara qarşı olmuşuq, bundan sonra da olacağıq.

Hesab edirəm ki, iki ölkə arasındakı əlaqələrin daha da inkişafı üçün geniş imkanlar var və bu imkanlardan istifadə etmək lazımdır.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir